Sumqayıtda Bakıdan gələn çörəklərə qadağa davam edir - MONOPOLİYA

13:26 - 15 Yanvar 2018 - ÖLKƏ İÇİ

Bildiyiniz kimi bir neçə gün bundan əvvəl Sumqaytda Bakıda istehsal olunan çörəklərin satışının qadağan olunması  barədə məsələ  ölkə mətbuatının gündəmini zəbt etdi, çörək  oliqarxı Tofiq Hüseynov   deyilənə görə icra başçısının  köməkliyi  ilə Sumqayıt şəhərində yaşayan əhaliyə çörək böhranı yaşatdı. İcra hakimiyyətini  sözçüsü,eyni zamanda Tofiq Hüseynovu bunu  təkzib  etsə də, yayılan xəbərin həqiqəti əks etdirmədiyini bildirsələr də sonradan Bakıdan gələn  çörəklərin Sumqayıtda satışına qoyulan qadağa öz təsdiqini tapdı. Təəsüf ki, bu problem xeyli ictimailəşsə də öz həllini hələ də nəinki  tapmayıb,üstəlik qadağa daha da sərtləşib.

Xatırladaq ki, Sumqayıtda çörək daşınması və bişirilməsi işi ilə məşğul olan şəxslərin adından göndərilən müraciətdə deyilib ki, “çörək Tofiq” kimi tanınan, çörək zavodunun sahibi, Milli Məclisin sabiq deputatı Tofiq Hüseynov şəhərdə çörək satışını inhisara alıb. Bildirilirdi ki, icra başçısı Zakir Fərəcov da Tofiq Hüseynovun Sumqayıta başqa yerdən çörək gətirilməsinin qarşısını almasına göz yumur. Həmçinin deyilirdi ki, market sahibləri şəhər İcra Hakimiyyətinə çağırılıb və başçının müavini onlarla görüşüb. Market sahiblərinə bildirilib ki, yanvarın 8-dən Sumqayıt şəhəri ərazisində Bakıda fəaliyyət göstərən çörək zavodlarının məhsullarının satışı qadağan olunub. Onlara yalnız Sumqayıt çörək zavodunun məhsullarını satacaqları ilə bağlı xəbərdarlıq edilib".

Sumqayıtda çörək işi ilə məşğul olan kiçik sahibkarlar mətbuata bildiriblər ki, həmin günlər  səhər saatlarında “Çörək Tofiq”in göstərişilə Sumqayıtın Gigiyena və Epidemiologiya şöbəsi şəhərin giriş-çıxışında post quraraq Bakıdan gələn çörək maşınlarını “yoxlayıblar”:

“Yoxlamanın nəticəsi hər gün eyni olur: Həmin maşınlar Sumqayıta buraxılmır. Bundan başqa “Çörək Tofiq” Sumqayıtda özəl çörək sexlərinin fəaliyyətinə də maneçilik göstərir. Bununla da Sumqayıtda çörək satışını yalnız özü həyata keçirir. Halbuki, Tofiq Hüseynova məxsus zavodda bişirilən çörək digər sexlərdə bişirilən çörəklərdən qiymətinə görə həm çəkisi azdır, həm də keyfiyyətcə aşağıdır”.

Qeyd edək ki,bütün bu məlumatlar öz təsdiqini tapıb,amma şəhər rəhbərliyi sadəcə bunu etiraf etmək istəmir.

Mətbuat yazıb ki,sakinlər məsələ ilə bağlı dəfələrlə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova şikayət etdiklərini deyirlər:

“Çox təəssüf ki, hələ də Tofiq Hüseynovun əməllərinə “dur” deyən yoxdur”. Bundan əlavə Bakıdan Sumqayıta çörək daşıyan maşınlar şəhərə girdiyi təqdirdə cərimə meydançasına aparılıb

Problemin hələ də həll olunmamasını görən vətəndaşlar Tofiq Hüseynovun əməllərilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edəcəklərini bildiriblər.

AFN xatırladır ki, Sumqayıta çörək daşıyan maşınıarın siyahısı Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinə verilib və həmin maşınların Sumqayıta çörək gətirdiyi aşkarıansa, cərimə meydançasına aparılacaqlar. Məlumat Sumqayıt ŞİH-rin rəsmiləri tərəfindən təkzib edilsə də, yayılan videomaterialdan görünür ki, gerçəkdir.

Məsələ ilə bağlı ölkə.az-ın suallarını Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev da cavablandırıb: "Sumqayıtda Bakıda istehsal olunan çörək satılır, istəyən şəxs gəlib yoxlaya bilər. Sahibkar Bakıda istehsal olunan çörəyi qəbul etmirsə bu onun şəxsi işidir. Ancaq Sumqayıt Şəhər İcra Hakimiyyətinin belə bir qərarı, qadağası yoxdur".

Bakıda istehsal olunan çörək daşıyan maşnların Sumqayıtda aşakarlanacağı halda cərimələnəcəyinə gəldikdə isə Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri deyib ki, fakt varsa ortaya qoysunlar: "Sumqayıt şəhər icra hakimiyyətinin başçısı belə bir qərar verməyib. Bu qanunvericiliyə ziddir".

İcra hakimiyyətinin  sözçüsü  deyir ki,”fakt varsa qoy  ortaya qoysunlar”.Amma  maraqlıdır görəsən  şikayətçilər faktı  görəsən necə ortaya qoymalıdırlar?! Qadağa ilə bağlı göstəriş  verən vaxtı  bunun  gizlincə  videoyaya çəkilməsinə nail olmalıdırlar?

İttihamların fakt olması  isə gün kimi aydındır. Əslində icra hakimiyyəti tərəfindən bu kimi addımlar atmasını boynuna almaması təbiidir,çünki deməyəcəklər ki, ”etmişik, əcəb etmişik”. Ümumiyyətlə Sumqayıtla bağlı  mətbuatda səslənən haqlı iradları ,tənqidləri, faktları, neqativ halları icra hakimiyyətinin rəhbərliyi adəti üzrə  bir qayda olaraq  “qırımızı” olaraq rədd edir və çox güman düşünülür ki,qaldırılan problemləri belə yolla həll etmək,yaddan çıxartmaq mümkün olacaq.Yəni nə olur-olsun deyilir “yalandır” vəssalam...

Şəhərin Tofiq Hüseynovu ona görə “Çörək Tofiq” adlandırmırlar ki,o çörək verəndir,xeyriyyəçidir və ya sumqayıtlıların qayğısına qalır,onu sadəcə ona görə belə adlandırırlar ki, neçə illərdir çörək işi ilə məşğul olur,şəhərdə ən böyük çörək zavodunun direktorudur.

“Sumqayıt-Çörək” ATSC  neçə illərdir fəaliyyət göstərsə də  zavodda yenilənmə,müasirləşmə ,modernləşmə elə də getmir.Çünki zavodun rəhbəri monopolist olduğundan və rəqabətlə qarşılaşmadığından buna ehtiyac görmür. Zavodda məşhur “Sumqayıt çörəyi”nin  də keyfiyyəti də əvvəllki illərlə müqayisədə  xeyli düşüb və burada istehsal olunan çörək məmulatlarının da çeşidi azdır.Şəhərdəki çörək sexləri az qala ondan daha keyfiyyəyli çörək istehsal edir.Çörək indiyəcən elementar olaraq  paketlənməyib,halbuki bu sanitar-gigiyenik  baxımdan vacibdir.

Əgər obyektiv araşdırılsa zavodda çoxlu sayda  ciddi nöqsanlar tapılar.

Məhz bu səbəblərdən Tofiq Hüseynov sağlam rəqabətdən qorxur,buna imkan vermir.

Sumqayıt balaca şəhərdir,burda az qala hamı bir-birini tanıyır,bilinir ki,kim nə işlə məşğuldur,kim necə adamdır,qadağa olub yoxsa yox.


“Sumqayıt-Çörək” ATSC  -nin direktoru əvvələr  də Sumqayıt əhalisini çörəklə imtahan edib. Bu barədə mətbuatda da çox yazılıb.

Məsələn,yazılırdı ki, bir müddət əvvəl  çörəyin qiymətini atıra bilmədiyini görən zavod rəhbərliyi çıxış yolunu çörəyin çəkisini azaltmaqda tapmışdır. Adıyla, özünəməxsus dadıyla tanınan məşhur Sumqayıt çörəyinin keyfiyyəti də çəkisi də aşağı salınıb. Çörəyin çəkisi nə az nə çox düz 150-200 qram aşağı salınmışdır.

Tofiq Hüseynov bir neçə il əvvəl mətbuata açıqlanmsında demişdi ki,çörək paketlənsə, qiymət qalxacaq.
“Sumqayıt-Çörək” ATSC-nin rəhbəri Tofiq Hüseynov yeni standartlar qəbul edilərkən zavod çörəklərinin paketlənməsinin problem yaradacağını deyib: “Hər bir xalqın mentaliteti var. Bizdə insanlar əllərini çörəyə vururlar, isti olmasa almırlar. Amma paketlənsə, gərək çörək bişiriləndən sonra 4 saat gözləyək ki, soyusun, sonra paketlənsin. Bu da alıcılıq qabiliyyətini aşağı salacaq. Üstəlik, qablaşdırmada istifadə olunan paketlər çörəyin maya dəyərində oturacaq, bu zaman çörəyin qiymətinin qalxması zəruri olacaq. Bu gün bizə konkret satış qiymətləri diktə olunur. Müəssisəni düşünən yoxdur. Dotasiya, subsidiya verilmədiyi, dünyada taxıl bahalaşdığı halda çörəyin qiymətini necə sabit saxlayaq? ƏDV ləğv olundu, amma ƏDV ləğv olunmamışdan öncə biz xaricdən taxıl almışdıq axı”.

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov bildirmişdi  ki, isti çörəklər insan səhhətinə ziyandır və insanları çörəyi soyuduqdan sonra yeməyə öyrətmək lazımdır. E.Hüseynov qiymətə təsir etsə belə, çörəyin paketlənərək satılmasının vacib olduğunu dedi. E.Hüseynov istehsal müəssisələrinin istehlakçı səsinə reaksiyanın zəif olmasından da gileylənmişdir.

Çox maraqlıdır bu necə olur ki,Bakıda istehsal olunub gətirilən çörəyə maşına,yanacağa,sürücüyə artıq,daha çox  xərc çıxsa da  Sumqayıtda bişirilən və maya dəyəri bu baxımdan daha ucuc başa gəlməli olan  çörəkdən ucuz ola bilir?!Bu o deməkdir ki,Sumqayıt çörək zavodunun direkroru öz vəziyyətindən süni-istifadə edir,monopliyaya görə normadan az ,istədiyi  çəkidə çörək istehsal edib, istədiyi qiymətə satır.Əgər yadınızddırsa , keçən il çörəyin qiyməti qalxanda ,yəni 30-qəpikdən 40 qəpiyə qalxanda “Sumqayıt çörəyi”nin də çəkisi 700-qramdan çox  oldu bir ara. Amma sonradan get-gedə 500 qramacan azaldı.

Sumqayıt sakinlər deyir ki,Tofiq Hüseynovun şəhərin digər “akula”ları  kimi sumqayıtlılara  indiyəcən xeyri olmayıb.2000-2005-ci illərdə deputat kimi  Sumqayıtın  millət vəkili olsa da  "ağzına su alıb oturan” deputatlardan olub,heç zaman Sumqayıtın problemlərini qaldırmayıb,Sumqayıtda hansısa xeyirxah işlərini  görən olmayıb,bunu gizlin də etməyib.

Heç indi də o sumqayıtlıların problemləri ilə maraqlanmır.

Onun üçün  “çörək bol olarsa,ucuz olarsa  basılmaz vətən” kimi  fikrlər  maraqlı olmayıb, o öz  öz şəxsi maraqlarını güdüb daha çox .

Bu çörək qadağasını analiz edəndə belə qənaətə gəlinir ki, Tofiq Hüseynov şəhərin çoxdankı oliqarxlarından biri də olsa da o bu qadağanı təkbaşına edə bilməzdi,buna gücü çatmazdı.Buna görə də bu qadağanın Zakir Fərəcovun köməyi ilə etməsi daha inandırıcıdır və səslənən ittihamlar daha inandırıcıdır.Həm də burada söhbət milyonlardan gedirsə işbirliyinin olması daha məntiqidir.

Tofiq Hüseynov haqqında yazılan ittihamlara cavab verib və "Ölkə.Az” xəbər portalına müsahibəsində bildirir ki,o heç kəsin çörəyini kəsən adam deyil:”

“Əksinə, mən hər zaman çörək verən adam olmuşam. Hazırda Sumqayıtda 40-a yaxın çörək sexləri, 2 çörək istehsalı zavodu fəaliyyət göstərir. Həmin zavodlardan biri yeni tikilib və bizim rəhbərliyimiz altında fəaliyyət göstərir. Bizim heç kəslə də işimiz yoxdur. Bizim zavodun istehsalı olan çörəklər dadına və keyfiyyətinə görə adla tanınır. İndi kimsə gətirib Sumqayıtda köhnə çörək satırsa, ona biz nə edək? Bu gün bazar iqtisadiyyatı qanunlarını bilməyən adamlar var ki, onlar bu cür təxribatlar yaratmaqla bizi bazardan çıxartmaq və Sumqayıtda özlərinə yer tutmaq istəyirlər. 

 

İddia edirlər ki, guya bizim çörəklərimiz keyfiyyətsizdir və sairə. Hər bir insanın öz ağız dadı olur. Hətta, gözəl misal var ki, ən yaxşı labaratoriya insanın öz ağzıdır. Hər hansı çörək istehsal ediləndə də onun necə və hansı dadda olduğunu hiss edirsən. Bu gün bizim istehsal etdiyimiz Sumqayıt çörəyi də vicdanlı insanlar tərəfindən çox keyfiyyətlə hazırlanır. Bizim müəssisədə 40 ildən çox təcrübəsi olan insanlar çalışır. 

 

Digər tərəfdən isə bizə də tez-tez zənglər olur ki, filankəslər Bakıdan Sumqayıta çörək gətirir və sairə. Axı Bakıdan Sumqayıta nə üçün çörək gəlməlidir? Bu doğru addım deyil. Bakının 5 milyon əhalisi var, aparıb onlara satsınlar. Axı bu Sumqayıtda nə görüblər? Təkcə Bakıdan deyil, Abşeron, Xırdalan və hər yerindən duran Sumqayıta üz tutur. Bəs Sumqayıt əhalisi necə dolansın? Bizim müəssisədə bu qədər insanlar çalışır, onlara iş yaradılıb. Cənab Prezident də hər zaman vurğulayır ki, insanlara yeni iş yerləri yaradılsın və sairə. Sumqayıta kənardan keyfiyyətsiz çörəklər gətirilərsə, bəs bizim zavodun istehsal etdiyi keyfiyyətli çörəklər necə olsun? Yaradılan iş yerləri nə olsun? Hərdən bizə sual edirlər ki, Sumqayıtın keyfiyyətli çörəyi ola-ola nə üçün Bakıya və digər rayonlara da göndərmir? Mən də onlara deyirəm ki, Bakıda çörək zavodları çoxdur, qoy onlar aparıb satsınlar. İndi o boyda Bakı qala-qala, "Razin”dən, Binədən və digər yerlərdən Sumqayıta keyfiyyətsiz çörək gətirirlər. Adama deyərlər ki, get çörəyini Bakıda sat da, sənin Sumqayıtda nə işin var? Axı niyə görə gətirilməlidir? Sumqayıtın öz pulu özündə qalmalıdır. Nəyə görə Sumqayıtın pulu Bakıya getməlidir? Bəs buranın insanları çalışmamalıdır? Təkcə bizim zavodda 300-ə qədər adam işləyir. Bəs bu zavod qapanmalıdır? İndiyədək də belə hallar olmayıb. İnanın ki, Sumqayıta Bakıdan keyfiyyətsiz, qatqılar qatılan çörəklər gətirilir. Həmin çörəkləri alanlar da Sumqayıt sakinləridir. Bakıdan gəlib həmin çörəkləri almırlar. 

Kənardan gətirilən keyfiyyətsiz çörəkləri Sumqayıtda mağazalar götürmədiyi üçün bizim zavodunu çörəyinə qarşı bu cür kampaniyalar başlayıb. Kimlərsə vergidən yayınaraq, qanunsuz yollarla keyfiyyətsiz və vaxtı ötmüş çörəkləri gətirib Sumqayıtda satmaq istəyir. Ancaq xalqın gözü tərəzidir. Bu cür yollarla əhalini aldatmaq mümkün deyil”. 

 

İcra başçısı Zakir Fərəcovla işbirliyində ittiham olunmasına isə Tofiq Hüseynov bildirib ki, Bütün bunlar tamamilə yalan və cəfəngiyyatdır:”İcra başçısının işi-gücü qurtarıb ki, mənimlə işbirliyi etsin? Allaha şükürlər olsun ki, icra başçısı ona həvalə olunan tapşırıqların icrası ilə məşğul olur”.

Bu tamamilə yalnış fikirdir ,primitiv  düşüncə tərzidir,absurddur.Bu məntiqlə onda məsələn ,əgər Sumqayıtda mebel sexləri,süd məhsulları istehsal olunursa  varsa  və ya hansısa  digər məhsul istehsal olunursa onda Bakıdan və digər yerlərdən Sumqayıta mebel,süd məhsulları  və sairə  məhsullar gətirilməməlidir.Bu heç də onun  zavodda işləyənlərin qayğısına  qalmasından,onların işsiz qalmasından  yox,öz maraqlarını güdməkdən irəli gəlir.

Və onu narahat edən çox güman ki,pulun Sumqayıtın pulunun  sumqayıtlılarda qalması yox,onun cibindən çıxmasıdır.Bakı çörəklərinin Sumqayıtda populyar olması,yaxşı satılması isə Tofiq Hüseynovun bazarla ayaqlaşa bilməməsi,marketinq sisteminin düzgün qurmamasından,çörəyi baha satmasından irəli gəlir.

Ümumiyyətlə bu açıqlama ilə o əslində özü-özünü ifşa edir.

Deyir ki, bu gün bazar iqtisadiyyatı qanunlarını bilməyən adamlar var ki, onlar bu cür təxribatlar yaratmaqla bizi bazardan çıxartmaq və Sumqayıtda özlərinə yer tutmaq istəyirlər,amma müsahibəsinin ortasında artıq öz fikrinə zidd olaraq bildirir ki, “İndi o boyda Bakı qala-qala, "Razin”dən, Binədən və digər yerlərdən Sumqayıta keyfiyyətsiz çörək gətirirlər. Adama deyərlər ki, get çörəyini Bakıda sat da, sənin Sumqayıtda nə işin var? Axı niyə görə gətirilməlidir?” Deputat olmuş şəxsin dediyi sözlərə fikir verin və əgər o açıqca belə deyirsə görün indi nələr edir rəqiblərinə qarşı və bu da səsələnən ittihamların doğruluğunu sübut edir.

“"Razin”dən, Binədən və digər yerlərdən Sumqayıta keyfiyyətsiz çörək gətirirlər” deyir və bununla ayrı-seçkilik salır.Sual olunur məgər Bakı yad şəhərdir,özgə şəhərdir,nizim doğma şəhərimiz,paytaxtımız deyil?!Orda bizim qardaşlarımız yaşamır?Hüquqi baxımdan onun fikirləri çox bəsitdir,absurdur.

Onda eyni şeyi  Bakıya,digər şəhərlərimizə Sumqayıtda istehsal etdiyi məhsulu aparan  sumqayıtlı istehlakçılara da demək olar ki,siz niyə malınızı Sumqayıtda stmırsınız?!Məgər ölkə qanunvericiliyində nəyin harada satıla biləcəyi ilə bağlı məhdudiyyətlər qadağalar var,biz bilmirik?!Əkisnə rəqbət nə qdərə çox olsa bundan alıcı udar,çünki qiymət düşər,keyfiyyət isə qalxar.

Sonra ittiham edir ki, “kimlərsə vergidən yayınaraq, qanunsuz yollarla keyfiyyətsiz və vaxtı ötmüş çörəkləri gətirib Sumqayıtda satmaq istəyir, İnanın ki, Sumqayıta Bakıdan keyfiyyətsiz, qatqılar qatılan çörəklər gətirilir. Həmin çörəkləri alanlar da Sumqayıt sakinləridir. Bakıdan gəlib həmin çörəkləri almırlar”. 

Bununla o dövlət orqanlarının fəaliyyətinə kölgə salır.Çünki  onun sözündən belə çıxır ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Gigiyena və Epidemiologiya Mərkəzi Bakıda istehsal olunan çörəklərin keyfiyyətinə nəzarət etmir,çörəklərin keyfiyyətinə   həmin orqanlar yox , Tofiq Hüseynov nəzarət edir.

“Nəyə görə Sumqayıtın pulu Bakıya getməlidir?” fikri də başdan-ayağa səhv fikirdir.Bu,əgər məhsul xaricdən gəlirsə o zaman keçərlə ola bilər.Daxili bazarda belə qadağa ola bilməz və hardansa mal gətirlməyin sumqayıtlıların işsiz qalmasına səbəb olması fikri ciddi deyil.

Sumqayıtda Bakıdan gələn çörəklərə qadağa ilə bağlı  monitoring aparılıb və bir sıra iri supermarketlərdə Bakıda istehsal olunan “Xırdalan”,”Binə” çörəyi ,”Bakı” çörəyi gözə dəyməyib,onlar satışda olmayıb.Həmin supermarketlərin satıcıları da etiraf etilər ki,neçə gündür Bakıdan çörək qəbul olunmur... Yəni bu o deməkdir ki,qadağa öz işini görüb..Mətbuatda gedənlərin  elə də ciddi təsiri olmayıb.

Qadağa halları konktret olaraq  "Hiper market” “Pioner” və sairə marketlərdə müşahidə edilib.

Bərəkət olan çörək, milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq, bütün insanlar üçün  böyük nemətdir. Bizdə çörəyi  çox üstün tutur, onu duz ilə birlikdə süfrəyə birinci gətirir və süfrədən də axırda aparırlar. Çörəyə hörmət hər bir azərbaycanlının qanında və canındadır. Bəlkə də elə həmin səbəbdən çörəyə and içir, kiminsə səhlənkarlığı ucbatından yerə düşmüş çörək parçasını qaldırıb öpür və gözünün üstünə qoyuruq. Bu, çörəyin müqəddəsliyinə böyük inamdan irəli gəlir. Çörək xalqın və bütövlükdə ölkənin sərvəti olmaqla yanaşı, həm də qüdrətidir.

Çörək həm də strateji bir qida məhsuludur və onunla bağlı məsələlərə əhali çox həssaslıqla yanaşır ,onun qiyməti,keyfiyyətiinsanların sosial vəziyyətinə birbaşa  toxunur.

 Çörək insanların gündəlik tələbatını ödəyən ərzaq məhsuludur.Qida rasionumuzun əsasını təşkil edən çörək keyfiyyətsiz olan zaman orqanizm üçün təhlükəli olur.

Hər yerdə çörəyə, onun müqəddəsliyinə xüsusi hörmət var. Bunu bir çox xalqların çörəyi Günəşə və qızıla bənzətməsi də sübut edir.

Rusiyada nişan taxmağa gedənlər özləri ilə çörək götürür, toy barədə razılıq əldə edilməsi üçün oğlanın və qızın əllərini çörəyin üstünə qoyurdular. Qızın və oğlanın valideynləri toy zamanı əllərində ikona və çörək tutaraq xeyir-dua verirdilər. Nikahdan sonra oğlan və qızı duz-çörək ilə qarşılayır, çörəyi gəlinin cehizi ilə birlikdə ər evinə aparırdılar.

Çağaya göz dəyməməsi üçün beşiyinə çörək qoyurdular. Uzaq səfərə gedənlər yolda xətadan-bəladan uzaq olmaqdan ötrü özləri ilə çörək aparırdılar. Ölmüş adamın yerinə çörək qoyurdular ki, "ölümü" qovsunlar.

 

Qədim Yunanıstanda çörəkbişirənlər ən yüksək dövlət vəzifələri də tuta bilirdilər. Romada 2 min il bundan əvvəl yaşamış Mark Evrizak adında bir çörəkbişirənin şərəfinə ucaldılmış 13 metrlik abidə dövrümüzə qədər qalmışdır. Bir neçə böyük çörəkxanası olan bu insan bütün Roma şəhərini çörəklə təchiz edirmiş. Abidəni çörəyin bütün bişirilmə mərhələlərini təsvir edən şəkillər bəzəyir.

Çörəkxanaların dəyirman daşları qul, yaxud at qüvvəsi ilə hərəkətə gətirilirdi. Qullar çörəkxanada xəmir yoğurur, kündələyir və böyük kürələrdə çörək bişirirdilər. Digər qullar bişmiş çörəyi sayır, tərəzidə çəkir və zənbillərə yığırdılar.

Avropada adamın sosial statusunu yediyi çörəyin təzəliyi müəyyənləşdirirdi. Kral ailəsi təzə çörək, yüksək cəmiyyətin adamları axşamkı çörəyi, mal-mülkü az olan dvoryanlar iki gündən qalma çörək, rahiblər və məktəblilər üç gündən qalma çörək, kəndlilər və sənətkarlar ən boyat çörək yeyirdilər. Həmin vaxtlar Asiyada qurumuş boyat çörək təzə bişmiş çörəkdən üstün tutulurdu.

Fransız kralı Dördüncü Henrix çörəyin xalqın həyatında müstəsna rolunu nəzərə alaraq özünün titullarına "Çörək kralı" titulunu da əlavə etmişdi.

İnsan həyatı boyu digər qida məhsulları ilə birlikdə təqribən 15 ton çörək yeyir. İnsanın sağlamlığı üçün çörək ancaq su ilə müqayisə edilə bilər. Bəlkə də çoxları çörəyin gənclik vitamini sayılan E vitamininin, habelə PP və B qrupu vitaminlərinin mənbəyi olduğunu bilmirlər. Həmin vitaminlər insan beynini aktivləşdirir, onun yorulmasına və fəaliyyətsizliyinə imkan vermir. Çörəkdə həzm prosesini yaxşılaşdıran və orqanizmin təmizlənməsinə kömək edən sellüloz var. Çörək insan orqanizminin sulu karbonlara sutkalıq tələbatını təmin edir.

Amma çox güman ki,bu kimi məlumatlar  çətin ki,çörək  monopolistlərini maraqlandıra.Onları başqa şeylər maraqlandırır...


Xəbər xətti