Hüquqi dövlətin qurulmasının birinci şərti insan və vətəndaş hüquq və azadlıqlarının təminatıdır

18:14 - 25 Yanvar 2018 - KİVDF

Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edib

Hüquqi dövlətin qurulmasının birinci şərti insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsidir. Ulu Öndər Heydər Əliyev "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" verdiyi Fərmanda deyib: "Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra Beynəlxalq Dövlətlər Birliyinin tamhüquqlu üzvü kimi əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik-hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçib. Bu gün hər bir cəmiyyətin və dövlətin inkişafı demokratiya və insan hüquqlarına hörmət olmadan mümkün deyil. Demokratiya, inkişaf, insan hüquq və azadlıqlarına hörmət bir-biri ilə üzvi surətdə bağlı olan və bir-birini şərtləndirən amillərdir. İnsan hüquqları müxtəlif iqtisadi və siyasi sistemlərin, ideologiyaların və mədəniyyətlərin mövcud olduğu müasir dünyamızda insanları və cəmiyyətləri birləşdirən, onları insaniləşdirən ən əsas meyardır. Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və anlamalı olduğu əvəzsiz nailiyyətdir. İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur".

Müstəqil Azərbaycan da bu yolu seçdi. Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktında əks olunmuş prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini dərk edərək, suveren hüququndan istifadə edərək 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi (referendum) yolu ilə öz milli Konstitusiyasını qəbul etdi.  Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirərək, onlara hörməti, insan hüquq və azadlıqlarının qorunmasını qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyən etdi. Konstitusiyanın birinci fəsli "xalq hakimiyyəti", hakimiyyətin mənbəyi, xalqın suverenliyi, referendum, xalqı təmsil etmək, xalqın vahidliyi məsələlərinə həsr edilib. Konstitusiyada qeyd edilir ki, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Burada Azərbaycan xalqının suveren hüququ da göstərilir. 2-ci maddədə qeyd edilir: "Sərbəst və müstəqil öz müqəddəratını təyin etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur".

Fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov bildirib ki, Azərbaycan xalqı öz suveren hüququnu demokratik yolla - ümumxalq səsverməsi - referendum və ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir. “ Konstitusiyada hakimiyyətin zorla mənimsənilməsi xalqa qarşı ən ağır cinayət hesab edilir. Burada qeyd edilir ki, Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır. Azərbaycan Respublikasının Konstitusiyasında BMT-nin 1948-ci il 10 dekabr tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquq və azadlıqları əhatəli şəkildə təsbit olunub. Kommunizm quruculuğunu özünün ali məqsədi elan etmiş keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edib. Konstitusiya bu deklorativ norma ilə kifayətlənməyərək, insan və vətəndaş hüquqlarını, azadlıqlarını gözləməyi və qorumağı qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə vəzifə olaraq qoyub”, - Vahid Ömərov deyib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Konstitusiyası insan hüquqlarının qorunması məsələsinin dövlətin prioritet vəzifələrindən biri olduğunu təsbit edib. “Əsas Qanunun 12-ci maddəsinin I hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hüquqi dövlətin əsas prinsiplərindən və əlamətlərindən biri insan və vətəndaş hüquq və azadlıqlarıdır. İnsan hüquqları mürəkkəb struktura malikdir: "insan hüququ", "vətəndaş hüququ", insanın "hüquq və azadlıqları" "insanın əsas və başqa hüquqları", "fərdi və kollektiv hüquq"lar bir-birindən fərqlənir. İnsan hüquqları əmələ gəlmə vaxtına və həyati fəaliyyətə görə müxtəlif sahələrə (şəxsi, vətəndaş, siyasi, iqtisadi, sosial, mədəni hüquq və azadlıqlar) bölünür.İnsanın əsas hüquq və azadlıqları hüquqi dövlətdə əsas yer tutur. Buna konstitusiya hüquqları da deyilir. Azərbaycan Respublikası Konstitusiyanın ikinci bölümünün III fəsli (24-cü maddədən 72-ci maddəyədək) əsas hüquq və azadlıqlara həsr olunub”.

Hüquqşünas Qulamhüseyn Əlibəyli isə deyib: “ Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan, bir tərəfdən insan və dövlət, digər tərəfdən isə insan və cəmiyyət arasında münasibətlərin əsaslarını nizamlayan hüquq normaları sistemidir. Belə ki, Konstitusiya aktının 12-ci maddəsində Azərbaycan xalqının müstəqil, dünyəvi, demokratik, hüquqi və unitar dövlət yaratma yolunu tutması təsbit olundu.

Həmin sənədin III fəslinin 19-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikası "İnsan hüquqları haqqında Ümumi Bəyannamə"yə, Helsinki Assambleyasının Yekun aktına və hamılıqla qəbul edilmiş beynəlxalq hüquq sənədlərinə qoşularaq onlarda nəzərdə tutulan bütün hüquq və azadlıqlara vətəndaşların cinsindən, irqindən, milli mənsubiyyətindən, dini etiqadından, sosial mənşəyindən, siyasi əqidəsindən asılı olmayaraq əməl edilməsini, bu hüquq və azadlıqların maneəsiz həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqları qanunda nəzərdə tutulmuş xüsusi hallardan başqa, hər hansı formada məhdudlaşdırıla bilməz”.  
Hazırda Azərbaycan Respublikası insan hüquqları və azadlıqlarına dair  BMT-nin, ATƏT-in və Avropa Şurasının əksər sənədlərinə qoşulub. İnsan hüquqları və azadlıqlarına dair həmin sənədlərdə nəzərdə tutulan norma və standartlarin mütləq əksəriyyəti artıq Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə implentasiya olunub. İnsan hüquqları və azadlıqlarının təsbit olunması, təmin edilməsi və həyata keçirilməsi üçün şərait və hüquqi mexanizm yaradılması ilə əlaqədar məsələlər ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasında öz əksini tapıb. “İnsan hüquq və azadlıqlarının Konstitusiya ilə təsbit olunmuş  prinsiplərinə hüquq və azadlıqların universallığı, toxunulmazlığı, pozulmazlığı və ayrılmazlığı, insan hüquqları və azadlıqlarına dair beynəlxalq hüquq normalarının üstünlüyü, hüquq və azadlıqların təminatlı olması, hüquq və azadlıqların birbaşa qüvvəsi aiddir. Hüquq və azadlıqların universal xarakteri onların yaranmasının mexanizmini və əsaslarını ifadə edir. Belə ki, Konstitusiyaya uyğun olaraq insan anadangəlmə, yəni doğulduğu vaxtdan etibarən Konstitusiya və qanunlarla elan olunmuş hüquq azadlıqlara malik olur, onların daşıyıcısına çevrilir. Hüquq və azadlıqların toxunulmazlığı onlara hər cür qanunsuz və özbaşına qəsdin yolverilməzliyini ifadsə edir.  Hüquq və azadlıqların pozulmazlığı insan hüquqları və azadlıqlarının aliliyini, oların hər hansı normativ akt və ya vəzifəli şəxs tərəfindən iəğv olunmasının, yaxud özbaşına məhdudlaşdırılmasının yolverilməzliyini müəyyən edir. Ayrılmazlıq hüquq və azadldıqların insan iradəsindən asılı olmayraq mövcud olduğunu, ictimai varlıq kimi insanın təbiətindən irəli gəldiyini, onun zəruri atributu olduğunu ifadə edir”.

(ardı var)

Xəbər xətti