“İndi elə ev yoxdu ki, o evdə kimsə internetdən istifadə etməsin”

12:25 - 22 Yanvar 2018 - Müsahibə

Vəfa Vəliyeva: “Uğura gedən yolun başlanğıcı - hər bir təhsilverən öyrənmə prosesini müasir tələblər çərçivəsində qurmalıdır”

““XXI əsrin innovativ şagirdləri” layihəsinin əsas məqsədi tədris prossesində aktiv şagirdlərdən qruplar yaradılıdı. Aktiv şagirdlər, peşəkar təlimçi ilə bərabər digər məktəb şagirdlərinə İKT bacarıqlarını, internet resurslarından səmərəli istifadə, interaktiv lövhələrdən istifadəni və yollarını öyrətdi. Bloq və Veb 2.0 onlayn alətlərindən istifadə bacarıqlarının aşılanması, məktəblilər arasında sağlam rəqabət mühitinin yaradılması, İKT bacarıqları olan  şagirdlərin  digər şagirdlərə təlim prosesində dəstək olması, əldə olunan uğurlu nəticələrin digər məktəbin şagirdlərinə təlim vasitəsilə çatdırılması həyata keçirildi. Bu layihənin davamlı olması şagirdlərdə İKT bacarıqlarının daha da mükəməlləşməsinə kömək olacaq, XXI əsrin innovativ şagirdlərinin daha da çoxalmasına zəmin yaradacaq”- bu sözləri bizimlə söhbətində Azərbaycan Təhsil İnstitutunun Təlim Texnologiyalar Mərkəzinin təlimçisi, Xəzər Universiteti Dünya Məktəbi və Nizami rayon 214 saylı məktəbin İnformatika müəllimi Vəliyeva Vəfa Kərəm qızı dedi.

 O bildirdi ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”nin qalibi olub: “Təqdimat Tədbirdə Bakı BaşTəhsil İdarənsinin müdir müavini, filologiya elmləri doktoru, professor Hüseyn Əsgərov, BŞTİ- nin İnkişaf layihələri sektorunun müdiri Anar Qədiməliyev, ATİ-nun Təlim Texnologiyalar Mərkəzinin direktoru Muxtar Həsənov, Qlobal Karyer İnstitutunun direktoru və Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu, AMİM- nin direktor müavini İlkin Həsənov, 214 sayli məktəbin direktoru Esmira Aşayeva, 285 saylı məktəbin direktoru Şəfurə Rəhimova, təlimçı Türkan Vəlili çıxış etdi. Çıxışçılar Bakı şəhəri üzrə keçirilən layihələrin son dərəcə əhəmiyyətli olduğunu vurğuladılar və belə layihələrin davamlı keçirilməsinin təqdirə layiq olduğunu bildirdilər. Qonaqlarımız tərəfindən sertfikatlar Xəzər Universiteti Dünya məktəbi, 285, 126, 79, 214 saylı məktəblərin şagirdlərinə təqdim olundu”.

- Yeni texnologiyalar əsri olsa da, hələ də bəzi müəllimlər ənənəvi üsulla dərs keçirlər. Buna münasibətiniz necədir? 
- Bildiyimiz kimi, təlim texnologiyasının tətbiqinin əsası dərs prosesində qoyulur. Və burada müəllim dərsi müasir səviyyədə qurmalıdır ki, dərsin gedişinə yaradıcı yanaşaraq şagirdlərdə əqli vərdişlərin formalaşmasına, onların müasir texnologiyalara yiyələnməsi nail ola bilsin. Müasir metodların tətbiqi üçün müəllim dərsini sistemli şəkildə təşkil etməlidir ki, interaktiv təlim metodlarının imkanlarından ən müasir üsul və yollarla istifadə etməyi bacarsınlar. Bu gün təhsil islahatlarında təhsil siyasətində əsaslı dəyişikliklər həyata keçirilir. Ənənəvi təhsildən fərqli olaraq, müasir təhsilin əsas vəzifəsi demokratik ruhlu, müstəqil düşüncəli, yüksək bilik və bacarıqla təmin olunmuş gənc nəslin tərbiyə olunmasıdır. Bunun üçün tədris prosesində yeni təlim texnologiyalarında istifadə etməmək mümkünsüzdür. Bu gün təlim yeni texnologiyalardan istifadə etməklə təhsilin keyfiyyətinin yüksəldilməsi hər bir müəllimin arzusudur. Dövrümüzdə müəllim və şagirdlərin komputer, internet, multimedia, elektron dərslik və s. imkanlarından istifadə bir tələb kimi qarşıya qoyulur. Bir çox ölkələrdə yeni təlim texnologiyalarının tətbiqi və inkişaf etdirilməsi sürətli şəkildə həyata keçirilir. Bu da onu göstərir ki, yeni təlim texnologiyalarından istifadə etmədən təlim mütərəqqi sayıla bilməz. Və nəticədə müəllim düzgün təlim nəticəsinə nail ola bilməz.

- Günümüzdə İKT-nin cəmiyyətlərin inkişafında rolu yüksək səviyyədədir. Artıq müasir cəmiyyətlər belə informasiyalaşıb. Əslində əksər insanlar riyaziyyat və informatikanın yorucu rəqəmlərdən ibarət olduğunu düşünürlər. Bu rəqəmlərə sevgi necə yaranıb axı?
- Hər bir elmin, hər bir fənnin başında sevgi durur. İnsan sevmədiyi işlə məşğul olsa, o sahədə heç bir uğur qazana bilməz. Bəzən kimlərəsə elə gəlir ki, riyaziyyat, informatika yorucu rəqəmlərdən ibarətdir. Amma bunların praktiki tətbiqi göstərdi ki, əslində bu sahə ilə məşğul olanlar ordakı hər bir rəqəmi yeni çəkilmiş bir yol, bina, körpü və bu kimi müxtəlif şəkillərdə insanların həyatını rahatlaşdıracaq, hər şeyi əlçatan edəcək şəkildə görürlər. Düşünün ki, o rəqəmlərin hərəsi bir körpüyə, binaya, səsə, işığa döndükcə bu fənnlərə olan maraq daha çox artmağa başladı. Bu maraq sayəsində də informasiyalı cəmiyyətin əsası qoyuldu. Bu gün o rəqəmlər kompyuter, internet, sosial şəbəkələr şəklində hər birimizin düşüncəsində mühüm yer tutmağa başlayıb. Və internetin bu cür inkişafı evlərimizə qədər ayaq açdı. İndi elə ev yoxdu ki, o evdə kimsə internetdən istifadə etməsin. Hətta valideynlər belə, övladlarının dərslərinin internet üzrəindən öyrənməsində maraqlıdırlar.

 - Deməli orta məktəbdə bu fənni tədris etmək daha çətin olacaq. Çünki davamlı yenilənən bir fənndir. Şagirdlərin marağını çəkmək üçün bu fənni necə tədris edirsiniz?
 - Biz çevik və sürətlə dəyişən dünyada yaşayırıq. Hər bir insan istəyindən asılı olmayaraq, informasiya proseslərində iştirak edir. Onun üçün də hər kəs informasiyanın böyük axınına hazır olmalıdır və informasiyanın savadlı istifadəsini təşkil etməlidir. Azərbaycan digər ölkələr kimi informasiya cəmiyyəti qurur. Uşaqların informasiya cəmiyyətində yaşamağa psixoloji hazırlığı məktəbin ilk günlərindən başlamalıdır. Bununla bərabər şagirddə alqoritmik təfəkkür və məntiqi düşüncə formalaşdırmaq çox vacibdir. Nəzərə alsaq ki, intellektin ən intensiv inkişafı kiçik yaşlarda daha yaxşı gedir, informatikanın tədrisinə də bu yaşda diqqət yetirilməlidir. Son illər ölkəmizdə informasiyalı cəmiyyətin qurulmasına xüsusi diqqət yetirilir. Bu baxımından dövlətimiz tərəfindən görülən işlər cox təqdirəlayiqdir. Fikirləşin, siz bir ixtisasdan nəzəri dərs keçirsiniz. Ancaq əyani vəsaitiniz yoxdur. Bu zaman siz nə qədər çalışsanız belə şagird bu fənnin 40 faizdən artığını öyrənə bilməyəcək. Əlbəttə, kompüter olmasa, informatikanı tədris etmək çətindir. Ancaq indi necədir? Bütün məktəblər kompyuterləşib. Deməli, dövlətimiz bizim işimizi asanlaşdırıb. Bircə biz təhsilverənlərin öz fənnimizi şagirdlərə sevdirməyimiz qalır. Bunun üçün də təbii ki, müxtəlif metodlar, üsullar və yollar var. 

 - Orta məktəb səviyyəsində verilən biliklər adi iş səviyyəsi üçün kifayət edirmi? Yoxsa daha artıq nələrsə öyrənməyə ehtiyac var?
- İnformatika fənninin məzmunu iki əsas hissədən – nəzəriyyə və praktikadan ibarətdir. Bacarıqlı müəllim əlbəttə ki, bu iki hissəni də mükəmməl öyrənməlidir ki, şagirdlərə mənimsədə bilsin. İndi gələk əsas məsələyə. Bu fənn hər gün yenilənir. Deməli informatika müəllimi başqa fənn müəllimlərdən fərqli olaraq yeniliyə açıq olmalıdır. Hər gün yenilikləri izləməlidir ki, yeniliklə ayaqlaşa bilsin. Ona görə informatika bu gün bütün fənnlərdən öndədir. Müəllimlər də hər gün öz biliklərini zənginləşdirməlidirlər ki, müasir İnformasiya Cəmiyyətində yaşayan şagirdlərin sualları qarşısında aciz qalmasınlar.

 - Bunun üçün müəllimlər günboyu interneti izləməlidirlər? 
- Xeyr, müəllimlər üçün konfranslar, təlimlər, seminarlar təşkil olunur. Eyni zamanda dedik ki, informatika informasiyalı cəmiyyətdə hər şeyi əlçatan edir. Əvvəlki dövrlərdən fərqli olaraq, indi dərslər rəngarəng keçirilməlidir. Əgər dərs maraqlı keçirsə, şagird də dərsi həvəslə öyrənir. Mənim hər dərsim bir-birindən fərqlənir. Aşağı siniflərdə rollu, didaktik oyunlardan dərslərdə geniş istifadə edirəm. Hər dərs üçün elektron resurs hazırlayıram.Veb 2.0 onlayn alətlərindən istifadə şagirdlərdə cox maraq doğurur. Şagirdləri interaktiv lövhədə çalışdırıram. Elə dərslər var ki, onlarda fərdi kompüterlərdən istifadə edərkən, şagirdlər yeni mövzu üzrə cədvəllər, krossvordlar,diaqramlar hazırlayırlar. Bəzi dərslərdə qrup və cütlük formasından istifadə edərək, şagirdlərə tapşırıq verirəm. Əsasən, məlumatları şagirdlər internetdən əldə edirlər. Yəni dərslər nə qədər əyləncəli olursa, şagird üçün də o qədər yaddaqalan olur.

 - Əyləncədən danışmışkən, bu gün şagirdlərdə əyləncəyə maraq daha çox deyilmi? 
- İnsan yaradılışdan onda əyləncəyə maraq var. Müəllim də bunu bildiyi üçün, şagirdlərini elə şəkildə istiqamətləndirməlidir ki, bu əyləncə sonralar həmin şagird üçün faciəyə çevrilməsin. Az öncə informasiyanın yaxşı və pis cəhətləri olduğundan danışdıq. Bir informatika müəllimi bu pis cəhətləri öncədən bilməlidir ki, şagirdlərin valideynlərinə xəbərdarlıq edə bilsin ki, şagirdlərin bu istiqamətə yönəlməsinin qarşısını almaq mümkün olsun. Məsələn son dövrlər Rusiyada “Mavi balina” oyunu və bu oyunun qurbanları olan şagirlər haqqında hər kəs xəbər tutdu. Bütün bunlar dediyimə misal ola bilər. Eyni zamanda bu gün sosial şəbəkədən yanlış istifadə etmək faciə ilə sonlana bilər.. Bütün cəmiyyət şagirdləri belə pis situasiyalardan qorumağa çalışmalıdır. 

- Sosial şəbəkələrdən söz düşmüşkən, siz sosial şəbəkələrdən istifadə edirsinizmi? Sosial şəbəkələrə münasibətiniz necədir?
 - Sosial şəbəkədən istifadə edirəm və “Fəal təlim və İnternet resursları” adlı 30 minə yaxın üzvü olan qrupum var. Müllimlər və təlimlərdə iştirak edən  müdavimlərlə tez tez paylaşmalar edirik. Eyni zamanda dəyərli insanların cəmiyyətdəki hadisələrə münasibətini öyrənmiş oluram. Həm də mən yeniliyə açıq olduğumdan sosial şəbəkələrdə insanları müşahidə edirəm. Bəzən tanıdığım insanın sosial şəbəkədə necə fərqli bir rol aldığını görürəm. Bu da mənə gülünc gəlir. Və yaxud hər hansı konfransda və ya seminarda tanış olduğun bir müəllim müəyyən məsələ barədə sənin fikrini öyrənə bilər və ya sən onun fikirlərini. Amma insan çalışmalıdır ki, bunu aludəçiliyə çevirməsin. Bu gün hər bir müəllim  öz dərsinə yaradıcı yanaşarsa, şagirdlərdə yaradıcı cavablar verəcəklər. Ətraflı çalışaq, diqqətli düşünək, düşündüklərimizi nəzərdən keçirək, ciddi və səmimi şəkildə tətbiq edək. Onda uğur da bizimlə olacaq, liderlikdə.

Könül Asimqızı

 


Xəbər xətti