Konstitusiya ali hüquqi qüvvəyə malikdir

18:17 - 31 Yanvar 2018 - KİVDF

Dövlətin təməl prinsiplərini, siyasi, hüquqi və sosial-iqtisadi əsaslarını təsbit edən bu ali sənəd vətəndaşların hüquq və azadlıqlarına zəmanət verir


Konstitusiya hər bir ölkədə əsas qanun kimi ali hüquqi qüvvəyə malikdir. Dövlətin təməl prinsiplərini, siyasi, hüquqi və sosial-iqtisadi əsaslarını təsbit edən bu ali sənəd vətəndaşların hüquq və azadlıqlarına zəmanət verir, ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirir. Tarixdən məlum olduğu kimi, yeni yaranan, müstəqilliyə qovuşan və ya köklü siyasi-iqtisadi dəyişikliklərin həyata keçirildiyi ölkələrdə ilk vəzifələrdən biri məhz dövrün tələblərinə uyğun Konstitusiyanın qəbulu olub. Azərbaycan Respublikasının Konstitusiyasında müasir sivil cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna imkan verən mütərəqqi ideya və dəyərlər geniş şəkildə öz əksini tapıb, insan hüquqlarının və azadlıqlarının təminatları müəyyən edilib.  Bu sözləri Azərbaycan Respublikası Milli Məclisi Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. Onun sözlərinə görə, dövlət müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, qanunun aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, vətəndaşların layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq qalaraq digər xalqlarla dostluq, sülh, əmin-amanlıq şəraitində yaşamaq kimi ülvi niyyətlərin bəyan edilməsi Konstitusiyamızın ali dəyərlərini əks etdirir. “Demokratiya yolu ilə gedən Azərbaycan Respublikasında hakimiyyətin yeganə mənbəyinin Azərbaycan xalqı olması, sərbəst və müstəqil öz müqəddəratını həll etməyin və öz idarəetmə formasını müəyyən etməyin xalqın suveren hüququ kimi təsbit edilməsi, Azərbaycan xalqının Azərbaycan dövlətinə və onun qanunlarına tabe olan Azərbaycan Respublikasının vətəndaşlarından ibarət olması Konstitusiyamızda  öz  əksini  tapıb.

Konstitusiyamızda ilk dəfə olaraq Azərbaycanın demokratik, hüquqi, dünyəvi, unitar respublika olması təsbit edilib. Konstitusiyada dövlət hakimiyyətinin hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkili müəyyən edilib, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyət göstərməsi və öz səlahiyyətləri çərçivəsində müstəqil olmaları təsbit edilib”.
Milli Məclisin üzvü Tahir Kərimli isə bildirib ki, ölkəmizdə Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan qanundur. “Konstitusiya təkcə qanunvericilik sisteminin yox, eyni zamanda hüquq sisteminin əsasını təşkil edir. Digər tərəfdən Konstitusiya - dövlətin bütün ərazisində birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsində Konstitusiyanın əsas qanun kimi bir sıra özünəməxsus əlamətləri təsbit edilibdir. Digər mühüm prinsip hakimiyyətlərin bölünməsi prinsipidir. Bu prinsip öz təsbitini Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində tapıb. Hüquqi dövlətdə dövlət, insan və vətəndaşların təbii hüquq və azadlıqlarının Konstitusiyada təsbit edilməsi ilə yanaşı, bu hüquq və azadlıqların realizə edilməsi təminatlarını, həmçinin onların müdafiə edilməsi vəzifəsini daşıyır. Hüququn aliliyi prinsipi, hakimiyyətin bölgüsü, hamının qanun qarşısında bərabərliyi, hüquq və azadlıqların üstünlüyü, insan və vətəndaşın hüquq və azadlıqlarının real təminatı prinsipi, qarşılıqlı məsuliyyət, yəni şəxsin dövlət və dövlətin şəxs qarşısında məsuliyyəti, məhkəmə hakimiyyətinin müstəqilliyi prinsipi hüquqi dövlətin əsas qarantıdır. Azərbaycan müstəqillik illərində demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçib. Aparılan mütərəqqi islahatlar nəticəsində ölkəmizdə demokratik və hüquqi dövlət qurulub, xalqımızın xoşbəxt gələcəyi üçün bütün təminatlar yaradılıb, dönməz ictimai-siyasi sabitlik və əmin-amanlıq bərqərar olunmaqla, qanunun aliliyinə əsaslanan sivil vətəndaş cəmiyyəti formalaşdırılıb”.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində də birbaşa insan amili durur. Həyata keçirilən dövlət siyasəti vətəndaşın sosial rifahının, təhlükəsiz yaşayışının təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikasının Konstitusiyası da məhz vətəndaşların mənafelərinə, azad cəmiyyətin aparıcısı olan şəxsiyyətin maraqlarına xidmət etdiyini ən yüksək səviyyədə bəyan edib. “Bu baxımdan Konstitusiyamızın üçdəbir hissəsi əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına həsr ediib, Əsas Qanunun ən böyük fəsli olan üçüncü fəsildə insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi, onların reallaşdırılması mexanizmləri, habelə ayrı-ayrı hüquqların beynəlxalq standartlara müvafiq olaraq qanuni məhdudlaşdırılmasının yol verilən hədləri nəzərdə tutulub”,-Əli Hüseynli deyib.
Onun sözlərinə görə, zaman keçdikcə respublikamızda əsaslı dəyişikliklər baş verib, dövlətimiz bir iqtisadi formasiyadan digərinə keçib. Son illərdə demokratik inkişaf sahəsində əldə edilən uğurlar Konstitusiyaya bir daha nəzər salmağı, onu daha da təkmilləşdirməyi vacib məsələ kimi ortaya qoyub. “Bu gün bazar iqtisadiyyatına keçid olduğundan, eyni zamanda, Konstitusiyada olan bəzi maddələr zamanın tələblərinə uyğun gəlmədiyindən əsaslı dəyişikliklərin edilməsi zamanın tələbindən irəli gəlib və daha geniş imkanların yaradılmasına xidmət edir. Heç şübhəsiz, yenilikləri nəzərə alıb güclü islahatlar həyata keçirilməsə, cəmiyyətimiz inkişaf edə bilməz.  

Dövlət, cəmiyyət və şəxsiyyət münasibətləri dövlətçiliyin inkişafına təsir göstərən ən önəmli amillərdəndir. Bu münasibətlərin əsas məzmunu fərdin hakimiyyətə təsir etmək imkanı ilə bağlıdır. Bu imkan isə insan hüquqlarının mahiyyətcə əks olunan Konstitusiyası ilə təsbit edilir.  Ölkə inkişaf etdikcə, Konstitusiya da inkişaf etməlidir. Konstitusiyanı hansısa bir tarixilik, tarixi şəxsiyyətlərin müəyyən yaş dövründəki rolları baxımından şərh etmək düzgün deyil. Konstitusiya ilk növbədə hüquqi sənəddir, əsas ideya və məqsəd seçki hüququ ilə bağlıdır. Təklif olunan dəyişiklik vətəndaşın seçmək və seçilmək hüququna böyük bir hörmətdən irəli gəlir, bütün vətəndaşlar üçün daha geniş şərait yaratmış olur.
Bütün bu amilləri nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı il iyulun 18-də "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə" Sərəncam imzaladı. İyulun 25-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi iclası keçirildi və Referendum Aktı layihəsinin Konstitusiyasının tələblərinə uyğun olması barədə rəy verildi. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında" 2016-ci il 26 iyul tarixli Sərəncamı ilə referendumun sentyabrın 26-da keçirilməsi qərara alındı və Referendum Aktının layihəsi mətbuatda dərc olundu”.
Bu barədə Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən  “Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında”  Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olundu...

Qeyd etmək istərdim ki, Konstitusiyaya təklif olunan dəyişikliklər Azərbaycan Respublikasında gedən iqtisadi inkişafdan, ölkədə vətəndaşların hüquq və azadlıqlarının qorunması , dövlət strukturlarının təkmilləşdirilməsi, Silahlı Qüvvələrin gücləndirilməsi, respublikanın təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, vətəndaşların məhkəmələrə özlərinin hüquqlarının qorunması üçün  müraciətlərinin tam şəkildə təmin edilməsi, aidiyyatı orqanların  fəaliyyətindən və ya fəaliyyətsizliyindən müraciət olunması, o cümlədən seçkili orqanlarda iştirak və burada olan baryerlərin aradan qaldırılması zərurətindən, bilavasitə Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalardan, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasından irəli gələn dəyişikliklər idi. Bu dəyişikliklər çox vacibdir, aktualdır və günün tələblərinə tam cavab verirdi”.

(ardı var)

Xəbər xətti