Keçmiş polis rəisi cərimə edilib

12:28 - 15 Yanvar 2018 - Xəbər

Arvadı dələduzluqda təqsirləndirilərək həbs edilən, özü barədə saxta sənəd hazırlama və dələduzluq maddələri ilə cinayət işi başladılan keçmiş polis rəisi Mahir Əkbərov daha bir cinayətdə ittiham edilib.
 

"Ucnoqta.az" “Qafqazinfo"ya istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlər Mübarizə Şöbəsinin keçmiş rəisi olan, mayor M.Əkbərovun adı bir çox qaranlıq işlərdə hallanandan sonra polis sistemindən uzaqlaşdırılıb.
 

Onun arvadı Leyla Əkbərova vətəndaşlardan 150 min manat pul alaraq dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilib. O, insanları işə düzəltmək, universitetə qəbul etdirmək, diplom almasına kömək etmək vədləri verərək bu əməlləri törədib. Zərərçəkənlərdən biri də Anara Məmmədova olub. Onu işə düzəltmək adı ilə 100 min manatdan çox pul alıb. 
 

Bu işdə M.Əkbərovun anası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xətai rayon İdarəsində şöbə rəisi işləyən Nigar Əkbərovanın adı hallanıb. O, həm istintaqda, həm də məhkəmədə şahid kimi ifadə verib. Bu məhkəmə prosesi ərəfəsində M.Əkbərov “Təzadlar” qəzetinə açıqlama verərək zərərçəkmiş A.Məmmədova və həyat yoldaşı Dəyanət Məmmədov haqda ittihamlar irəli sürüb. O iddia edib ki, D.Məmmədov işlədiyi şirkətdə maliyyə maxinasiyalarına yol verərək əlavə qazanc əldə edir və özünü yüksək vəzifəli şəxslərin yaxın adamı kimi təqdim edir. 
 

Bundan sonra D.Məmmədov və A.Məmmədovanın vəkili Vasif İsrafilov Yasamal Rayon Məhkəməsinə müraciət edərək M.Əkbərov barəsində xüsusi ittiham qaydasında şikayət edib və onun səsləndirdiyi fikirlərin yalan olduğunu bildirib.
 

Hakim Azər Tağıyevin hökmü ilə M.Əkbərov Cinayət Məcəlləsinin 147.1-ci (böhtan yayma) maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilib. Məhkəmə onun iddialarının yalan olduğu barədə qərar verib.
 

Qeyd edək ki, L.Əkbərova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verdiyi apellyasiya şikayəti təmin edilmyib və hökm qüvvədə saxlanılıb.

Xəbər xətti