Xalq artisti Çingiz Sadıxovla vida mərasimi başlayıb

11:59 - 16 Yanvar 2018 - Mədəniyyət

 Bakıdakı “Təzəpir” məscidində tanınmış azərbaycanlı pianoçu, xalq artisti Çingiz Sadıxovla vida mərasimi başlayıb.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, vida mərasimində xalq artistinin xanımı Ceyran Sadıxova, qızları Lalə və Nərgiz Sadıxova, nəvəsi Rüstəm Sadıxov, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycanın tanınmış elm xadimləri, mədəniyyət və incəsənət nümayəndələri iştirak edir.

Xalq artisti II Fəxri xiyabanda dəfn ediləcək.

Xatırladaq ki, Çingiz Hacı oğlu Sadıxov 1929-cu il aprelin 5-də Bakıda dünyaya gəlib. İlk musiqi təhsilini paytaxtdakı Onillik musiqi məktəbində alıb. Sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Fortepiano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında oxuyub.
O, Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, 16 saylı Bakı musiqi məktəbinin direktoru, “Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və muəllimi, mədəniyyət və turizm nazirinin məsləhətçisi, Bakı Musiqi Akademiyasının professoru kimi fəaliyyət göstərib.

Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalar və başqa məşhur vokalçıları müşayiət edib.
Çingiz Sadıxov 1959-cu ildə Azərbaycanın Əməkdar artisti, 1987-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident İlham Əliyevin 2009-cu il 28 oktyabr tarixli sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Musiqiçi 1994-cü ildən Amerika Birləşmiş Ştatlarının San-Fransisko, son zamanlarda isə San-Xose şəhərlərində yaşayıb, 2017-ci il dekabrın 30-da vəfat edib.

Xəbər xətti