Bibiheybət qəsəbə nümayəndəliyi hesabat verdi

14:11 - 16 Yanvar 2018 - Xəbər

Paytaxtın qədim yaşayış məntəqələrindən olan Bibiheybət qəsəbəsində Səbail rayon İcra Hakimiyyəti başçısının Bibiheybət qəsəbə nümayəndəliyinin 2017-ci ilin yekunlarına həsr olunmuş illik hesabat yığıncağı keçirilib.

Rayon rəhbərliyi, təsərrüfat xidmətlərinin nümayəndələrinin və qəsəbə sakinlərinin iştirakı ilə keçirilən toplantıda 2017-ci il ərzində Bibiheybətdə həyata keçirilən işlərə yekun vurulmuş, qarşıda duran vəzifələr müzakirə olunaraq növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilib.

Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının Bibiheybət qəsəbəsi üzrə nümayəndəsi Şahin Ağayev bildirib ki, qəsəbədə hazırda 2335 nəfər əhali yaşayır, burada həmçinin 370 nəfər məcburi köçkün məskunlaşıb.
Bildirildi ki, ötən il Salyan yolu küçəsi boyunca dağılmış istinad divarları bərpa edilib, yolun kənarına bordürlar düzülüb, buradakı obyektlərin hasarları və istinad divarları təmir olunaraq yeni üslubda qurulub. Qəsəbədə işıq dirəkləri dəyişdirilib, hasar və divarlar rənglənmiş, yararsız vəziyyətə düşmüş 120 p/m kanalizasiya xətti yenilənib, sakinlərin müraciətləri nəzərə alaraq əczaxana təmir olunub, Namiq Quliyev kücəsinə, Şıx massivində məhəllədaxili yolların bir hissəsinə 4.000 kv.m.asfalt örtüyü salınıb.
RİH tərəfindən «Dostluq parkı»ndan Lökbatan dairəsinə kimi ərazidə yaşıllaşdırma işləri aparılmış və yaşıllıqlara qulluq göstərilib.
Qəsəbə nümayəndəliyinin inzibati binası təmir olunmuş, qəsəbənin girişində yeni yükləyici terminal quraşdırılıb. Qəsəbə nümayəndəliyi tərəfindən qəsəbədə, həmçinin  «Dostluq parkı» və «Şıx» sanatoriyası ərazisində gündəlik təmizlik və abadlıq işləri aparılır, nümayəndəlik tərəfindən gündəlik iş prosesində ev təsərrüfatları uçotu kitablarındakı məlumatların yenilənməsi işləri davam etdirilib.
RİH tərəfindən «Şıx» yamacında yaradılan «Ekoloji park»dakı işlərə gündəlik nəzarət olunur, burada əkilən ağacların damcı üsulu ilə suvarılması və onlara qulluq göstərilməsi nəzarətdə saxlanılır. 

Ötən ildə müxtəlif bayramlara əlaqədar qəsəbə Mədəniyyət evi və 50 №-li orta məktəb kollektivləri tərəfindən müxtəlif ədəbi-bədii tədbirlər təşkil olunub.  
Yığıncaqda çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev Azərbaycan Respublikası Prezidenti cənab İlham  Əliyev tərəfindən Bakı şəhərininə göstərilən diqqət və qayğıdan, gələcəkdə Səbail rayonu və onun qəsəbələrinin  daha da abadlaşdırılması, burada sakinlər və şəhərimizin çoxsaylı qonaqları üçün hər cür şəraitin yaradılması üçün görülməli olan işlərdən danışmışdır. Eldar Ağayev 2017-ci ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermiş, qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən  Səbail rayonunda bir sıra mühüm layihələr həyata keçirilir və paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcəkdir. Bidirilmişdir ki, RİH tərəfindən rayonun qəsəbə və yaşayış məntəqələrində  məhəllələr   abadlaşdırılacaq, qəsəbədaxili yolların təmiri, su və kanalizasiya sistemləri yenidən qurulması, qəsəbədaxili küçələrin asfaltlaşdırılması və işaqlandırılması ilə bağlı tədbirlər görüləcək.
Yığıncaqlarda mövcud problemlərdən danışılmış,  sakinləri maraqlandıran suallar cavablandırılıb, bir sıra müraciətlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib. 

Elmin


Xəbər xətti