Ana səhifə
22 May 2018

“Sənətdə 15 illik fasiləm hədər getməyib” - Müsahibə

Xalidə Quliyeva: “Sənətdə nəyə nail olmuşamsa, ilk növbədə müəllimlərimə borcluyam”

 

Əməkdar artist, kino aktrisası, “Nəsimi” filmindən Fatma kimi tanıdığımız, gözəl xanım, gözəl ana, səmimi və gülərüz insan Xalidə Quliyeva “Şənbə qonağ”ımızdır. Xalidə Quliyeva yaratdığı obrazlarla Azərbaycan kino tarixinə öz möhürünü vuran sənətkarlardandır. Evində qonaq olduğumuz çox gözəl əl qabilliyətinə sahib əməkdar artist bizi öz əlləri ilə hazırladığı dadlı paxlavaya qonaq elədi. Buna görə gözəl aktrisamıza təşəkkür edir və  səmimi müahibəsini sizlərə təqdim edirik.

 

- 1978-ci ildən Cəfər Cabbarlı adına  “Azərbaycanfilm” kinostudiyasında işləmisiniz. Bu haqda danışardınız...

- “Azərbaycanfilm” studiyasının nəzdində fəaliyyət göstərən kino aktyorluq ştatı 1996-cı ildə dağıldı. Mən universiteti bitirib təyinatımı kinostudiyaya almışdım. 20 ildən artıq orada işləmişəm. Təyinatla ştatın üzvü idim. Kinostudiyanın dublyaj redaksiyasında filmləri səsləndirirdim və teatr studiyasında tamaşalar hazırlayırdıq.

 

- Siz tələbə vaxtı müxtəlif filmlərdə rollara çəkilibsiniz. Çox şanslı aktrisalar sırasındasınız. O filmə necə təklif aldınız?

 

- “Nəsimi” filminə çəkildiyimə görə, özümü çox şanslı hesab edirəm. Kino sənətinə gəlişim alın yazısı ilə bağlıdır. Deyilənə görə, Allah  istəməyincə  adamın başına bir iş gələ bilməz. 1970-ci ildə məktəbi bitirdim və həmin il İncəsənət Universitetinə qəbul oldum. Məktəbdə oxuyan vaxt Məmməd Kamal Kazımovun rəhbərlik etdiyi dram dərnəyinə getmişdim. Ondan sonra Lütfi Məmməbəyovun rəhbəlik etdiyi 26 Bakı Komissarları adına Mədəniyyət Sarayında fəaliyyət göstərdim. Səhnə texnikasına burada sahib oldum. Bir neçə tamaşalarda baş rollarda oynadım. Qarsiya Lorkanın “Qanlı toy” pyesində gəlin obrazını oynamışam. Dünya və Azərbaycan dramaturqlarının əsərlərini oynamışdım. İncəsənət Universitetinə daxil olduqdan sonra bizi iki qrupa, kino və drama ayırdılar. Mən Ədil müəlimin rəhbərlik etdiyi  kino fakültəsinə  düşdüm. Müəllimiz Elmira Şabanova idi. Müəllimlərimə görə özümü şanslı hesab edirəm.  Ədil İsgəndərov və Elmira Şabanaova yalnız  peşə deyil, onlar bizi bir fərd kimi yetişdirdilər. Ədil müəllim özü bir şəxsiyyət idi. Allah ona qəni-qəni rəhmət eləsin. Böyük məsələrdə heç vaxt kompramisə getməzdi. Ağa-ağ, qaraya-qara deyərdi. Bu sənətdə nəyə nail olmuşamsa, ilk növbədə müəllimlərimə borcluyam. Universitetə daxil olan ildən filmlərə çəkilməyə başladım. İlk filmim “Qaralmayan günəş” Fərəməz Məmmədovun diplom işi idi. Məni çəkmək üçün Ədil müəllimə müraciət eləmişdi. Ədil müəllim demişdi ki, bu hələ tələbədir, get aktrisa çək. Amma mən bunlara baxmayaraq o filmə çəkildim və Ədil müəllim filmə baxanda demişdi ki,  “Qadam Xalidə aktrisa imiş ki”.

 

- Həmişə Ədil müəllimdən danışanda “qadam” sözü yada düşür...

 

- Bəli həmişə insanlara “qadam” sözü ilə müraciət edirdi.

 

- “Qaralmayan günəş” filmindən sonra hansı filmlərə çəkilmisiniz?

- Bir ay keçmədi ki, rejissor Tofiq Tağızadənin “Qızıl qaz” filminə dəvət aldım. Allah ona qəni-qəni rəhmət eləsin. Orada Validə obrazını canlandırdım. 20 yaşım vardı. Bu filmdə ilk dəfə olaraq güclü aktyorlarla bir yerdə işlədim. Həsən Məmmədov, Həsən Turabov, Şahmar Ələkbərovdan öyrənəcəyim çox şeylər vardı. Həsən Seyidbəyli bu filmə baxıb məni bəyənmişdi. Günlərin bir günü dərs keçdiyim auditoriyada  qapı döyüldü, ikinci rejissor Əşrəf Mamayev içəri daxil oldu və dedi ki, Xalidəni Həsən Seyidbəyli çağırır. Mən Həsən müəllimin otağına daxil oldum və məni orta boylu, gülərüz insan çox səmimi qarşıladı, o Həsən Seyidbəyli idi. Elə bil yüz il idi ki, məni tanıyırdı. Ssenarini mənə verib dedi ki, “Nəsimi” filmini çəkəcəm. Ssenari müəllifi İsa Hüseynovdur. Evdə oxu və hansı rola çəkilmək istədiyini mənə deyərsən. Mən ssenarini oxudum və səhərə qədər yata bilmədim, ağladım. Nəsimin qətli ilə heç cür barışa bilmirdim. Yüzlərlə insanların arasında Nəsiminin dərisi soyulur və o insanlar acizanə susaraq dayanır və sadəcə tamaşa edirlər. Bu mənə çox pis təsir eləmişdi. Səhər Həsən müəllimin yanına gəldim. Dedim ki, Fatma obrazını oynamaq istəyirəm. Həsən müəllimin cavabı belə oldu. O rolu elə sənə verəcəydim və bizim məşqlərimiz başladı. Aktyor kollektivi ilə üç ay məşq elədik. Tam hazır olandan sonra çəkilişə başladıq. Həsən Seyidbəyli Azərbaycan kino sənətinə ən böyük dəyər olan “həyat həqiqəti”ni gətirdi. Həyata bənzər kino estetikasını yaratdı. Yeri gəlmişkən deyim ki, kino sənətinin kalifeyi sayılan Rasim Ocaqov, Həsən Seyidbəylini özünün müəllimi hesab edirdi. O “Nəsimi”dən sonra  “Xoşbəxtlik qayğıları” filminin çəkilişlərinə başladı. Ssenari müəllifi özü idi. Orada mənim üçün rol yazıb və adımla adlandırıb. Filmdə Şəfiqə Məmmədova, Nəsibə  Zeynalova, Muxtar Dadaşov, Şükufə Yusubova ilə çəkilmişik. Mən bu sənətin sirrlərini məhz çəkiliş meydanlarında öyrənmişəm. Təcrübə çox şey deməkdi. Növbəti Filmim Rasim Ocaqovun “Tütək səsi” filmi oldu. Rasim müəllim məni “Nəsimi”filmində işimi görüb, bəyənib öz filminə dəvət eləmişdi. Milli obrazımı sevə-sevə oynamışam. Adından da bəllidir ki, Azərbaycanlı qızının mənəvi-əxlaqi dəyərlərini özündə cəm edən bir obrazdı. Mental şüura xas olan fəlsəfi çaları var: “Dərdi faş etməmək, içində saxlamaq”. Mən Rasim Ocaqovun iki filmində çəkilmişəm. İkinci filmim “Bağlı qapı” adlanır. Rasim müəllimdən öyrənəcəyim çox şey oldu və buna görə özümü şanslı hesab edirəm.

 

- “Nəsimi” filminə çəkildikdən sonra sənətinizdə nələr dəyişdi?

 

- Yaradıcılıq yolumda yaşıl işıq yandı. Filmlərə dəvət almağa başladım. Rejissoru Nicat, Teymur Bəkirzadə qardaşları olan “Buludlar çətirimizdi”, Muxtar Dadaşovun “Bakıda küləklər əsir”, Hüseyn Mehdiyevin “Dədə palıdın nağılı”, Rasim İsmayılovun “Asif, Vasif, Ağasif” və “Anın quruluşu” filmlərində oynadım. “Dədə palıdın nağılı”nda Həsən Məmmədovla tərəfmüqabili idim.

 

- Həyat yoldaşınız Eldəniz Quliyev ssenaristdir. ..

 

- Bəli. Moskvada A. Tarkovskinin təlbəsi olub. Onlarla multi film, sənədli və bəddi filmlərin ssenari müəllifidir. “Haray Xocalı”, “Cin mikrorayonda”, “Pirverdinin xoruzu” və s.  Bir neçə pyesləri Sumqayıt, Ağdam və Şəki Dövlət Dram Teatrlarında tamaşaya qoyulub.

 

- Eldəniz  müəllimlə sevgi münasibətiniz necə yarandı?

- Lütfi Məmmədbəyovun 1969-cu ildə Xalq Teatrına gəldim. Orada Eldəniz müəllimlə tanış oldum. 1970-ci ildə instituta hazırlaşmağımda çox kömək elədi. Həmin il mənim atam rəhmətə getdi. Allah ölənlərimizə rəhmət eləsin. Xalq Teatrının üzvləri bizə hüznə gəldilər və beləliklə Eldəniz müəllimlə münasibətimiz yaranmağa başladı. Qarsiya Lorkananın “Qanlı toy” pyesində mən gəlini, o bəyi oynadı. Hər şey bundan sonra başladı və indiyə qədər davam edir.

 

- Evlənəndən sonra Eldəniz müəllim sizə hansısa məhdudiyyət qoydumu?

 

- Yox. Məhdudiyyəti dünyaya gələn övladlarım qoydu. Başa düşdüm ki, bunların həyatlarına mən cavabdehəm. Onları çox sevirəm. Sevgimi də bölüşmək istəmədim. Məktəbə gedəndən sonra məsuliyyət birə on artdı. Onlarım tərbiyəsinə və savadına mən cavabdeh idim. Ailədə ata lider olsa da əsas yük ana çiyinlərinin üstünə düşür. Hər iki övladım iki ali və musiqi təhsili var. Oğlum, gözümün işığı, həyatım Nəcəf Praqada üçüncü dəfə təhsil alır. Qızım Afaqım, nəfəsim, canım müəllimədir. Rus dili və ingilis dili müəlliməsidir. 19 yaşından işləyir. Hər ikisi zəhmətkeşdir. Sənətdə 15 illik fasiləm hədər getməyib. Özümü ailəmə həsr elədim və buna görə də şanslıyam.

 

- Ailədə 6 övlad olmusunuz, valideynlərinizi gənc yaşda itirmisiniz. Bacı-qardaşınıza siz baxmısınız. Bu çətinliklərin öhdəsindən necə gəldiniz?

 

- Yuxu kimi. Yaxşı ki, yuxudan ayılmaq var. Səbr etməyi, şükür etməyi bacarıram. Buna görə də, mən tanrıma minnətdaram. O həyatı yazsam bir roman olar. Anamın ölümü ilə indiyə qədər də barışa bilmirəm. Onu dəlicəsinə sevirdim. O mənim havam, suyum idi.

 

- Özünüzü zəif göstərməyə çalışmamısınız?

 

- Dünyaya gələndə Allah hər bir insana bir həyat bəxş edir. Mən bilirdim ki, yaxşı oxumalıyam, evi yığışdırmalıyam, yemək bişirməliyəm. Əyləncə heç ağlıma da gəlmirdi. Bacı-qardaşlarımı dəhşət çox istəmişəm indi də çox istəyirəm. Onların da qayğıları üstümdə olub. O vəziyyətdən necə çıxdığımı bilmirəm. Düzdü tək deyildim. Həmişə Eldəniz müəllim yanımda olub. Yaxşı rəfiqələrim vardı. Sima, Fəridə, Məlahət, Nuriyyə Əhmədova, Fatma Mahmudova mənə dayaq olublar.

 

- Necə düşünürsünüz kino sahəsi çətindir?

 

- Hə çətindir. Deyim ki, teatrdan çətindir.

 

- Teatrda çalışanlar deyirlər ki, teatr canlı sənətdir, o daha çətindir...

 

- Teatr çətin deyil. Teatrda məşq zamanı hər şeyi yenidən başlamaq və improvizə etmək mümkündür. Amma kinoda nə oynadınsa o qalır və dəyişmək mükün deyil. Hər an konsantirə olmaq lazımdı. Mən teatrda “Azdarama”nın səhnəsində “Qanlı toy”da oynamışam. Ümumiyyətlə sənətində səmimi olmalısan. Bu sənət yalanı sevməz.  

 

- Bu gün tamaşaçılar sizi “Nəsimi” filmindəki Fatma olduğunuz bilirlərmi? Sizi görəndə tanıyırlarmı?

- Bəli tanıyırlar.

 

- Xalidə xanım zəhmət olmasa son illərdəki fəaliyyətiniz haqqında danışardınız..

 

- 2007-ci ildə rejissoru Çingiz Rəsulzadə “Kuklalar”, Elxan Cəfərovun “Qarabağda Azərbaycan”, “Əlavə Təsir” və İran filmlərində rejissoru Həsən ağa Nəcəfi “İtkin Pay” və “Səkkizinci göy”ə çəkilmişəm. “Səkkizinci göy”də mənə məxsusi rol yazılıb və adımla adlandırılıb. İki seriala “Bir ovuc torpaq”, “Həyatb çiçəyi”nə çəkilmişəm. Hazırda isə “Bir ailəm var” serialında çəkilirəm. Rejissor Rüfət Şahbazovdur. Ondan çox razıyam. Gənc və istedadlıdır. Fədakarcasına işləməyi bacarır. Ümumiyyətlə kollektiv superdi. Bir məqama mütləq toxunmalıyam. Bu yaxınlarda Elçin Musaoğlunun “Nabat” filminə baxdım. Axır ki, kino dilində çəkilən bir film gördüm. Hesab edirəm ki, bu Azərbaycan kinosunun qələbəsidir. Azərbaycan kinosuna uğurlar arzulayıram və onu çox sevirəm. Kino mənə balalarım qədər doğma və əzizidir. Kino mənim sərvətimdir.

 

- Belə gözəl, baxımlı, formada qalmağınızın sirri nədir?  

 

- Məhəbbət.  Tanrıya, ailəmə, sənətimə tükənməyən bir məhəbbət. Ülviyyə və Sürəyyaya (nəvələri) tükənməyən bir məhəbbət və eləcə də sizlərə. 

 

 

Rəqsanə

Tarix
29 Noyabr 2014 [10:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin