Yerli özünüidarəni bələdiyyələr həyata keçirir

18:17 - 22 Yanvar 2018 - KİVDF

Bələdiyyələrin statusu və bələdiyyələrə seçkilər qanunlarla müəyyən olunur

Azərbaycanda hüquqi dövlət quruculğu istiqamətində atılan addımlardan biri də yerli özünüidarə orqanlarının yaradılmasıdır. Ulu öndər qeyd edirdi ki, “Biz Azərbaycanda tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu demokratiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarəetmə vətəndaşlarımıza imkanlar yaradılmasının göstəricisidir”. 

Qeyd edək ki, Azərbaycan demokratik inkişaf yoluna yeni daxil olduğuna ğörə burada bələdiyyə özünüidarəetmə forması da yenidir. Onun yaranmasının zəruriliyi, əhəmiyyəti Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 12 dekabr 1999-cu il bələdiyyə seçkilərilə əlaqədar xalqa müraciətində çox aydın göstərilib. Müraciətdə deyildiyi kimi bələdiyyələrin seçilməsi, onların təşkil edilməsi, fəaliyyəti bizim cəmiyyətimiz üçün, dövlətimiz üçün, hər bir vətəndaş üçün çox vacibdir. Bu həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarəetmədə vətəndaşlarımıza imkanlar yaradılması deməkdir. Yerli özünüidarə institutunun yaradılmasına isə Konstitusiyada bələdiyyələrin təşkili və fəaliyyətinin əsas prinsiplərinin təsbit olunması ilə başlanılıb.  "Yerli Özünüidarəetmə haqqında Avropa Xartiyası"nın 2-ci maddəsində deyilir ki, yerli özünüidarəetmə prinsipi ölkənin qanunvericiliyində və mümkün olarsa, konstitusiyasında öz əksini tapmalıdır. Bu prinsip digər konstitusiya prinsipləri ilə yanaşı, ölkədə demokratik - idarəetmə sistemini müəyyənləşdirir. Heydər Əliyev qeyd edirdi ki, " Bələdiyyələrin yaranması barəsində" 1995-ci ildə müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyada müvafiq müddəalar öz əksini tapıbdır. Buna görə də, bələdiyyələrin təşkil olunması ən öncə Azərbaycan Konstitusiyasının əsasındadır və Konstitusiyanın müddəalarının həyata keçirilməsini göstərir.  Konstitusiyanın 142-ci maddəsinin birinci bəndində göstərilir: yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Həmin maddənin 2-ci bəndinə görə bələdiyyələr seçkili orqandır və seçkilər əsasında yaradılır. Bələdiyyələrin statusu və bələdiyyələrə seçkilər qanunlarla müəyyən olunur”.
Bu barədə mütəxəssis Fazil Abbasov deyib: “Bələdiyyələr bizim ölkəmizin inkişafında çox böyük rol oynayırlar. Konstitusiyaya əsasən Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə dövlət işlərinin bir hissəsini nizama salmaq imkanı verir”. 

Bu sistemin, yerli özünüidarəetmənin başlıca forması olan bələdiyyələrin yaranması və fəaliyyətini tənzimlənməsi üçün isə çoxsaylı qanunlar və digər normativ-hüquqi sənədlər qəbul edilib. Bunlara misal olaraq “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin torpağı və əraziləri haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyənin Nümunəvi Nizamnaməsinin təsdiq edilməsi haqqında, “Bələdiyyə qulluğu haqqında” “ Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında”, “Bələdiyyələrə seçkilərin qaydaları haqqında”  Azərbaycan Respublikasının Qanunlarını göstərmək olar. Bundan başqa, bələdiyyə fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə indiyədək onlarla digər qanunlar qəbul edilib, ölkənin əlaqəli qanunvericilyinə müvafiq əlavə və dəyişikliklər edilib, sərəncamlar imzalanıb. Bunlarla bələdiyyələrin yaranmasının normativ-hüquqi əsasları, hüquq və vəzifələri, idarəetmə xüsusiyyətləri və demokratik cəmiyyətin idarəetmə sistemində yeri, əmlakı, maliyyələşmə mənbələri müəyyən edilib. 

Bu qanunlardan aydın olur ki, Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir qeyri-dövlət sistemidir ki, bu sistem qanun çərçivəsində onlara yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək imkanı verir. Bu hüququ qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Bələdiyyələr öz vəzifələrini yerinə yetirmək məqsədi ilə onların qarşısında məsuliyyət daşıyan, daimi fəaliyyət göstərən icra strukturları yarada bilərlər. Bununla bağlı Fazil Abbasov bildirib ki, bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunu 2 iyul 1999-cu ildə qəbul olunub. Bu qanun bələdiyyələrin fəaliyyətinin tənzimlənməsində əsasən normativ-hüquqi aktdır. O hazırlanarkən Respublikamızın yerli şəraiti, milli xüsusiyyətləri ilə yanaşı, “Yerli özünüidarəetmə haqqında Avropa Xartiyasında” müəyyən olunmuş prinsiplər, xarici ölkələrin müvafiq sahədə təcrübəsi də nəzərə alınıb. Bütün dünyada bələdiyyələrin başlıca əlaməti onların seçkili olmasından və yerli əhəmiyyətli məsələlərin həllində kifayət qədər müstəqilliyindən ibarətdir. Onlara müstəqilliyi təmin etmək üçün bütün lazımi şərait yaradılıb, yəni bələdiyyələrə xüsusi müstəqil icra aparatı, bələdiyyə mülkiyyəti formasında maddi baza, yerli vergiləri müəyyən etmək və ya hüquqi normativ aktlar qəbul etmək səlahiyyəti verilib”.

Mütəxəssisin sözlərinə görə, əslində, bələdiyyələrin müstəqil fəaliyyət göstərmək, gəlir əldə etmək və yerli problemləri həll etmək imkanı da onlara yuxarıdakı sahələrdə nə dərəcədə müstəqillik verilməsindən asılı olur, bu səbəbə görə bəzi ölkələrdə bələdiyyələrin hüquq və səlahiyyətləri fərqlənir.  “Bələdiyyələr öz səlahiyyətlərinə aid məsələlərin qabaqcadan nəzərdən keçirilməsi və hazırlanması üçün, habelə bələdiyyənin qərarlarının həyata keçirilməsinə yardım göstərilməsi, bələdiyyənin tabeliyində olan müəssisə, idarə və təşkilatların fəaliyyətinə nəzarət üçün daimi və başqa normativ-hüquqi əhəmiyyətli sənədləri əldə rəhbər tutaraq fəaliyyət göstərirlər. Komissiyalar yerli əhəmiyyətli sosial müdafiə və inkişaf məsələlərinin həlli ilə əlaqədar proqramlar hazırlayıb bələdiyyələrin başçısına və yerli əhalinin müzakirəsinə verirlər. Komissiyalar islaslar keçirirlər. Bələdiyyə iclaslarında bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, səlahiyyətin uzadılması, səlahiyyətlərinə xitam verilməsi, bələdiyyə tabeliyində olan ərazidə ekoloji tarazlığın qorunub saxlanması, bələdiyyə ərazisinin abadlaşdırılması və yaxşılaşdırılması, məişət tullantılarının toplanması və emalı, suyun, torpağın, havanın hər cür çirklənmədən qorunması və yerli əhəmiyyətli digər məsələlərin həlli ilə əlaqədar tədbirlər görünür”.

Onun sözlərinə görə, bələdiyyənin icra orqanı onun icra aparatıdır. “Bu icra aparatı bələdiyyənin sədrindən və yerli əhaliyə xidmət etmək, iqtisadi, ekoloji, sosial, müdafiə və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan idarə, şöbə və bölmələrdən ibarətdir. Bu strukturların rəhbərlərini birbaşa bələdiyyə sədri təyin edir. Bələdiyyənin sədri bələdiyyə üzvləri sırasından açıq səsvermə yolu ilə səslərin yarısından çoxunu topladıqda beş il müddətinə seçilir. Bələdiyyə üzvləri əmək qabiliyyətini itirdikdə, vəfat etdikdə, Azərbaycan vətəndaşlığından çıxdıqda və digər hallarda səlahiyyətlərini itirmiş hesab edilirlər. Bələdiyyə üzvü 6 aydan gec olmayaraq öz seçiciləri qarşısında hesabat verir. Bələdiyyə üzvlərinin əmək haqqı bələdiyyənin gəlirlərindən asılı olaraq hazırlanmış və ümumi iclasda təsdiq  olunmuş ştat cədvəli əsasında verilir”. 

(ardı var)

Xəbər xətti