Hüquqi dövlətin qurulmasının birinci şərti insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsidir

18:28 - 25 Yanvar 2018 - KİVDF

 Azərbaycan Respublikasının Konstitusiyasında şəxsiyyətin azadlıq, toxunulmazlıq hüququ, söz, fikir, mətbuat, vicdan azadlığı, sərbəst toplaşmaq hüququ, mülkiyyət və azad sahibkarlıq hüququ kimi vətəndaş hüquqları təsbit edilib.

Konstitusiyada özünün əksini tapmış insan hüquqlarının digər mühüm qrupunu sosial hüquqlar təşkil edir. Dövlət şəxsiyyətin əmək, sosial təminat, sağlamlıq, təhsil, yaradıcılıq və digər mühüm hüquqlarına təminat verməklə ölkədə insan hüquq və azadlıqlarının tam sisteminin yaradılmasının əsasını qoyulub. Ölkənin əsas Qanununun 12-ci maddəsinin I hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada təsbit olunmuş bu ali məqsədin təmin edilməsi istiqamətində bir sıra hüquqi islahatlar həyata keçirilib.  Azərbaycan Respublikasının Prezidenti bu sahədə mühüm fərman və sərəncamlar imzalayıb. Belə ki, Azərbaycan Respublikası Prezidenti 21 fevral 1996-cı il tarixində "Azərbaycan Respublikası Prezidenti yanında hüquqi islahatlar komissiyasının yaradılması haqqında" sərəncam imzalayıb. Bundan başqa, Azərbaycan Respublikasında dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, elmi-analitik işlərin stimullaşdırılması, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə 1998-ci ilin fevralın 22-də ümummilli lider Heydər Əliyev "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman imzalayıb. Bu tarixi fərmanla ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi, aparılan genişmiqyaslı islahatlar nəticəsində insan hüquqlarının etibarlı müdafiəsi sisteminin yaradılması və bu sahədə inkişafın istiqamətləri müəyyən edilib. Hüquqşünas Nəcibə mustafayeva bu barədə bildirib: “22 fevral 1998-ci il tarixində insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində vacib bir fərman imzalandı. Fərmanda insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının layihəsinin hazırlanması, insan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılmasına dair təkliflərin hazırlanması, qaçqınların və məcburi köçkünlərin, əlillərin, müharibə iştirakçılarının, aztəminatlı ailələrin iqtisadi və sosial hüquqlarının daha səmərəli təmin edilməsi ilə əlaqədar təkliflərin hazırlanması, insan hüquqları üzrə elmi-tədqiqat institutunun yaradılmasına dair təkliflərin hazırlanması, hüquqi islahatların həyata keçirilməsi ilə əlaqədar normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunu təmin etmək və s. kimi məqsədlərə nail olmaq üçün tədbirlər planı müəyyən olunub”.

 Fərmanda bildirilib ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra Beynəlxalq Dövlətlər Birliyinin tamhüquqlu üzvü kimi əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçib. Bu fərmanın məntiqi davamı olaraq Azərbaycan Prezidentinin 1998-ci ilin 18 iyun tarixli sərəncamı ilə Azərbaycanın ilk dəfə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq edilib. Proqram insan hüquqları sahəsində milli qanunvericiliyin beynəlxalq hüquq öhdəliklərinə uyğunlaşdırılmasını nəzərdə tutub. Belə ki, bu məqsədlə proqram çərçivəsində qanunvericilik və institusional islahatlar həyata keçirilib. Nəticəsində ölkədə İnsan hüquqları üzrə müvəkkil təsisatı, İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu yaradılıb, insan hüquqları üzrə müxtəlif ədəbiyyatların nəşr edilməsinə, kütləvi informasiya vasitələrində bu mövzunun geniş işıqlandırılmasına, əhali arasında insan hüquqlarına dair geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsinə, dövlət orqanları fəaliyyətinin insan hüquqlarının təmin edilməsi baxımından təkmilləşdirilməsinə təkan verilib. Həyata keçirilmiş islahatlar nəticəsində iqtisadi tənəzzül və inflyasiyanın qarşısı alınıb, iqtisadi inkişafda yeni mərhələnin möhkəm təməli qoyulub. Özəlləşdirmə proqramı, aqrar islahatları və torpaqların xüsusi mülkiyyətə verilməsi prosesi ardıcıl surətdə davam etdirilib. Azərbaycanda «açıq qapı» siyasətinin həyata keçirilməsi iqtisadiyyatımıza xarici investisiyaların həcminin artmasını və ölkəmizin dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirməklə bərabər xalqın maddi rifahının yaxşılaşdırılmasına, vətəndaşların iqtisadi və sosial hüquqlarının müdafiəsinə zəmin yaradıb. İnsan hüququnun toxunulmazlığı həmişə diqqət mərkəzində olub. Hüquq və azadlıqların universallığı, toxunulmazlığı, pozulmazlığı və ayrılmazlığı bütövlükdə onu ifadə edir ki, dövlət heç vaxt insanı onun hüquqlarından və azadlıqlarından məhrum edə bilməz. İnsan hüquq və azadlıqların universallığı, toxunulmazlığı, pozulmazlığı və ayrılmazlığı bir prinsip kimi Azərbaycan Respublikası Konstitusiyanın 24-cü maddəsində təsbit olunur. Həmin maddədə müəyyən edilib ki, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları var. Hüquq və azadlıqların toxunulmazılığı, pozulmazlığı və ayrılmazlığı Konstitusiyanın 155-ci maddəsinin belə bir müddəası ilə də təmin olununub ki, Konstitusiyanın insan hüquqları və azadlıqlarını nəzərdə tutan müddəalarının məhdudlaşdırılması haqqında təkliflər Konstitusiya dəyişikliyinin predmeti ola və referenduma çıxarıla bilməz.

Bundan sonra da insan huquqlarının qorunması istiqamətində digər addımlar da atılıb. Bu məqsədilə 2006-cı il dekabrın 28-də Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən ölkəmizdə İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı təsdiq edilib. Milli Fəaliyyət Planı insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinə xidmət edib.

18 mart 2009-cu il tarixində Azərbaycanda daha bir referendum baş tutub. Qəbul olunmuş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" referendum aktına uyğun olaraq, Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edilib. Bu əlavə və dəyişikliklər ölkəmizin "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasına qoşulması, eləcə də məhkəmə islahatları nəticəsində yaranan öhdəliklərə əməl olunması, Milli Məclisin fəaliyyətinin və seçki sisteminin daha da təkmilləşdirilməsi kimi mühüm məqsədlərə xidmət edib. Bu mənada, qeyd olunan əlavə və dəyişikliklər Konstitusiyanı yeni müddəalarla zənginləşdirib. Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan edilib. İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasi və sosial mənsubiyyətindən və sair hallardan asılı olmayaraq hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında ümdə vəzifə kimi qoyulub. Konstitusiyamızın insan hüquqlarının səmərəli müdafiəsinə yönəlmiş ümumi müddəaları ilə yanaşı, onun ən böyük hissəsi olan "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" fəslində müasir demokratik cəmiyyətdə təmin edilməsi zəruri olan bütün insan hüquqları və əsas azadlıqlar, onların reallaşdırılmasının ümumi mexanizmləri, həmçinin ayrı-ayrı hüquqların beynəlxalq standartlara müvafiq olaraq qanuni məhdudlaşdırılmasının yolverilən həddi təsbit edilib. 

Xəbər xətti