Korrupsiyaya qarşı ciddi mübarizə aparılır

18:17 - 18 Yanvar 2018 - KİVDF

Bu sahədə milli dövlətçilik ənənələrinə və müvafiq dünya standartlarının tələblərinə cavab verən qanunvericilik bazası formalaşdırılıb

 Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” və “Korrupsiya ilə əlaqədar mülki məsuliyyət haqqında” konvensiyalarına, Birləşmiş Millətlər Təşkilatının “Korrupsiyaya qarşı” Konvensiyasına qoşulan ölkəmizdə milli dövlətçilik ənənələrinə və müvafiq dünya standartlarının tələblərinə cavab verən qanunvericilik bazası formalaşdırılıb, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə bir sıra əlavə və dəyişikliklər edilməklə yanaşı, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlar və digər normativ-hüquqi aktlar qəbul edilib. Bu qanun korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlib. Qanun, habelə dövlət orqanlarına əhalinin etimadının möhkəmləndirilməsi, peşəkar kadrların dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında qulluğa girməyə həvəsləndirilməsi, həmin şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozma törətməsini istisna edən şəraitin yaradılması məqsədini daşıyır. Bundan başqa, korrupsiyaya qarşı mübarizənin müntəzəmliyinin və onun həyata keçirilməsinə məsul olan qurumların konkret vəzifələrinin müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006- cı illər)”, “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planının təsdiq olunub. “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın qəbul edilməsi şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasının prioritet istiqamətlər kimi müəyyən edilməsində böyük rol oynayıb. Bu sənəd korrupsiyaya qarşı mübarizə aparan ixtisaslaşmış qurumların fəaliyyətini daha da təkmilləşdirib, vətəndaş cəmiyyətinin üzvləri ilə səmərəli əməkdaşlıq əlaqələri qurulmasında böyük rol oynayıb . Hüquqi dövlət quruculuğy sahəsində önəmli rol oynayan Milli Strategiyanın məqsədi korrupsiya ilə mübarizə sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətində şəffaflığın artırılması və bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsindən ibarət olub. “Dövlət idarəetməsində şəffaflığın təmin edilməsi məqsədi ilə dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi, vəzifədə irəli çəkilmə üçün şəffaf prosedurların tətbiq edilməsi, daxili təhlükəsizlik və daxili nəzarət (audit) qurumlarının yaradılması və məvaciblərin mərhələli artırılması üçün zəruri olan bütün normativ-hüquqi aktlar qəbul olunmaqla təşkilati tədbirlərin həyata keçirilməsi prosesinə başlanıb. Korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan olan Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının təsis edilməsinin əhəmiyyəti xüsusi vurğulanmalıdır. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanununun 4.2-ci maddəsinə müvafiq olaraq 03 may 2005-ci il tarixdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya 15 nəfər üzvdən ibarət olmaqla təşkil edilib və əsasnaməsi təsdiq edilməklə fəaliyyətə başlayıb. Komissiyanın 5 üzvü Azərbaycan Respublikası Prezidenti, 5 üzvü Milli Məclis, 5 üzvü isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilib.

Fəaliyyətə başladığı andan qısa müddət ərzində Komissiya tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılması, bu sahədə dövlət orqanlarının və digər qurumların fəaliyyətinin əlaqələndirilməsi, korrupsiyaya qarşı mübarizənin vəziyyətinin və səmərəliliyinin təhlil edilməsi, korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramlarının icrasına nəzarətin həyata keçirilməsi, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların toplanması, təhlil edilməsi, ümumiləşdirməsi və müvafiq dövlət orqanlarına təkliflərin verilməsi, habelə korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları və digər qurumlarla əməkdaşlıq sahələrində mühüm nailiyyətlər əldə edilib.  Baş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yaradılması da bu sahədə ciddi dönüş yaradıb. Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov bu barədə deyib: “Azərbaycan Respublikasının BMT-nin "Korrupsiya əleyhinə" Konvensiyasına qoşulması ilə əlaqədar üzərinə götürdüyü öhdəliklərə müvafiq olaraq 2004-cü ildən yaradılan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi fəaliyyətə başladığı andan mütəşəkkil cinayətklarlığın ən təhlükəli təzahürlərindən bu sosial hadisəyə qarşı kəskin və barışmaz mövqeyini nümayiş etdirməkdədir. Korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılması funksiyasını yerinə yetirən Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyası ilə fəaliyyətini uğurla əlaqələndirən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi fəaliyyətinin kəsərini ildən-ilə daha da artırıb, qurumun göstəriciləri və potensialı yüksələn xətlə inkişaf edib. Korrupsiyaya məruz qalan sahələrin aşkar edilməsi, xarakterik korrupsiya hüquqpozmalarının müəyyən edilməsi, onları doğuran səbəb və şəraitin aradan qaldırlması və belə pozuntuların baş verməməsi üçün konkret təklifləri özündə əks etdirən çoxsaylı preventiv təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib

Korrupsiyaya qarşı mübarizədə vətəndaşlar üçün ayrı-ayrı sahələr üzrə bələdçilər, maarifləndirmə nəşrləri hazırlanıb. Eyni zamanda, müxtəlif kateqoriyadan olan korrupsiya cinayətlərinin istintaqına dair metodik tövsiyələr və müxtəlif kitablar buraxılıb, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən uğurlu siyasəti və onun nəticələrini əks etdirən və müxtəlif dillərdə hazırlanmış nəşrlərin beynəlxalq tədbirlərdə yayılması təmin edilib. İstintaq olunan və tamamlanaraq məhkəməyə göndərilən işlərin sayı əhəmiyyətli dərəcədə artıb, vurulmuş ziyanın ödəmə məbləğində əhəmiyyətli artım müşaiyət olunmaqdadır. Artıq beynəlxalq təşkilatlar tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumun Azərbaycan modeli müsbət qəbul edilməklə bir nümunə kimi təqdim olunur”.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev isə bildirib ki, ölkəmizdə də korrupsiyaya qarşı mübarizə sahəsində çox böyük təcrübə qazanılıb, Azərbaycan Prezidentinin Sərəncamı ilə mühüm qurumların yaradılıb. Akademik Ramiz Mehdiyev bu qurumlar arasında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, dünyada nadir təcrübə olan “ASAN xidmət”in əhəmiyyətini xüsusi vurğulayıb. Prezident Administrasiyasının rəhbəri respublikamızda korrupsiyaya qarşı güclü mübarizə sisteminin yaradıldığını bildirib. Qeyd edək ki,dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” mərkəzləri korrupsiyaya qarşı mübarizə sahəsində uğurlu formul nümunəsinə çevrilib. “ASAN xidmət” məhz Azərbaycan brendi kimi dünyada ad çıxarıb, bir sıra ölkələrdə bu mütərəqqi təcrübənin tətbiq edilməsi müzakirə mövzusuna çevrilib. Bu xidmət korrupsiya hallarını tam istisna edir və vətəndaşların dövlət qurumlarına etimadını artırır.“ASAN xidmət” mərkəzlərində on dövlət orqanının səlahiyyətlərinə uyğun olaraq, vətəndaşlara funksional yardımçı xidmətlər də təklif edilir. Həmçinin mərkəzlərdə sosial layihələr də həyata keçirilir. “Vətəndaş həmişə haqlıdır” prinsipinin əsas meyar kimi götürüldüyü “ASAN xidmət” modeli artıq bir neçə ölkədə tətbiq olunmağa başlayıb.

Xəbər xətti