BNA daha bir paytaxt küçəsi üzrə təkliflər hazırlayıb - VİDEO

15:27 - 17 Yanvar 2018 - Xəbər

Bakı Nəqliyyat Agentliyinin (BNA) mütəxəssisləri Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yol hərəkətinin təşkili ilə bağlı təhlillər aparıblar.

"Ucnoqta.az" xəbər verir ki, bu barədə “Report”a BNA-nın sektor müdiri Mais Ağayev məlumat verib.

Məlumata görə, qeyd edilən küçədə yol infrastrukturunun daha da təkmilləşdirilməsi və zəruri şəraitin yaradılması üçün bir sıra nəqliyyat tədbirlərinin görülməsinin vacib olduğu müəyyənləşdirilib.

Müəyyən edilən nöqsanlar sırasında küçə boyunca yolun sağ və sol tərəfində iaşə obyektlərinin mövcud olması səbəbindən yol kənarında nəqliyyat vasitələrinin qanunsuz park edilməsi, 9 marşrut xəttinin keçməsinə baxmayaraq, küçə boyunca dayanacaq məntəqələri və yol nişanlama xətləri standartlara uyğun təşkil edilməməsi və yolun asfalt-beton örtüyü yarasız vəziyyətdə olduğundan həmin ərazidə mütəmadi olaraq tıxac və insan tələfatı ilə nəticələnən yol nəqliyyat hadisələri baş verməsi var.

S.Qocayev küçəsində yol hərəkətinin səmərəli təşkili və təhlükəsizliyin artırılması, piyadaların rahatlığının təmin edilməsi məqsədilə sözügedən küçədə yol nişanlanma xətlərinin çəkilməsi, çatışmayan yol nişanlarının quraşdırılması, Şamil Kamilov küçəsi ilə kəsişmədə yeni svetofor obyektlərinin quraşdırılması (buna uyğun olaraq svetofor fazalarının müəyyən edilməsi), piyada keçidləri, pandusların və avtobus dayanacaq məntəqələrinin standartlara uyğun quraşdırılması barədə təkliflər hazırlanıb.

 

Xəbər xətti