Uşaqların gələcəyini korlayan bayağı mahnılar

13:03 - 17 Yanvar 2018 - Cəmiyyət

Cavid İmamoğlu: “Musiqinin sözlərindən təsirlənib intihar həddinə çatan gənclərimiz var”
Aydan Talıbova: “Kimsə bayağı musiqiyə qulaq asdı deyə onu özümüzdən kənarlaşdırmamalıyıq”

İndiki dövrdə gəncləri qınayırlar ki, teatrlara getmirlər, korifey sənətkarlarımıza və ciddi musiqilərə deyil, bayağı musiqilərə qulaq asırlar. Və keyfiyyətli musiqi ilə bayağı musiqi arasında o qədər də fərq qoymaya bilirlər.
Bu kimi yanaşmalar gənclərin yaşlı nəslin nümayəndələri tərəfindən qınaq obyektinə çevrilməsinə səbəb olur. Gənclərin zövqü isə uşaq yaşlarından düzgün formalaşdırılmalıdır. Bu isə o deməkdir ki, burada əsas iş valideynlərin üzərinə düşür. Bəs görəsən, uşaqların zövqünü necə formalaşdırmaq lazımdır ki, sonradan bu cür problemlərlə qarşılaşmasınlar?


Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən sosioloq Cavid İmamoğlu bildirdi ki, ilk öncə gərək valideynlərin özlərinin zövqü olsun: “Təbii ki, uşaqların və gənclərin musiqi zövqləri birbaşa onlara qayğı göstərən şəxslərdən - valideynlər, məktəbdəki müəllimlər və ətrafdakı sosial ünsiyyət dairəsindən asılıdır. Uşaqların həyati zövqlərinin formalaşdırılması və bu zövqlərdən faydalanmağın yollarının onlara öyrədilməsi birbaşa valideynlərin üzərinə düşən vəzifədir. Bura əyləncə, asudə vaxtın təşkili, o cümlədən, musiqiyə qulaq asmaq və musiqidən zövq almaq bacarığı daxildir. Əgər bu bacarıqlar valideynlərdən övladlara ötürülməzsə, uşaqlar onların yaşı artdıqca - yeniyetməlikdən gəncliyə keçdikcə, musiqinin nəyə xidmət etdiyini, onların inkişafında hansı rol oynadığını başa düşməyəcəklər. Və uşaq nəticədə zövqsüz, indiki halda insanın inkişafına gətirib çıxarmayacaq musiqilərin arxasınca gedəcək. Ona görə də, ilk növbədə valideynlərin özləri bacarıqlı olmalı, başa düşməlidirlər ki, övladlarının musiqi zövqü onların inkişafında son dərəcə vacib bir məsələdir. Bəzən musiqi, melodiya, hansısa bir söz insanın emosional inkişafına və yaxud da əskinə, insanın emosional cəhətdən depressiyaya düşüb, ümidsiz qalmasına gətirib çıxara bilər. Ona  görə də valideynlər övladlarına onların həyatında musiqinin rolunu və yerini anlatsalar, doğru-düzgün istiqamətləndirmiş olarlar”. 

Uşaqların inkişafında musiqinin əhəmiyyətli bir yer tutduğunu deyən Cavid İmamoğlunun sözlərinə görə, musiqinin sözlərindən təsirlənərək aqressivləşib özünə qapanan, ətrafla münasibətini kəsən və hətta intihar həddinə qədər çatan gənclərimiz var: “Yaxud əksinə, hansısa bir musiqidən zövq alıb idmanla məşğul olan, dərslərini yaxşı oxuyan, düzgün şəkildə rəftar və tərbiyə qaydalarına əməl edən insanlar da az deyil. Bu gün Azərbaycan musiqi bazarında kifayət qədər yaxşı və pis, yəni, zövqlü və zövqsüz musiqilər var. Təbii ki, burada seçim bizə aiddir. Musiqini seçəndə kriteriyamız olmalıdır, insanın şəxsiyyətinə, mənəvi və psixoloji inkişafına nələrin təsir etdiyinə fikir vermək lazımdır. İnsana müsbət təsir edən, onun mənəvi keyfiyyətinin artırılmasına, emosional stabilliyinə şərait yaradan və ona aramlıq verən bütün musiqilər dəstəklənməli, insanı özündən çıxaran, özünü adekvat olmaqdan məhrum edən musiqiləri uzaqlaşdırmalıdır”.

Uşaq psixoloqu Aydan Talıbova bildirdi ki, uşaqların musiqi seçimində valideynlər öz təsirini göstərsələr də, onların fikirlərinin tam olaraq dəyişdirilməsinə təsir edə bilməzlər: “Ona görə də uşağı kiçik yaşlarından formalaşdırmaq lazımdır. Uşaqlar daha çox ətrafından və valideynlərindən götürür. Ona görə də burada ilk öncə məsuliyyət valideynin üzərinə düşür. Sosial şəbəkələrdə uşaqlarını xarici musiqi sədaları altında rəqs edərkən, mahnı oxuyarkən videosunu çəkib paylaşan valideynlərlə də rastlaşırıq. Bu da uşaqların zövqündə həmin musiqilərə yönəliklik yaradır. Valideynlər uşaqların musiqi seçimində dəstək ola bilər, amma tam şəkildə yönləndirə bilməzlər. Valideyn mühitini doğru-düzgün tənzimləmək lazımdır ki, uşaqların da seçimi bu istiqamətdən düzgün olsun. Bəzi gənclərimiz var ki, muğamı sevirlər, hətta ifa da edirlər. Çünki onlar evdə ata-ana, baba-nənənin daha çox bu musiqilərə qulaq asdığını görürlər. Bir deyim var, “Uşağı hansı sədalar altında böyütsən, o sədalara daha çox yönəlir”. Yəni, uşaq evdə hansı təsir altında böyüdülürsə, o tərəfə də istiqamətlənəcək. Uşaqların seçiminə ancaq bu tərəfdən, yəni, sözlə deyil,  davranışsal və emosional olaraq təsir etmək olar. Belə ki, uşaqlara “bu mahnıya deyil, başqasına qulaq as” - desək uşaqlar buna əməl etməyəcəklər. Onları uşaq yaşlarından etibarən  kənar təsirlər göstərərək istiqamətləndirə bilərik”. 
A.Talıbova əlavə etdi ki, əslində o cür musiqilərə qulaq asmaq o qədər də böyük bir qəbahət deyil: “Hər kəs onu dinləyə bilər. Musiqi dinləyərkən, kimisinə musiqinin sözləri, kimisinə isə musiqinin  özü daha çox xoş gəlir deyə ona yönəlir. Kimsə bayağı musiqiyə qulaq asdı deyə onu özümüzdən kənarlaşdırmamalıyıq. Burada tam olaraq valideyni günahlandıra bilmərik, çünki valideyn də özü uşaq ikən hansısa təsirlər altında böyüyə və elə musiqilərə yönələ bilər. Bu nəsildən-nəsilə ötürülür. İşlədiyim uşaqlar arasında elələri var ki, valideyn başqa bir musiqi təsiri altındadır, amma uşaq tamam başqa formadadır. Uşağa təsir göstərən başqa təsir yerləri - ətrafında olan dostları, rəfiqələri və digər insanlar ola bilər. Ona görə də, insanın daxili dünyası nəyə uyğun gəlirsə, daha çox o tərəfə yönəlir. Misal üçün, mənim daxili dünyam türk musiqilərinə uyğun gəlirsə və kimsə mənə rus musiqilərini dinlətməyə çalışsa da, mən heç vaxt onu dinləyə bilmərəm”. 
Psixoloq əlavə etdi ki, əgər valideyn uşağının xarici musiqilər dinləməsini istəmirsə, uşaq yaşlarından onu azəri musiqilərinin təsiri altında böyüdə bilər: “Burda bir nüansı da qeyd etmək lazımdır. Biz niyə həmişə deyirik ki, uşaqlarımızı diqqətdən kənar saxlamamalıyıq? Çünki uşaqlara kiçik yaşlarından telefonlar alınır. İstədikləri musiqi proqramlarını və musiqini smartfonlarına yükləyirlər. Belə olan halda valideyn övladı ilə maraqlanmalı, uşağın qulaq asdığı musiqilərdə nələri bəyəndiyini, həmin musiqilərdə diqqətini nələrin cəlb etdiyini öyrənməlidir. Bu, çox vacib məsələdir. Elə insan var ki, müğənninin özünü sevdiyi üçün onun mahnısına qulaq asır, elə insan da var ki, mahnını sevir deyə, müğənniyə qulaq asır. Ona görə də, biz övladlarımızı daha çox o seçimi edərkən “bu pisdir, buna qulaq asma” deməməli, bunun izahatını verməliyik. Uşaqlarımıza yaxın olaraq, onların daxili dünyasını öyrənə bilərik”. 

Könül Əhmədova

Xəbər xətti