Ana səhifə
19 Dekabr 2018

“Qarabağ yadıma düşəndə “Sarı gəlin”i çalıram, bütün əsəbim keçir”

Rəşadət Qədirov: “Bu sənəti gizlin-gizlin ustamın əlinə baxaraq öyrəndim”

Müsahibimiz Rəşadət Qədirov əsasən tütək, zurna, balaban kimi milli musiqi alətlərimizi hazırlamaqla məşğuldur. Amma bununla yanaşı taxta üzərində də bacarığını nümayiş etdirir. Sandıqçalar, Quran qabları, məscidlərin və yaxud hər hansı bir tarixi binaların maketlərini də hazırlayır. Saz, kamança, tar kimi digər milli musiqi alətlərimizin də suvenerlərini düzəldir. Bununla yanaşı hazırladığı musiqi alətlərində ifa etməyi də bacarır. Elə müsahibə zamanı bizim üçün tütək və zurnada “Sarı gəlin” musiqisini ifa etdi. Həqiqətən də öz milli musiqi alətlərimizdə ifa olunan milli mahnılarımızın yerini heç nə tuta bilməz. Müsahibimiz deyir ki, elə özü düzəltdiyi musiqi alətləri ilə toylara da gedib. Rəşadət bəylə olan müsahibəni sizlərə təqdim edirik. 

“Hələ lap balaca yaşlarımda tütək alıb çalırdım”

Əslən Cəbrayıllı olduğunu söyləyən müsahibimiz Rəşadət Qədirov bildirdi ki, musiqiyə lap uşaq vaxtlarından marağı olub: “Hələ lap balaca yaşlarımda tütək alıb çalırdım. Rəsm çəkməyə də meyilim var idi. Lakin sonra elə oldu ki, qəbir daşlarının düzəldilməsi sahəsində rəssam kimi işlədim. Amma o sahə mənə sağlamlıq cəhətdən əl vermədiyi üçün işi buraxmalı oldum. Çünki o işin tozu çox olurdu, bu isə mənə sağlamlıq cəhətdən ziyanlı idi. Ona görə də bu işdən ayrıldım və artıq 8 ildir ki, indiki işlə məşğul oluram”.

“Qəbir daşlarındakı rəssamlıq işimdən sonra bu sahəyə meyilləndim”

Hazırda tütək, balaban, zurna kimi milli musiqi alətlərimizi düzəldib satır, eyni zamanda həm də musiqiçi kimi fəaliyyət göstərir: “Qəbir daşlarındakı rəssamlıq işimdən sonra da bu sahəyə meyilləndim. Çünki bildiyim, bələd olduğum bir sahəyə keçmək istədim. İndi həm bu işlə məşğul oluram, həm də musiqiçi kimi toylara gedirəm. Klarnet və zurnada ifa edirəm. Gəlirim çox olmasa da, dolanmağa yetir, buna da şükür. Hazırda qışdır deyə o qədər də toy yoxdur. Ancaq bu işlə məşğul oluram. Əsas toylarımız yay aylarında olur. Demək olar ki, bekar qalmıram. Toy olmayanda isə bu işimlə məşğul oluram”.

“Bəzi turistlərin uşaqlarına milli alətləri çalmağı öyrətmişəm”

Müsahibimiz deyir ki, alıcıları əsasən turistlər olur. O, bildirdi ki, xaricilərə məhsulunu satıb pul qazanmaqla kifayətlənmir: “Xaricilərin marağı daha çoxdur, həvəs göstərib alırlar. Yerlilər də əsasən, tütək alırlar. Xaricilərə bunları satmaqla kifayətlənmirəm. Həm musiqi alətlərimiz barədə məlumat verirəm. Bəzi turistlərin uşaqlarına milli alətləri çalmağı öyrətmişəm. Xaricilərin çoxu tütəyi, zurnanı göstərib, ermənilərə məxsus alət olduğunu deyirlər. Amma mən onlara izah edirəm ki, bunlar hamısı bizə məxsus alətlərdir, sadəcə ermənilər oğurlamaqla məşğuldurlar. Turistlərin o cür düşünməsinə səbəb məlumatların onlara yalnış formada çatmasıdır. Biz də bir Azərbaycan vətəndaşı olaraq borcumuzu yerinə yetirməli, doğru məlumatı verməliyik ki, alətlərimizin ölkəmizə məxsus olduğunu bilsinlər”.

“Toylara gedəndə hazırladığım tütəklə gedirəm”

Deyir ki, ümumi götürəndə hazırladığı musiqi alətləri satılır: “Demək olar ki, yaxşı naxışlı işlərimin hamısını satmışam. Burda qalanlar isə naxışı az olanlardır. Əl işlərimi əsasən sərgilərə təqdim edirəm, sərgilərdə də müəyyən qədər satış olur. Evdə əl işlərimin satışı olmur. Bəzən arada musiqi alətləri mağazası bir-iki dənə əl işimi alır. O da demək olar ki, çox az olur. Bu musiqi alətləri toylarda çox istifadə olnmur deyə, alan çox deyil. Toylara gedəndə hazırladığım tütəklə gedirəm, ifa edirəm. İnsanlar da həvəslə baxır. Toylarda istifadə olunsa, tələb də çox olar. Bunlar bizim milli alətlərimizdir”.

“Gərək adamın özünün içində istək olsun”

Rəşadət bəy deyir ki, işi ustanın əlinə baxaraq, çoxunu gizlin-gizlin öyrənib: “Təhsil almamışam, amma müəllim yanına gedib öyrənmişəm. Usta Kamal adlı müəllimim vardı, onun yanına ifa etməyi öyrənməyə gedirdim. Amma o həm də alətləri düzəltməyi bacarırdı. Bu sənəti elə gizlin-gizlin ustamın əlinə baxaraq öyrəndim. İndi məndən öyrənmək istəyənlər olur. Maraq çoxdur, gəlib necə hazırladığımı soruşurlar. Həvəsi olanlara öyrədirəm. Əsasən, uşaqlar maraq göstərirlər. Öz oğluma da öyrətmək istədim, amma həvəsinin olmadığını hiss etdim, onu sənəti öyrənməyə məcbur etmək istəmədim. Gərək adamın özünün içində istək olsun. Əgər nə vaxtsa oğlumun öz istəyi olarsa, könüllü şəkildə öyrənmək istəyərsə, bax o zaman sevə-sevə ona öyrədərəm”.

“Qabiliyyətim itib-batmır…”

Rəşadət bəy musiqi alətləri ilə yanaşı, taxta üzərində oyma işlər də hazırlayır: “ Mənim rəsm çəkmək qabiliyyətim olduğu üçün paralel olaraq taxta üzərində oyma işlər də edirəm. Sandıqçalar, Quran qabları, məscidlərin və tarixi binaların maketləri hazırlayıram. Milli qəhrəmanımız Mübariz İbrahimovun da taxta üzərində şəklini işləmişəm. Tar, saz, kamança kimi milli musiqi alətlərimizin də suvenirlərini düzəldirəm. Həm öz qabiliyyətim itib-batmır, həm də gələn müştərilər üçün çeşidli nəsə təqdim edirəm”. 

“Əgər tələsik işləsəm istədiyim keyfiyyəti əldə edə bilmərəm”

Müsahibimiz deyir ki, bu işlərin hazırlanması ustadan səbir tələb edir: “Məsələn, tütək, balaban və zurnanı düzəltməyə 1-2 saat vaxtım gedir, amma ondan əvvəl materialların qurudulub hazırlanması prosesi var ki,  bunlar çox vaxt aparır. Hardasa bir-iki gün çəkir. Sandıqçanın, Quran qabının və s. hazırlanması 4-5 saat vaxt aparır. Bu işdə səbirlə işləmək lazımdır. Çünki iş incəlik tələb edir. Əgər tələsik işləsəm istədiyim keyfiyyəti əldə edə bilmərəm. Xırda bir səhv edəndə bəzən hazırladığım məhsulu korlayıram. Bəzən alınmır, xarab olur, mən də atıram gedir. Daha sonra isə yenisini hazırlayıram. Bütün bunların hazırlanması elə də asan başa gəlmir”.

“Qarabağ yadıma düşəndə “Sarı gəlin”i çalıram”

Deyir ki, məşğul olduğu iş insanın fikrini problemlərdən bir müddətlik də olsa, uzaqlaşdırır: “Bu işlə məşğul olmaq insanın fikrini yayındırır. Əsəbi olanda musiqilər ifa edərək əsəblərimi sakitləşdirirəm. Qarabağdan olduğum üçün bəzən oralar, uşaqlıq illərim yadıma düşür. O dövrləri xatırlayıram, həmin illərə qayıdıram. Qarabağ yadıma düşəndə “Sarı gəlin”i çalıram və bütün əsəbim keçir”.

“Çox vaxt qızardılmış dəmir əlimə dəyib yandırır”

R.Qədirov deyir ki, müştərilər onun gördüyü işin dəyərini bilməyəndə ona pis təsir edir: “Bəzən müştəri gördüyüm işin dəyərini bilmir, deyir ki, bunun maya dəyəri az, qiyməti isə bahadır. Mən də onlara başa salıram ki, bunların üzərində nə qədər əziyyət çəkirəm. İşin hazırlanma prosesi çətindir. Qazda düzəldirəm, dəmiri qızardıram, deşirəm, yiyə ilə yiyələyirəm. Çox vaxt qızardılmış dəmir əlimə dəyib yandırır. İki gündən bir qaza 20-30 manat pul verirəm. Əziyyəti xərcindən çoxdur. Bir tütəyin qiyməti 5-10 manat olur. Balabanın qiyməti isə 80 manat, zurnanın qiyməti isə bunlardan bir az çoxdur, 100 manatdır. Hazırlanma əziyyətinə və xərcinə görə qiymətlər arasında fərqlər mövcuddur.  Maya dəyəri ilə yanaşı, orda çəkilən insan əziyyəti də var. Ən əsas buna qiymət vermək lazımdır”.

“İnternetdə videoya baxıb, xaricilərin musiqi alətini hazırlamağı öyrənmişəm”

Müsahibimiz deyir ki, yenilikləri sevir: “Öz işimi görməklə yanaşı, öyrənməyə, nə isə yenilik etməyə meyilli adamam. Məsələn, internetdə videoya baxıb, xaricilərin bir musiqi alətini hazırlamağı öyrənmişəm. İspanlara məxsus nəfəs alətidir, ona da maraq olur, alırlar. Taxta üzərində oyma işləyərkən isə əsasən tarixi şəxsiyyətlərimizə üstünlük verirəm.  Belə işlərim çox olub.  Milli qəhrəmanımız Mübariz İbrahimovun, dahi şairimiz Nizami Gəncəvinin, prezidentimiz İlham Əliyevin adlarını çəkə bilərəm. Taxta üzərində onların şəkillərini işləmişəm. Demək olar ki, işlədiyim şəkillərin hamısı taxta üzərində olur”.

Könül Asimqızı

 

Tarix
9 Fevral 2018 [11:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin