Ana səhifə
21 Avqust 2018

“Qurbanovdan həmişə dəvət gözləyirəm” - “Qarabağ Vyana”nın futbolçusu

“Oyunumuzdan razı qaldım. Çempionatımızı başlamasına hələ bir ay var. Ona görə də tam hazır deyilik. Matç normal keçdi. Şadam ki, qələbə qazandıq”.

 

"Ucnoqta.az"“Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Avstriyada fəaliyyət göstərən  “Qarabağ Vyana” futbol komandasının azərbaycanlı futbolçusu Elvin Bədəlov Türkiyənin Antalya bölgəsində Azərbaycan I Divizionunda çıxış edən “Xəzər” kollektivinə 1:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyunundan sonra deyib.

 

23 yaşlı müdafiəçi jurnalistlərin suallarını da cavablandırıb.

 

- “Qarabağ Vyana”da özünüzü necə hiss edirsiniz?

 

- Bilirsiniz ki, klubumuzun prezidenti azərbaycanlıdır. Komandanı özümüzünkü kimi hiss edirəm. Baş məşqçimiz də türkdür. Heç bir problem yoxdur. Özümü əla hiss edirəm, hər şey xoşuma gəlir.

 

- Adətən bizim futbolçular ölkə xaricinə çıxanda müəyyən bir müddətdən sonra qayıdırlar...

 

- Xeyr, qayıtmaq fikrim yoxdur. Əksinə, daha yaxşı çalışmaq və özümü Avropada göstərmək istəyirəm. Millimizə də düşmək istəyirəm.

 

- Qurban Qurbanovdan dəvət gözləyirsiniz?

 

- Əlbəttə, həmişə gözləyirəm. Niyə də gözləməyim? Gəlməyə, kömək etməyə həmişə hazıram.

 

- Çıxış etdiyiniz liqanın səviyyəsi necədir?

 

- Maraqlı liqadır. Burada daha çox fiziki, alman futboluna üstünlük verilir. 16 komandalı çempionatdır. “Rapid”in, “Austriya”nın ikinci komandası bu liqada mübarizə aparır. Bizim baş məşqçimiz bir az texniki futbolu xoşlayır. Ona görə də daha çox yerlə, ötürmələrlə oynayırıq. Hər şey yaxşı alınır. İnşallah, 1-ci liqaya çıxarıq.

 

- Komandanızda başqa bir azərbaycanlı futbolçu – Dimitri Nağıyev də oynayır. Onunla anlaşmanız necədir?

 

- Normal, mənimlə bir yerdə gəlib. U-21 millimizdə də çıxış etmişik. Bir yerdə qalırıq və birgə vaxt keçiririk.

 

- Oyunlarınıza azərbaycanlılar gəlir?

 

- Daha çox türklər və avstriyalılar gəlirlər. Azərbaycanlılar internetdə daha çox yazıb, maraqlanırlar.

 

- Burada əcnəbilərə Qarabağ haqda təbliğat aparırsınız?

 

- Özləri də soruşub, maraqlanırlar. Tarixi məlumatları öyrənirlər. Ağdam “Qarabağ”ının Çempionlar Liqasındakı oyununa birgə baxmışıq. Onların çox xoşuna gəlir. Şadıq ki, belə adımız var. Qarabağın adını tanıtmaq üçün əlimizdən gələni edirik.

 

- Klubda şərait necədir?

 

- Bazamız, bir süni, bir də təbii örtüklü meydançamız var. Premyer Liqadan geri qalmır.

 

- Sabiq komandanız “Neftçi”nin oyunlarını izləyirsiniz?

 

- Canlı izləyə bilməsəm də internetdə videoicmallara baxıram.

 

- Komandanın hazırkı durumundan xəbəriniz var?

 

- Bəli, təlim-məşq toplanışında idilər. Düzdür, yoxlama matçlarında qələbə qazanmadılar, amma problem deyil. Əsas odur ki, çempionatda uğurlu çıxış etsinlər. Tərlan Əhmədovun maraqlı futbol oynatdığını görmüşəm. Heyətdə yeni futbolçular da var. Yəqin yaxşı bir yer tutarlar.

 

- Azərbaycanda çıxış etdiyiniz dönəmi karyeranızda geriyə addım hesab etmirsiniz ki?

 

- Xeyr. Çünki Avropaya getdim, skautlar izləyir.

 

- Siz Ramil Şeydayevlə birgə çıxış etmisiniz?

 

- İkimiz də Rusiyanın “Zenit” klubunun akademiyasının yetirməsiyik. Sonra “Zenit”in ikinci komandasında 2 – 3 il birgə oynamışıq. Hazırda da bir-birimizlə əlaqə saxlayırıq. Rusiyada olanda mən də ona demişəm ki, Azərbaycana gəl. Yaxşı ki, gəldi və belə bir hücumçumuz var.

 

Tarix
3 Fevral 2018 [10:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin