“Ailələrin əksəriyyəti sonsuzluq probleminə görə dağılır” - Psixoloq Könül Telmanqızı

13:18 - 15 Yanvar 2018 - Cəmiyyət

“Düz dörd il bundan əvvəl ailə həyatı qurmuşdum. Valideynlərin və qohumların “aradüzəltmə”si ilə ailə həyatı qurduq. “Evlənəndən sonra sevərsən” düşüncəsi ilə bu yola çıxdıq. Elə dedikləri kimi də oldu, sevdik, bağlandıq bir-birimizə. Ta ki, övlad problemi yaranana qədər. Toyumuzdan bir il sonra artıq yoldaşımın valideynləri uşaq olub-olmaması ilə bağlı narahat olmağa başladılar. Həkimə getdik, xeyli müalicə etdirdik, amma heç bir xeyri olmadı. Çox dərman qəbul edirdim, artıq bezmişdim. Yoldaşımla bir-birimizi sevməyimizə baxmayaraq sonda uşaq olmadığı üçün ayrıldıq. Çünki qaynanamgil bizi uşaq olmadığına görə bir ailə kimi qəbul etmədilər” – bu sözləri bizimlə söhbətində Gülxar Abdullayeva dedi.
 

Gülxar xanım kimi sonsuzluq bir çox ailələrin problemidir. Son dövrün ən ağrılı, acılı problemlərindən biri olan və geniş yayılan sonsuzluq problemi səbəbindən neçə minlərlə ailə dağılır, neçə ailənin “işığı” sönür. 
 

Mövzu ilə bağlı “Ucnoqta”yə açıqlama verən psixoloq Könül Telmanqızı bildirdi ki, böyük ümidlərlə başlayan nigahlar bəzən boşanmalarla qeyd olunur. Boşanma ilə nəticələnən bədbəxtlik çox vaxt depressiyaya gətirib çıxarır: “Boşanma iki insanın arasındakı duyğusal və şəxsi əlaqənin sonudur və evli bir cütün narahatlıq hissi duyduğu nöqtədə cütlərin problemlərinin başlatdığı narahatlıq hissində ortaya çıxır. Boşanmanın bir çox psixoloji səbəbləri var. Boşanma hallarının yaşanmaması üçün ailədə birinci sevgi, hörmət və güvən önəmli olmalıdır. Ailədə yaranacaq məişət problemləri, cütlər arasındakı anlaşılmamazlıqları və övlad problemini cütlər öz münasibətlərində anlayışla qarşılayaraq həll edə bilərlər”. 

 

Psixoloqun sözlərinə görə, gənclər ailə həyatı qurmamışdan əvvəl beyinlərində gələcək ailə həyatı və böyüdəcəyi övladları haqqında müəyyən fikirlər formalaşdırırlar: “Həmin fikirlər qurduğu ailə həyatı ilə üst-üstə düşməyən zaman isə problemlər yaranır, beyində müqayisə başlanır. Çünki gənclər ailə qurmamışdan əvvəl beyninlərində xoş şeylər canlandırmışdı, amma onun əvəzinə problemləri gördülər”. 
 

K.Telmanqızı deyir ki, ailəni qorumaqda əsas amil keçid dövrünü adlamaqdır: “Ən çətini ailə həyatının ilk illəridir. Yeni ailəyə adaptasiya olmaq, onun qaydalarına uyğunlaşmaq vaxt tələb edir. Bir insanın buna dözümü yoxdursa, heç cür yeni qaydaları qəbul edə bilmirsə, ailəsi dağılır”. 
 

Psixoloq qeyd etdi ki, bu gün ailələrin əksəriyyəti sonsuzluq probleminə görə dağılır. Sonsuzluqdan əziyyət çəkən bir çox pasientlərimiz xarici ölkələrdə həkimlərə gediblər. Həkimlərin qoyduğu diaqnoz isə psixoloji problemlərlə bağlı olub: “İnsan gərgin və narahat olanda, stress keçirəndə, bu, uşaq dünyaya gətriməyə də mane olur. Bu dövr ər və arvad üçün müxtəlif aspektlərdə çətinliklərin yaşandığı dövrdür. Hər bir problemin fizioloji səbəblərindən başqa, həll prosesi zamanı psixoloji səbəbləri araşdırılmalıdır. Ruh və zehinin hazır olmadığı hadisələri vücud da həyata keçirə bilməz. Hər şeyden öncə insan psixoloji cəhətdən hər şeyə özünü hazır tutmalıdır. Yaranmış stresin başlıca səbəbi də insanın özü ilə bağlı olduğu üçün, cütlüklər birinci hərtərəfli olaraq psixoloji cəhətdən buna hazır olmalıdırlar ki, yaranacaq problemləri həll edə bilsinlər. Gənclərimiz bütün çətinliklərin "həlli yolunu" boşanmada görməsə, cütlüklərimiz əvvəlki həyatı düşünmədən arxada qoymaqda, gələcək həyata qorxmadan "atılmaqda", uşaqlarla bağlı və digər çətinlikləri aradan qaldırmağa uyğunlaşmaqda müəyyən dövrü keçərsə, psixoloji cəhətdən də ailədə yaranacaq hər şeyə hazır olacaqlar”. 

 

Sağlam Cəmiyyət İB-nin sədri Lalə Mehralı bildirdi ki, Azərbaycanda boşanmaların səbəbləri olduqca müxtəlifdir. Amma əsas amil kimi sonsuzluq rol oynayır: “Düzdür, biz erkən nikah, qeyri-düzgün həyat tərzi, zərərli vərdişlər, maddi cəhətdən bərabər olmayan ailələr səbəbindən boşanmaları da çox görürük. Bu səbəblərdən əvvəl boşanmaya ən çox rəvac verən əsas amil sonsuzluqdur. Bizim mentalitetdə "uşaq olmasa olmaz!” düşüncəsi hakim olduğu üçün övladı olmayan qadını və ya kişini ailəli görmək istəmirlər. Çox maraqlı məqam isə odur ki, çox vaxt bunu valideynlər edir, qızını və ya oğlunu övladı olmayan biri ilə yaşamağa qoymur. Ər və ya arvad öz talehləri ilə barışır, övladları olmamağına rəğmən boşanmaq istəmirlər, amma böyüklər bunu qəbul etmir”.

 

 L.Mehralı deyir ki, təsəvvür edin, hər il ölkədə orta hesabla 50-55 min nigah kəsilirsə, onlardan 10 mini boşanır.  Məsələn, 2017-ci ilin 8 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 40 min 256 nikah, 9 min 787 boşanma halı qeydə alınmışdı. Həmin müddətdə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 qeyd olunub. 2017-ci ilin 7 ayı ərzində isə bu göstərici 32864 nikah və 8,532 boşanma olub. “Boşanan hər 10 min ailədən orta hesabla 6 mininin övladı olmur. "Əgər övladın yoxdursa, sənin ailəli olmağa haqqın da yoxdur” - bu düşüncə tərzi Azərbaycanda ailə institutunu dağıdır. Bəzən deyirlər ki, boşanmaların əsas səbəbi maddi problemlərdir. Bunu inkar etmirəm, var. Amma maddi problem faktoru boşanma səbəbləri arasında 10-15-ci yerdə qərarlaşır. Sonsuzluqdan sonra boşanmalara səbəb olan ən böyük problemlər ailədaxili zorakılıq, münasibətlərin düzgün qurulmaması, zərərli vərdişlərə aludəçilikdir. Qaldı ki, sonsuzluq hallarının hər gün artan şkala ilə yüksəlməsinə, bu da çox ağrılı və düşündürücü mövzudur. Sonsuzluqların qidadan geyimə, yuxudan işə qədər müxtəlif səbəbləri var. Cəmiyyətimiz elə bir hala gəlib çıxıb ki, addımbaşı problem, narahatlıq, aqressiya yaşayırıq. Tutaq ki, avtobus gözləyirik, gəlmir, əsəbləşirik. Bu əsəb gün boyu bizim aqressiv davranmamıza, nəticədə yuxu və qida sistemimizi pozmağa səbəb olur. Əsəbi, yuxusuz və normal qidalanmayan insan əvvəl fiziki, sonra mənəvi narahatlıqlar yaşayır. Bütün bunlar orqanizmdə gizli-gizli problemlərin yaranmasına səbəb olur. O problemlər bir gün özünü xərçəng şişi, bir gün prostat, bir gün sonsuzluq, bir gün nevroz olaraq göstərir. Xüsusilə, qeyd edim ki, sonsuzluq faizinin artmasında enerji içkilərinin, dar geyimlərin rolu yüksəkdir. Bu kimi faktorlarla boy atan sonsuzluq ailə birliyini də pozaraq bu qədər boşanmalara səbəb ola bilir”.
 

Könül Əhmədova

Xəbər xətti