I və II qrup əlillərlə bağlı daha bir neçə YENİLİK

15:01 - 24 Yanvar 2018 - Xəbər

Əlilliyi olan şəxsləri işlə təmin etmək üçün müəssisə, idarə və təşkilatlar kvota müəyyən edəcəklər.

"Ucnoqta.az" Modern.az-a istinadən məlumat verir ki, bu barədə yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsində qeyd edilib.


 Yeni qanun layihəsinin 22-ci maddəsində (Əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi) göstərilib ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əlilliyi olan şəxsləri işlə təmin etmək üçün müəssisə, idarə və təşkilatlarda kvota müəyyən edilir.
Kvota müəyyən edilmiş iş yerlərinə əlilliyi olan şəxslər müvafiq icra hakimiyyəti orqanının göstərişi ilə işə qəbul edilirlər.



Müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilliyi olan şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər qanunla müəyyən edilmiş məsuliyyət daşıyırlar.
 

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinə görə,  I və II qrup əlilliyi  olan şəxslərin əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada  olduqları müddət onların sığorta stajına daxil ediləcək.


 
Yeni qanun layihəsinin 24-cü maddəsində ( işəgötürənlərin istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxsləri işə düzəltmək vəzifələri) qeyd edilib ki, istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən  I və II qrup əlilliyi  olan şəxslərin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada  olduqları müddət onların sığorta stajına daxil edilir.

 
Yeni qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yanvarın 25-də keçiriləcək iclasında müzakirə ediləcək.

Xəbər xətti