Əlavə və dəyişikliklər Konstitusiyanı yeni müddəalarla zənginləşdirdi

18:17 - 30 Yanvar 2018 - KİVDF

Demokratik inkişaf sahəsində əldə edilən uğurlar Konstitusiyaya bir daha nəzər salmağı, Əsas Qanunu daha da təkmilləşdirməyi zərurətə çevirmişdi

Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl həyata keçirilən tədbirlər və qəbul olunan qanunlar ölkəmizin mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. Bunlardan biri də Milli Fəaliyyət Proqramı idi. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı 28 dekabr 2006-cı il tarixli Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının bir növ məntiqi davamı olmaqla, bu planın bəzi maddələrinin icrasının tamamlandığı nəzərə alınaraq dövlət orqanları üzərinə insan hüquqlarının müdafiəsi sahəsində yeni vəzifələr də müəyyən etmişdi.

Bu vəzifələr həmçinin, ölkəmizin üzərinə götürdüyü öhdəliklərin icrası baxımından da əhəmiyyətli olmaqla, mövcud prioritetlərə əsaslanaraq gələcəyə yönəlmişdi. Məsələn, həbs yerində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi  haqqında Azərbaycan Respublikası Qanununun qəbul edilməsi, barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin həbsdə saxlanılmasının qanuniliyinin təmin edilməsi, ekstradisiya olunmaq üçün tutulmuş şəxslərin hüquqlarının təmin edilməsi məqsədiylə cinayət prosessual qanunvericiliyinə əlavə dəyişikliklərin edilməsi, uşaqların cinsi istismarının qarşısının alınması məqsədilə cinayət qanunvericiliyinin beynəlxalq hüquq standartlarına uyğunlaşdırılması, hüquqi şəxslər tərəfindən insan hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə onların cinayət məsuliyyətinin müəyyən edilməsinə dair təkliflərin hazırlanması, diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması, miqrantların hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi layihəsinin hazırlanması üzrə işin yekunlaşdırılması, işləyən qadınların və ailə vəzifələri olan işçilərin əmək hüquqları ilə əlaqədar əmək qanunvericiliyinin təkmilləşdirilməsi, valideun məsuliyyətinin artırılması və valideyn vəzifələrini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi və digər vəzifələr də bu qəbildəndir.

Milli Fəaliyyət Proqramında həmçinin, müasir dövrün tələbləri, eyni zamanda mövcud vəziyyət təhlil edilməklə dövlət qurumları qarşısında mühüm vəzifələr müəyyən edilmişdi. Məsələn, Milli Fəaliyyət Proqramında işsizlərin əmək bazarında rəqabət qabiliyyətinin artırılması, onların yeni peşə yiyələnməsinə yönəlmiş kursların təşkili, işçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi, istehsalatda və tikintidə əməyin təhlükəsizliytinin təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyin artırılması kimi tədbirlərin nəzərdə tutulması əmək hüquqlarının daha effektiv müdafiəsi baxımından əhəmiyyətlidir. Eyni zamanda Milli Fəaliyyət Proqramında əhalinin müxtəlif qruplarının, o cümlədən qadınların, uşaqların, ahılların, əlillərin, qaçqın və məcburi köçkünlərin, məhkumların hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə müvafiq dövlət orqanları üzərinə mühüm vəzifələr qoyulmuşdu.


Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının Milli Fəaliyyət Planından fərqli cəhəti ondan ibarət idi ki, Milli Fəaliyyət Proqramı özündə insan hüquqlarının müdafiəsi istiqamətində daha geniş tədbirlər nəzərdə tutmaqla bərabərbu proqramın icrasına daha çox dövlət qurumları cəlb olunmuşdu. 
Bu dövrdə hüquqi dövlət quruculuğu istiqamətində daha bir addım atıldı. 18 mart 2009-cu il tarixində Azərbaycanda daha bir referendum baş tutdu. Qəbul olunmuş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" referendum aktına uyğun olaraq, Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edildi. Bu əlavə və dəyişikliklər ölkəmizin "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasına qoşulması, eləcə də məhkəmə islahatları nəticəsində yaranan öhdəliklərə əməl olunması, Milli Məclisin fəaliyyətinin və seçki sisteminin daha da təkmilləşdirilməsi kimi mühüm məqsədlərə xidmət edirdi.  Bu mənada, qeyd olunan əlavə və dəyişikliklər Konstitusiyanı yeni müddəalarla zənginləşdirdi. 2008-ci ilin axırlarına doğru Konstitusiyaya düzəlişlərlə bağlı müzakirələr daha da intensivləşdi və Milli Məclisin payız sessiyasının son iclaslarında "Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsi müzakirəyə çıxarıldı. Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov bu barədə deyib:”Azərrbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinin hazırlanaraq Milli Məclisin 26 dekabr 2008-ci il tarixli iclasında geniş müzakirəsindən sonra referenduma çıxarılması haqqında qərar qəbul edildi. 1995-ci ildə ümumxalq səsverməsi (referendum) ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunub, 2002-ci ildə isə ona çox əhəmiyyətli əlavələr və dəyişikliklər edilib. Amma Azərbaycanın siyasi, iqtisadi inkişafı, sürətlə həyata keçirilən hüquqi və siyasi islahatlar, bu islahatların iqtisadi islahatlarla paralel keçirilməsi, demokratik inkişaf sahəsində əldə edilən uğurlar Konstitusiyaya bir daha nəzər salmağı, Əsas Qanunu daha da təkmilləşdirməyi zərurətə çevirmişdi. Qarşımızda duran ən vacib vəzifə Azərbaycan dövlətinin Konstitusiya əsaslarını möhkəmləndirməkdən ibarətdir.

Referendum Aktında qəbul olunan əlavə və dəyişikliklər Konstitusiyanın insan hüquqları və azadlıqları hissəsində hüquqların təminatını daha da genişləndirir. Bunun bariz nümunəsini 12-ci maddəyə edilən əlavələrdə görmək olar. Dövlət rəmzlərinə hörmət məsələsi hər zaman aktual olub. 75-ci maddəyə II hissə kimi əlavə edilən "Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur" müddəasının Konstitusiyada əksini tapması olduqca yerinə düşür. Qanunvericilik hakimiyyəti bölməsindəki düzəliş də maraq doğurur. Konstitusiyanın 84-cü maddəsinin I hissəsinə bu məzmunda əlavə edilir: "Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir".
Onun sözlərinə görə. Milli Məclisin Nizamnaməsində iclasların qapalı və açıq keçirilməsi məsələsi öz əksini tapıb. “Amma bu məsələnin Konstitusiyada öz əksini tapması mühüm əhəmiyyət kəsb edir. Ona görə 88-ci maddəyə aşağıdakı məzmunda IV hissə əlavə olundu: "Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının iclasları açıq keçirilir. Azərbaycan Respublikası Milli Məclisinin 83 deputatının tələbi ilə və ya Azərbaycan Respublikası Prezidentinin təklifi ilə Azərbaycan Respublikası Milli Məclisinin sessiyasının qapalı iclası keçirilə bilər".
Layihəyə əsasən 95-ci maddəyə bir neçə mühüm dəyişiklik təklif edilirdi. Bunlardan biri "bələdiyyələrin hesabatlarının dinlənilməsi" məzmununda 20-ci bənddir. Bu, Milli Məclisin səlahiyyətlərinin artırılması ilə bağlı əhəmiyyətli bir məsələdir. Bələdiyyələrin məhz parlamentdə hesabat verməsi məsələsi həm hesabatlıq baxımından, həm də bütövlükdə demokratik islahatlar baxımından əhəmiyyətli bir addımdır.

Referenduma əsasən 96-cı maddədə I hissəyə "Ali Məhkəməsinə" sözlərindən sonra "Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına" sözləri, II və IV hissələrinə "Ali Məhkəməsinin" sözlərindən sonra "Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının" sözləri əlavə edilmişdir. Azərbaycanda demokratiyanın inkişafının indiki mərhələsində bu, bizim demokratik inkişafa verdiyimiz çox mühüm töhfədir. Bu, siyasi islahatlar baxımından da əhəmiyyətli bir dəyişiklik kimi qiymətləndirilə bilər.
101-ci maddənin V hissəsinin yeni redaksiyası belədir: "V. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir".

Ziyafət Əsgərov bildirib ki,108-ci maddənin mövcud mətni I hissə hesab edilmiş və maddəyə aşağıdakı məzmunda II hissə əlavə olunub: "II. Əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin təminat qaydaları konstitusiya qanunu ilə müəyyən edilir". Bu, eks-prezident institutunun Konstitusiya qanunu ilə müəyyənləşdirilməsini ehtiva edir.

Konstitusiyada bir sıra müddəaların daha da təkmilləşdirilməsi müvafiq zaman kəsiyində zəruri fakt kimi çıxış edir. Konstitusiyaya edilən düzəlişlər heç də Konstitusiyanın və ya konstitusiya qanunlarının təftişi demək deyildir. Bu, Konstitusiyada öz əksini tapmış müddəaların daha da genişləndirilməsinə, insan hüquq və azadlıqlarının təminatına geniş şərait yaradılmasına əsas verən bir amildir.
Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Referendum Aktı layihəsi ümumxalq səsverməsində xalqın böyük dəstəyini qazanmış və hüquqi qüvvəyə minmişdir.
Bu gün Azərbaycan Respublikasında həyata keçirilən hüquqi islahatlar ictimai proseslərin və münasibətlərin normal tənzimlənməsi faktı ilə uzlaşır və onu zəruri edir. Bu istiqamətdə yürüdülən siyasət Heydər Əliyev ənənələrinin layiqli davamçısı olan dövlət başçısı İlham Əliyev tərəfindən xalqın rifahına, insan hüquq və azadlıqlarının inkişafına, siyasi, iqtisadi və sosial sferaların dəqiq tənzimlənməsinə xidmət edir”.
 
 
 

Xəbər xətti