Ana səhifə
22 Avqust 2018

“Model xanımla evlənmərəm” – Müsahibə

"Best model of The World"də iştirak etmək, həm də iştirakçılar üçün əlavə şanslar yaradır”

 

Heydər İskəndərov: “Modellər görünüşcə gözəl olduqları üçün onlara filmlərdə tələbat var”

 

Azərbaycan 4 illik fasilədən sonra yenidən "Best model of The World" dünya gözəllik müsabiqəsində təmsil olunacaq. 145 ölkənin qatıldığı və 55 ildir keçirilən dünya müsabiqəsi dekabrın 6-da Türkiyədə baş tutacaq. Yarışda ölkəmizi model Sima Şərafətdinova və Heydər İskəndərov təmsil edəcək. Sima xanım hazırda Türkiyədədir və hazırlıqlarını orada davam etdirir. Heydər İskəndərov isə noyabrın 30-da Türkiyəyə yola düşəcək. Model səfər öncəsi redaksiyamızın qonağı oldu, müsabiqə və sənəti ilə bağlı suallarımızı cavabandırdı.

 

- Bildiyimə görə seçim müsabiqə yolu ilə aparılmadı. Necə oldu ki, təmsilçi olaraq siz seçildiz?

 

- May ayında bir layihədə iştirak etdim və ilin ən gözəl modeli seçildim. Ondan sonra Best Model yarışmasına qatılmaq istəyirdim. “AES Group”un müsabiqə ilə bağlı elanını gördüm və qrupun prezidenti, tanınmış təşkilatçı Aqil Məmiyevlə əlaqə saxlayıb iştirak etmək istədiyimi bildirdim. O da məni qeydiyyata saldı. Amma burada iştirakçılar arasında müsabiqə edib, seçim etməyə vaxt olmayıb. Ona görə də Aqil özü 10 nəfər xanım 10 nəfər də bəy namizədin şəklini seçib, yarışmanın prezidenti Erkan Özermana göndərib. O da Sima xanımla məni seçib. Beləliklə, müsabiqədə təmsilçi mən seçildim.

 

- Bu müsabiqədən gözləntilər böyükdü?

 

- "Best model of The World"də iştirak etmək, həm də iştirakçılar üçün əlavə şanslar yaradır. Çünki müsabiqənin münsiflərində dünyanın tanınmış prodüserləri, Türkiyənin tanınmış sənət adamları, rejissorlar oturacaq. Yarışmada birinci yeri tutmasalar belə orada iştirak edən modellərə yaxşı təkliflər gəlir. Yer tutmasaq belə orada iştirak etmək böyük uğurdur. Müsabiqədə hər kəs rəqibdir. Orada hər bir keyfiyyət nəzərə alınır. Bu güc yarışı deyil ki, mən nə isə çalışıb edim. Mən Azərbaycandayam və hələ ki orada kimlərin iştirak etməsi ilə bağlı tam məlumatım yoxdur. Türkiyəyə gedib, iştirakçıları gördükdən sonra özüm üçün nə isə proqnozlaşdıra bilərəm. Burada mənim görünüşümü qiymətləndirəcəklər. Hər şey münsiflərin qərarından aslıdır.

 

- Milli geyimdə də çıxışınız olacaq?

 

- Bəli, yarışda hər bir iştirakçı həm də öz ölkəsinin milli geyimində də çıxış edəcək. Mən də Gülnarə Xəlilovadan bir milli geyim geyinəcəm. Artıq hazırlıqlarımız bitib.

 

- Model karyerasına nə vaxtdan başlamısız?

 

- Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə fakultəsinin I kursunda oxuyuram. Modellik mənim üçün hobbidir. Dərslərə demək olar ki, vaxt ayıra bilmirəm. Modellik daimi sənət deyil və müəyyən vaxta qədər olur. Sırf model olmaq da istəmirəm. Alınsa aktyor kimi davam etmək istəyərəm.

 

- Azərbaycanda sırf modelliklə məşğul olan bəylər çox azdır. Hətta bir neçə nəfərdən başqa, kimisə qeyd etmək olmur. Sizcə bu sahədə uğur qazana biləcəksiniz?

 

- Azərbaycanda özünə model deyənlər çoxdur. Üzdə olanlardan Rüstəm Cəbrayılov, Azər Atakişiyev, İlqar Əliyevin adını çəkə bilərəm. Onlar da Best Modellərdir. Mən özümü də professional model hesab etmirəm. Bunun üçün müəyyən zaman lazımdır.

 

- Model olaraq Bakıda fəaliyyət göstərmək fikriniz var? Yoxsa Türkiyə və ya başqa ölkələrdən təklif gəlsə, gedib orada çalışacaqsız?

 

- Bakıda model kimi çalışmaq istəmirəm. Türkiyə, Avropa ölkələri olsa, razılaşaram. Əslində, Avropanın bəzi ölkələrindən və Hollovudla bağlı təkliflər var. Bunları da dəyərləndirmək lazımdır. Mən ölkəmizi pisləmirəm. Sadəcə olaraq bizdə işə məsuliyyət o qədər də yaxşı deyil. Ona görə də burada çalışmaq mənim üçün sərfəli deyil.

 

- Məşhur modellərdən kimləri izləyirsiz?

 

- Uşaqlıqdan Kıvanç Tatlıtuğu izləmişəm. Onu model yox, aktyor kimi bəyənmişəm. Mən də daha çox aktyor olmaq istəyirəm.

 

- Niyə modellikdən çox aktyorluğa meyllisiz?

 

- Model yeni addır. Əvvəllər daha çox aktyorlar filmlərə çəkilirdilər. Amma modellər görünüşcə daha da gözəl olduqları üçün onlara filmlərdə tələbat var. Model aktyorun daha gözəl formasıdır. Çünki aktyor gözəl də ola bilər, çirkin də. Əgər məndə alınacaqsa niyə də olmasın?

 

- Aktyorluq qabiliyyətiniz var?

 

- İstedad ola bilər, amma yenə də məşq etmək lazımdır.

 

- Əgər modelliyə, aktyorluğa bu qədər marağınız var idisə, niyə Mədəniyyət və İncəsənət universitetini seçmədiniz?

 

- Mən modelliyə gəlir qazanılacaq bir iş kimi baxmıram. Şükürlər olsun ki, həyatda istədiyim hər şey var. Modelliyi hobbi olaraq görürəm. Amma gəlir qazanılacaq öz işim, biznesim olmasını istəyirəm. Əgər bu sahədən gəlir güdsəydim incəsənəti seçərdim. Bu bir maraqdır.

 

- Modellikdə onsuz da Azərbaycanda o qədər də gəlir yoxdur...

 

- Modellikdə olmasa da, aktyorluqda az da olsa var.

 

- Universitetdə bu fəaliyyətinizi bilənlər varmı?

 

- Əslində universitetdə çox insanla ünsiyyətdə olmuram. Ona görə də heç bilmirəm ki, nə isə bilirlər, yoxsa yox. Ətrafımda əlaqə qurduğum 3-4 nəfər var. Mənə belə xoş olur.

 

- Xanım təmsilçimiz Simanı qalib olaraq görürsüz?

 

- Sima çox gözəl qızdır. Azərbaycan qızlarının hamısı gözəldir. Amma sırf model olaraq Sima yarış üçün çox uğurlu seçimdir. Şəxsi tanışlığım yoxdur. Amma model olaraq bəyənirəm və qalib olacağına inanıram.

 

- Model xanımla ailə qurarsız?

 

- Yox, model xanımla evlənmərəm. Çünki mən çox qısqancam.

 

- Azərbaycanda model xanımla evlənmək istəyənlər çox az olsa da, Türkiyədə tanınmış biznesmenlər model xanımlarla ailə qurmağa can atırlar...

 

- İnsandan-insana fərq var. Modelə pis gözlə baxmaq olmaz. Sadəcə olaraq onun işini normal qəbul edib evlənirsə, burada pis heç nə yoxdur. Qısqanc insanlar isə qəbul etməyə bilər. Bu da normaldır. Gələcəyi həm də bilmək olmaz.

 

- Azərbaycanda model xanımlarla bağlı normal olmayan fikirlər bəlkə bu cür düşüncələr səbəbindən olur?

 

- Oğlan modellərlə bağlı da bəzən o qədər də xoş sözlər demirdilər. Hətta model oğlanları tərbiyəsiz də adlandırırdılar. Bunlara fikir vermək lazım deyil. Model qızlar haqda da cəmiyyətdə formalaşan fikir  də düzgün deyil. İnsanın necə biri olması onun işi ilə bağlı deyil. Əgər insanın xislətində başqa nə isə varsa, o model olmasa da bildiyini edəcək. Sadəcə olaraq modellər göz önündə olduqları üçün daha çox diqqət çəkirlər.

 

- Sizdən başqa kimləri bu müsabiqədə təmsilçi olaraq görürsüz?

 

- Qızlardan Safura Abdul, Aynur Şeydayeva, Tamillanı deyə bilərəm. Amma oğlanlarla maraqlanmıram.

 

- İqtisadiyyatla bağlı təhsil alırsız, model və aktyorluğa həvəs var. Bəs gələcək haqda nə fikirləşirsiz. Hansı sizin həyatınızda daha da öndə olacaq?

 

- Düzü, hələ ki gələcəklə bağlı planlar qurmuram. Qarşıma çıxan şansları dəyərləndirməyə çalışıram. Əsas məqsədim atam kimi biznesmen olmaqdır. Model kimi fəaliyyət də öz yerində.

 

 

Aygün Asimqızı

 

Tarix
29 Noyabr 2014 [21:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin