Prezident seçkilərində namizədlərin irəli sürülməsinə fevralın 20-də start veriləcək

12:38 - 7 Fevral 2018 - KİVDF

Prezidentliyə namizədləri siyasi partiyalar, siyasi partiyaların blokları, seçki hüququ olan vətəndaşlar irəli sürə bilərlər

Prezident İlham Əliyevin ölkədə növbədənkənar prezident seçkilərinin elan edilməsi haqqında sərəncamı Azərbaycan qanunvericiliyinə tam uyğundur. Bu barədə millət vəkili Tahir Kərimli bildirib. Millət vəkili qeyd edib ki, növbədənkənar prezident seçkiləri Azərbaycanın Konstitusiyası və Seçki Məcəlləsinə uyğun keçirilir:

"Siyasi baxımdan bu qərar yerində verilib, ən optimal variantdır. Çünki bu il ölkədə çox ciddi yubileylər ilidir. Belə ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, Azərbaycan Milli Ordusunun yaradılmasının 100 illiyi, Heydər Əliyevin 95 illik yubileyi və digər mühüm tarixi hadisələr qeyd olunacaq. Belə yubileylər ilində prezident seçkilərinin növbədənkənar keçirilməsi daha optimal görünür". T.Kərimli bildirib ki, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sabitlik var, iqtisadiyyat inkişaf edir: "Buna görə də prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi məqsədəuyğundur. Seçkilərdə dövlət başçısı İlham Əliyevin qalib gəlmək şansı daha çoxdur. Buna heç kim də şübhə etmir".

Millət vəkili Aydın Hüseynov isə deyib ki, bu qərarın verilməsi ölkə qanunları çərçivəsindədir: "Buna Azərbaycanın Konstitusiyası da imkan verir. Buna görə də dövlət başçısı seçkilərin növbədənkənar keçirilməsini elan edib". Onun sözlərinə görə, seçkilərin apreldə, yaxud oktyabrda keçirilməsinin fərqi yoxdur. “Prezident İlham Əliyevin təkrar seçiləcəyinə heç bir şübhə yoxdur. Çünki Prezident İlham Əliyevin həm ölkə vətəndaşları arasında, həm də beynəlxalq aləmdə nüfuzu kifayət qədər yüksəkdir. Azərbaycan vətəndaşlarının İlham Əliyevə yüksək etimadının olması danılmazdır. Azərbaycan vətəndaşları bilir və şahiddir ki, Prezident İlham Əliyevin bütün fəaliyyəti əsasən ölkə vətəndaşlarının sosial rifahının yüksəlməsinə, ölkədə yoxsulluğun azaldılmasına, ictimai-siyasi sabitliyə nail olunmasına yönəlib. Xalq bunun nəticəsini də görüb və görür. Bu gün ölkə iqtisadiyyatındakı sürətli və dinamik inkişaf, siyasi sabitlik, ordu quruculuğunda görülən uğurlu işlər, Azərbaycan ordusunun gücləndirilməsi hamının gözü qarşısında baş verir, danılmaz faktdır".

Qeyd edək ki, Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub. Prezident seçkilərində namizədlərin irəli sürülməsindən tutmuş, seçkinin keçirilməsinədək bütün proseslər Azərbaycan qanunlarında öz əksini tapıb. Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkilərində namizədlərin irəli sürülməsi prosesinə fevralın 20-də start veriləcək. Prezidentliyə namizəd olmaq istəyən şəxslər səsvermə gününə ən çoxu 50 (20 fevral) və ən azı 30 gün qalmış saat 18.00-dək seçki sənədlərini MSK-ya təqdim etməlidirlər.

İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin seçki sənədlərinin  Mərkəzi Seşki Komissiyasınana (MSK) təqdim etməsi üçün ayrılan müddət martın 12-də başa çatacaq. Prezidentliyə namizədləri siyasi partiyalar, siyasi partiyaların blokları, seçki hüququ olan vətəndaşlar irəli sürə bilərlər.

Sənədlər bunlardır: İrəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri, seçici imzaları toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada tərtib edilmiş protokolun 2 nüsxəsi, Seçki Məcəlləsinin 53.3-cü (Bu Məcəllənin 53.2-ci (Namizəd və ya namizədi irəli sürən seçicilərin təşəbbüs qrupu öz təşəbbüsü barədə müvafiq seçki komissiyasına yazılı bildiriş verir. Bildirişdə namizədi irəli sürən hər bir təşəbbüsçünün və namizədin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi, bundan başqa, irəli sürülən namizədin əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda — fəaliyyət növü) göstərilməlidir) maddəsində göstərilən bildirişlə birlikdə namizədin seçkili dövlət və ya bələdiyyə orqanında seçkili vəzifəyə seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyinə dair yazılı öhdəliyi olan ərizədə göndərilir. Bu ərizədə onun tərcümeyi-halına aid məlumatlar (soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri (bu olmadıqda — fəaliyyət növü)) göstərilir. Namizədlərin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, ərizədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adı göstərilməlidir.

Namizədin ərizəsində Azərbaycan Respublikasının vətəndaşlığı haqqında məlumatla yanaşı, xarici ölkə vətəndaşlığının və başqa ölkələr qarşısında öhdəliklərinin olub-olmaması da göstərilməlidir) və 54.8-ci (Siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi bu Məcəllənin 54.1-54.7-ci maddələrində göstərilən sənədlərlə birlikdə namizədin seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam veriləcəyi barədə öhdəliyi də göstərilməklə, namizədliyinin irəli sürülməsinə razılıq verməsi barədə ərizəsini də təqdim edir. Bu ərizədə namizədin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri, o cümlədən tutduğu vəzifə (bu olmadıqda — fəaliyyət növü), namizədin arzusu ilə siyasi partiyaya mənsubluğu göstərilir. Namizədlərin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, ərizədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa, xarici ölkənin qanununun adı göstərilməlidir. Ərizədə namizədin vətəndaşlığı və ya xarici ölkə vətəndaşlığına mənsubluğu, başqa dövlətlər qarşısında öhdəliyin olub-olmaması haqqında məlumatlar daxil edilir) maddələrinə uyğun olaraq namizəd haqqında təqdim edilmiş məlumatlarda dəyişikliklər barədə bildiriş, namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat, mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat, namizədin ilkin maliyyə hesabatı (seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsait haqqında məlumatlar göstərilməklə).

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.
Xatırladaq ki, Prezident  İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla  Mərkəzi Seçki Komissiyasına (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunması ilə əlaqədar “2018-ci il üçün iş vaxtının norması” və “2018-ci ilin istehsalat təqvimi”ndə müvafiq dəyişikliklər edilir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirlyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib. “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir.  Onun sözlərinə görə, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar (əmək şəraiti ilə əlaqədar qısaldılmış iş vaxtı müəyyən edilən hallardır) istisna olunmaqla, qalan iş yerlərində səsvermə günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır”. Elman Babayev qeyd edib ki. “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2018-ci il tarixli sərəncamı ilə Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezident seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunması və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsinin təmin edilməsi barədə sərəncam verilib. “ Yuxarıda qeyd edilənlərə əsasən Əmək Məcəlləsinin 96-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “2018-ci il üçün iş vaxtının norması” və “2018-ci ilin istehsalat təqvimi”ndə müvafiq dəyişikliklər edilərək aprel və oktyabr aylarının aylıq iş vaxtı norması təshih olunacaq”. 

Xəbər xətti