Ana səhifə
22 May 2018

94 il əvvəl Naxçıvan Muxtar Respublikası yaradılıb

Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasının 94-cü ili tamam olur.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası 9 fevral 1924-cü ildə yaradılıb. Naxçıvan MR-in Ermənistan ilə təbii sərhəddini, əsasən Zəngəzur və Dərələyəz silsiləsinin suayırıcıları, Türkiyə və İranla sərhəddini isə Araz çayı təşkil edir. Ərazisi Şimal-Qərbdən Cənub-Şərqə doğru 158 km məsafədə uzanır. Muxtar Respublikanın Şimalda ən ucqar nöqtəsi Saraybulaq silsiləsinin Şərur rayonu ərazisindəki Kömürlü dağı (2064 m), ən cənub nöqtəsi isə Arazın sol sahilində 600 m yüksəklikdə yerləşən Zerəni dəmir yol stansiyasıdır. Şimaldan Cənuba doğru ən böyük məsafəsi 75 km-ə bərabərdir.

Qədim Azərbaycan torpağı olan Zəngəzurun 1920-ci ildə sovet rəhbərliyi tərəfindən Ermənistana verilməsi nəticəsində 44-45 km enində zolaq Araza doğru uzanaraq, Naxçıvan MR-i Azərbaycan Respublikasının qalan ərazisindən ayırmışdır. 1924-cü ildə Naxçıvan MSSR-də 3 qəza və 12 dairə təşkil olunmuş, 1925-ci ildə qəzalar ləğv edilmiş, dairələrin sayı 8-ə endirilmişdi: Baş Noraşen, Qıvraq, Tumbul, Əbrəqunis, Nərimanov, Culfa, Parağa və Ordubad dairələri. 1930-cu ilin birinci yarısında Şahbuz rayonu əlavə edilməklə Şərur, Naxçıvan, Culfa, Ordubad və Əbrəqunis rayonları yaradılmışdır. 1948-ci ildə Əbrəqunis rayonu Culfa rayonu ilə birləşdirildikdən sonra, Naxçıvan MSSR inzibati cəhətdən beş rayona (Naxçıvan (1978-ci ildən Babək), Şərur, Şahbuz, Culfa və Ordubad) bölünmüşdür. 1990-cı il 28 avqustda Azərbaycan SSR Ali Sovetinin fərmanına əsasən Türkiyə ilə həmsərhəd bölgənin sosial-iqtisadi inkişafını daha da sürətləndirmək və gücləndirmək məqsədi ilə, həmçinin ərazinin geostrateji mövqeyi nəzərə alınaraq, Sədərək kəndi və ona məxsus ərazilər əsasında Sədərək rayonu yaradılmışdır.

1929-cu il 18 fevralda Zaqafqaziya MİK totalitar inzibati-amirlik şəraitində Naxçıvan MSSR-in doqquz kəndinin – Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndlərinin, Ordubad dairəsinin Qorçevan kəndinin, habelə Kilit kəndinin torpaqlarının bir hissəsinin, əkin sahələri və torpaqları ilə birlikdə Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar qəbul etmişdir. Zaqafqaziya MİK-in Naxçıvanın sərhədləri məsələsinə baxması, Moskva müqaviləsi (1921) və Qars müqaviləsi (1921) sənədlərini imzalayan tərəflərin iştirakı olmadan Naxçıvan ərazisinin bir hissəsinin Ermənistana verilməsi beynəlxalq hüquq normalarının kobudcasına pozulması olmuşdur.

1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya yeridilməsindən 8 saat əvvəl sovet-erməni silahlı dəstələri Naxçıvan MR ərazisinə hücuma keçdi və ermənilər Sədərək rayonunun Kərki kəndini işğal etdilər. Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində vaxtilə ümumittifaq şəbəkəsinə daxil olan, Azərbaycanı Naxçıvanla bağlayan dəmir yolu xəttləri kəsildi, Naxçıvan Azərbaycandan təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamağa başladı. 1992-ci ilin mayında Azərbaycanda hakimiyyət dəyişikliyi, Azərbaycan Xalq Cəbhəsinin və onun rəhbəri tanınmış alim və siyasətçi Əbülfəz Elçibəyin iqtidara gəlməsi də Naxçıvanın vəziyyətini dəyişdirmədi. Əksinə Rusiya və Ermənistanın hərbi – iqtisadi blokadaya aldığı Naxçıvan AXC iqtidarının da siyasi blokadası ilə üzləşdi.

Hələ 1990-cı ilin yayında seçilmiş Naxçıvan MSSR Ali sovetinin 17 noyabrda keçirilən I sessiyasının qərarı ilə "Sovet" və "Sosialist" sözləri Muxtar Rrespublikanın adından çıxarıldı, Ali Sovetin adı dəyişdirilərək Ali Məclis adlandırılması qərara alındı, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə qəbul edilmiş üçrəngli bayrağı Naxçıvan MR-in də bayrağı kimi qəbul olundu. Elə həmin vaxtdan H. Əliyevin təşəbbüsü ilə Naxçıvan MR–in ali qanunvericilik orqanı Qarabağda vəziyyət, Bakıda fövqəladə vəziyyətin aradan götürülməsi, habelə, 1990–cı ilin 19–20 yanvar hadisələrinə siyasi qiymət verilməsi haqqında qərarlar qəbul etdi. Muxtar respublika ərazisində kommunist partiyasının fəaliyyətinin dayandırılması, Naxçıvan əhalisinin SSRİ–nin saxlanması barədə referendumda iştirakdan imtina etməsi, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması kimi siyasi aksiyalar həyata keçirildi.

Muxtar respublikanın əhalisi müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmləndirilməsi, Azərbaycanda demokratik dəyərlərin bərqərar olması kimi amallara qovuşmaq üçün Heydər Əliyevin respublika rəhbərliyinə qayıtması uğrunda mübarizənin ön sıralarında getmişdir. 3 sentyabr 1991-ci ildə Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsini öhdəsinə götürmüşdür. 1992-ci ilin noyabrında isə Azərbaycanın bir çox görkəmli ziyalıları Naxçıvan şəhərinə üz tutur. Naxçıvan şəhərində H. Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının əsası qoyuldu.

12 noyabr 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi, Azərbaycan və Naxçıvan Parlamentlərində ilk demokratik seçkilər keçirildi. V. Y. Talıbov Naxçıvan Ali Məclisinin sədri seçildi. Azərbaycan Konstitusiyası Naxçıvan MR-ə Azərbaycanın tərkibində muxtar dövlət statusu verdi. Azərbaycan Konstutusiyası əsasında Naxçıvan MR-in Konstitusiyası hazırlandı və 28 aprel 1998-ci ildə muxtar respublikanın Ali Məclisində qəbul edilərək, həmin il 29 dekabrda Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiqləndi.

Tarix
9 Fevral 2018 [10:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin