Ramil Usubov: Cinayətlərin sayı azalıb

13:08 - 15 Yanvar 2018 - Xəbər

Ötən il Azərbaycanda cinayətlərin sayı azalıb.


"Ucnoqta.az" Trend-iə istinadən bildirir ki, bunu daxili işlər naziri general-polkovnik Ramil Usubov Daxili İşlər Nazirliyinin geniş Kollegiya iclasında deyib.
 

R.Usubov bildirib ki, 2017-ci ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 26.113 cinayət qeydə alınıb. Onların 93,1 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 86,3 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 13,7 faizini ağır və xüsusilə ağır növlər təşkil edib.
 

Nazir deyib ki, profilaktik iş sahəsində davam etdirilən tədbirlərlə ötən il cinayətlərin ümumi sayı 2016-cı illə müqayisədə 2,7 faiz, o cümlədən ağır və xüsusilə ağır cinayətlər 9, qəsdən adam öldürmələr 9,5, quldurluqlar 23,6, soyğunçuluqlar 16,6, dələduzluqlar 11,8, hədə-qorxu ilə tələb etmələr 10,5, xuliqanlıqlar 15,1, odlu silahın tətbiqi ilə törədilən cinayətlər 12,5, yol-nəqliyyat hadisələri 8,6, qəzalarda ölənlərin sayı 1,2, xəsarət alanların sayı 14,2 faiz azalıb.
 

Peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin açılması 3,6, ağır və xüsusilə ağır cinayətlərin açılması 2,8, quldurluqların açılması 8,6, soyğunçuluqların açılması 5,5, hədə-qorxu ilə tələb etmələrin açılması 0,3, oğurluqların açılması 6,4, dələduzluqların açılması 2 faiz yaxşılaşıb. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış cinayətlər üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri də davam etdirilərək 418 cinayətin açılması təmin edilib.

 

R.Usubov hüquqpozmaların qarşısının vaxtında alınmasında informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyətini də qeyd edib. Nazirliyin “102” xidmətinə daxil olan məlumatlar üzrə operativ tədbirlər və əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində 1726 cinayətin “isti izlər”lə açıldığını, 10.607 hüquqazidd əməlin qarşısının alındığını vurğulayıb.

Xəbər xətti