Ana səhifə
26 Sentyabr 2018

Aqrar sığorta dövlət dəstəyi ilə stimullaşdırılacaq

Vahid Məhərrəmov:Hökumət istənilən məbləğdə maliyyə vəsaiti ayıra bilər”

 

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq kənd təsərrüfatı məhsullarının istehsalçılarının əmlak mənafelərinin daha etibarlı qorunmasına şərait yaradılması məqsədilə “Kənd təsərrüfatında sığortanın dövlət dəstəyi vasitəsilə stimullaşdırılması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi hazırlanıb. Bu barədə Maliyyə naziri Samir Şərifov bildirib. Onun sözlərinə görə, bununla yanaşı, təbii fəlakətlər nəticəsində ölkə vətəndaşlarının əmlakına və dövlətə dəyə biləcək ziyandan sığortalanma mexanizmlərinin dünya təcrübəsi təhlil olunmaqla yaradılması üzrə də hazırlıq işləri davam edir.

Aqronom-alim Vahid Məhərrəmovun sözlərinə görə, cari ildə baş verən təbiət hadisələri nəticəsində kənd təsərrüfatına dəyən zərər, əsas strateji məhsulların məhsuldarlığının kəskin azalması bu sahənin sığortalanmasını bir daha aktuallaşdıb: “Uzun müddətdir hökumət bu istiqamətdə problemlərin tezliklə aradan qaldırılacağını, yeni təkliflər, sənədlər hazırlanacağını vəd etsə də bu məsələdə hələ bir yenilik yoxdu. Məsələ uzandıqca fermerlərdə, kəndlilərdə, sahibkarlarda sığorta şirkətlərinə inam da azalır”.

Onun fikrincə, bu sahədə ciddi problem mövcud qayda-qanunların yerli şəraitə uyğun olmamasından qaynaqlanır: “Mövcud olan qanunla sığorta hadisəsi baş verdikdə belə fermer özünü müdafiə edə bilməyəcək. Azərbaycanda reallıq budur ki, kim güclüdür, o da qalib gəlir. Burada söhbət maliyyə gücündən, hüquqi institutların xidmətindən yararlanmaq üstünlüyündən, qeyri formal statusdan gedir. Azərbaycan fermerlərinin hüquqi, iqtisadi bilgisi, maliyyə durumu zəifdir. Tərəflər arasında yaranan mübahisəli məsələ məhkəmə müstəvisinə çıxarılarsa onlar haqlı olduqlarını sübuta yetirə bilməyəcəklər”.

Ekspert deyir ki, ilk növbədə bu sahəni tənzimləyən qanunlarda dəyişikliklərin edilməsinə ehtiyac var: «Qanunlarımız isə mücərrəddir. Başqa ölkələrin qanunlarından tam istifadə olunduğu üçün həmin ölkələrdə mövcud olan duruma hesablanıb. Hesab edirəm ki, qanunlar və qaydalar yenidən işlənərək həm sığorta şirkətinin, həm də fermerlərin hüquqi vəzifələri, tərəflərin öhtəlikləri tam aydın şəkildə göstərilməlidir. Başqa sözlə, həmin qanunlarda nəzərdə tutulan müddəalar aydın olmalıdır ki, təbii fəlakət nəticəsində fermer dəymiş ziyanı sübut edə bilsin. Belə olarsa, fermer təsərrüfatını sığortalamaqda maraqlı olacaq. Ancaq indiki halda sığorta hadisəsi baş versə, havanın kəskin dəyişməsi, quraqlıqla bağlı olaraq təsərrüfatına ziyan dəydiyini fermer sübuta yetirməkdə ciddi çətinliklə üz-üzə qalacaq. Ona görə də bu istiqamətdə qanunlar fermer üçün tam aydın olmalıdır".

V.Məhərrəmov aqrar sahənin sığortalanması məsələsində sığorta şirkətlərinin prosesə marağının yaranmasını da vacib saydı: "Bu istiqamət üzrə də xüsusi siyasət aparılmalıdır. Bunun üçün stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir. Çalışmaq lazımdır ki, iqlim şəraitinin kəskin dəyişməsi fonunda sığorta təşkilatları da zərbə altına alınmasın. Ona görə də fermer təsərrüfatlarının sığortalanması məsələsinin müəyyən hissəsini dövlət öz üzərinə götürməlidir. Hətta Ümumdünya Ticarət Təşkilatında bu sahəyə hər hansı bir məhdudiyyət qoyulmayıb. Yəni kənd təsərrüfatının sığortalanması işinə hökumət istənilən miqdarda maliyyə vəsaiti ayıra bilər". Görünür yeni qanun layihəsində bu məsələlər nəzərə alınacaq.

 

 

Əfsun

Tarix
9 Oktyabr 2014 [13:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin