Məhkəmələrin müstəqil fəaliyyət göstərməsi üçün kifayət qədər hüquqi baza mövcuddur

18:17 - 16 Yanvar 2018 - KİVDF

Məhkəmələrin müstəqilliyinin təminatı Konstitusiyada, "Məhkəmələr və hakimlər haqqında" qanunda, digər qanunvericilik aktlarında geniş şəkildə öz əksini tapıb

Güclü Azərbaycan dövləti yaratmaq üçün başlıca amil sabitlik və əmin-amanlıqdır. Yalnız ictimai asayişin bərqərar olduğu cəmiyyətdə inkişaf mümkündür. Buna görə də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə əsaslı islahatlar davam etdirilərək qanun yaradıcılığı sahəsində ciddi nailiyyətlər əldə olundu. Ümummilli lider Heydər Əliyev hələ 1994-cü ildə “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında” fərmanı imzaladı. Bu fərman isə müvafiq sahədə fəaliyyətin təşkilati-hüquqi bazasının və gələcək uğurların möhkəm təməlini qoydu. Məhz ümummilli liderimizin rəhbərliyi ilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının qısa müddətdə həyata keçirdikləri qətiyyətli tədbirlər nəticəsində vətəndaş müharibəsi təhlükəsi aradan qaldırlıldı, kriminogen durum tam nəzarətə götürüldü, ölkəmizdə sabitlik bərpa  olundu. Vətəndaşlarımızın təhlükəsiz şəkildə yaşamaları üçün lazım olan şərait yarandı, onların dövlətə, hüquq-mühafizə orqanlarına inamı daha da artdı..  Çox keçmədi “Prokurorluq haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanun qüvvəyə mindi. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanun əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimlədi və əməliyyat-axtarış tədbirlərinin tətbiqində hüquqi təminatlar sistemini müəyyən etdi. Dövlət quruculuğu istiqamətində atılan addımlardan biri də "Məhkəmələr və hakimlər haqqında" yeni Qanunun qəbul idi. Həmin qanunun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər haqqında proqram xarakterli Fərman imzalandı və ölkəmizdə məhkəmə quruluşunun və məhkəmə icraatının mahiyyətcə yeni modelinin bərqərar edilməsi prosesinə başlanıldı. Bu barədə Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov deyib: “Ədalət mühakiməsinin həyata keçirilməsinin hüquqi əsaslarının ilk öncə İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə, Mülki və Siyasi hüquqlar haqqında beynəlxalq paktlarda, və həmçinin, İnsan hüquqları və azadlıqları haqqında Avropa Konvensiyasında və yeni Konstitusiyamızda yer almış prinsip və normalara uyğunlaşdırılması bu prosesin vacib tərkib hissəsi idi.

Dahi öndərin rəhbərliyi ilə aparılmış köklü məhkəmə-hüquq islahatları nəticəsində keçmiş sovet məhkəmə sistemi ləğv edilərək 2000-ci ildən yeni, üçpilləli müstəqil məhkəmə sistemi yaradıldı. Bu sistemin üstünlüyü ondan ibarətdir ki, o, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə, həmçinin məhkəmə qərarlarından şikayət vermək hüququna təminat verir, işlərə birinci instansiya qaydasında baxılmasına, bundan sonra onların hüquqa və fakta görə apellyasiya qaydasında yoxlanılmasına, daha sonra isə məhkəmə qərarlarına hüquqa görə kassasiya qaydasında yenidən baxılmasına imkan verir. Bu isə öz növbəsində birinci instansiya məhkəməsinin buraxdığı səhvlərin yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasına, işlərin mahiyyətcə və prosessual baxımdan düzgün və obyektiv həll edilməsinə zəmin yaradır”.

Onun sözlərinə görə, islahatların gedişində Ali Məhkəmənin də funksiya və səlahiyyətlərinə yenidən baxıldı və o, ümumi və ixtisaslaşmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə sırf kassasiya instansiyası məhkəməsinə çevrildi və beləliklə, aşağı məhkəmələrin qərarlarına nəzarət etməkdən, işlərə birinci instansiya məhkəməsi kimi baxmaqdan azad olundu. “Bu zaman məqsəd ondan ibarət idi ki, ali instansiya məhkəməsinin rolu, alimlərin təbirincə desək, artıq baş tutmuş ədalət mühakiməsinə müdaxilədən daha çox hüquqtətbiqi mövqelərinin yaradılması, məhkəmə təcrübəsinin stabilləşdirilməsi kimi mühüm məsələlərə yönəldilsin və bu məhkəmə yalnız qəbul edilmiş qərarlara qiymət versin”.
Qeyd olunmalıdır ki, Azərbaycan postsovet məkanında qətimkan tədbiri kimi həbsin seçilməsi səlahiyyətini məhkəməyə verən və bununla da "Habeas Corpus" prinsipini tətbiq edən ilk dövlətlərdən oldu. “Bu islahatın fəlsəfəsi ondan ibarət idi ki, insanın ən mühüm hüquqlarını məhdudlaşdıran tədbirlər cinayət təqibi orqanı tərəfindən deyil, müstəqil məhkəmə tərəfindən seçilsin, həbsə məruz qalan şəxsin hüquqlarının real müdafiəsi, eyni zamanda həmin sahədə cinayət təqibi orqanının fəaliyyətinə məhkəmə nəzarəti təmin olunsun.
Bunun davamı olaraq, insan haqlarını məhdudlaşdıran digər qərarların qəbulu da məhkəmələrin səlahiyyətinə aid edildi, məhkəmə üzərində hər hansı, o cümlədən prokuror nəzarəti ləğv olunaraq, əksinə demokratik məhkəmə nəzarəti institutunun formalaşdırıldı. Bütün bunlar məhkəmə-hüquq islahatının Heydər Əliyev konsepsiyasının əsasını təşkil etməklə bu sahədə aparılan islahatların mühüm nailiyyətlərindəndir”.

Ədliyyə naziri bildirib ki, məhkəmə islahatlarının gedişində həmçinin, məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etmək üçün mənəvi cəhətdən saf, yüksək biliyə malik hakim korpusunun formalaşdırmasına böyük ehtiyac yaranmışdı. “Bu məqsədlə, 1998-ci ildə Prezident yanında məhkəmələrin təşkil edilməsi, hakim vəzifəsinə namizədlərin seçilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri öz səlahiyyətləri dairəsində həyata keçirmək vəzifələrini yerinə yetirən Məhkəmə-Hüquq Şurası təsis edildi. Başqa sözlə, bugünki, məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurasının möhkəm bünövrəsi yaradıldı.
Görülən tədbirlər nəticəsində 2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə hakim seçimi aparıldı və nəticədə hakim korpusu 60% təzələndi”.
Hüquqi islahatlar çərçivəsində həyata keçirilən tədbirlərdən biri də "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun qəbul olunması idi. Bu qanun hər bir şəxsin məhkəmə prosesində, ibtidai istintaqda və təhqiqatda öz hüquq və mənafelərinin müdafiəsini həyata keçirmək üçün seçdiyi vəkilə müraciət etməsinə, tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etməsinə, fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsinə, onlara yüksək keyfiyyətli hüquqi yardım göstərilməsinə imkan yaratdı. Bundan əlavə, qanun vəkillərin hüquqi statusunu müəyyən etdi, ittiham və müdafiə tərəflərinin hüquq bərabərliyini təmin etdi, hüquqi müdafiə üzrə konstitusion hüquqlara, məhkəmədə ədalətli araşdırma hüququna və vəkilin müstəqilliyinə təminat verdi. İnsan hüquq və azadlıqlarının təmin və polisin fəaliyyətini tənzim etmək məqsədilə hüquq mühafizə orqanları sistemində mühüm yer tutan "Polis haqqında" Qanun qəbul edildi. Qanuna görə polis ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması və onların açılması, habelə yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətlərində fəaliyyət göstərir və polisin səlahiyyətləri qanunda dəqiq müəyyən edilir. Polisin fəaliyyəti üzərində nəzarət mexanizmləri təsis edildi, polis əməkdaşlarının qanunsuz hərəkətlərindən və qərarlarından məhkəməyə müraciət etmək hüququ təsbit olundu. Penitensiar sistemdə islahatların həyata keçirilməsi üçün hüquqi və təşkilati tədbirlər həyata keçirildi. Cəzaçəkmə müəssisələri, istintaq təcridxanaları Daxili İşlər Nazirliyinin tərkibindən çıxarılaraq Ədliyyə Nazirliyinin tabeçiliyinə verildi. Bu təcrübə keçmiş SSRİ respublikaları arasında ilk dəfə Azərbaycanda tətbiq edildi. Penitensiar sistemdə aparılan islahatların məqsədi həbs olunmuş şəxslərin humanist şəraitdə saxlanılmasını təmin etmək və məhkum olunmuş şəxslər üçün müasir və mütərəqqi sistem çərçivəsində islah təsiri göstərə bilən ümumi davranış qaydalarını müəyyən etmək idi. Bununla əlaqədar olaraq, islahəmək qanunvericiliyinin beynəlxalq standartlara və demokratik cəmiyyətin prinsiplərinə uyğunlaşdırılması üçün Cəzaların İcrası Məcəlləsi hazırlanarkən BMT-nin "Məhkumların davranış qaydalarının minimum standartları", Avropa Şurası tərəfindən qəbul olunmuş" Avropa Penitensiar qaydaları" və digər beynəlxalq aktlar nəzərə alındı. Yeni qanunvericiliklə məhbusların hüquqları genişləndirilir, şəxsi təhlükəsizlik, vicdan və din azadlıqlarına təminat verilir, onların sağlamlığı, tibbi xidmət, sanitar-gigiyena məsələləri və qidalanmaları xeyli yaxşılaşdırılır, yeni iş yerləri açılır, ictimai faydalı işlə məşğul olmaq üçün imkan yaradılır və onlara bir sıra yeni imtiyazlar verilir. Penitensiar müəssisələrin islah-təsir sistemində əsaslı dəyişikliklər baş verdi. Qanun məhkum olunmuş şəxsin vəkillə senzura olmadan yazışmasına və görüşməsinə, dini etiqad azadlığına, istirahət, mətbuat vasitələrindən məlumat almaq hüququna təminat verdi.
 Bu gün inamla demək olar ki, məhkəmələrin müstəqil fəaliyyət göstərməsi üçün kifayət qədər hüquqi baza mövcuddur. Məhkəmələrin müstəqilliyinin təminatı Konstitusiyada, "Məhkəmələr və hakimlər haqqında" qanunda, digər qanunvericilik aktlarında geniş şəkildə öz əksini tapmışdır. Hakimlərin müstəqilliyinin təmin edilməsi üçün dövlət tərəfindən bütün tədbirlər görülmüşdür.

 

 

Xəbər xətti