Demokratik, hüquqi dövlət quruculuğu prosesi məhkəmə-hüquq sisteminin islahatları ilə bərabər aparılır

18:17 - 11 Yanvar 2018 - KİVDF

Çünki bu amillər bir-birindən çox asılıdır

Demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşmış müasir Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkül tapması, milli–mənəvi dəyərlərə qayıdış, elm, təhsil və mədəniyyətin misilsiz tərəqqisi Heydər Əliyevin adı ilə bağlıdır. Onun həyata keçirdiyi genişmiqyaslı milli dövlət quruculuğu proqramı ölkəmizin bütün sahələrdə qazandığı uğur və nailiyyətlərin konseptual əsası olub. Heydər Əliyev dövlət hakimiyyətinin demokratik prinsplər əsasında bölünməsinə, beynəlxalq standartlara uyğun hüquq normalarının və qanunvericilik bazasının yaradılmasına, müasir idarəetmə üsullarının tətbiqinə nail olub. Prokurorluq sahəsində də uğurlu islahatlar aparılıb. Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov bu barədə deyib: “Müstəqil Azərbaycan Respublikasının hüquqi, demokratik dövlət quruculuğu istiqamətində inkişafının hüquqi təsisatlarını, dövlətin və idarəetmənin hüquqi əsaslarını formalaşdıraraq respublikamızda hüquq sisteminin bünövrəsini yaradan Konstitusiyada Respublika Prokurorluğuna xüsusi maddə həsr edilərək dövlət idarətmə sistemində bu təsisatın yeri məhkəmə hakimiyyəti orqanları sırasında müəyyən edilməklə prokurorluq orqanlarına ilk dəfə olaraq konstitusion status verilmişdir. Prokurorluğun məhkəmə hakimiyyətinə aid edilməsi ilə onun dövlət idarəetmə mexanizmində roluna və iştirakına dair məsələlərə Konstitusiya səviyyəsində aydınlıq gətirilməklə yanaşı, müasir Azərbaycan Respublikasının prokurorluq orqanlarının 1918-1920-ci illərdə Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olmasını təsdiq etmişdir ki, bu da, eyni zamanda, ümummilli liderin xalqımızın tarixi irsinə qayğılı münasibətindən irəli gəlir. Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində yaradılaraq əsası qoyulmuş milli prokurorluq orqanları məhkəmə sistemində fəaliyyət göstərmişdir. Sovetlər dönəmində yenidən yaradılaraq sinfi dövlət maraqlarına xidmət etmiş, səlahiyyətləri hədsiz geniş olan prokurorluq orqanlarının fəaliyyəti uzun illər ərzində hakimiyyət bölgüsü prinsipi ilə uzlaşdırılmamışdır. Və yalnız ümummilli lider Heydər Əliyevin zəngin idarəetmə təcrübəsinə malik olaraq məharətlə həyata keçirdiyi dövlət quruculuğu prosesi nəticəsində hər bir dövlət qurumunun, o cümlədən prokurorluğun dövlət idarəetmə mexanizmində yeri və rolu dəqiq müəyyən edilmişdir”.  Onun söslərinə görə, üummilli lider Heydər Əliyev məhkəmə-hüquq islahatlarını demokratik, hüquqi dövlət quruculuğundan ayrılmaz hesab edərək bu iki prosesin birgə aparılması istiqamətində ciddi tədbirlər həyata keçirmişdir. “Məhkəmə-hüquq islahatlarının mühüm əhəmiyyətini vurğulayan ümummilli lider demişdir: "Ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu prosesi, təbii ki, məhkəmə-hüquq sisteminin islahatları ilə bərabər aparılmalıdır. Çünki bu amillər bir-birindən çox asılıdır. İndi Azərbaycanda həm siyasi, həm də iqtisadi islahatlar çox uğurla gedir. Ölkəmiz müasirləşir, yeniləşir, dünya birliyinin çox fəal və dəyərli üzvünə çevrilir, Əlbəttə ki, məhkəmə-hüquq islahatları da ölkəmizin ümumi inkişafına öz töhfəsini verməlidir." Ümummilli lider Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul edildikdən sonra məhkəmə-hüquq islahatlarının aparılması daha da sürətləndirilməklə onun 1996-cı ilin fevralında imzaladığı fərmanla hüquqi islahatlar üzrə komissiya yaradılmışdır. Komissiya tərəfindən ictimai münasibətlərin müxtəlif sahələrini tənzim edən çoxlu qanunların, o cümlədən prokurorluğun fəaliyyətinə aid müddəaları nəzərdə tutan normativ hüquqi aktların Avropanın aparıcı ekspertlərinin müsbət rəyini almış layihələri hazırlanmışdır. Bu layihələr əsasında qəbul edilmiş qanunlardan biri "Konstitusiya Məhkəməsi haqqında" qanundur.

Qeyd edək ki. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqandır. Konstitusiya Məhkəməsi müstəqil dövlət orqanıdır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyil. Konstitusiya Məhkəməsinin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.

Konstitusiya Məhkəməsi 14 iyul 1998-ci ildə yaradılıb. Onun fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyası (24 avqust 2002-ci il ümumxalq referendumu nəticəsində dəyişikliklər edilib), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, 23 dekabr 2003-cü ildə qəbul olunmuş Azərbaycan Respublikasının “Konstitusiya Məhkəməsi haqqında” Qanun, digər qanunlar və məhkəmənin Daxili Nizamnaməsi təşkil edir.
Konstitusiyanın 86, 88, 102, 103, 104, 107, 130, 153 və 154-cü maddələri Konstitusiya Məhkəməsinin formalaşması və fəaliyyəti prinsiplərini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir. Həmin maddəyə görə hakimlər Prezidentin təqdimatı əsasında Milli Məclis tərəfindən təyin olunur. Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinin icrasına 7 hakim təyin olunduqda başlaya bilər. Hakimlər 15 il müddətinə təyin olunurlar. Səlahiyyət müddəti başa çatdıqdan sonra Konstitusiya Məhkəməsinin hakimi təkrar eyni vəzifəyə təyin edilə bilməz. Məhkəmənin Sədri və Sədr müavini Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir.
Konstitusiya Məhkəməsi qanunların, qərarların və digər normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunu yoxlayır. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğuları və ümumi məhkəmələrin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına şərh verir.

Konstitusiyaya müvafiq olaraq aşağıdakı subyektlər Konstitusiya Məhkəməsinə müraciət edə bilər: Azərbaycan Respublikasının Prezidenti; Azərbaycan Respublikasının Milli Məclisi; Azərbaycan Respublikasının Nazirlər Kabineti; Azərbaycan Respublikasının Ali Məhkəməsi; Azərbaycan Respublikası Prokurorluğu; Naxçıvan Muxtar Respublikasının Ali Məclisi; Məhkəmələr; Vətəndaşlar; İnsan hüquqları üzrə Müvəkkil. «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə müvafiq olaraq hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından, bələdiyyə və məhkəmə aktlarından Konstitusiya Məhkəməsinə pozulmuş hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə şikayət verə bilər. Konstitusiya Məhkəməsi məhkəmə aktlarından verilmiş fərdi şikayətlərə aşağıdakı hallarda baxa bilər: tətbiq edilməli olan normativ hüquqi akt məhkəmə tərəfindən tətbiq edilmədikdə, tətbiq edilməli olmayan normativ hüquqi akt məhkəmə tərəfindən tətbiq edildikdə, normativ hüquqi akt məhkəmə tərəfindən düzgün şərh edilmədikdə. Belə şikayətlər məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə edildikdən sonra axırıncı məhkəmə instansiyasının qərarının qüvvəyə mindiyi andan altı ay müddətində və ərizəçinin məhkəməyə müraciət etmək hüququnun pozulduğu andan üç ay müddətində verilə bilər.
Qüvvədə olan qanunvericilik aktı, icra orqanlarının normativ aktları, bələdiyyə və ya məhkəmə qərarları insan hüquq və azadlıqlarını pozduqda İnsan Hüquqları üzrə Müvəkkil qanunvericilikdə nəzərdə tutulmuş proseduraya müvafiq olaraq Konstitusiya Məhkəməsinə sorğu verə bilər. Konstitusiya Məhkəməsi işlərə Palataların və Plenumun iclaslarında baxır. Konstitusiya Məhkəməsinin qərarları qətidir, ləğv edilə, dəyişdirilə və rəsmi təfsir oluna bilməz. Konstitusiya Məhkəməsinin aparatı Konstitusiya Məhkəməsi sədrinin təsdiq etdiyi Konstitusiya Məhkəməsinin aparatı haqqında Əsasnaməyə müvafiq fəaliyyət göstərir.

(ardı var)

Xəbər xətti