Hakimiyyət və pul: Kim özünü ölkəsinin əsginazlarında əbədiləşdirib

14:07 - 31 Yanvar 2018 - MARAQLI

Rusiya Mərkəzi Bankı “Avanti” assosiasiyasının Vladimir Putinin təsvirinin əsginazlarda çap olunması təklifinə cavab verib.  Mərkəzi Bank bu təklifdən imtina edib və bunu Rusiya Mərkəzi Bankının əsginazlarında ölkənin fəaliyyətdə olan siyasi və ictimai xadimlərinin təsvirlərinin istifadə olunmaması ilə bağlı mövcud ənənə ilə əlaqələndirib.
Bəs, hansı ölkədə bu cür “mövcud ənənə” yoxdur və olmayıb, onların liderləri əsginazlarda çap olunub.


Dada İdi Əmin
Uqandada (Afrika) dövriyyəyə buraxılmış 5 şillinq nominallı əsginazın üz tərəfində bu ölkənin prezidenti olmuş İdi Aminin təsviri əks olunub. O, hakimiyyətə  25 yanvar 1971-ci ildə dövlət çevrilişi ilə gəlib. 2 fevral 1971-ci ildə İdi Amin özünü ali baş komandan və prezident elan edib. Bu münasibətlə ziyafət təşkil edən diktator, xarici səfirləri qarşılayaraq onlara bu gün menyuda insan ətinin olmayacağına söz vermişdi.
Amin “vətən xainləri” ilə çox sərt davranırdı. İlk qurbanların siyahısına dövlət çevrilişi zamanı ona qarşı çıxan 70 zabit daxil idi. Zabitlərdən birinin başını İdi Amin soyuducuda mükafat şəklində saxlayırdı. Edamlar o qədər adi hal alır və qurbanlar o qədər çoxalırdı ki, qəbir qazmağa sadəcə vaxt çatmırdı, ona görə də meyitləri birdəfəlik Nil çayına atırdılar. Orada isə meyitlər timsahlara yem olurdu. Qeyd etmək lazımdı ki, bir müddətdən sonra timsahlar o qədər insan ətini yemişdilər ki, artıq onu həzm edə bilmirdilər. Buna görə də meyitlər su borularının içinə atılırdı, və xalq cəsədlərdən zəhərlənmiş suyu içməli olurdu.

İdi Amin medal və ordenləri çox sevirdi. O, hətta öz geyiminin uzunluğunu bütün mükafatların yerləşməsi üçün artırmışdı. İdi Amin müxtəlif kolleksionerlərdən müxtəlif dövrün ordenlərini alaraq öz paltarına taxırdı. O, Adolf Hitleri öz kumiri kimi görürdü. Hətta, Hitlerə heykəl qoymaq istəsə də, SSRİ ilə yaxşı münasibətlər buna mane oldu. Bir dəfə o ABŞ-a müharibə élan etmiş, növbəti gün isə özünün qalib gəldiyini bildirmişdi. İdi Aminə müraciəti mütləq bu cür etmək lazım idi: “Zati-ailələri, ömürlük prezident, feldmarşal Əl-Həci Doktor İdi Amin, yerdəki bütün heyvanların və sudakı bütün balıqların hökmdarı, Britaniya İmperiyasının ümumi olaraq Afrikada, xüsusilədə Uqandada fatehi, “Viktoriya xaçı”, “Hərbi xaç”, “Döyüş fəaliyyətinə görə” ordenlərinin sahibi”.  Müraciəti  isə tam şəkildə düzgün edə bilməyən ölümə məhkum idi.

Onun hakimiyyəti dövründə yürütdüyü sərt rejim artıq xalqın narazıçılığına səbəb olmuşdu. 1978-ci ilin oktyabrında Tanzaniya tərəfindən dəstəklənən "Uqanda Milli Azadlıq Ordusu" yaradıldı. Üsyançı dəstənin əsas məqsədi Aminin istefaya göndərilməsi idi. 13 aprel 1979-cu ildə üsyançılar paytaxt Kampalaya yaxınlaşanda dövlət başçısı ölkədən qaçmaq məcburiyyətində qaldı. O, 2 həyat yoldaşı, 22 uşağı ilə birlikdə Səudiyyə Ərəbistanına yerləşdi.  İdi Amin 16 avqust 2003-cü il tarixində sürgündə, Ciddədə vəfat etdi. 

Amin hakimiyyətdən devrildikdən sonra aparılmış hesablamalara görə,  onun represiyasının qurbanlarının sayı 19 milyon əhalisi olan Uqandanın 300 mindən 500 minədək vətəndaşı olub. Əmin şəxsən ən azı 2 min nəfəri öldürüb, bəzi qurbanlarını isə yeyib. O bu barədə deyib: “Mən insan əti yemişəm. O çox duzludu, hətta leopart ətindən də duzludur”

Jan Bedel Bokassa
Mərkəzi Afrika Respublikasının prezidenti (1966–1976) Yan Bokassa  müxtəlif nominallı əsginazlarda çox vaxt hərbi formada təsvir olunub.  Amma əsginazların birində o, mülki formada,  pencək və smokinqlə təsvir olunub. 

Bokassa da bir çox afrikalı diktatorlar kimi hərbi çevriliş sayəsində hakimiyyətə gəlib. 1972-ci ildə Bokassa özünü ömürlük prezident, 1976-də isə imperator elan edib. Tacqoyma mərasimi çox dəbdəbəli keçirilib. O, özünü Napoleona bənzədirdi və bütün detalların Avropa imperatorunun tacqoyma mərasimindəki kimi olmasına çalışıb. İmperator üçün tacı Paris zərgəri Klod Bertran hazırlayıb. Tacın üstündə ölkənin əsas ləl-cəvahiratı, o cümlədən 58 karatlıq ürəkşəkilli brilliant olub. Tacın qiyməti 5 milyon dollar idi. Oturmuş qartal şəklində iki tonluq qızıl taxt, ən yaxşı xarici markalardan olan 100 avtomobil və 130 ağ cıdır atı… Təyyarə ilə ölkəyə Fransadan 7 ton çiçək, 5200 livreya, 600 frak və smokinq (Pyer Kardin hazırladıb), 25 min butulka Burqund şərabı, 40 min butulka şampan, 10 min gümüş qab-qacaq dəsti, 120 nəfərlik orkestr gətirilib. Bokassa saf qızıldan özünün iki tonluq heykəlini də qoydurmuşdu…
Tacqoyma mərasimində onun geyindiyi tufli ən bahalı ayaqqabı kimi Ginnesin rekordlar kitabına düşüb. Dünyanın bütün ölkələrinin rəhbərləri və Roma papası da tədbirə dəvət olunsa da, heç kəs gəlməyib. Çünki onu psixi cəhətdən anormal sayırdılar.

Onun hakimiyyəti dövründə kanibalizmlə məşğul olduğu barədə şayiələr geniş yayılmışdı. 1979-cu ildə onun portreti olan formanı geymək istəməyən məktəbliləri güllələtdirdikdən sonra Bokassa, fransız desantçıları tərəfindən devrildi və Fransaya aparıldı. Desantçılar saray mətbəxində insan əti ilə dolu soyuducular tapdı. Beynəlxalq istintaq qrupu müəyyən edib ki, Bokassa siyasi rəqiblərini quyularda çürüdüb, onları timsahlara yedirib. Yeməyində insan ətindən istifadə edib. O cümlədən, arvadlarının bir çoxunun ətini yeyib. Ölkədə yeganə riyaziyyatçını yeyib. Həbs olunandan sonra soyuducudan həmin alimin qalıqları tapılmışdı. Sonralar bir dəfə mətbuat konfransında ona belə bir sual veriblər: «Deyirlər, siz puritan həyat tərzi keçirirsiniz. Yemirsiniz, içmirsiniz, siqaret çəkmirsiniz, qadınlardan xoşlanmırsınız, hətta müxalifəti sıxışdırsmırsınız. Siz necə özünüzü yüngülləşdirirsiniz?» Bokassa İngiltərədən olan gənc jurnalisti diqqətlə süzüb: «Mən gərginləşmirəm, Sizə də məsləhət görmürəm» demiş və jurnalistə təklif etmişdi ki, kofe süfrəsində bu məsələni təklikdə müzakirə etsinlər. Təbii ki, jurnalist buna getməmişdi.

Bokassa 1970-ci ildə SSRİ-də olub. Burda elan edib ki, tərəqqipərvər sosializm düşərgəsinə daxil olur. Leonid Brejnevlə görüşüb. «Artek» pioner düşərgəsinə baş çəkib. Boynundan qalstuk asıb ona fəxri pionerlik veriblər. Amma «fəxri pioner»in Fransa müstəmləkə ordusunda xidmətdə olarkən Vyetnamda bir kənddə yerli kommunistlərin liderini yediyini nə qalstuk bağlayanlar, nə də SSRİ rəhbərliyi bilirdi. Bokassa ölkəsinə qayıdanda Kremldəkilərin çox içmələrindən narazılığını bildirmişdi. Amma Brejnevin dodaq-dodağa öpüşmək adəti çox xoşuna gəlirmiş. SSRİ-dən qayıdandan sonra bütün nazirləri bir-bir qucaqlayıb dodaqlarından öpürdü. Sonralar ölkə boyu səfərlərində də öpüşməyə üstünlük verirdi. O deyirmiş ki, dillər təmas edəndə adamların məxfi fikirlərini oxumaq olur. Əgər yaş və süstdürsə, müsahib xeyirxah niyyətə köklənib. Əgər dil qurudursa, demək, əsəbidir, nəsə qəsdi var. Onu nahara sifariş vermək olar.
1980-ci ildə məhkəmədə bildirib ki, insan qalıqlarını soyuducuda yemək üçün deyil, ritual məqsədlər üçün sağlayıb. Sonunda məhkəmə Bokassanın kanibalizmdə günahkar olmadığı barədə qərar çıxarıb, lakin ittihamın digər bəndlərində, o cümlədə adam öldürməkdə günahkar bilib.  O, məhkəmənin qərarı ilə 25 il azadlıqdan məhrum edilib. Amma 1992-cü ildə ölkədə demokratik quruluş bərpa olduqdan sonra amnistiyaya düşüb. Bundan 3 il sonra infarktdan ölüb.

Pünhan Əfəndiyev

(ardı var)

Xəbər xətti