Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin dövlətçilik tarixində mühüm yerə malikdir

18:17 - 15 Yanvar 2018 - KİVDF

Elçin Əhmədov: “Bu sərəncam Azərbaycan Prezidentinin dövlətçilik tariximizə və ənənələrimizə böyük dəyər verdiyinin bariz nümunəsidir

Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradıldı. Bu. imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış xalqımızın milli azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrinin davamı idi. Birinci Dünya müharibəsinin sona çatması, Rusiyada oktyabr inqilabı və çarizminin süqutundan yaranmış gərgin vəziyyət, Rusiyanın keçmiş ərazilərin hamısına lazımi qədər nəzarət edə bilməməsi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması üçün əlverişli şərait yaratmışdı. Xüsusilə qeyd olunmalıdır ki, belə bir şəraitdə müstəqil cümhuriyyəti qura biləcək qabaqcıl ziyalılar təbəqəsinin yetişməsi də Xalq Cümhuriyyətinin yaranmasında müstəsna rol oynamışdı.

Qarşısına müstəqil, azad və demokratik respublika qurmaq kimi şərəfli vəzifə qoymuş ilk milli hökumət cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdi.: "Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq. Ancaq onu da qeyd etməliyəm ki, indiki Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti ilə müqayisə edilə bilməz. Çünki o vaxt çətinliklər də olub, müstəqilliyimiz tam imkan vermirdi ki, Azərbaycan müstəqil siyasət aparsın. İqtisadi çətinliklərimiz olub, torpaq itkilərimiz də olub və bizim tarixi şəhərimiz olan İrəvan Ermənistana verilib. Ona görə, biz Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini çox düzgün təhlil etməliyik. Bu müsbət və çətin məqamları gizlətməməliyik. Amma bütün çətinliklərə və əlbəttə ki, bizim üçün sağalmayan yara olan İrəvanın Ermənistana verilməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini Azərbaycan dövləti və xalqı yüksək qiymətləndirir. Bunu nəzərə alaraq mən 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edirəm. İl ərzində həm ölkəmizdə, həm xaricdə bununla əlaqədar bir çox tədbirlər keçiriləcək". Bunmu Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxıb.

Dövlət başçısının imzaladığı sərəncamın əhəmiyyətini şərh edən Milli Məclisin deputatı, tarixçi alim Fəzail İbrahimli deyib ki, 2018-ci ilin Cümhuriyyət ili elan olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə, cümhuriyyət liderlərinin həyatına, tərcümeyi-halına, onların yaratdığı dövlətə göstərilən diqqətin nümunəsidir: "Bu addım tarixi keçmişimizə olan münasibətdir. Bugünkü Azərbaycan Cümhuriyyətin varisidir. Məhz bu ilin Cümhuriyyət ili elan olunması ata-babalarımızın keçidiyi tarixi yola, ən əsası isə dövlətə və dövlətçiliyə münasibətin göstəricisidir". Onun sözlərinə görə, cari ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi eyni zamanda, o yolda qurban gedən şəhidlərimizin ruhuna etiramdır. “Bu baxımdan bu addımı yüksək qiymətləndirir, güman edirəm ki, Cümhuriyyətlə bağlı müstəqillik dövründə əldə edilən bütün elmi uğurlardan daha yüksək uğurlar əldə olunacaq, bu tarixin daha yaxşı öyrənilməsinə, o dövrün liderlərinin hər kəs tərəfindən dərindən tanınmasına rəvac verəcək". Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov isə bildirib ki,  1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmaqla yanaşı, xalqımızın tarixində mühüm bir hadisə idi. “Əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız nəhayət ki, öz müstəqil dövlətinə sahib oldu. Prezident İlham Əliyev 2017-ci il mayın 16-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb. Bununla yanaşı, bu il yanvarın 10-da dövlətimizin başçısı Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib.
Elçin Əhmədov deyib ki, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində mühüm yerə malik olduğunu bildiriblər. Bu baxımdan, Ümummilli Liderin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi, Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamları, eləcə də Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinin, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki. dövlət başçısı Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun qurucularının xatirəsinə hər zaman böyük hörmətlə yanaşıb. Prezidentin Sərəncamı ilə Bakının mərkəzində Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılıb. “Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, bizim xalqımız bu respublikanı yaradıb. Bu, tarixi hadisədir, xalqımız üçün və dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı müstəqilliyə qovuşurdu”.

Prezidentin imzaladığı Sərəncamda göstərilir ki, yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Beləliklə, aprel işğalı ərəfəsində Azərbaycan Xalq Cümhuriyyəti təcridçilikdən çıxıb geniş beynəlxalq əlaqələr sisteminə daxil olmuşdu. Lakin az sonra, aprelin 28-də XI Qızıl ordunun Azərbaycanı işğal etməsi ilə Xalq Cümhuriyyətinin süqutu ölkəmizin beynəlxalq münasibətlər sistemində müstəqil dövlət kimi iştirakını dayandırdı. Lakin 1920-ci ildə mövcud tarixi şəraitin doğurduğu qarışıqlıqlar içərisində itirilmiş milli dövlətçiliyin XX əsrin sonunda bərpası xalqımızın milli azadlıq ruhunun hər zaman yaşadığından xəbər verir. Belə ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunması ilə Azərbaycan xalqı tarixinin yeni mərhələsinin başlanğıcına qədəm qoydu. SSRİ-nin süqutu ilə yaranan əlverişli tarixi şərait və milli azadlıq mübarizəsi nəticəsində xalqımız XX yüzillikdə artıq ikinci dəfə öz dövlət müstəqilliyini elan etdi. Lakin əsrin sonunda öz istiqlaliyyətini bütün dünyaya bəyan edən Azərbaycan dövləti öz suveren hüquqlarını reallaşdırmaq üçün ciddi maneələrlə qarşılaşdı. Heç şübhəsiz ki, bu, ilk növbədə, Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları və hərbi təcavüzü ilə bağlı idi.

Elçin Əhmədov bildirib ki, yalnız 1993-cü ilin ikinci yarısından ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Bu dövrdən başlayaraq həyata keçirilən xarici siyasətimiz məhz Ümummilli Liderin adı və fəaliyyəti ilə bağlıdır.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında imzaladığı sərəncamlar onun Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan ilk parlamentli respublikanın əhəmiyyətini hər zaman uca tutduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verdiyinin bariz nümunəsidir.

Xəbər xətti