“Zəngilanlılar Prezidentin ətrafında sıx birləşib” - İcra başçısı

17:18 - 7 Fevral 2018 - ÖLKƏ İÇİ

Zəngilan Rayon İcra Hakimiyyətinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və  qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun hesabat məruzəsi dinlənilib. R.Həsənov bildirib ki, cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrini hər zaman əməli fəaliyyətində rəhbər tutan Zəngilan Rayon İcra Hakimiyyəti rayonda qanunçuluğun möhkəmləndirilməsinə, aşkarlıq və ictimai rəyi nəzərə almağa çalışıb: “Hesabat ili ərzində rayon üzrə ümumi məhsul buraxılış həcmi 4 milyon 454 min 900 manat olub ki, bunun da 3 milyon 883 min 200 manatı kənd təsərrüfratı məhsulları (866 min 800 manat bitkiçilik, 3 milyon 16 min 400 manat isə heyvandarlıq üzrə) istehsalının payına düşür. Bu göstərici 2016-cı ilə nisbətən 446 min 900 manat çoxdur. Ət, süd, yun istehsalı üzrə də artım müşahidə edilmişdir ki, bu da keçən illə müqayisədə ət istehsalında 25 ton, süd istehsalı üzrə 583,6 ton, yun istehsalı üzrə isə 1,2 ton artım deməkdir. İribuynuzlu və xırdabuynuzlu mal-qaranın baş sayında keçən ilə nisbətən azalma müşahidə edilib.

“2016-2020-ci il Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin tələblərinə görə Sabirabad rayonu Rüstəmli kəndi ərazisində məskunlaşmış əhalimiz də kənd təsərrüfatı məhsulları istehsalı sahəsində cari ildə onlara verilmiş pay torpaqlarından 85,55 hektar sahədə taxıl, o cümlədən 24,85 hektar sahədə buğda, 60,7 hektar sahədə arpa əkilib, həmçinin 56,09 hektar sahədə yonca və 13,49 hektar sahədə isə digər əkin aparılıb. Bunlardan da 60,1 ton buğda, 168,7 ton isə arpa məhsulu toplanıb. Suvarma işləri ilə yanaşı üzvi və mineral gübrələr qida maddəsi kimi sahəyə verilib. Cari ildə pambıqçılığın inkişafı üçün 55 hektar sahədə əkilən pambıq aqrotexniki qaydalara uyğun becərilib, 66,5 ton xam pambıq yığılaraq aidiyyəti üzrə qəbul məntəqələrinə təhvil verilib.
Baramaçılığın inkişafı istiqamətində də cari ildə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən rayona 29 qram barama üçün toxum verilib ki, bunun da nəticəsində 65 kq yaş barama alınaraq “Şəki İpək ASC”-nə təhvil verilib. İpəkçiliyin intensiv inkişafı ilə əlaqədar nazirlik tərəfindən verilmiş 15 min tut tingi aqrotexniki qaydalara uyğun əkilib. Ümid edirik ki, bunun sayəsində gələcəkdə bol məhsul əldə edərək, barama istehsalında artıma nail olacağıq”. 
İcra başçısı bildirib ki, hazırda növbəti il üçün 24,55 hektar sahədə buğda, 20,18 hektar sahədə arpa, 56,09 hektar sahədə yeni yonca səpini aparılıb. Hesab edirəm ki, Zəngilan zəhmətkeşləri bundan sonra da cənab Prezidentin çağırışına qoşularaq, kənd təsərrüfatının daha da inkişaf etdirilməsi yolunda öz əməli köməkliklərini göstərəcəklər. 
«Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında» Prezidentin 2016-cı il 7 aprel tarixli sərəncamının icrasının təmin olunması məqsədilə mərkəzdə işaxtaran və işsiz vətəndaşların özününməşğullunun təşkili üçün 8 nəfər işaxtaranla məsləhətləşmə aparılmaqla onlar özünüməşğulluq proqramına qoşulub, mərkəz tərəfindən onların “öz biznesini başla və öz biznesini tamamla” metodları əsasında 2 aylıq təşkil olunmuş təlimlərdə iştirakları təmin olunub. Təlimlər bitdikdən sonra onların təlimlərdə özünüməşğulluq proqramı əsasında müxtəlif (heyvandarlıq, xidmət və istehsal) istiqamətlərində 2 nəfərin hər birinə 2 baş yanıbalalı südlük inək, digər 2 nəfərin hər birinə 300 baş yumurtlar toyuq, 1 nəfərə internet klub üçün televizor və köməkçi avadanlıqlar, 1 nəfərə çörək sexi açmaq üçün 16 ədədlik çörək peçi, 1 nəfərə maşınların yuyulması üçün su nasosları verilməklə öz kiçik ailə biznesi işlərinə başlanılıb.
Hesabat ilində rayon icra hakimiyyəti əhalinin qəbulu, onların ərizə və şikayətlərinə baxılması işinin təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görmüşdür. 2017-ci ildə rayon icra hakimiyyətinə vətəndaşlardan 185 müraciət daxil olub. Bu müraciətlərə həssaslıqla yanaşılmış, əhalini narahat edən  problemlərə mövcud imkanlar çərçivəsində baxılaraq həll edilib, görülmüş tədbirlərin nəticələri ilə bağlı vətəndaşlara yazılı məlumatlar verilib. Daxil olan yazılı və şifahi müraciətlərin 78%-i müsbət həll edilmiş, digər müraciətlərin həllinə kömək məqsədilə səlahiyyətli orqanlar qarşısında məsələ qaldırılıb. Bu sahədə görülən işlərin səmərəliliyinin artırılması məqsədilə əlavə tədbirlər müəyyənləşdirilib, rayonun idarə-müəssisə və təşkilatlarının, habelə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin iştirakı ilə rayon icra hakimiyyəti başçısının kütləvi məskunlaşma yerlərində səyyar qəbullarının keçirilməsinə diqqət artırılıb. Bütövlükdə 2017-ci il ərzində müxtəlif kütləvi məskunlaşma yerlərində 46 səyyar qəbul keçirilmiş, bu qəbullarda 1155 nəfər iştirak edib. Ümumilikdə rəhbərlik tərəfindən qəbul edilmiş vətəndaşların sayı 1489 nəfər olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi rayon rəhbərliyi və ictimaiyyəti adından əmin etmək istəyirəm ki, zəngilanlılar həmişə olduğu kimi, bundan sonra da Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq ölkə başçısının ətrafında sıx birləşəcək, qarşıda duran vəzifələri layiqincə yerinə yetirmək üçün bütün qüvvə və bacarıqlarını səfərbər edəcəklər”.
İclasda iştirak edən Prezident Adminstrasiyasının məsul əməkdaşı Ağəli Əhmədov hesabatı yüksək qiymətləndirərək Zəngilan rayonunun fəal rayonlar sırasında olduğunu qeyd etdi. Bildirdi ki, işğal olunmuş bölgə olmasına baxmayaraq bu il də rayononun kənd təsərrüfatı sahəsində əldə edəcəyi uğurlara böyük ümid var.
Toplantıda çıxış edən Zəngilanın deputatı İmamverdi İsmayılov qeyd etdi ki, rayon İcra Hakimiyyətinin başçısı əhali qarşısında hesabat verməklə bir növ insanlara olan diqqət və qayğısını göstərir. Onun sözlərinə görə, rayon sakinlərinin kənd təsərrüfatı sahəsində əldə etdiyi uğurlar insanların doğma yurda, torpağa, elə-obaya bağlılığını gəstərir.
Millət vəkili çıxışının sonunda hər zaman olduğu kimi bu il də zəngilanlıların prezident sevçkilərində Azərbaycan Respublukasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək onu dəstəkləyəcəyinə əminliyini bildirdi.

 

Elməddin Muradlı


Xəbər xətti