Təhlükəli olduğu deyilən dərmanla bağlı - Açıqlama

09:36 - 15 Yanvar 2018 - Xəbər

Azərbaycan Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Fransa və Danimarka alimləri tərəfindən insanda sonsuzluq, diqqətsizlik, depressiya, əzələ əriməsi kimi xəstəliklərə yol açdığı deyilən dərman - "İbuprofen"lə bağlı açıqlama verib.
 

"Ucnoqta.az" xəbər verir ki, Mərkəzdən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, Azərbaycana bu adda dərmanların gətirilməsinə icazə verilir.
 

Azərbaycana gətirilən "İbuprofen" dərmanları Belarusun Borisov Dərman Preparatları Müəssisəsi tərəfindən istehsal edilir.
 

Bu dərman Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2014-cü il noyabrın 4-də qeydiyyata alınıb. Qeydiyyat bitmə tarixi 2019-cu ilin noyabrın 4-dədir.
 

Nazirlik bildirir ki, ibuprofen dərmanları Azərbaycana örtülü tabletlər (10 ədəd) formasında gətirilir:

"İndiyədək bu dərman vasitəsinin əks təsirləri, əlavə təsirləri ilə bağlı mərkəzə şikayət daxil olmayıb".
 

Qeyd edək ki, Fransa və Danimarka alimlərinin apardığı araşdırmaya görə, tərkibindəki əsas maddə ibuprofen olan dərman yüksək dozada qəbul edildiyi zaman sonsuzluq, diqqətsizlik, depressiya, əzələ əriməsinə səbəb ola bilər.
 

Dərmanın içlik (təlimat) vərəqində qeyd edilir ki, İbuprofen ağrıkəsici və iltihabəleyhinə vasitə kimi revmatoid artritin (o cümlədən, yuvenil revmatoid artrit və Still xəstəliyinin), ankilozlaşdırıcı spondilit, osteoartroz və digər qeyri-revmatoid (seroneqativ) artropatiyaların müalicəsində istifadə olunur.
 

Doza həddinin aşılması zamanı qarında ağrı, ürəkbulanma, qusma, başgicəllənmə, tormozlanma, yuxululuq, depressiya, baş ağrısı, hipotoniya, qıcolmalar, ürək ritminin pozulması, tənəffüsün zəifləməsi kimi hallar baş verir.
 

Dərmanın əlavə təsirləri-bağırsaq qanaxması, ürəkbulanma, qusma, ishal, meteorizm, qəbizlik, dispepsiya, qarında ağrı, melena, qanlı qusma, xoralı stomatit, kolitin kəskinləşməsi və Kron xəstəliyi, çox nadir halda pankreatit, anafilaksiya, astma, bronxospazm və ya təngnəfəslik, ürək çatışmazlığının əlamətləri, yuxusuzluq, həyəcan, depressiya, huşun pozulması, hallüsinasiyalar, görmə sinirinin nevriti, baş ağrısı, paresteziyalar, başgicəllənmə, yuxululuq və s.-dir.

Xəbər xətti