Ana səhifə
22 Oktyabr 2018

“Reketçiliklə qazanılan pulla ailə saxlamaq dünyanın ən şərəfsiz işidir”

Elşad Eyvazlı: “Qanunvericiliyə görə, internet resursları, hətta saytlar belə KİV hesab olunmur”
Rəşad Məcid: “O cür saytların çoxu xaricdə fəaliyyət göstərdiyi üçün bunların tənzimlənməsi çətindir”

Heç bir əlaqə vasitəsi və ünvanı olmayan, kimə məxsusluğu bilinməyən saytların sayı günü-gündən artmaqda davam edir. Say çoxaldığı üçün artıq nəzarət imkanları da azalır. O cür saytlarda dövlət əleyhinə, yayılmasına icazə verilməyən, insan şəxsiyyətini və mənəviyyatını təhqir edən məlumatlar yayımlana bilər. Bəs bunlara nəzarət mexanimi necə olmalıdır? Bu cür saytların yaranması və yayılmasına qarşı mübarizə aparmağa ehtiyac varmı? Məsələnin vacibliyini və aktuallığını nəzərə alaraq araşdırma apardıq.

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən Modern.az saytının baş redaktoru Elşad Eyvazlı bildirdi ki, bu, təkcə Azərbaycanın deyil, bütün dünyanın problemidir. Yəni, düşünək ki, əgər bu problem bizim ölkədə varsa, deməli, digər ölkələrdə də var: “Amma burada yanaşmalarda fərqlilik mövcuddur. Təbii ki, bu gün Azərbaycanda qanunvericilikdə belə bir məsələ var ki, dövlət sirri hesab olunan, yaxud kiminsə şərəf və ləyaqətinə toxunan, icazəsiz məlumat yayanlar məsuliyyət daşıyırlar. Və İnzibati Xətalar Məcəlləsində bunların konkret cəzaları var. Amma təəssüf ki, bu gün sayt yaradanlar bunları nəzərə almırlar. Ya bunların məsələdən məlumatları yoxdur, ya da humanistlik şəraitində istənilən addımı atıb, istədikləri işi görə biləcəklərini düşünürlər”.

E.Eyvazlının sözlərinə görə, digər ölkələrlə müqayisədə Azərbaycanda bu sahə vəziyyət ümumiyyətlə bərbaddır: “Bu, onunla bağlıdır ki, 15-20 il əvvəl “reket jurnalistlər” hərəsi bir qəzet açıb, ayda bir qəzet çıxarırdılar. Və bununla özlərini gündəmdə saxlayır, dolanışıqlarını düzəldirdilər. Amma indi belə jurnalistlər kütləvi şəkildə internet mediasına axın ediblər. Artıq adı, soyadı, əlaqə vasitəsi, ünvanı, e-mail-i olmayan saytlar ortaya çıxır. Bunun qarşısını almaq isə çox çətindir. Sadəcə başqa bir məsələ var ki, formalar artıq iki-üç il əvvəlki ilə müqayisədə mənim gördüyüm qədər sadələşib. İnsanlar artıq görür ki, bu ciddi işlə, jurnalistika ilə məşğul deyil. Jurnalistika deyəndə burada yalnız yazılı, çap, yaxud da, internet mediası deyil, sosial şəbəkə istifadəçiləri də nəzərdə tutulur. Çünki artıq onlar da jurnalist hesab olunurlar. Amma görəndə ki, yalan yazırlar, insanların şərəf və ləyaqətinə toxunurlar, bu zaman onlar insanlar və cəmiyyət tərəfindən qəbul olunmur”.
Baş redaktor qeyd etdi ki, burada başqa bir məsələ də var: “Kütləvi İnformasiya Vasitələri haqqında” qanun var. Bu qanunvericiliyə görə, internet resursları, hətta saytlar belə KİV hesab olunmur. Qanunu pozanlara şamil olunan cəza növləri artıq internet mediasında çalışanlara şamil olunmur. Biz çalışmalıyıq ki, Mətbuat Şurasının (MŞ) səlahiyyəti artsın. Bundan əlavə, internet mediasının KİV hesab olunması ilə bağlı qanunvericilikdə tamamilə dəyişiklik olunsun. Bu məsələ həllini tapdıqdan sonra hər hansı bir qəzetdə kiminsə şərəf və ləyaqətinə toxunan məsələlər olduqda, o, cinayət məsuliyyətinə cəlb edilirdisə, demək ki, artıq sosial şəbəkə, yaxud internet mediasında da bu kimi xoşagəlməz hallar baş verəndə cinayət məsuliyyətinə cəlb olunacaq. Hər halda bütün jurnalistlər bu məsələlərə qarşı ciddi olmalı, sıx şəkildə birləşib mübarizə aparmalıyıq. Əks halda, bunların sayı günü-gündən o qədər çoxalır ki, ciddi media bunların içində görünməz olur”.
E.Eyvazlı vurğuladı ki, saytların yaradılması prosesinin çətinləşdirilməsinin tərəfdarı deyil: “Amma indiki şəkildə hər kəsin bir sayt yaradıb, istədiyi kimi xoşagəlməz işlərlə məşğul olmasının da tərəfində deyiləm. Bu gün insanların özündə bir yanaşma, təhsil olmalıdır. Hər şeyin başı təhsillə bağlıdır. Əgər adam təhsilli olarsa, biləcək ki, mənasız işlə məşğuldur. Hətta reketçiliklə qazanılan pulla ailə saxlamağın özü dünyanın ən şərəfsiz işidir. Bunu düşünən adam olsa, o işlə məşğul olmayacaq. Amma təhsili, savadı yoxdursa adam ən axırıncı yollarla bunu edəcək. Amma indiki şəkildə saytların yaradılmasının ən asan yollarla olmasının da tərəfdarı deyiləm. Düşünürəm ki, bunun üçün hər hansı bir inzibati metod olmasa belə yüngül bir süzgəc olmalıdır”. 

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid məlumat verdi ki, yeni şərait və bir sıra məqamlar heç qanunla da tənzimlənmir. Onun sözlərinə görə, son vaxtlar yeni internet medianın yaranması ilə bağlı “KİV haqqında” qanuna da müəyyən əlavələr təklif olunub, dəyişikliklər edilib: “Çox sürətli proseslər gedir. Bu səbəbdən də, bunun qarşılığında məsuliyyət daşınılmalı, buna qarşı necə mübarizə aparılmasının yolları tapılmalıdır. Elə fikirləşirəm ki, bu, təkcə bizim ölkədə yox, bütün dünyada yaranan prosesdir. Fikrimcə, zaman keçdikcə bunun hüquqi tənzimlənməsi həyata keçiriləcək. Hansısa məsuliyyət daşınılması ilə bağlı qəraralar qəbul olunacaq. Əlbəttə, bu məsələ Mətbuat Şurasını da narahat edir, dəfələrlə müzakirələr aparılıb. Vaxtilə reket mətbuat var idi, amma heç olmasa KİV qeydiyyatından keçirdi. Hazırda qeydiyyatdan keçməyən saytlar var. İkincisi, ümumiyyətlə sosial şəbəkələrdə naməlum profillərlə istənilən insanları təhqir edən məqamlar da baş verir. Ona görə də, hazırda bütün bunların qanunla tənzimlənməsi  müvafiq qurumlar tərəfindən düşünülür. Yəqin ki,  hansısa bir uyğun qərar qəbul olunacaq”.
Bu tipli saytlar və sosial şəbəkələrdə profillərin qarşısına çıxdığını deyən  R.Məcid əlavə etdi ki, saytların yaradılması dedikdə, bunun bir qanunu, resepti yoxdur, yeni şəraitdir: “O cür saytların çoxu xaricdə fəaliyyət göstərdiyi üçün bunların tənzimlənməsi çətindir. Yeni informasiya texnologiyaları sürətlə inkişaf edir. Bunun hansı yolla tənzimlənməsi, təkcə hüquqi qərar çıxarmaqla olmur. Bunun tətbiq olunması məsələsi də var. Düşünürəm ki, bütün bu işlərin həyata keçirilməsi zaman istəyir. Zaman keçdikcə bunların məsuliyyət məsələsi həll olunacaq”.

Könül Əhmədova 

Tarix
17 Yanvar 2018 [16:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin