“Dedi mən generalam, dedim nə olsun ki, mən də əsgərəm”

13:10 - 19 Yanvar 2018 - Müsahibə

“Dörd illik tələbə həyatını bir kostyumda keçirmişəm”
 “Bir ayı 5 manatla necə dolandım, bir Allah bildi”


 “Gecələr səhərə qədər yuxuda kinolarda, tamaşalarda oynayırdım.  Əgər İncəsənət Universitetinə qəbul olmasaydım, bəlkə də başıma hava gələcəkdi. 5-ci sinifdə “1905-ci il” pyesində Allahverdi obrazı ilə ilk dəfə səhnənin sehrinə düşmüşəm. Məktəbin konsertində mahnı oxumalı idim, həyəcandan səsim necə tutuldusa, oxuya bilmədim” – bu sözləri bizimlə söhbətində Bakı Uşaq Teatrının rəhbəri İntiqam Soltan dedi. 

İntiqam Soltan ilk dəfə “Daş və Çiçək” adlı hind filmindəki aktrisanı sevib. “Biri var əsaslı şəkildə sevmək, biri də var vurulmaq. Vurulduqlarım çox olub. Əgər hansısa tamaşanı oynayanda zalda vurulduğum bir nəfər olmayıbsa, o oyunum alınmayıb. Bunu sadəcə mən öz içimdə bilmişəm ki, bu tamaşanı onun üçün oynayıram” – deyən müsahibimizlə ötənləri xatırladıq.

“Kənddən rayonun qeydiyyat idarəsinə bir aya gedib çıxıblar”
 

1965-ci il aprel ayının 12-də Ordubad rayonunun Nürgüd kəndində anadan olan müsahibimiz bildirdi ki, 11 uşaqlı ailədə 7 bacı, 4 qardaş olublar: “Ailənin 7-ci uşağı idim. Qardaşların ən balacası olduğum üçün evin son beşiyi sayılırdım. Həmin yer çox ucqar bir dağ kəndidir, 4 yaşım olanda ora işıq çəkilib. Hələ də o kəndə avtobus işləmir. Elə o səbəbdən də mən aprelin 12-si dünayaya gəlsəm də, sənədləşmə may ayının 11-ni göstərir. Çünki həmin kənddən rayonun qeydiyyat idarəsinə bir aya gedib çıxıblar (Gülür). Doğulduğum kəndin çox maraqlı, gözəl bir təbiəti var. Çox gözəl suları, otları və can dərmanı olan havası var. Nürgüd kəndindən 2-3 kilometr yuxarıda 90 metr dərinliyi olan Göygöl deyilən bir göl var. Bu göl yerdən çıxan təbii su mənbəyidir. Yayın istilərində belə gölün ətrafında dörd fəslin hamısını görmək mümkündür. Bir tərəfdə çiçək, tam əks tərəfdə qar var, sağ tərəfdə yaz, solda payızdır. Bəlkə də daxilimin rəngarəngliyi, dünyaya baxış bucağım elə ordan qaynaqlanır. Mənim 4-5 yaşım olanda biz o kənddən çıxıb, Ordubaddan 15-20 kilometr məsafədə olan Der kəndinə köçdük. Böyük bacı-qardaşlarımın ali təhsil almaları, kollecə getmələrinə görə atam bir az mərkəzə yaxın yerə köçməyimizi qərara almışdı. Öz doğma ocağından, doğulub boya-başa çatdığın yerdən köçmək çox çətindir. Orta məktəbə elə həmin kənddə getmişəm”. 

“Anam inəkləri sağanda axurda yuxumu alırdım”

Müsahibimiz deyir ki, sadə bir kənd uşağı olub, maldarlıq və əkinçiliklə məşğul olublar,  heç vaxt boş qalmazmış, atası həmişə onları işləməyə sövq edirmiş: “Mən onuncu sinifdə oxuyanda bir dəfə atamla dost kimi söhbət etdik. Onda mənə dedi ki, sizi bu qədər əziyyətə qatlaşdırmağımın səbəbi o olub ki, siz gələcəkdə özünüzü idarə edə biləsiniz, vaxtınızın qiymətini biləsiniz. Atam uşaqlarla oynamağa mənə icazəni vaxtla verirdi, deyirdi, get amma, filan saatda evdə ol. Atam xarakter cəhətdən “Dəli Kür” filmindəki Cahandar ağaya bənzəyirdi. Çox təmiz, saf, ciddi və hökmlü bir insan idi. Atamın həmişə bir sözü vardı, boş qalmaqdan daha qorxulu və ciddi bir xəstəlik yoxdur. Bu mənim həyat amallarımdan birinə çevrilib. Ona görə də məni hardasa istirahətdə, gəzən görmək mümkün deyil. Əgər məni hansısa bir gəzintidə görsələr, demək ki, hansısa işin arxasınca getmişəm. Orta məktəbdə 5-6-cı siniflərdə oxuyanda yaz-yay aylarında səhər saat 4-dən yuxudan qalxırdım, dərsin vaxtına qədər aparıb quzuları otarırdım. Anam qonşu kənddə fermada sağıcı işləyirdi. Mən də onda həmin kənddə məktəbdə oxuyurdum deyə məni də özü ilə aparırdı. Çox tez oldugundan o, inəkləri sağanda mən axurda yuxumu alırdım. Əgər dərslərimdən qalanı var idisə, orada oxuyurdum”. 

“Müəllim mənə dedi ki, səhər-səhər şorba yemisən, ağız-burnunu da yumamısan”

Bir dəfə bir müəllimin onu çox kobud şəkildə təhqir etdiyini söyləyən İ. Soltan bildirdi ki, lövhənin qarşısında dərs danışanda müəllim ona deyib ki, səhər-səhər şorba yemisən, ağız-burnunu da yumamısan: “Müəllimin bu sözü çox xətrimə dəydi, çünki mən səhər qaranlıqlı saat 4-də evdən çıxırdım, heç yemək yeməyə vaxtım da olmurdu. Həddən artıq kasıb olmuşuq. Lavaşın arasına bir az pendir qoyurdum, anamın iş yerindən çıxıb dərsə gələnə qədər yolda o dürməyi yeyirdim. O söz mənim o qədər qəlbimi qırmışdı ki...
Hərbi xidmətdə olanda xatırladım ki, mən səhərlər anamla yol gedəndə sazaqdan dodaqlarım çatlayırdı deyə anam dodaqlarıma krem sürtürdü. Hərbi xidmətdən qayıdanda təxminən 10 il sonra gedib müəllimi tapdım və müəllimə məsələni izah etdim. Ona görə də indi iş yerində bütün aktyorları uşaqlarla son dərəcə ehtiyatlı olmağa çağırıram. Çünki bir ehtiyatsız, yerində işlənməyən kəlimə uşağı çox pis yaralaya və gələcəkdə onun həyatında kəskin şəkildə özünü büruzə verə bilər”. 

“Dörd illik tələbə həyatını bir kostyumda keçirmişəm”

Müsahibimiz bildirdi ki, İncəsənət İnstitutunda (İndiki Mədəniyyət və İncəsənət Universitetində) təhsil alıb: “İnstitutu bitirəndən sonra mən şəkillərdə gördüm ki, dörd illik tələbə həyatını bir kostyumda keçirmişəm. Həmin kostyumu da instituta girməyim münasibətilə qardaşım almışdı. Tələbə vaxtları yatmağa yerim olmayıb, qohum evində də çox qalmaq olmurdu. Düzdür, qohumlar həmişə qayğımı çəkiblər, ancaq həmişə onlara getməyə utanırdım. 
Amma bir məsələ var. Şəhərdə eyni mərtəbədə yaşayan, giriş qapılarının arasında bircə qarış məsafə olan qonşular bir-birini  tanımır, bir-birlərinin adlarını belə bilmirdilər. Şəhərə gəlib belə şeyləri görəndə fantaziyamda ildırım çaxdı. Bu səbəblərə görə həmişə qohum evində qalmağa çəkinirdim. Hətta elə gecələr olurdu ki, şüşəli avtomat telefon köşklərində yatırdım.Axı mən fərqli bir mühitdə böyümüşdüm, kəndimizdə qapıların açar yeri belə yox idi. Yəni insanlar bir-birinə çox güvənirdi. Maddi bazası olmayan atamın, maddi bazası olmayan da qohumları var idi. (Gülür) 
Mən tələbə olanda atam 90 manat təqaüd alırdı, onun yarısını mənə göndərirdi.  Bir dəfə həmin pulun 40 manatını oğurladılar, yaxşı ki, pulun 5 manatı digər cibimdə imiş. Ailəmizin əlavə gəlir yeri olmadığı üçün utandığımdan kəndə də məlumat verə bilmədim. Bir ayı 5 manatla necə dolandım, bir Allah bildi.  

 “Dedi mən generalam, dedim nə olsun ki, mən də əsgərəm”

İ. Soltan qeyd etdi ki, hərbi xidməti Novo-Sbiriskidə, Omskda keçib: “Mən əsgərliyə gedəndə anam ağlayırdı. Dedim ay ana, 2 il nədir ki, bir göz qırpımında gəlib keçəcək. Dedi ay bala, mən 2 ilə görə yox, çəlimsizliyinə ağlayıram, ayaqlar altında qalıb əziləcəksən. 
Raket qüvvələrində xidmət etmişəm, çox ciddi hərbi təlim almışam. Öz işimdə inadkar olmağımın əsası belə bir ciddi hərbi hissədə olmağımdan qaynaqlanır. Hərbi xidmətdə olduğum yerdə bir nəfər də olsun qafqazlı yox idi. Kapitandan bunun səbəbini soruşanda dedi ki, qafqazlılar hamısı inşaat batalyonunda xidmət edirlər. Mənim məktəbdə əla qiymətlərlə oxuduğumu və davam etdirməsəm də hərbi məktəbə sənəd verdiyimi öyrənəndə elə buna görə bura gəlib çıxdığımı dedi. Hərbi xidmətdə məzuniyyətim olmayıb, adətən valideynlər övladlarına pul göndərirdilər, məndə o da olmadı. Hər həftə bizim istirahət günlərimiz 25 km marafonla başlayırdı. Hərbi xidmətdən çox sayda tərifnamələrlə qayıtmışdım. 
Bir dəfə postda generalı saxlamışdım. General isə sən demə məni yoxlamaq məqsədi ilə gəlibmiş. Nə qədər etsə də, buraxmadım. Dedi, mən generalam, cavab verdim, nə olsun ki, mən də əsgərəm... (Gülür) Səhv eləmirəmsə, 1985-ci ilin 23 dekabr tarixində “Krasnaya zvezda” qəzetində mənim haqqımda yazı da getmişdi”. 

“Əsgəri məcbur etdim ki, məni döysün”

Hərbi hissədə komandirlərlə çox xoş münasibəti olduğunu deyən müsahibimiz hərbi xidməti bitirib qayıdandan sonra bölmə komandiri ona məktub yazıbmış: “ “Qasançik” (soyadım “Həsənov” olduğundan məni belə çağırırdılar) məni çox ciddi şəkildə cəzalandırmaq istəyirlər.  Xahiş edirəm, komandirlərə yaz ki, yaxşı oğlandır, bəlkə məni bundan xilas edəsən”. Özümə çox gülünc gəlirdi ki, hərbi hissənin komandiri keçmiş bir əsgərinin sözünə diqqət edəcəkmi? Yəni, mənə bu dərəcədə güvənib, inanırdılar. 
Milliyyətçi biri olmuşam, hərbi xidmətdən gələndə bir neçə sənəd oğurlayıb gətirmişdim. Raketin düzəlmə sxemi olduğunu hesab edib, hərbi komissarlığımıza verdim. Amma sən demə yanlışlıqla musiqi mərkəzinin sxemini götürüb gəlmişəm. Özümün avamlığımdan  xəcalət çəkdim və çox peşman oldum. 
Hərbi hissəmizdə məndən 6 ay sonra gələn bir əsgər oğurluq etməyə başlamışdı. Komsomol iclasında qərara alındı ki, bunun tərbiyəsini İntiqam Həsənova tapşıraq. Həmin əsgər məndən yaşca böyük və ali təhsilli idi... Onunla dostluq etməyə başladıq, mehribanlaşdıq, mənə çox hörmət edirdi. Amma oğurluğunu tərgitmirdi. Axırda bunu ikimizdən başqa heç kim olmayan bir yerə çəkib məni döyməyə məcbur etdim. Oturub ağladı ki, mən sənə əl qaldıra bilmərəm. Ona dedim ki, ya sən camaatın yanında məni öz hərəkətlərinlə “döydün”, ya belə döydün, fərqi yoxdur. Ağladı, yalvardı ki, “qələt eləmişəm”... Həqiqətən də ondan sonra bir dəfə də olsa oğurluq etmədi”. 

“Müəllimim arxadan dedi ki, şalvarın düşüb...”

İ. Soltan qeyd etdi ki, tələbə olanda universitetdən “Buta” toxuculuq fabrikinə səhnəciklər göstərməyə gediblər: “Orda hamısı gənc xanımlar idi. Mən orda J. B. Molyerin “Zorən təbib” əsərində “Ağa”nı oynayırdım. 19-cu əsrin Fransa geyimləri şortik kimi, dizdən bir az aşağı, yarığı isə yarıdan yuxarı idi. Şalvarın qabaq tərəfi ayrı, arxası da ayrı bağlanırdı. Tamaşanın tən ortasında baxıram ki, qızlar elə ləzzətlə, uğunub gülürlər ki... Mən də 22 yaşında cavan oğlan, düşündüm ki, yəqin yaxşı oynayıram, uğurlu gələcəyim var. Elə bu vaxt arxadan müəllimimin səsi gəldi. Dedi ki, İntiqam, səni biabır olasan, şalvarın düşüb, xəbərin yoxdur. 
...Qırmızı güllü alt paltarım da bir gözəl mənzərə yaradıb ki, gəl görəsən...(gülür) Səhnədə “qulluqçuma” dedim, sən görmürsən Ağanın şalvarı düşüb, evdə qonaq var, bunu ağa qaldırmalıdır? Qaldırdı, amma nə qədər əlləşdisə də, bağlaya bilmədi. (Axı o hardan bilsin, mənim şalvarım necə bağlanır) Bu mənzərəyə zaldakılar daha da güldülər. Bunun da başına bir qapaz vurdum ki, səni dəyişəcəm, səndən qulluqçu olmaz... Özüm bağladım. Bax belə, orda vəziyyətdən çıxdım”. 

“Elə vaxt olub ki, paralel olaraq 4 yerdə işləmişəm”

İlk dəfə 8-ci sinifdə oxuyanda kolxozda pomidor sahəsinin gözətçisi olub.  İlk maaşı 70 manat olub. Deyir ki, o pulu heç vaxt əlinə almayıb: Kassir pulu gətirəndə, “apar anama ver” deyirdim. Əsgərlikdən gələndən sonra Ordubad Xalq Teatrında geyim sexində - qarderobda işləmişəm. Hər gün o paltarlara üzümü sürtürdüm, qoxulayırdım. Bütün günü o otaqdan çıxmırdım, dərslərimi də orda hazırlayırdım. Universitetin qapısını tanımırdım, amma orda oxuyan tanışların kurs işlərini yazırdım. Ondan sonra instituta daxil oldum. 
Elə vaxt olub ki, paralel olaraq 4 yerdə işləmişəm. Tədris teatrında işləyirdim, 129 saylı məktəbdə dram dərnəyinin rəhbəri idim. Gecələr isə vağzalda yük daşımışam. 129 saylı məktəbdə uşaqlarla işləyə-işləyə “Körpəm” Eksperimental Uşaq Teatrının əsasını qoydum və  indi rəhbəri olduğum Bakı Uşaq Teatrı həmin teatrın bazasında yaradıldı”. 

Könül Əhmədova

 

Xəbər xətti