Bu dəyişikliklərin edilməsi demokratik inkişaf yolunda olan dövlətlər üçün səciyyəvi haldır

18:17 - 1 Fevral 2018 - KİVDF

Əlavə və dəyişikliklər səmərəli və çevik dövlət idarəçiliyi mexanizminin formalaşdırılmasını,  cəmiyyətdə sabitliyə əlavə təminatın yaradılmasını nəzərdə tutur 


Beynəlxalq təcrübəyə əsasən, geosiyasi və geoiqtisadi şəraitə, inkişaf səviyyəsinə və perspektivlərinə uyğun olaraq, hər bir ölkədə Konstitusiya islahatlarının həyata keçirilməsi geniş yayılmış praktikadır. Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı zərurət 2009-cu ildən sonra ötən 7 il ərzində ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş vermiş əsaslı dəyişikliklər, habelə regionda və dünyada cərəyan edən siyasi və iqtisadi proseslərlə əlaqədar yaranıb. Əsas Qanuna zaman-zaman bəzi əlavə və dəyişikliklərin edilməsi, onun müasir tələblərə uyğunlaşdırılması demokratik inkişaf yolunda olan dövlətlər üçün səciyyəvi haldır. Bu hüquqi dövlət quruculuğu üçün önəmlidir. 2002-ci il avqustun 24-də və 2009-cu il martın 18-də Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağlı iki dəfə referendum keçirilib. Milli Məclisin sədr müavini Əli Hüseynli deyib: “Referendum Aktında Azərbaycan Konstitusiyasının 23 maddəsində dəyişiklik edilməsi və 6 maddənin əlavə olunması nəzərdə tutulurdu. Əlavə və dəyişikliklər insan hüquq və azadlıqlarının qorunmasına təminat verən əsasların təkmilləşdirilməsini; səmərəli və çevik dövlət idarəçiliyi mexanizminin formalaşdırılmasını, icra hakimiyyəti şaqulisinin və icra intizamının möhkəmləndirilməsini; həyata keçirilən iqtisadi islahatların effektivliyini və ardıcıllığını təmin etmək üçün iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsini; qanunvericilik hakimiyyətinin fəaliyyəti ilə bağlı yeni tələblərin müəyyən edilməsini; dövlətin təhlükəsizliyinə, cəmiyyətdə sabitliyə əlavə təminatın yaradılmasını nəzərdə tuturdu”. 
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Isə bu barədə deyib: “Konstitusiyaya 2009-cu ildə təklif olunan dəyişikliklərə blok şəklində baxsaq, görərik ki,  onların bir hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinə həsr olunub. Yəni bir sıra əlavə və dəyişikliklərdə  insanların şərəf və ləyaqətinin qorunması, onların hüquqlarının müdafiə olunması, ayrı-ayrı orqanlarda vətəndaşların müraciətlərinə baxılması, onların təhlükəsizliyinin təmin olunması, o cümlədən müasir dövrdə  informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə fərdin hüquqlarının pozulmasının qarşısının alınması kimi məsələlər əsas götürülüb. Biz mütəmadi olaraq müxtəlif informasiya portallarında, saytlarda kiminsə haqqında və yaxud kiminsə işi, şəxsi həyatı, fəaliyyəti ilə əlaqədar onun özünün razılığı olmadan “tədqiqat” aparıldığının və ictimailəşdirildiyinin şahidi oluruq. Konstitusiyaya təklif olunan dəyişikliklər məhz belə “ictimailəşdirmə”nin, anonim yazışmaların qarşısını alır və hər bir insan qarşısında məsuliyyət yardır. O cümlədən insanların sərbəst toplaşmaq azadlıqları ilə bağlı digərlərinin hüquqlarının pozulmasının və onlara qarşı hər hansı bir kin, nifrət aşılanmasının, ləyaqətdən kənar hərəkətlərin edilməsinin qarşısı alınır. Tutaq ki, sərbəst toplaşmaq haqqında qanuna uyğun olaraq hər hansı bir sərbəst toplaşmaq hərəkəti həyata keçirilir və həmin tədbirdə də kiminsə şərəf və ləyaqəti aşağılanır və yaxud da onun şərəf və ləyaqətinə qarşı hər hansı bir hörmətsizlik edilir. Bu da şəxsin toxunulmazlığının pozulmasına gətirib çıxarır. Məhz bu kimi məsələlər də əlavə və dəyişikliklərdə öz əksini tapıb və bu da vacib olan şərtlərdən biridir”.
Onun sözlərinə görə, Ordu, Silahlı Qüvvələrlə bağlı təklif olunan dəyişiklikləri xüsusi vurğulamaq lazımdır. “Bilirsiniz ki. Azərbaycan müharibə şəraitində yaşayır, necə ildir ki, ölkəmizin ərazi bütövlüyü Ermənistan tərəfindən pozulub, 20 faizdən artıq torpaqlarımız işğal altındadır. Burada Silahlı Qüvvələrə üstünlüyün verilməsi vacib şərtdir.  Əgər bu günə qədər Ali Baş Komanbdan statusu yalnız Ordu, Silahlı Qüvvələr üzərində idisə, artıq Konstitusiyaya təklif olunan dəyişikliklərə əsasən, bütün silahlı birləşmələr Ali Baş Komandanın əmrinə tabe olunacaq. Təbii ki, Prezident ali icra hakimiyyətinin başçısı kimi, bu səlahiyyətləri həyata keçirirdi, lakin Konstitusiya dəyişikliklərdə bütün silahlı birləşmələr üzərində vahid komandanlığın tətbiqi məsələsi öz əksini tapır. Yəni elə silahlı birləşmələr var ki, onlar silahlı qüvvələrə daxil deyil. Lakin həmin silahlı birləşmələr kifayət qədər inkişaf edib, genişlənib. Götürək, Sərhəd Qoşunlarını, götürək, daxili qoşunları , həmçinin digər qoşun növləri mövcuddur ki, bunlar Silahlı Qüvvələrə daxil deyillər. Konstitusiya təklif olunan dəyişikliklərlə əlaqədar Silahlı Qüvvələr məvhumu daha da genişlənir Onların hamısı Ali Baş Komandanən əmri əsasında fəaliyyət göstərəcək ki, bu da bizim həm təhlükəsizlik sistemimizin möhkəmlənməsinə, həm də ordu quruculuğunda, Silahlı Qüvvələrin möhkəmlənməsində , işğal olunmuş ərazilərin azad olunmasında xüsusi rol və əhəmiyyət kəsb edəcəkdir.”
Konstitusiyaya təklif olunan dəyişikliklərdən biri prezidentliyə namizədlər üçün yaş həddi ilə bağlı idi. Konstitusiyanın 100-cü maddəsinə təklif olunan dəyişiklik prezidentliyə namizədlər üçün yaş senzini (35 yaş) aradan qaldırır.  Bu barədə Siyavuş Novruzob deyib: “Bz istəyirik ki, seçmək və seçilmək hüququ olan insan , Konstitusiya tərəfindən bu hüquq verilmiş şəxs heç bir məhdudiyyətlə rastlaşmasın. Belə hallar dünyanın bir çox ölkələrində, demək olar ki, ümumiyyətlə mövcud deyil. Bura Fransanı, Finlandiyanı, başqa inkişaf etmiş ölkələri daxil etmək mümkündür. Avropanın bu kimi aparıcı dövlətlərində bu qəbildən olan məhdudiyyətlər yoxdur. Bizdə isə 18 yaşına çatan şəxsin seçmək hüququ var. Bu təbiidir, olmalıdır. Bundan sonra bələdiyyə üzvlüyünə seçilmək üçün 21 , parlamentə seçilmək üçün 25,  ali dövlət orqanlarına-  Konstitusiya Məhkəməsinin üzvlüyünə, ayrı-ayrı məhkəmələrə 30, və prezident seçilmək üçün 35 yaş həddi müəyyənləşdirilib. Hətta mənim xatirinmdədir, bir vaxtlar Ümummilli liderin prezidentliyə namizəd göstərilməməsi üçün yuxarı -65 yaş həddi də müəyyənləşdirilmişdi. Bununla Ulu öndərin prezident seçkilərində iştirak etməsini əngəlləmək istəyirdilər. Bu çox anormal bir hal idi. İndi əlavə və dəyişikliklərdə bu müddəaların  da aradan qaldırılması nəzərdə tutulub. Yəni yaş həddi məhdudiyyəti ümumiyyətlə götürülür. Biz statistikaya nəzər salsaq, nəyə rast gəlinir? Azərbaycan əhalisi 2016-cı ilin yanvarına qədər 9705 643 nəfər olub. Bunun 5127111 nəfəri seçicidir. Yəni seçmək hüququna malikdir. Lakin seçmək hüququ olan bu vətəndaşların böyük əksəriyyəti həmin bəhs olunan yaş həddinə görə seçilmək hüququndan məhrum olunurlar. Bizdə 18-21 yaş arasında olan insanların sayı 623 772 nəfərdir.18-25 yaş arasında olanların sayı 1354209 nəfərdir. 18-30 yaş arasında olan insanların sayı 2390390 nəfərdir. 18-35 yaş arasında olan insanların sayı isə 3106489 nəfərdir. Yəni biz 3106489 insanın hüququnu burada pozuruq , bunların 35 yaşları yoxdursa, onlar prezident seçkilərində namizəd kimi iştirak edə bilməzlər. Yəni ümüumi seçicilərin-5127111 nəfər seçicinin cəmi 1 milyon 962 nəfəri bu hüquqdan istifadə edə bilər və 3106489 nəfər bu hüquqdan istifadə edə bilməz. Bu, doğrudan da, çox anormal bir haldır. Tutaq ki, şəxsin 35 yaşı yox, 34,5 yaşı var, bu nəyi dəyişəcək? Ancaq bu məhdudiyyəti götürməklə biz 5 milyondan çox insana şərait yaradırıq ki, bütün seçkilərdə namizəd kimi  iştirak eləsin. Tutaq ki, bir istedadlı gənc aktivdir, onun 24 yaşı var, ağlına, savadına görə insanlar tərəfindən dəstəklənir və seçicilər onu seçmək istəyirlər. Bu zaman məlum olur ki, belə bir baryer var, həmin istedadlı, aktiv gəncin gərək 25 yaşı tamam ola ki, o seçilə bilsin. Həmin gənc artıq 5 il müddətində yenidən gözləməlidir ki, növbəti seçkilərdə öz namizədliyini irəli sürmək hüququ qazansın. Bu da vətəndaş hüquqlarının tam şəkildə təmin olunmasını əngəlləyir. İkincisi, bu, seçki yolu ilə olan bir məsələdir. Yaşından asılı olmayaraq seçici insanı seçmək istəyirsə, seçir. Onun digər fəaliyyət növlərinə, siyasi baxışlarına, irəli sürdüyü təkliflərə, platformasına, taleyüklü məsələlərdə çıxış etdiyi prinsiplərə fikir verir, yaşına yox. Burada nə antidemokratikdir və yaxud hansı məhdudiyyət var? Əksinə, məhdudiyyətlər aradan qalxır”

(ardı var)

Xəbər xətti