Əli İnsanovun kassasiya şikayəti təmin olunmayıb

11:46 - 16 Yanvar 2018 - Xəbər

Bu gün Ali Məhkəmədə həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun kassasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.  
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, şikayət təmin olunmayıb.
 
Qeyd edək ki, Qaradağ rayon Məhkəməsinin hökmünə əsasən, Əli İnsanov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.
 
Həbsdə olan Ə. İnsanov Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə ittiham olunub.
 
 
Ə. İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilib. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Ə. İnsanovun cəza müddəti 2016-cı ilin oktyabr ayında başa çatırdı.
 

Xəbər xətti