NATO Azərbaycana təşəkkür edib

17:02 - 15 Yanvar 2018 - Xəbər

Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov NATO-nun Avropadakı Silahlı Qüvvələrinin komandanı, ordu generalı Körtis Skaparroti ilə görüş keçirib.
 
"Ucnoqta.az" Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə istinadən bildirir ki, görüş zamanı Q. Məmmədov Azərbaycanda aparılan müdafiə islahatları, NATO ilə qarşılıqlı operativ uzlaşmanın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər və regionda vəziyyət haqqında həmsöhbətinə məlumat verib. General K. Skaparroti Azərbaycan tərəfinin NATO ilə tərəfdaşlıqda əldə etdiyi tərəqqini və Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” əməliyyatına Azərbaycanın töhfəsini yüksək qiymətləndirib.
 
NATO tərəfi prezident İlham Əliyevin NATO-ya 2017-ci ilin 24 noyabr tarixində səfəri zamanı verdiyi bəyanata uyğun olaraq, “Qətiyyətli Dəstək” əməliyyatına əlavə qoşun göndərilməsinə görə təşəkkürünü ifadə edib.
 
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Xəbər xətti