Dövlətçilik yaddaşının formalaşdırılması çox mühüm əhəmiyyət kəsb edir

18:17 - 12 Yanvar 2018 - KİVDF

Hikmət Babaoğlu: 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi Prezident İlham Əliyevin milli dövlətçilik tariximizə diqqətinin göstəricisidir
Deputat: “Bu ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi həmin dövrün araşdırılmasında yeni səhifə açacaq”


Dövlətçilik tarixinə və ənənələrinə münasibətdə ardıcıllıq bu ənənələrin gələcək nəsillərə ötürülməsi, dövlətçilik yaddaşının formalaşdırılması, inkarçı deyil, yaradıcı, qurucu, istiqlalçı dövlətçilik təfəkkürünün formalaşdırılması baxımından çox mühüm əhəmiyyət kəsb edir. Bu amillər dövlətçiliyin mənəvi sütunlarıdır. Bu fikri siyasi şərhçi Elçin Mirzəbəyli  Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsinə münasibət bildirərkən deyib. Elçin Mirzəbəyli deyib: Hansı dövlətlərdə ki tarixə, dövlətçilik ənənələrinə münasibətdə ədalətli yanaşma var, dövlətçilikdə varislik, ənənəvilik ardıcıllıqla, “dünənə daş atmadan” davam etdirilir, o dövlətlər də dünyanın siyasi xəritəsində öz mövqelərini möhkəmləndirir və inkişaf etdirirlər. Tarixə, dövlətçiliyə münasibətdə mühafizəkarlıq, dövlət idarəçilik sisteminə yanaşmada isə çevik və innovativ islahatçılıq inkişafın təməlidir. Bu kontekstdə bir nümunə gətirmək istəyirəm. Məsələn, Rusiyada Romanovlar sülaləsi, mütləq monarxiya hakimiyyəti süquta uğradı, burjua inqilabı qalib gəldi və qısa müddətdə, bəlkə də simvolik mövcud olsa da özündən əvvəlkini inkar etdi. Daha sonra bolşevik inqilabı baş verdi və yaranan yeni rejim də özündən əvvəlkilərin üstündən qırmızı xətt çəkdi. SSRİ süquta uğrayandan sonra isə 70 illik dönəm inkar edildi. Bu yanaşmanın təzahürləri müasir Rusiyanın siyasi sistemində, dövlətçilik ənənələrinə münasibətində hələ də özünü büruzə verir. Qonşu İranda 1979-cu ildə baş verən inqilab da bu ölkəyə oxşar təcrübəni yaşatdı. Yaxın Şərqə, ərəb ölkələrinə diqqət yetirsək, daha acınacaqlı bir vəziyyətin mövcudluğunu görə bilərik. Lakin alternativlər də var. Bizə münasibətdə hansı mövqe sərgiləmələrindən asılı olmayaraq, Avropanın əksər ölkələrində tarixdə baş verən bütün kataklizmlərə baxmayaraq, dövlətçilik ənənələrinin ardıcıllığı və tarixə münasibətdə ənənəvilik qorunub saxlanılır. Azərbaycan da böyük dövlətçilik ənənələri olan dövlətlərin yolunu gedir, tarixə münasibətdə ədalətli, həssas, mütərəqqi mövqe sərgiləyir, özünün olandan imtina etmir, tarixin səhifələrini cırıb atmır, əksinə, yanlışlardan nəticə çıxarır, doğruları isə daha da inkişaf etdirir. Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsini də məhz bu kontekstdən dəyərləndirir və Azərbaycan dövlətçiliyində ənənə ardıcıllığının, varisliyin qorunması baxımından mühüm tarixi qərar hesab edirəm. Bu yanaşma Azərbaycanın ənənələrə söykənən bir dövlət olduğunu, öz tarixindən qürur duyduğunu və gələcək nəsillərə Azərbaycanın dövlətçilik tarixinə sevgi aşılamağı qarşısına ali məqsəd kimi qoyduğunu nümayiş etdirir”.

Milli Məclisin deputatı Hikmət Babaoğlu isə bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin ən mühüm həlqələrindən birini təşkil edir. Xalq Cümhuriyyəti XX əsrin əvvəllərində yaranan Azərbaycan milli dövlətçilik təfəkkürünün institusional-funksional qurumu olaraq meydana çıxmışdır. O deyib: “1828-ci ildə baş tutan işğal faktından sonra Azərbaycan xalqı öz müstəqilliyini itirmişdi. Təqribən 90 il sonra yeni əsrin çağırışlarına uyğun olaraq yeni bir dövlət qurmaq zərurəti meydana çıxmışdı. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması çox mühüm tarixi, siyasi əhəmiyyətə malik olmaqla Azərbaycan dövlətçilik tarixinin xüsusi bir səhifəsini təşkil edir. Bu, həm də təqribən 100 illik müddət keçməsinə baxmayaraq, Azərbaycan cəmiyyətinin və onu təşkil edən ayrı-ayrı fərdlərin dövlətçilik şüurunun daşıyıcıları olmasını göstərir”.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyəti ilə müstəqil dövlətçiliyimizin hüquqi, siyasi, ideoloji, mədəni və tarixi əsasları müəyyənləşdirildi. Bu, sonrakı mərhələdə Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması üçün mühüm əhəmiyyətə malik oldu. Əgər 1918-ci ildə Xalq Cümhuriyyəti qurulmasaydı, sonrakı mərhələdə SSRİ təşkil olunarkən Azərbaycan, bəlkə də bu İttifaqın tərkibinə müttəfiq respublikalardan biri kimi yox, muxtar-avtonom vilayət kimi daxil olardı. Eyni zamanda, tarixdə Azərbaycan Xalq Cümhuriyyəti olmasaydı, SSRİ-nin dağılmasından sonra ölkəmiz Rusiya Federasiyasının subyekti kimi hüquqi status qazana bilərdi.

“AXC-nin Azərbaycanın dövlətçilik tarixindəki rolu daim xatırlanır, bu tarixə böyük diqqət və ehtiram göstərilir. Təsadüfi deyil ki, bu gün Azərbaycanın Respublika Günü, Ordu Günü kimi bayramları məhz 1918-ci ildə yaradılmış dövlət idarəetmə strukturlarının tarixi ilə müəyyən olunub. Böyük dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində mühüm yerə malik olduğunu bildirir. Ulu öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında, Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamları, eləcə də Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları xüsusi olaraq qeyd edilməlidir. Məhz Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi dövlətimizin başçısının milli dövlətçilik tariximizə diqqət və qayğısının göstəricisidir”, - deyə Hikmət Babaoğlu vurğulayıb.

O qeyd edib ki, “Azərbaycan Xalq Cümhuriyyəti İli”ndə keçiriləcək çoxsaylı tədbirlər dövlətçilik tariximizin, ənənələrimizin öyrənilməsi və təbliğ olunmasına, xüsusilə gənc nəslin dövlətçilik şüurunun möhkəmlənməsinə xidmət edəcək. Xalqımızın milli yaddaşında beş minillik dövlətçilik şüuru hakimdir. Bu ənənələrin qorunması və gələcək nəsillərə ötürülməsi də tarixi mirasımıza sahib çıxmaqdan, onu yaşatmaqdan keçir. Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi də məhz bu məqsədə xidmət edir.
Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Musa Qasımlının sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin tədqiqi ilə bağlı görülən işlər böyük əhəmiyyət daşısa da, tədqiq edilməsini gözləyən elmi-nəzəri problemlər hələ də qalmaqdadır. Bu baxımdan Prezident İlham Əliyevin milli dövlətçilik tariximizə xüsusi qayğı və dərin hörmət əlaməti olaraq Cümhuriyyətin yubileyi haqqında imzaladığı sərəncamın, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsinin böyük tarixi əhəmiyyəti var. Onun sözlərinə görə, tarixi-siyasi, ictimai, mənəvi əhəmiyyət daşıyan və bütövlükdə Cümhuriyyət dövrünün araşdırılmasında yeni səhifə açan bu sərəncam və "Azərbaycan Xalq Cümhuriyyəti İli" çərçivəsində həyata keçiriləcək çoxsaylı tədbirlər xalqımızda, xüsusən gənclərimizdə müstəqil dövlətçilik və vətən sevgisi hisslərinin artmasında mühüm rol oynayacaq. 1918-ci il mayın 28-də bütün müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğunu xatırladan M.Qasımlı qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti 23 ay mövcud olmasına baxmayaraq, nəhəng tarixi əhəmiyyət daşıyan və gələcəkdə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul edib:

"Cümhuriyyət tarixinin öyrənilməsi istiqamətində ilk addımlar ötən əsrin 80-ci illərinin sonlarında atılmağa başlanıb. Lakin Cümhuriyyət tarixinin sistemli şəkildə araşdırılmasında Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi ilə bağlı olaraq Azərbaycan Respublikasının Prezidenti, ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı sərəncamlar mühüm rol oynayıb. Həmin sənədlərdə nəzərdə tutulmuş məsələlərin yerinə yetirilməsi nəticəsində Cümhuriyyət dövrünə həsr olunmuş ciddi, əhatəli və dərin elmi-tədqiqat işləri aparıldı, qiymətli əsərlər yazıldı, xarici siyasət sənədləri, Cümhuriyyət parlamentinin stenoqramları və digərləri nəşr edildi".

Xəbər xətti