ƏMDK-nin vahid çağrı mərkəzinə 4000-dən çox müraciət daxil olub

12:01 - 24 Yanvar 2018 - Xəbər

Əmlak Məsələləri Dövlət Komitəsinin bütün fəaliyyət sferasına aid olan müraciətlərin cavablandırılmasını həyata keçirən 193 vahid çağrı mərkəzi ötən ilin sonlarında istifadəyə verilməsinə baxmayaraq bu işlərin daha da təkmilləşdirilməsinə şərait yaradıb. 

Komitənin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, ümumilikdə ötən il çağrı mərkəzi, onlayn çat vasitəsi ilə 5 min-dən çox müraciət daxil olub. Onların 4 min 500-ə yaxını 193 vahid çağrı mərkəzinin, 800-dən çoxu sosial şəbəkələrin və “Privatization.az” portalının onlayn məsləhət pəncərəsinin payına düşür. Daxil olan müraciətlərin 4 minə yaxını Bakıdan, 1200-dən çoxu isə regionlardan ünvanlanıb. Ümumiyyətlə qeyd edilən vasitələr üzərindən ay ərzində 1000 müraciət daxil olub, orta hesabla isə gün ərzində 100-dən çox sual cavablandırılıb. 

Statistikaya görə 2017-ci il ərzində 193 vahid çağrı mərkəzinə ən çox sorğu tipli müraciətlər daxil olub. Başqa sözlə müraciətlərin 4500-dən çoxu (87%) sorğu tiplidir.
Qeyd edilməlidir ki, 193 vahid çağrı mərkəzinə regionlar üzrə daxil olan sorğu xarakterli müraciətlərin dinamikasına əsasən paytaxt sakinlərinin aktivliyi müşahidə olunur. Belə ki, bu kateqoriya üzrə müraciətlərin 80%-i Bakı sakinlərinin, qalanı isə bölgələrin payına düşür. 
Müraciətlərin mövzularına gəldikdə qeyd edilməlidir ki, daşınmaz əmlaka dair çıxarışın verilməsi, özəlləşmə prosedurları, torpaq sahələrinin kadastrı ilə bağlı məsələlər  üstünlük təşkil edir. 
Məcmu sorğuların mövzuları üzrə strukturunun 50%-ə yaxını daşınmaz əmlakın qeydiyyatı ilə, 20 %-i özəlləşdirilmə ilə, 10%-i torpaq sahələrinin kadastr ilə bağlıdır. Qalanları isə Komitənin tabeli qurumlarının ünvanları və iş qrafikləri, sənədləşmə və digər məsələlərə aiddir.  
Özəlləşdirilmə ilə bağlı sorğuların ilk beşlikdə qərarlaşması görülən işlərin nəticəsidir. Belə ki, hərracların təşkili sahəsində aşkarlığın təmin edilməsi, innovativ addımların atılması, prosedurların sadələşdirilməsi vətəndaş marağına səbəb olub. Elektron hərrac sistemi kimi özəlləşmə sahəsində yeniliyin tətbiqi isə prosesə olan diqqəti daha da yüksəldib. 
Müraciətlərin strukturunda araşdırma tələb edən məsələlər də yer alıb. Həmin məsələlərlə bağlı hüquqi məsləhətlər verilib, araşdırma aparılıb, sorğular qanunvericilik çərçivəsində həll edilib. 

Daxil olan müraciətlərdə daha çox qeydiyyatla bağlı xidmət haqqı və rüsumlar, daşınmaz əmlak barədə yüklülük, bələdiyyə torpaqlarının qeydiyyatı, ümumi mülkiyyətin bölünməsi məsələləri öz əksini tapır. Həmçinin torpaq sahəsinin dəqiqləşdirilmiş koordinatlarının çəkilməsi, torpaqların təyinatının dəyişdirilməsi, onların keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi, alqı-satqı müqavilələri, vərəsəlik əsasında mülkiyyət hüququnun tanınması və digər sahələrlə bağlı suallar verilir. Eyni zamanda dövlət reyestrindən çıxarışın alınması, texniki pasportun hazırlanması, ipoteka, lizinq və digər hüquqi əməliyyatların qeydiyyatı, elektron xidmətlərin istifadəsi ilə bağlı lazımi prosedurlar da onlayn və canlı rejimdə izah olunur. 
Çağrı mərkəzi müraciətlərin qəbulunu və cavablandırılmasını ödənişsiz həyata keçirir. Komitənin səlahiyyətlərinə aid olan suallar daxil olduqda çağrı mərkəzi onları birbaşa və ya müraciət vərəqəsi tərtib edərək araşdırdıqdan sonra cavablandırır. Cavab sorğuçunu qane etmədikdə, operator tərəfindən ona müvafiq qanuna uyğun olaraq yazılı şəkildə Komitəyə müraciət etməsi təklif olunur. Çağrı mərkəzinə araşdırma tələb edən məsələlər daxil olduqda isə onlar qeydiyyata alınaraq cavablandırılması üçün aidiyyatı struktur vahidinə göndərilir. Həmin struktur, məsələni qanunvericilikdə nəzərdə tutulmuş müddətdən gec olmayaraq cavablandırılmasını təmin edir.

Xəbər xətti