“Aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri xalqın iradəsini ifadə edir”

18:17 - 6 Fevral 2018 - KİVDF

Azərbaycanda bütün seçkilər Konstitusiya normalarına, Seçki Məcəlləsinə və digər aidiyyəti qanunvericilik aktlarına uyğun olaraq keçirilir 

 
Azərbaycanda bütün seçkilər Konstitusiya normalarına, Seçki Məcəlləsinə və digər aidiyyəti qanunvericilik aktlarına uyğun olaraq demokratik, şəffaf və ədalətli şəkildə keçirilir. İstər prezident, istər parlament, istərsə də bələdiyyə seçkiləri xalqın iradəsini əks etdirir, həmçinin yerli və beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilir. Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamını şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycanda hər 5 ilin 3 ili seçkilərlə bağlı olduğundan Konstitusiyanın 101-ci maddəsinə dəyişiklik edildi və dövlət başçısının səlahiyyət müddəti 5 ildən 7 ilə uzadıldı. Bu hüquqi dövlət quruculuğu istiqamətində atılmış  ən mühüm dəyişikliklərdən biri idi. “Prezidentin səlahiyyət müddəti 7 il müddətinə uzadıldığına görə, Azərbaycan Respublikası Prezidentinə seçicilərə etimad votumu üçün müraciət imkanı – növbədənkənar prezident seçkilərini elan etmək hüququ verilib. Buna görə də “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncamda nəzərdə tutulmuş məsələlər Konstitusiyanın və ölkə qanunvericiliyinin tələblərinə tam uyğundur”.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq 2018-ci il prezident seçkilərinin payızda - oktyabr ayında keçirilməsi nəzərdə tutulmuşdu. “Ancaq bu il may ayından başlayaraq ölkəmizdə çoxlu sayda mühüm yerli və beynəlxalq səviyyəli tədbirlər keçiriləcəkdir. Onların sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi çərçivəsində silsilə tədbirləri, Beynəlxalq Humanitar Forumu və digərlərini qeyd etmək olar. Həmin tədbirlərin əksəriyyəti ilin sonuna təsadüf edir və seçkilərlə üst-üstə düşür.Digər tərəfdən, Azərbaycanda mövcud olan praktikaya əsasən, bütün seçkilər payız aylarında keçirilir. Bu mənada, dünyada mövcud olan təcrübəni nəzərə almaqla, müxtəlif səviyyəli seçkilərin ilin ayrı-ayrı fəsillərində, o cümlədən də əvvəlində keçirilməsi daha məqsədəuyğundur.

Həmçinin Azərbaycan Prezidentinin 7 il müddətinə seçilməsi prezident səlahiyyətlərinin yerinə yetirilməsinə təsərrüfat ilinin əvvəlindən başlamasını təmin edir. Bu da sosial və iqtisadi sahədə qarşıda duran vəzifələrin daha effektli icrasına əlavə imkan yaradır”,-Prezidentin köməkçisi deyib.

Əli Həsənov deyib ki, ötən dövr ərzində Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasət Azərbaycanın milli maraqlarına xidmət edib, ölkənin hərtərəfli və sürətli inkişafı təmin olunub, cəmiyyət həyatının bütün sahələri yeniləşib və müasirləşib, xalqın rifahı yüksəlib. “Bu gün Azərbaycan beynəlxalq birliyin böyük nüfuza malik ölkələrindən biri kimi tanınır. Bütün bunlar Azərbaycan xalqının, vətəndaşların, seçicilərin Prezident İlham Əliyevə yüksək etimadını və tam dəstəyini şərtləndirən başlıca amillərdir. Əminliklə demək olar ki, cənab İlham Əliyevin seçkilərdə növbəti dəfə parlaq qələbə qazanmaq və yenidən prezident seçilmək imkanı çox yüksəkdir.
Nəticə etibarilə, seçkilərin oktyabrda və ya apreldə keçirilməsi potensial namizədlərin, o cümlədən də cənab İlham Əliyevin imkanlarını məhdudlaşdıran və onlara əlavə dividend qazandıran hal kimi şərh oluna bilməz”. 

Göründüyü kimi Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Fevralın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V qurultayı 2018-ci ildə keçiriləcək növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul edib. AHİK-in V qurultayının nümayəndələri qarşıdakı seçkilərdə namizədliyinin irəli sürülməsinə razılıq verməsi barədə Prezident İlham Əliyevə müraciət ediblər. 
“Prezident  İlham Əliyevin sərəncamı ilə növbədənkənar Prezident seçkilərinin aprelin 11-nə təyin edilməsini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu, Azərbaycanın ali qanununun - Konstitusiyasının norma və prinsiplərinə tam uyğundur”. Bunu isə Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib. O qeyd edib ki, bu, meydan davaları, küçə savaşları, vətəndaş toqquşmaları ilə müşayiət olunan və ya xaricdən hər hansı qüvvənin ssenarisi əsasında, onların dirijor çubuğu ilə gerçəkləşdirilən hadisə deyil: “Biz ötən on illər ərzində seçicilərin iradəsi ilə hakimiyyət institutlarının formalaşdığının şahidi olmuşuq. 2016-cı ildə keçirilən ümumxalq səsverməsində Prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırıldı. Belə bir situasiya meydana çıxırdı ki, prezident və parlament seçkiləri 2025-ci ildə yaxın aylara təsadüf edir. Bu da siyasi dayanaqlılığa mənfi təsir göstərə bilər. Bu, Qərb təcrübəsidir. Düşünürəm ki, bu məqamlar nəzərə alınıb. Bu il keçiriləcək Prezident seçkilərində iddiaçılar iştirak imkanlarını saxlayırlar. Seçki oktyabrda keçirilsəydi, ölkədə 25 ildir, özlərini hakimiyyətdən kənar saxlayanlar, elektoral bazanı itirənlər, siyasi tənha durumuna gəlib çatanlar seçkiyə fərqli durumda daxil olacaqdılar? Burada hansı hazırlıq məsələsindən söhbət gedə bilər? Yəni vaxtın tez və ya gec olması vəziyyəti dəyişmir. Bu qərarın verilməsinə həm ölkənin təhlükəsizlik maraqları, həm ölkənin siyasi gələcəyi, həm də hakimiyyət orqanlarının formalaşmasındakı zaman ardıcıllığı təsirini göstərib”.

Deputat bildirib ki, Prezident İlham Əliyevin növbədənkənar Prezident seçkiləri ilə bağlı imzaladığı sərəncam ətrafında spekulyasiya quranların mövqeləri əsassızdır: “Bunu onların özləri dəfələrlə tələb ediblər. Xatırlayıram ki, yalnız prezident seçkilərinin deyil, digər təsisatlar üçün də belə seçkilərin keçirilməsini ortaya qoyurdular. Azərbaycanda seçkilər xalqın iradəsi əsasında keçirilir. Prezident İlham Əliyev komandasında da islahatlar aparıb, yəni yenilənmə geniş şəkildə olub. Bu baxımdan növbədənkənar Prezident seçkilərinin keçirilməsi xalqın maraqlarına uyğundur”.
Z.Oruc Prezident seçkilərində namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı suala isə belə cavab verib: “Bu illər ərzində siyasi əqidəmə görə Heydər Əliyev siyasi kursuna mənsub olmuşam. Bunun üçün də həmişə fəxr etmişəm. Siyasət komandalı mübarizədir. Önəmli məsələ birincilik uğrunda mübarizə aparmaq deyil. Əsas məsələ ideyalarla, starteji baxışlarla dövləti qərarlarda yer almaqdır. Azərbaycanda müxalif qüvvələr də fəaliyyətlərini uzlaşdırırlar ki, qüvvə parçalanmasın. Bu baxımdan komandalılıq siyasi prinsiplərinə əsasən qərar veriləcək”.
“Bu il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri Azərbaycan xalqının iradəsini ifadə edir”. Bunu Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli deyib.Onun sözlərinə görə, prezident seçkilərinin vaxtının dəyişdirilməsində heç bir qeyri-adi hal yoxdur. İ.Həbibbəyli hesab edir ki, Azərbaycanda illərdən bəri formalaşan sabit ictimai-siyasi vəziyyət və böyük iqtisadi, mədəni inkişaf ölkəmizdə istənilən vaxt seçki keçirməyə imkan verir: ”Ölkənin başçısı xalq və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş bir lider olduqda belə seçkilərin vaxtından əvvəl keçirilməsi tamamilə təbii sayıla bilər. Azərbaycan xalqının apreldəki növbədənkənar seçkilərdə Prezident İlham Əliyev kimi 15 il ərzində böyük sınaqlardan çıxmış və ümumxalq rəğbəti qazanmış bir namizədi var. Ona görə də apreldə keçiriləcək seçkilər Azərbaycan xalqının iradəsini ifadə edir. Bu seçkilər xalqımızın dövlətçilik maraqlarına da tam uyğundur”.

Qeyd edək ki, Prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla Mərkəzi Seçki Komissiyasına (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Xəbər xətti