Ana səhifə
23 Fevral 2018

“Yataqxanada 12 dəfə yer dəyişmişəm” - Müsahibə

Müşfiq Ələsgərli: “Vaxtımızın çox hissəsi çörək növbələrində və kitabxanalarda keçirdi”

 

 

İxtisasca filoloq olsa da, biz Müşfiq Əlsgərlini həmişə jurnalist kimi, daha doğrusu  jurnalistlərin iş yerlərində hüquqlarını və ictimai maraqlarını qoruyan yeganə bir təşkilat - Jurnalistlərin Həmkarlar İttifaqının sədri kimi tanımışıq. O, 1973-cü il mart ayının 16-da Cəlilabad rayonunun Əsədli kəndində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini, 2000-ci ildə BDU-nun əyani Aspirantura şöbəsini bitirib. 2008-ci ildə Azərbaycan Mətbuat Şurası İdarə Heyətinə üzv seçilən Müşfiq Əlsgərli MŞ sədrinin müavini, MŞ Sosial Komissiyasının sədridir. Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib. Göründüyü kimi  kifayət qədər gərgin  fəaliyyətlə məşğuldur. “Tanınmışların yadda qalan tələbəlik illəri” rubrikasının qonağı olan Müşfiq müəllimin yaşadığı tələbə həyatını öz dilindən eşidək.

 

Qəbul imtahanlarında yüksək bal toplasam da, “konkurs”a düşdüm

 

- Əslində mən 1991-ci ildə ali məktəbə imtahan vermişdim. Qəbul imtahanından yüksək bal toplamışdım. Sadəcə həmin vaxt belə bir variant da var idi ki,  abituriyentlər təkcə topladıqları bala görə yox, həmdə əmək stajına və digər şərtlərə görə qəbul olunurdu. O zaman 3 imtahan vermişdim. Ədəbiyyat (yazılı) və tarix imtahanlarından 5 qiymət almışdım. Topladığım bal yüksək idi. Sadəcə əmək stajım olmadığına, orta məktəbi yeni başa vurduğuma və müsabiqəyə qatılanlar çox olduğuna görə, birinci il qəbul olmadım. Məni hazırlıq bölməsinə götürdülər. O vaxt hazırlıq böllməsi indikindən fərqliydi. Yüksək nəticə ilə “konkurs”a düşənləri hazırlıq bölməsinə keçirir, bir ildən sonra avtomatik olaraq birbaşa ali məktəbə qəbul edirdilər. Beləliklə, mən 1992-ci ildə hazırlıqdan ali məktəbə qəbul olunalardanam. Amma həmin il abituriyentlər ilk dəfə test üsulu ilə imtahan vermişdilər.

Qəbul zamanı ilk dəfə verdiyim imtahanı da yaxşı xatırlayıram. Bildirib ki, Azərbaycanda o vaxt qəbul imtahanların özəl xüsusiyyətləri vardı. İndi imtahanlar hədsiz dərəcədə rahatdı. Çünki test imtahanında abituriyentlər müəllimlə yox, qarşılarındakı vərəqlə, suallarla məşğul olurlar. Amma bizim dövrdə imtahanlar biletlə keçirilirdi və həmin biletlərdə olan sualları cavablandırmaq kifayət etmirdi, qiyməti müəyyən etmək üçün əlavə suallara ehtiyac yaranırdı. Orada müəllimin hansı sual verəcəyi də məlum deyildi. Bu həm də psixoloji məsələ idi. Çünki həmin dövrdə müəllimə olan münasibət də fərqli idi. Onun qarşısında olanda adam istər-istəməz həyəcan keçirir, hətta sarsılmalar ola bilirdi. Başqaları kimi mən də imtahan çətinliyini yaşamışam. Düzdür, qəbul imtahanından əvvəl fərqli bir imtahanda da olmuşdum. 1990-cı ildə orta məktəbdən tarix üzrə respublika fənn olimpiyadasına qatılıb həm rayon, həm də zona birinciliyinə çıxdım. Sonra oradan respublika turuna göndərildim. Həmin vaxt Bakıda fövqəladə vəziyyət olduğuna görə, olimpiyada Sumqayıtda keçirilirdi. Respublika üzrə III yerə layiq görüldüm. Demək istəyirəm ki, qəbul imtahanına qədər həyəcan keçirmişdim, onun nə olduğun bilirdim. Buna baxmayaraq, həmin dövrdə imtahanlar kifayət qədər çətin və gərgin keçirilirdi. Suallar standart deyildi, bilmirdik hansı suallarla qarşılaşacağıq, bu müəllimin istəyindən də aslı ola bilərdi. Bu yerdə həmin dövrün məşhur lətifələrindən birini xatırlayıram. Uşaqlar arasında “zarafatyana” danışırdılar ki, bir nəfər tələbə “yuxarıdan” tapşırıldığı üçün ona sadə suallar verilir. Savadsız tələbəni yola vermək üçün, müəllim ona sual verir ki, yəqinki bilirsən Böyük Vətən Müharibəsi 1941-1945-ci illərdə baş verib. Tələbə deyir bəli, bilirəm. Müəllim deyir ki, afərin bu suala yaxşı cavab verdin. İkinci sualı verir ki, bəs bilirsən də orda milyonlarla adam həlak olub. Tələbə cavab verir ki, onu da bilirəm. Müəllim də deyir ki, bunu da bildiyin üçün sənə 5 qiymət yazıram, gedə bilərsən. Ardınca çox savadlı məzun gəlir. Müəllim onu çaşdırıb, qiymətini heç cür kəsə bilmir. Birdən qəribə sual verir. Deyir ki, «Böyük Vətən Müharibəsində nə qədər insan həlak olub?”. Müəllimə verilən cavab dəqiq olub. O, müharibədə ölən əsgərlərin adamların bir-bir sayılmasını istəyir. Bu lətifədə deyildiyi kimi,  bizim dövrdə də belə oxşar hallar az olmurdu. Əlbəttə müəllimin şəxsi iradəsindən, keyfiyyətindən, və digər məsələdən çox şey aslı idi. Bizi də gözlənilməz suallarla çaşdıra bilirdilər. İndiki kimi yaxşı xatırlayıram, maraqlı bir hadisə başıma gəlib. Mən biletin suallarını artıq danışmışdım. Yüksək qiymət üçün əlavə sualları da cavablandırmalı idim. Tarix müəllimi, səhf etmirəmsə, İsmayıl müəllim SSRİ tarixindən Birinci Aleksandırın islahatlarından sual verdi. Mən bu islahatları tam sadaladım. Orada çar istitutunun yaradılması haqqında bir islahat da olub. Müəllim mənə dedi ki, həmin islahatın tarixini de. Mən cavab verdim ki, o islahatın dəqiq tarixi ədəbiyyəatda göstərilməyib. Ümumi şəkildə qeyd edilib ki, 1801-ci ildən 1810-cu ilə qədər bu islahatlar davam edib. Müəllim qeyd etdi ki, bunun dəqiq tarixi var, amma sən bilmirsən. O vaxt o qədər dəqiq hazırlaşmışdım, səf edə bilməzdim. Mübahisə yaratmadan müəllimə dedim ki, 80-ci il nəşri olan 8-ci sinfin SSRİ tarixi kitabı var, orada 46 səhifəni açın, görəcəksiniz ki, bu məsələ mənim dediyim kimi verilib. Həqiqətən kitabı gətirib həmin səhifəni açdılar, gördülər ki, mən düz cavab vermişəm. Dərsi paraqraf və səhifəsinə qədər dəqiq bildirməyim İmtahan Komisiyası üzvlərinin diqqətini cəlb etdi. O vaxt komisiyasının rəhbəri Tarix İnstitutunun indiki direktoru Yaqub Mahmudov idi. O məni alqışladı ki, sən bu qədər məsuliyyətlə hazırlaşmısan və mənə 5 qiymət yazılmasını tapşırdı. Amma müəllim də haqlı idi o mənada ki, köhnə nəşrlərdə bu tarix dəqiq verilib. Maraqlıdır ki, özü ilə 1964-cü ilin nəşri olan kitabı gətirmişdi, açdı göstərdi. Həmin kitabda qeyd edilirdi ki, bu islahat 1810-cu ildə olub. Sadəcə həmin məlumat sonrakı nəşrlərə salınmamışdı.

 

Tarix-Filologiya üzrə oxumaq öz seçimim olub

 

 Uşaqlıqdan tarix fənninə marağım var idi. Ancaq Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmağa imkan olmadı, filologiya fakültəsini seçdim. Fikrim vardı, bir ildən sonra göndərişlə tarix fakültəsinə keçim. Lakin sonradan filologiya mənə çox maraqlı gəldi. Elə orada qalası oldum. İndi peşman deyiləm. İşim də kifayət qədər uğurlu alindi. Jurnalistikaya keçmək üçün əlavə təhsil almişam. Polşada, sonra Ukraynada və Amerikada ümumilikdə 6 ölkədə jurnalistika kursları keçmişəm. Beləliklə, taleyimi jurnalistikaya bağlamışam.

Bizim tələbəliyimiz çox çətin olub. 1992-ci ildə bir tərəfdən sevinc hissi yaşadıq ki, tələbə adını qazanmışıq. İkinci bir tərəfdən həmin vaxt ağır dövr idi. Müharibənin ən şiddətli vaxtı idi, bir çox rayonlarımız işğal olunmuşdu. O acı taleyi biz də yaşamalı olduq. Tələbə yoldaşlarımızdan çoxu Qarabağ bölgəsindən idi. O vaxt bir problem də var idi. Əvvəlcə universitetin yataxanasında yerləşmişdik. Rayonlar işğal olunduqca, bizim yerlərimizə məcburi köçkünlər yerləşdirilirdi, ona görə də yerdəyişməyə məcbur olurduq. Demək olar ki, 5 illik tələbə həyatımda 12 dəfə yerdəyişmə etmişəm. Tutaq ki, bir mərtəbədən digər mərtəbəyə, oradan tamam başqa yataqxanaya köçrüldük. Daha çox Bakı Dövlət Universitetinin yataqxanasının 7-ci korpusunda keçirmişəm.

Aldığımım təqaüd də yetərli deyildi. İndiki kimi yadımdadır, o vaxt adi tələbələr loru dillə desək “1 şirvan 4 məmməd”, zəbəçilər “1 şivan 6 məmməd”, əlaçılar “1 şirvan 8 məmməd” alırdı. Indiki pulla 2-3 manat edirdi. Bir aylıq təqaüdümüz ən yaxşı halda bir dəfə nahar yeməyinə və 2 ədəd ümumi dəftər almağa yetirdi. Göründüyü kimi çox sinvolik xarakter daşyırdı. Evdən kömək olurdu. Birinci il oxuyanda ərzaq qıtlığı yarandı. Həm çörək, həm də ət talonla verilirdi, vaxtımız çörək almaqla keçirdi. Günü çox hissəsini məktəbdə keçirirdik. Sonra çörək növbələrinə dayanırdıq, elə olurdu ki, 3 saat növbədə durub, axşama bir çörək ala bilirdik. Elə olurdu ki, gündə birimiz növbədə dayanıb, aldığımız bir çörəyi 4 nəfərlə yeyirdik.

 

Filologiya fakültəsinə sözgəlişi “Qızlar fakültəsi” deyilirdi

 

Biz qəbul olunanda artıq Azərbaycan bir ildir ki, müstəqil dövlət idi. Açığı deyim ki, bizdə o qədər ruh yüksəkliyi var idi ki, yuxarıda qeyd etdiyim çörək növbələri, qıtlıq bizim gözümüzə görünmürdü. Hamı müharibəyə getmək istəyirdi, gündəlik növbələrə yazılırdıq. Düzdür, tələbələri hərbi xidmətə aparmırdılar. Amma tələbələrdən döyüşə könüllü gedənlər də olurdu. Tez-tez bir yerə toplaşıb, saatlarla müzakirələr aparırdıq. Düşünürdük ki, ölkəmizin gələcəyi uğurlu ola bilər.

İndiki kimi geniş asudə vaxtımız olmurdu. Daha çox vaxtımızı kitabxanalarda keçirirdik, o zaman internet də yox idi. İndi tədrisin çoxu internet üzərində edilir. Bizim isə vaxtimizın böyük hissəsi də çörək növbələrində və kitabxanalarda keçirdi. Yataqxanalarda yaşayırdıq, deyə orada özfəaliyyət dərnəylərimiz də var idi. Uşaqlardan kim nəyi bacarırdısa, onu da ifa edirdi. O vaxt mənim bir adaşım var idi, çox yaxşı qarmon çalırdı.

Ali məktəbi 20 ilə yaxın müddətdir ki, başa vursaq da, məzun günlərini qeyd edə bilməmişik. Səbəbi də çox sadədir: filologiya fakültəsinə adətən sözgəlişi “qızlar fakültəsi” deyilirdi. bizim dövrümüzdə də say üstünlüyünü qızlar təşkil edirdi. Təsəvvür edin, patokda 2 qrup var idi. Qrupun hər birində 26 uşaq oxuyurdu. Ümumilikdə 52 uşaqdan 46 nəfər qızlar idi. Çoxu da rayonlardandı. Qızlar  sonradan ailə qurduqları üçün onlarla əlaqə saxlamaq mümkün olmur. Uşaqların arasında təxminən 15-20 nəfər var ki, sıx əlaqə saxlayırıq. İndi çalışırıq hamnı bir yerə toplayaq. Bəlkə 2015-ci ildə ilk dəfə “məzun günü”nü qeyd etdik.

 

 

Əfsun

Tarix
28 Noyabr 2014 [17:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ