Ana səhifə
18 Noyabr 2018

“Valideynin uşağın həyatında iz qoyan səhvləri”

Heç vaxt “mən sənə inanmıram” deməyin

Təəssüf ki, biz çox zaman ən güclü haqsızlığı ən yaxın adamlarımızdan görürük. İnsanların əksəriyyəti həyatın çox erkən dövrlərində edilən bu haqsızlığı bütün həyatı boyu unuda bilmir. Bunu psixoloqlar da təsdiqləyirlər. Mütəxəssislər uşaqların ən çox nədən incidiklərini, valideynin məhz hansı söz, fikir və ifadələrinin uşaqların gələcək həyatında iz qoyduğunu öyrənib və valideynləri uşaqlara münasibətdə hansı səhvlərə yol verməməyi müəyyənləşdiriblər: “Böyüməkdə olan uşaqların öz valideynlərindən inciməsinin ən geniş yayılmış səbəbi valideynin uşağın fikri ilə razılaşmaq istəməməsi və ya bacarmaması, "Çox şey istəyirsən!", "Mən nə deyirəm, onu edəcəksən" kimi ifadələr işlətməsidir. Uşağın yaddaşında bu cür sözlər uzun illər qalır.

Yaxın adamın haqsız mühakiməsi qədər heç nə güclü şəkildə yaralamır.

Təəssüf ki, çox tez-tez valideynlər öz uşaqlarını, hətta heç etmədikləri əməllərə görə ədalətsiz şəkildə mühakimə edirlər. Bu küskünlük də uşağın bütün ömrü boyu yaddaşında qala bilər. Yaxın yaşlı qohumun satqınlığını uşaqların əksəriyyəti heç vaxt unutmur. Verilən vədə əməl etməmə, uşağın məhrəm sirlərinin başqa adamlara verilməsi, başqa adamların maraqlarının uşağın maraqlarından üstün tutulması, yaşlı adamların belə hərəkətləri uşağa və onun valideynlərinə münasibətinə çox güclü şəkildə mənfi təsir göstərir. Biganəlik uşaqlara münasibətdə yol verilən ən ciddi səhvlərdən biridir. "Nə edirsən et, mənə dəxli yoxdur". Valideynin uşağa bu cür münasibəti uşağı heç də daimi qadağa və diktələrdən az incitmir. Ata-ana tərəfindən öz doğma övladına qarşı belə biganə, kənarlaşdırıcı münasibət ciddi psixoloji zədələrə səbəb ola bilər ki, bu da onun bütün gələcək həyatında silinməz iz qoya bilər. Kiçik yaşlarında valideynlərin uşağı qardaşları, bacıları və ya dostları ilə müqayisə etməsi onun qəlbinə çox güclü yara vura bilər. Xüsusilə də bu, çox vaxt keyfiyyətləri müqayisə edilənin xeyrinə olmadıqda.

Uşaqları aldatmaq olmaz. Çox tez-tez valideynlər uşaqlarını aldadırlar. Lakin belə yalan, hətta ən xeyirxah məqsədlər üçün edilsə belə, uşağın öz valideynlərinə qarşı ciddi incikliyinə səbəb ola bilər. Heç vaxt "Mən sənə inanmıram" deməyin. Hətta öz uşaqlarını çox sevən valideynlər belə, öz uşağının gücünə inanmadığını nümayiş etdirməklə çox böyük səhvə yol verirlər. Uşağın beynində əbədi kök sala biləcək "Ver, mən daha yaxşı edirəm", "Onsuz da səndə heç nə alınmayacaq", "Axı sən belə bacarıqla kimə lazımsan?" kimi ifadələr onun gələcək həyatında ciddi iz qoya bilər. Uşağın valideynindən küsməsi üçün çoxlu səbəblər ola bilər. Onlardan bəziləri heç bir iz qoymadan, çox tez unudulur, bir hissəsi isə uzun müddət yaddan çıxmır. Ona görə də bütün valideynlərin məhz hansı hərəkətin, sözün və ya emosiyanın (və ya onların olmamasının) uzun illər ciddi incikliyə səbəb olaraq körpənin bütün gələcək həyatına təsir edəcəyini bilmələri çox vacibdir.

Mövzu ilə bağlı “Ucnoqta.az”a açıqlama verən Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmova bildirdi ki, valideyn ilk öncə övladına sevgi verməli, anlayış göstərməli, onun qayğısına qalmalıdır:
“Sevgi olan yerdə verilən cəza və qiymətləndirmə belə uşağa acı gəlmir, onlar bunu həzm edə bilirlər. Uşaqlar ən çox kiminləsə müqayisə olunmaqdan, alçaldılmaqdan inciyirlər. Bu həmişə onların şüuraltında qalır, irəlidə şəxsi inkişafında, özgüvəninin yetişməsinə mənfi təsir göstərir. “Qonşunun uşağına bax, görürsən necə yaxşı oxuyur, görürsən necə bacarıqlıdır?” kimi ifadələr uşaqlarda özgüvən hissini aşağı salır. Başqaları ilə müqayisə olunması, necə oxuması, otağı necə yığışdırması və s. bağlı iradlar uşaqlarda valideynlərə qarşı inciklik duyğusu formalaşdırır. Onlar ailəsi tərəfindən sevilmədiyini, dəyərləndirilmədiyini düşünürlər. Hər kəsin onu zəif gördüyünü, ondan gözləntilərinin daha az olduğunu düşünən uşaq həvəsdən düşür, onda bir laqeydlik yaranır. Çünki artıq onun üçün heç nəyin fərqi olmur, özünü bacarıqsız hiss edir. Bu, onda davranış pozuntuları, dərslərdən yayınma və digər problemlər yaranır”.

 N.Rüstəmova uşaqlarda məsuliyyət hissinin vacibliyini vurğulayır. Onun fikrincə, valideynlər bu sahədə onlara nümunəə ola bilərlər. Əslində uşaqlarda  məsuliyyət hissini valideynlər yaratmalıdır.: “Əgər valideyn uşağa məsuliyyət hissi verməsə uşaqda özgüvən hissi formalaşmayacaq. İlk növbədə uşaq özü  paltarını geyinməyi, kiçik yaşlarında qaşığı sərbəst şəkildə tutaraq yeməyi, zaman keçdikcə öz otağını yığışdırmağı, əşyaları ilə səliqəli davranmağı, bir müddət sonra artıq sərbəst şəkildə məktəbə, yaxud marketə gedib-gəlməyi, kiçik tapşırıqların öhdəsindən gəlməyi bacarmalıdır. Belə olan halda zaman keçdikcə böyük məsuliyyətlərin altında əzilməyəcəkdir. Əgər bir uşağı davamlı şəkildə 10 yaşında anası çimizdirir, köynəyinin yaxasını anası düymələyir, bütün xırda işlərini anası görürsə, təbii ki belə bir uşağın özgüvəni formalaşmayacaq. Və əlbəttə, böyüyəndə həmişə kimdənsə idarə olunmaq arzusu axtaracaq. Bu da onları özünəinamsız və uğursuz bir şəxsiyyət kimi formalaşdıracaq. Gələcəkdə iş və təhsil həyatında öz ayaqları üzərində dura bilməyən bir uşaq olacaq”.

Könül Əhmədova

Tarix
9 Fevral 2018 [15:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin