Qanunvericiliyə əsasən, bələdiyyələrin müəssisə və xidmət sahələri yaratmaq hüququ var

18:17 - 12 Fevral 2018 - KİVDF

Bələdiyyələrin müstəqil maliyyə resurslarına malik olması onların səmərəli fəaliyyəti üçün əsas şərtlər sırasındadır

Bələdiyyələrin müstəqil maliyyə resurslarına malik olması onların səmərəli fəaliyyəti üçün əsas şərtlər sırasındadır. Onlar yerli sosial məsələlərin həlli üçün maliyyə imkanlarına sahib olmalıdırlar. Təbii ki, bunun üçün pul vəsaiti lazımdir və onun mənbələri müəyyənləşməlidir. Bu mənbələr sırasında bələdiyyənin yerli büdcəsi, mülkiyyəti və əmlakı durur.  Bu baərədə Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov deyib. Onun sözlərinə görə, təəssüf ki, 2000-ci illərin əvvəlində bələdiyyələr bu maliyyə mənbələrindən düzgün istifadə etmədilər. “Onlar sərəncamlarında olan bir çox torpaq sahələrini satdılar. Hesab edirdilər ki, satılmış torpaqlardan əldə olunan vəsaitləri əhaliyə xərcləyəcəklər və bu daim davam edəcək. Amma belə olmadı, torpaqlar tükəndi. Belə olan halda, bələdiyyələr ağır vəziyyətdə qalaraq alternativ maliyyə mənbələri axtarmağa başladılar. Bu məqamda onların əsas vəzifələri hesab edilən yerli vergi və ödənişlərin yığımı gündəmə gəldi. Deməliyəm ki, qanunvericilikdə bələdiyyələrin yerli vergi və ödənişlərin yığılması sahəsində olduqca geniş səlahiyyətləri mövcuddur”.

 “Bəllədiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu 2-ci maddəsinə əsasən bələdiyyələrin maliyyəsinin formalaşması və istifadəsi ilə əlaqədar yaranan münasibətlər Azərbaycan Respublikasının Konstitusiyası ilə bu Qanunla, "Bələdiyyələrin statusu haqqında", "Dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə tənzimlənir. “Bəllədiyyələrin maliyyəsinin əsasları haqqında” qanunun 3-cü maddəsində isə bildirilir ki, bələdiyyə maliyyəsinin iqtisadi əsaslarını bələdiyyə əmlakı, bələdiyyə torpaqları, yerli büdcə və büdcədənkənar fondlar, bələdiyyənin istehsal, xidmət və digər iqtisadi fəaliyyəti təşkil edir. Bələdiyyənin maliyyə vəsaitinin formalaşması və istifadəsi özünüidarəetmə, müstəqillik, aşkarlıq və yerli mənafenin respublika mənafeyi ilə uzlaşması prinsiplərinə əsaslanır. Yerli büdcə bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş bələdiyyə səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə olunan maliyyə vəsaitidir və  yerli büdcə bələdiyyə büdcəsi olub dövlət büdcəsinin tərkib hissəsi deyil. Onların bu Qanuna müvafiq olaraq yerli büdcənin tənzimlənməsi prosesində dövlət büdcəsindən vəsait almaq hüququ vardır. Qanunun 7-ci maddəsindən isə aydın olur ki, bələdiyyələrin 9 növ vergi və ödəniş yığmaq səlahiyyəti var. Bunların sırasında 4 növ vergi - fiziki şəxslərin torpaq vergisi, əmlak vergisi, yerli əhəmiyyətli materiallar üzrə mədən vergisi və bələdiyyə mülkiyyətində olan müəssisələrin mənfəət vergisi var. 5 növ ödənişlərin sırasına isə küçə-divar reklamının yayımına görə ödəniş, mehmanxana, sanatoriya, kurort və digər turizm xidmətlərinə görə ödəniş, nəqliyyat vasitələrinin daimi və müvəqqəti dayanacaqlarına görə ödəniş, bələdiyyə ərazisində stasionar və səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş və bələdiyyənin mülkiyyətində olan əmlakın və torpaqların icarəsindən və satışından olan ödənişlər daxildir.

Kamran Bayramov bu barədə bildirib ki, bələdiyyələrin fəaliyyətinin ilk illərində vergi yığımı olduqca aşagı idi. Çünki bələdiyyə büdcəsinə daxil olan vəsaitin çox böyük faizi yalnız torpaq satışından formalaşırdı. “Lakin bu sahədə 2014-cü ildə çox inqilabi bir dəyişikliklər baş verdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə bəzi qanun layihələri təqdim edildi. Həmin qanun layihələrinə əsasən fiziki şəxslərin əmlak vergisinin hesablanması qaydasının tam dəyişdirilməsi, torpaq vergisinin dərəcələrinin dəyişdirilməsi, eyni zamanda dövlət büdcəsindən bələdiyyələrə ödənilən dotasiyalarin verilməsi meyarlarının təkmilləşdirilməsi, bələdiyyələrə dövlət büdcəsindən subvensiyaların verilməsi və bələdiyyələrə ödənilən yerli vergi və ödənişlərin nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulurdu. Və həmin il Milli Məclis tərəfindən bu qanunlar qəbul olundu. Bunun nəticəsində də 2015-ci əvvəlindən bələdiyyələr bu sahədə böyük irəlləyişlər əldə ediblər. Yığılan vergi və ödənişlərin həcmi ildən ilə artır. Məsələn, bu ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə bələdiyyə büdcələrinə yerli vergi və ödənişlər nəticəsində daxil olan vəsaitin həcmi 12.5 faiz artıb”.
 

Onun sözlərinə görə, təbii ki, burada yalnız bələdiyyələrin səyləri kifayət etmir, vətəndaşlar da bu prosesdə fəal olmalıdır. “Vətəndaşlarda vergi mədəniyyəti yüksək olmalıdır. Qanunla vergiləri ödəməlidir. Çunki bələdiyyələr toplanan vəsaiti həmin ərazinin sosial-iqtisadi inkişafına yönəldir”.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü qeyd edib ki, bu sahədə bir çox işlər görülüb. “Bir neçə ildir ki, bələdiyyələrin milli asossiasiyaları tərəfindən “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü həyata keçirilir. Bələdiyyələr gördüyü işləri layihələr formasında reallaşdırırlar və bu layihələrə vəsait xərcləyirlər, görülən işlər haqqında vətəndaşlara hesabat verirlər. Hesab edirəm ki, bələdiyyə-vətəndaş münasibətləri daim güclənməlidir. Və bunun nəticəsində vətəndaşlar tərəfindən də bələdiyyələrə inam və etibar artır. Əgər biz bələdiyyələrin inkişaf etməsini istəyiriksə, vətəndaşlar və dövlət onlara öz dəstəyini göstərməlidir. Dövlət tərəfindən bələdiyyələrə hər il dotasiya verilir. Yarandığı vaxtdan indiyə qədər bələdiyyələrə təxminan 63 milyon manatdan çox dotasiya verilib”.

Onun sözlərinə görə, qanunvericiliyə əsasən, bələdiyyələrin müəssisə və xidmət sahələri yaratmaq hüququ var. Bələdiyyə qurumlarının əhatə etdikləri şəhərlər, qəsəbələr və kəndlər özünəməxsus ərazi istehsal və təsərrüfat kompleksləridir. Onlarin kompleksli inkişafı yerli təsərrüfatların səmərəliliyinin artırılması, sosial-mədəni və ekoloji məsələlərin həlli, habelə əmək, təbii və digər yerli ehtiyatlardan istifadə etməklə vətəndaşların həyat və istirahəti üçün zəruri şərtlərin yerinə yetirilməsi məqsədlərinə xidmət edir. "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununda bələdiyyələrin bu istiqamətdə məqsədli proqramlarının tərtib edilməsi və iaşə sahəsində səlahiyyət və vəzifələri müəyyən edilib. Yerli sosial müdafiə və sosial inkişaf proqramlarında məqsəd dövlətin həyata keçirdiyi sosial inkişaf proqramlarında nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli sosial inkişaf məsələlərini həll etməkdir. Həmin proqramlar aqrar, sənaye, rabitə, nəqliyyat və digər sahələri əhatə edə bilər.

Qeyd edək ki, yerli özünüidarə orqanlarının bələdiyyə mülkiyyəti sahəsində səlahiyyətləri bələdiyyə mülkiyyətinin yaradılması və inkişaf etdirilməsi məqsədinə xidmət edir. Dövlət bələdiyyə mülkiyyətini müdafiə edir, subsidiyalar, kreditlər, qrantlar vermək yolu ilə onun inkişafına imkan yaradır. Bütün bunlar imkan verir ki, bələdiyyə təsərrüfatı səmərəli şəkildə idarə olunsun, bələdiyyə qurumlarına əhalinin gündəlik həyat tələbatını təmin etməsi üçün zəruri şərait yaradılsın. Kamran Bayramov bildirib ki, qanunvericiliyə uyğun olaraq bələdiyyələr təsərrüfat fəaliyyəti ilə və qanunla qadağan edilməmiş başqa fəaliyyətlə məşğul olmaq üçün müstəqil hüquqi şəxslər yarada bilər, onların yenidən təşkili və ləğvi məsələlərini həll edə bilərlər. “Yerli özünüidarə orqanları bələdiyyə müəssisə, təşkilat və idarələrinin idarə olunmasında geniş hüquqlara malikdirlər. Bələdiyyələrin təsis etdiyi hüquqi şəxs olan müəssisələr mənfəət vergisini yerli büdcəyə ödəyirlər. Bundan başqa, bələdiyyələr təsis etdiyi hüquqi şəxslə qarşılıqlı müqavilə və ya təsis şərtlərinə uyğun müqavilə əsasında divident ala bilərlər. Bu sahənin inkişaf etdirilməsi nəticəsində bələdiyyələr yerli büdcəyə dayanıqlı gəlir mənbələri formalaşdırmış olurlar”.


(ardı var)

Xəbər xətti