Sabiq polis, onun atası və qardaşının məhkəməsi başlayıb

12:53 - 16 Yanvar 2018 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, qardaşı Faiq Azayev və ataları İsif Azayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
 
Təqsirləndirilən şəxslər dövlət tərəfindən təyin edilən vəkillərdən imtina ediblər və öz vəkillərinin prosesdə iştirak etməsini istəyiblər.
 
Hakim bunu nəzərə alaraq hazırlıq iclasını yanvarın 23-nə təxirə salıb.
 
Qeyd edək ki, Fərid Azayev bir qrup şəxslə 2014-cü il dekabrın 22-də Sevinc Məmmədovanı və Şəfəq Beydullayevanı oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunub.
 
Fərid Azayevə və onun qardaşı Faiq Azayevə qarşı Cinayət Məcəlləsinin (CM) 144.2.1 (iki və ya daha çox adam barəsində törədilən adam oğurluğu), 144.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilən adam oğurluğu) və 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilən seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Azayev 10 il 6 ay, Faiq Azayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Daha sonra Azayev qardaşlarının atası İsif Azayev də həbs edilib. O və oğulları CM-nin 177-ci (oğurluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilib.

Xəbər xətti