Ana səhifə
24 Fevral 2018

Bütün dəyərlərin önündə və sonunda Torpaq durur

Dəyanət Osmanlı. “Torpaq varsa, millət də, dəyərlər də yaşayacaq”


Bu gün milli-mənəvi dəyərlərlə bağlı  tədbirlərin keçirilməsi, müzakirələr aparılması xüsusilə aktuallıq kəsb edir. Təbii ki, məsələ bütün zamanlarda və səviyyələrdə həmişə gündəmdə olub. Mən analoji tədbirlərin çoxunda  iştirak etmişəm. Və bu qənaətdəyəm ki, harda millətin bir ailəsi, bir qrupu  varsa, orda milli maraqlar özünü göstərir. Ya müdafiə, ya da inkişaf istiqamətində polemikalar, dəyərləndirmələr, başqa təşəbbüslər  meydana çıxır. Milli-mənəvi dəyərlərin qorunması işi cəmiyyətin daxili istəyi, ehtiyacıdır. Bu,  eyni zamanda dövlət siyasətinin müdaxiləsi nəticəsində həllini tapa bilir. Belədə  millllətin öz dəyərlərini yaşatmaq çabalarında güvən hissi, mübarizliyi də artmış olur.

Müasir dünyanın xarakteri elədir ki, xalqlar indi öz dəyərlərinə daha çox müraciət edirlər. Mədəniyyətin, dilin, adət-ənənələrin təməlini, etnogenezini, təşəkkül proseslərini araşdırırlar. Yəni hər bir cəmiyyət öz obrazı, kimliyi haqqında düşünür. Və buna uyğun olaraq da münasibətlər qurur. Çünki reallıq budur ki, öz kimliyini, tarixini, gələnəklərini, yerini, yolunu tanımadan müasir proseslərdə özünütəsdiq və inteqrasiya mümkün deyil.
Dünyanın hər yerində, o cümlədən Borçalıda azərbaycanlı-türk etnosunun əsas milli borclarından biri milli-mənəvi dəyərlərini yaşatması, milli maraqların təminatı və gələcəyə ötürməsidir. Borçalı insanının da düşüncəsində milli kimlik, dil, kültür, təhsil və gələnək həmişə özəl bir statusda olub.
Milli-mənəvi özəlliklərə, ənənəyə bağlılıq, kemişə sayğı, gerçəyə uyğunlaşmaq yeni dəyərlər və texnologiyalara meyillənmək tərzində  XIX əsrin sonlarından başlayan mərhələ xüsusilə əhəmiyyətlidir. Mən həmin dövrü bir intibah mərhələsi hesab edirəm. Həm ənənə mühafizəkarlığı, həm də təməllər üzərində yeniləşmək, dünyanın inkişaf prosesinə qoşulmaq arzusu güclü idi. Borçalı insanının da, o mühitin də  düşüncəsindəki demokratizm buna imkan verirdi. Ona görə də Azərbaycanın öncül fikirli aydınları, ictimai-siyasi xadimləri Tiflis mühiti ilə sıx bağlı olublar. Məhz orada millətin gələcəyi barədə arzularını (və planlarını) gerçəkləşdirməyə çalışıblar. Çox vaxt da buna nail olublar.

O dönəmdə Tiflisdə maarifçilik, mətbuat və təhsil işi xüsusilə maraq kəsb edirdi. İlk növbədə maarifçilik ideyası həllini tapmalıydı ki, milli inkişaf da təmin olunsun. Ona görə də məhz Tiflisdə XIX əsrin sonlarında M.Ş.Vazehlə təmsil olunan Azərbaycan maarifçiliyində elmi, yaymaq, şəxsiyyət azadlığının təbliği, mövhumata, despotizmə qarşı mübarizə məsələləri qabarıq şəkildə özünü göstərirdi. H.Zərdabi, S.Ə.Şirvani, M.Axundzadə, N.Vəzirov, Ə.Haqverdiyev, N.Nərimanov, S.S.Axundov, Ü.Hacıbəyov, Z.Marağalı, İ.Talıbov, F.Köçərli, İ.Musabəyov, S.Qənizadə, R.Əfəndiyev və b. məktəbin, mətbuatın, elmin və maarifin inkişafı sahəsində bu ənəni bir az da dolğun halada davam etdiriblər.

“Əkinçi” qəzeti nəşrini dayandırdıqdan sonra, 1880-1890-cı illərdə Ziya”, “Kəşkül”, “Kaspi”, “Novoye obozreniye” və s. qəzetlər də Bakıda və Tiflisdə nəşr olunub.  XX əsrin əvvəlində “Molla Nəsrəddin” jurnalı milli oyanışda, özünüdərkdə əsas vasitə, mollanəsrəddinçilər isə öncül simalar idi.  Vətəni və xalqı hər cür ictimai rəzalətlərdən xilas etmək, dünyanın qabaqcıl xalqları sırasına çıxarmaq bu insanların arzusu (və qəhrəmanlığı) idi. Jurnalın 1906-1914, 1917-ci illər nəşri bütövlükdə Tiflislə bağlı olub.  Bu nəşrlər, mütəfəkkirlər Azərbaycan türklərinin və başqa xalqların sosial-mədəni tərəqqisinə, maarifçiliyin yayılmasına, həmçinin demokratik mətbuatın formalaşmasına misilsiz təsir gostərib. Mən bu faktlara qısaca toxunmaqla,  yenə də bölgənin və cəmiyyətin demokratizmə meylini, açıqlığını, milli maraqları qorumaq və yeniliyi qəbul etmək əzmini xüsusilə vurğulamaq istəyirəm.

Adıkeçən insanların özləri də yaratdıqları əsərlər kimi unudulmaz dəyərlərdi. Milli məfkurənin formalaşmasında, azərbaycançılıq ideologiyasənın əsaslarının təşəkkül tapmasında hər birinin böyük zəhməti kecib. İdeyaların ictimai-siyasi, ideoloji baxımdan bütünlənərək milli birlik əmsalına dönüşməsi isə  Azərbaycanın o zamankı (və ən çətin dönəmdə) rəhbəri Nəriman Nərimanovun adı ilə bağlıdır. Nəriman Nərimanov kommunist-bolşevizm rejimində milllətçi xarakteri ilə Türk dünyasının birliyinin gələcəyi ilə bağlı ilk cəsarətli və açıq siyasət yürüdən lider idi. Ona görə də onun hamıya məlum aqibəti indi də tarixin unudulmayan acısıdı.

Professor Nizami Cəfərovun  “Atatürkün Azərbaycan siyasəti” adlı kitabında N.Nərimanovun Türkiyəyə, türklüyə münasibəti ilə bağlı maraqlı məlumatlar yer alıb. Göstərilən rəsmi  mənbələrdə belə bir məqam var. 1920-ci ildə Ankara hökumətinin Azərbaycandakı səfiri Məmduh Şövkət Əsəndalı (1884-1952)  “Xariciyyə vasitəsilə Mustafa Kamal Paşa həzrətlərinə” ünvanlanmış 7 yanvar 1923-cü il tarixli raport-məlumatda yazır:
“Kommunist-bolşevik liderlərinin Türkiyədə gedən milli mücadilə, Cümhuriyyət quruculuğu hərəkatına münasibətinə gəldikdə Azərbaycan kommunistləri içində Nərimanovdan başqa, bizim daxili idarəmiz ilə əlaqədar olan bir digərini görmədim.İçlərində bu qəbil şeyləri düşünən, məşğul olan adam yoxdur”.
Məmduh Şövkətin Ankara hökumətinin lideri Mustafa Kamal Paşaya verdiyi ən maraqlı məlumatlardan biri isə budur: “Nərimanın başlıca həqiqət nöqtəsi Şərq dahiliyi məsələsidir. Nərimana burada “Şərqin dahisi, Qərbin dahisi” deyə bir isim qoydular. O, bundan məmnundur. Şərqin ən böyük adamı olmaq istər. Və kəndisinə indiki halda İranda, Əfqanıstanda , Türküstanda rəqib yoxdur”. Nəriman Nərimanovla, görünür, bir neçə dəfə görüşmüş səfir əlavə edir: “Ancaq Türkiyədə vardır. Suallarında daima bu həqiqi rəqabət qoxusu istismar olunur”.

Başqa bir mənbə: Abdulhamit Avşarın “Türkiyənin istiqlal müharibəsində Azərbaycan türkləri” kitabı da maraqlı tədqiqat əsəridir. Kitabda  istiqlal savaşında Azərbaycan-Türkiyə arasındakı siyasi, iqtisadi, hərbi əlaqələr araşdırılıb. Burada arxiv sənədlərinə və o zamankı türk yazılı mətbutına istinad olunmaqla, N. Nərimanovun bu əlaqələrdə böyük xidmətləri barədə geniş bəhs olunur. Bu kimi tarixi faktlar da milli maraq kəsb edir və hər zaman türk qardaşlığı münasibətlərində aktual örnəklərdi…

Tarixi proseslərdən göründüyü kimi,  milli-mənəvi irsi, mental-əxlaqi özəllikləri qorumaq fürsəti, genetik yaddaşı,  milli kimliyini, tarixi örnəkləri gələcək nəsillərə ötürmək kimi çətin missiya dövrün böyük düşüncə sahibi olan insanların fəaliyyəti ilə sıx bağlıdır. Onlar müxtəlif mərhələlərdə milləti müstəqilliyə qovuşdurmaq üçün xalqın zəngin milli-mənəvi irsini, tarixini, kültürünü, dilini, milli obrazını və irsini  müdafiə ediblər. Bəzən bu fəaliyyət təzyiqlərlə, həbslər və ölümlərlə qarşılanıb. Amma yenə də qazanan xalq, vətən olub.

Borçalı ziyalılarının, ədəbiyyat, kültür və ictimai xadimlərinin zaman-zaman Azərbaycanın milli-mənəvi dəyərlərinin formalaşmasında yeri və mövqeyi xüsusilə nəzərəçarpan olub. Bu mənada tarixin yaddaşında əməldə, fikirdə vətənpərvər insanaların adları kifayət qədər sayğılı yer var. Burada adları sadalasaq, böyük bir siyahı alınar. Borçalı insanı Azərbaycan vətəndaşından geri qalmadan dövlət quruculuğunda, xalqın azadlıq mübarizəsində düşüncəsi, canı və qanı ilə iştirak edib. Bu mənada Borçalı insanında torpağa bağlılıq hissi əfsəl bir milli dəyərdi.

Eyni zamanda qeyd edim ki, Gürcüstan azərbaycanlıları təkcə Azərbaycanın deyil, həm də Gürcüstanın milli-mədəni, mənəvi cəhətdən təşəkkülündə və tərəqqisində, dövlətçiliyində, torpaq bütünlüyünün qorunmasında böyük əzmkarlıq göstəriblər. Prezident İlham Əliyevin təbirincə desək: “Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstanın dövlətçiliyinə həmişə dəstək olmuşlar və Gürcüstanın yaxşı vətəndaşları olmuşlar. Belə də olmalıdır, çünki siz bu torpaqlarda əsrlər boyu yaşayırsınız. Bu gün xalqlarımızı birləşdirən həm tarixi əlaqələr, həm çoxəsrlik dostluq, qardaşlıq münasibətləri, eyni zamanda, bax, bugünkü Gürcüstan-Azərbaycan əlaqələri əlbəttə ki, sizin də həyatınızda müsbət təsirini göstərir”.

Xalqın azadlıq ideyalarının təməlində və gerçəkləşməsində məhz milli-mənəvi dəyərlər, milli mücadilə əzmi dayanır. Azərbaycan Xalq Cümhuriyyətinin qısa həyatında və XX əsrin sonunda ölkəmizin ikinci dəfə müstəqilliyə qovuşması timsalında biz bunu aydın görə bilirik. Və təsdiqini tapır ki, xalqımız milli maraqlarına, azadlıq hissinə, özgürlüyə nə qədər bağlıdır.

Azərbaycançılıq ideologiyasının əsasını milli birlik məfkurəsi təşkil edir. Aydındır ki, millətin dəyərlərinə aid olan elementlər bir çox dövrlər irəlidə bədii və şifahi mətnlərdə, sənət nümunələrində əksini tapıb. Və XX əsrin ilk dönəmlərində və sonunda isə məlhələli şəkilkdə inkişaf edərək milli dövlətçiliyin qurulması ilə bütöv şəkildə təzahür edib. Azərbaycanın ikinci müstəqillk dönəmində xalqın kimliyinin, mənəviyyatının, mədəniyyət tarixinin öyrənilməsinə real şərait yarandı. Azərbaycançılıq ideyası bir ideologiyaya çevrildi. Və dünyada yaşayan bütün azərbaycanlılar haqqında artıq dövlət səviyyəsində düşünülməyə başladı. Milli özünüdərk prosesinin güclənməsi, milli kutural tarixə marağın artması və dəyərlərimizin sistemləşməsi zərurəti də bir prioritet kimi dövlətin, cəmiyyətin məqsədləri olaraq meydana çıxdı.

Dünya azərbaycanlılarının birliyi təşəbbüsünün Bakıda uyğn qurultayların keçirilməsi ilə  reallaşması isə artıq güclənməkdə olan dövlətin bütün dünyada yaşayan insanlarımıza sahib çıxmaq siyasətinin təcəssümüdür. 2001-ci ilin 9-10 noyabrında keçirilən Dünya azərbaycanlılarının I Qurultayında ümummilli lider Heydər Əliyev deyib: “Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
Bu düşüncənin davamı olaraq Azərbaycan Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərin müdafiəsi yönündə siyasətinin özəlliyi dəçağdaş dövrün reallıqları və dinamikası ilə şərtlənir. Reallıq isə budur ki, milli birlik olmadan yeniləşən dünya ilə ayaqlaşmaq mümkün deyil. Prezident İlham Əliyevin 2015-ci ildə Gürcüstana səfəri zamanı Marneuliyə gedərək soydaşlarımızla görüşməsi milli maraqların müdafiəsi baxımından xüsusilə böyük əhəmiyyətə malikdir. Cənab Prezident görüş zamanı soydaşlarımıza üz tutaraq deyib: “Azərbaycanlılar Gürcüstanda təcrid edilmiş vəziyyətdə yaşamamalıdırlar, yaşaya bilməzlər. Siz bu dövlətin dəyərli vətəndaşlarısınız, öz əməyinizlə Gürcüstanın inkişafına töhfə verirsiniz. Gürcü dilini bilmək birinci şərtdir və çox yaxşı ki, bu kurslar təşkil edilir. Burada həm uşaqlar və bildiyimə görə, digər kateqoriyadan olan insanlar da dərs alırlar. Bu, çox vacibdir və əlbəttə ki, siz Azərbaycan dilini, öz tarixi köklərinizi heç vaxt unutmamalısınız. Hər bir millət öz tarixi-mədəni kökləri əsasında inkişaf edir. Əlbəttə, Azərbaycan dövləti bundan sonra da əlindən gələni edəcək ki, sizin həm rahat yaşamanız təmin edilsin, eyni zamanda, siz tarixi kökləri daim uca tutasınız”.
Bu, Azərbaycan dövlətinin Gürcüstan azərbaycanlılarına böyük bir güvən sahiblik hissi aşılamasıdır. Və şübhəsiz, bu,  o deməkdir (və hər kəsə məlumdur) ki, Azərbaycan-Gürcüstan münasibətlərinin durumunda və səviyyəsində Borçalı əsas həlledici amildi. Cənab prezidentin dediyi kimi: “Gürcüstan azərbaycanlıları iki ölkə arasında körpü rolunu oynayır”. Hər bir Borçalı insanı düşüncəsi və fəaliyyəti ilə bu körpünün əbədiliyinə öz töhfəsini verməlidir. “Borçalı” İB uyğunprofilli diaspor təşkilatları, o cümlədən Gürcüstan QHT-ləri ilə əməkdaşlıq qurmalıdır. Əlbəttə, erməni lobbisi xalqlarımızın dostluğuna, soydaşlarımızın bərabərhüquqlu vətəndaş olaraq hüzuruna, etibar və inamına qarşı gizli, məkrli çalışmaları davam etdirir. Ona görə də biz  həqiqətləri çatdırmaq üçün təbliğat kampaniyamızı gündəmdə saxlamalı, daha da gücləndirməliyik.
Xaricdə yaşayan soydaşlarımız arasında milli-mənəvi dəyərlərin qorunması, və yaşarılığı məsələsi hazırda dövlət siyasətinin əsaslarından birinə çevrilib. Onların vətən və millət naminə həmrəyliyində azərbaycançılıq ideologiyasının təsir imkanları daha da durmadan güclənir. Dövlətin siyasəti ilə xalqın dilinə, kültürünə, ədəbiyyatına, maddi-mədəni irsinə, tarixi gələnəklərinə qayğı məsələsi ictimai və ideoloji cəhətdən də həllini tapır.
Gürcüstan coxmillətli bir ölkədi. Borçalı türklərinin bu gün yaşadıqları bölgələr onların doğma tarixi torpaqlarıdı. Bunu danmaq heç kimə sərf etməz. Gürcüstanlı soydaşlarımız gürcülərlə və oradakı digər etnoslarla eyni məkanda yaşayaraq həm kimliyini (və torpağını) yaşadıb, həm də xalqlarımızın dostluq münasibətlərinin bir generatoru olub. Gürcüstan azərbaycanlıları həyatı boyu milli mənsubiyyətini, varlığını, türklük xarakterini, dilini, adət-ənənələrini, bütün təzirlərə rəğmən saxlamağı bacarıb.  Həmçinin bu təməllər üzərində öz müasirliyini formalşdırıb. Gürcüstan dünyada Azərbaycan türklərinin ən kompakt yaşadlğı bir ölkədi. Tarixin bəzi mərhələlərində onların həyatı və mənəvi, sosial durumu gərginliklə müşaiət olunub. XX əsrin sonları bölgədə milli-etnik katalikizmlərin daha çox baş qaldırdığı dövr olaraq yadda qalıb. Və bu olaylaın  ciddi fəsadlarını da Borçalı öz yaşantısında görüb. Daha doğrusu, milli-etnik ayrımçılıqla, torpağı itirmək təhlükəsi ilə üzləşib. Xatirimizdədir, Gürcüstanda Z. Qamsaxurdiyanın şovinist-separatçı rejimi Borçalının varlığını istəməyən bütün qüvvələrin birləşməsinə şərait yaratmışdı. Qısa müddətdə bəzi  yurd yerlərindən yerli azərbaycan türklərinin köçü başlamışdı. Kəndlərimizin qədim adları, bir sıra maddi-mədəni abidələrin milli üslubu tamamilə dəyişdirilmişdi. Yalnız 1993-cü ildə Gürcüstanda və Azərbaycanda rejimlərin dəyişməsi və xalqın milli iradəsi hesabına bu proseslər dayandırıldı. Şovinist millətçiliyin zədələdiyi dostluq münasibətləri bərpa olundu. Amma təəssüf ki, assimliyasiyaya uğrayan milli maraq kəsb edən məsələlər hələ də bəraət olmayıb.

Aktuallığını itirməyən bir həqiqətdə odur ki, bu gün Borçalı insanının milli-mənəvi dəyərlərinin, maddi-mədəniyyət abidələrinin, tarixi yer adlarının, təhsil və sosial haqlarının qorunmasında bir fəaliyyət gərəkliyinin yeri görünür. Daha cox Borçalının Azərbaycan-Gürcüstan dostluğunu möhkəmlətmək, fayda götürmək, milli maraqlarımıza uyğun inkişaf və inteqrasiya etmək  ehtiyacı vardır. İndi dünyanın elə bir vaxtıdır ki, problemlərin yolu zordan deyil, əməkdaşlıqdan keçir.

Bütün dəyərlərin önündə və sonunda Torpaq durur. Yəni ən böyük dəyər elə torpağın özüdür. Torpaq varsa, deməli, millət və dəyərlər də yaşayacaq. Biz ömürlüyümüzlə, fəaliyyətimizlə torpağımızın bizə verdiklərinin qarşılığını düşüncə və əməlimizlə ödəməliyik. Xalqlarımızın dostluq münasibətləri çərçivəsində problemlərin həllinə çalışmalıyıq. Əks təqdirdə özümüz, ad-sanımız, biliyimiz və varlığımız da bir heç və dəyərsizdir. Yurda övladlıq borcunu verə bilmək – torpağına, insanlarına milli dəyərlərinə, haqqına sahib çıxa bilmək və torpağı sevərək yaşamaqdı.

Tarix
2 Fevral 2018 [11:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ