Prezidentin mənzil təminatı ilə bağlı tapşırığının icrasına başlanıldı – RƏSMİ

10:29 - 16 Yanvar 2018 - Xəbər

Həyata keçirilən iqtisadi islahatlar çərçivəsində Azərbaycan əhalisinin mənzilə sahib olmaq imkanlarının artırılması və eyni zamanda iqtisadi inkişafın dəstəklənməsi məqsədilə Prezidentin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nin də icrasına başlanılıb.
 
"Ucnoqta.az" xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondunun mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.
 
İpoteka kreditləşməsi sisteminin və ipoteka bazarının effektivliyinin təmin edilməsi Strateji yol xəritəsində prioritet istiqamətlərdən biri olaraq qeyd edilib və “Azərbaycan İpoteka Fondu" ASC əsas icraçı təşkilatlardan biri müəyyən edilib.
 
Qeyd olunanlarla əlaqədar, aidiyyəti qurumların nümayəndələri ilə birlikdə yaradılmış İşçi qrupu çərçivəsində Strateji yol xəritəsinin icrası ilə əlaqədar zəruri araşdırmalar aparılmış və bunun əsasında müvafiq təkliflər hazırlanaraq baxılması üçün aidiyyəti qurumlara təqdim edilib.
Aparılan iqtisadi islahatların davamı olaraq, ölkədə maliyyə vəsaitlərinə çıxış imkanlarını, kreditlərə təminat verilməsi mexanizmlərini yeni iqtisadi alətlərlə daha da təkmilləşdirmək, bu sahədə göstərilən xidmətlərin səviyyəsinin artırılması, əhalinin rifahının yüksəldilməsi, sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsi ilə bağlı həyata keçirilən tədbirlərin səmərəliliyini daha da yüksəltmək və sistemliliyini təmin etmək məqsədilə Prezidentin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin birləşmə formasında “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu yaradılıb.
Fond Azərbaycanda əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizminin yaradılması, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirən, habelə sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat və kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən qeyri-kommersiya hüquqi şəxs kimi yenidən təşkil edilib.
 
Fondun fəaliyyətinin təmin edilməsi məqsədilə nizamnamə kapitalının “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitallarının ümumi məbləği həddində (466,0 mln.manat) formalaşdırılması nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, 2006-2017-ci illər ərzində dövlət büdcəsindən "Azərbaycan İpoteka Fondu" ASC-nin nizamnamə kapitalının formalaşdırılması üçün 366 mln.manat məbləğində vəsait ayrılıb.
 
2017-ci ildə də əvvəlki illərdə olduğu kimi yaradılmış yeni təşkilatın hüquqi varisi olduğu "Azərbaycan İpoteka Fondu" ASC (Cəmiyyət) tərəfindən əhalinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə uzunmüddətli ipoteka kreditlərinin verilməsi və ipoteka kreditləşməsinə maliyyə resurslarının cəlb olunması istiqamətində işlər davam etdirilib.
Ötən ildə Cəmiyyətin fəaliyyətini təmin etmək məqsədilə maddi-texniki bazasının təkmilləşdirilməsi həyata keçirilmiş, Cəmiyyətin idarəetmə orqanları tərəfindən ipoteka kreditləşməsi ilə, eləcə də müxtəlif istiqamətlər üzrə zəruri qayda və prosedurlar təsdiq edilib.
Qeyd olunduğu kimi, 2017-ci ildə ölkədə ipoteka kreditləşməsi sisteminin təkmilləşdirilməsi, əhalinin ipoteka kreditlərinə çıxışının genişləndirilməsi məqsədilə əhəmiyyətli qərarlar qəbul olunmuş, bir sıra yeniliklər tətbiq edilib:
 
"Elektron ipoteka" sisteminin “Elektron hökumət” portalında inteqrasiyası
Prezidentin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə ipoteka kreditləşməsi mexanizmlərinin təkmiləşdirilməsi və bu sahədə şəffaflığın artırılması çərçivəsində, 01 yanvar 2017-ci il tarixinədək “Elektron hökumət” portalında “Elektron ipoteka” sisteminin yaradılması və “Elektron hökumət” portalına inteqrasiyası, müvafiq dövlət qurumlarının informasiya sistemlərindən məlumatların bu sistemə ötürülməsi imkanının təmin edilməsi tapşırılmışdır. Verilmiş tapşırıqların davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1126 nömrəli Fərmanı ilə “Elektron ipoteka” sistemi haqqında Əsasnamə” təsdiq edilib.
 
Qeyd olunanlarla əlaqədar, verilmiş tapşırıqların icrası olaraq Cəmiyyətdə mövcud elektron sistemin “Elektron ipoteka” sistemi haqqında Əsasnamə"yə uyğunlaşdırılması və “Elektron hökumət” portalına inteqrasiya işləri tamamlanaraq, 01 avqust 2017-ci il tarixindən əhalinin istifadəsinə verilib.
 
Güzəştli kateqoriyaların dairəsinin genişləndirilməsi
 
Prezidentin 2017-ci il 13 iyul tarixli 1530 nömrəli və 2017-ci il 21 iyul tarixli 1560 nömrəli Fərmanları ilə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"na müvafiq dəyişiklər edilmiş, güzəştlərdən istifadə etmək hüququna malik şəxslərin dairəsi genişləndirilmiş, 15 il dövlət qulluğunda qulluq edən şəxslərlə yanaşı, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər, eləcə də ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər də güzəştli ipoteka krediti almaq hüququ olan şəxslərin dairəsinə daxil edilib.
 
Qabaqcadan qeydiyyat mexanizminin tətbiqi
 
Prezidentin 04 aprel 2017-ci il tarixli fərmanı ilə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda müvafiq dəyişiklik edilmiş, ipoteka kreditilərinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahələri ilə yanaşı, o cümlədən qabaqcadan qeydiyyata alınmış yaşayış sahələrinin alınmasına verilməsi də nəzərdə tutulub.  
 
Dəyişikliklərlə əlaqədar, Cəmiyyət tərəfindən "Mülkiyyət hüquqları qabaqcadan qeydiyyata alınmış mənzillərin ipoteka kreditləri vasitəsilə alınmasına dair Prosedurlar" təsdiq edilmiş, mülkiyyət hüquqları qabaqcadan qeydiyyata alınmış yeni mənzillərin də alınmasına ipoteka kreditlərinin verilməsinə başlanılıb. 2017-ci il ərzində qabaqcadan qeydiyyat mexanizmi ilə 34,9 mln.manat məbləğində ipoteka krediti verilib.
 
Təmirsiz yaşayış sahələrinin ipoteka kreditləşməsinə cəlbi
 
Prezidentin 13 iyul 2017-ci il tarixli fərmanı ilə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilmiş dəyişikliyə əsasən yaşayış sahəsinin təmirli olmasına dair tələb ləğv edilib. Bununla yanaşı adi ipoteka kreditləri hesabına alınacaq yaşayış sahələrinin orta bazar qiyməti ilə bağlı tələb aradan qaldırılıb.
 
Qeyd olunanlar əhalinin, ipoteka kreditləri vasitəsilə mənzil almaq imkanlarının, o cümlədən ipoteka kreditlərinin əhatə dairəsinin genişləndirilməsinə zəmin yaradıb.

 

Xəbər xətti