“Axı sən fiziki məhdudiyyətlisən, onlar kimi deyilsən”

12:27 - 11 Yanvar 2018 - Müsahibə

Lalə Mehralı: “Əgər fiziki məhdudiyyətin varsa, sən evə qapanmalı, küçəyə çıxmamalısan! Bu sənə cəmiyyətin biçdiyi dondur”
Rövşən Hümbətov: “Bu cür uşaqlar, böyüyüb yetkinlik yaşına çatdıqlarında artıq özlərini ifadə etmək imkanından məhrum olaraq kompleksli bir həyat yaşamağa məcbur qalırlar”


"Uşaq vaxtı məktəbə getməmişəm. Amma iki ildir ki, gözdən əlillər üçün məktəbə gedirəm. Məktəbə getməməyimin səbəbi isə o idi ki, valideynlər fiziki cəhətdən məhdud uşaqlarını adətən ictimai yerlərə çıxarmırlar, cəmiyyətdən gizlətməyə çalışırlar. Mən hiss edirdim ki, mənim bu problemim atamı çox sıxır, narahat edirdi. Onun narahat olmaması üçün, həmişə çalışırdım ki, insanlardan qaçıb gizlənim. Hətta, o qədər gizlənməyə çalışırdım ki, bir adam yanımdan keçəndə həyəcandan udqunurdum, nə edəcəyimi bilmirdim. Hətta, bəzən həmin  insana salam verməyi belə undurdum. Paltarsız bir insanın adamlardan qaçdığı kimi insanlardan qaçırdım. İndi də, biri güləndə elə bilirəm ki, mənə gülür. Uşaq vaxtı insan nə görürsə, böyüyəndə də, beynində o formalaşır. Kim nə desə də, artıq heç bir faydası yoxdur, çünki, beyin onu yaddaşa vurub. Bəzən böyüklərin səhvi, hamıdan böyük olur”- bu sözləri bizimlə söhbətində hər iki gözündən əlil olan Elçin Abbasov bildirdi.

***

Günümüzün ağrılı problemlərindən biri də ildən-ilə fiziki cəhətdən məhduduiyyətli insanların sayının artmasıdır. Bu qəbildən olan məhdud sayda şəxslər fiziki məhdudiyyətlərini bir qayda olaraq unudub cəmiyyətlə sıx təmasda olur, ona inteqrasiya edir. Lakin buna baxmayaraq fiziki cəhətdən məhdudiyyətli uşaqların əksər hissəsi günlərini, hətta ömürlərini ev şəraitində, “dörd divar” arasında  keçirirlər. Bunun əsas səbəblərindən biri də valideynlərinin əlil övladlarını çox vaxt evdən çölə çıxarmaması, onların daha çox cəmiyyətdən kənarda saxlanılmasına üstünlük verməsi ilə əlaqədardır. Sanki, bəzi valideynlər övladlarının əlilliyindən utanır, onları hər kəsdən gizlətməyə çalışırlar. Bəlkə də bu valideynlərin günahı deyil. Onlar fiziki cəhətdən məhdudiyyətli uşaqlarını hər dəfə çölə çıxaranda cəmiyyətin onlara göstərdikləri “əyri” baxışlardan çəkinirlər. Nəticə olaraq bu da həmin şəxslərin özlərinə qapanmasına, cəmiyyətə  inteqrasiya olunmamasına gətirib çıxarır. Amma cəmiyyət içərisində aktiv və fəaliyyətdə olan əlillərin müsahibələrini oxuyanda görürük ki, onlar bu cür aktiv olmalarına səbəb kimi valideynlərini göstərirlər ki, valideynləri onları cəmiyyətə açıq şəkildə böyüdüblər. Biz də mövzunun vacibliyini nəzərə alaraq bu məsələni araşdırdıq.

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən “Sağlam Cəmiyyət” İctimai Birliyinin sədri Lalə Mehralı bildirdi ki, bir dəfə funikulyorda şahidi olduğum hadisəni sizə danışacam: “Növbə gözlədiyim müddətdə gözüm bir qadına sataşdı. Cavan idi, hardasa 28-30 yaşında olardı. İki uşağı ilə gəlmişdi, o da hər kəs kimi öz növbəsini gözləyirdi. Yanındakı uşaqlardan biri fiziki məhdudiyyətli idi. 9-10 yaşı olan böyük oğlu və ana yeriməkdə çətinlik çəkən 7-8 yaşlı oğlan uşağının əlindən tutub yeriməsinə kömək edirdilər. Anladığım qədəri ilə uşaq anadangəlmə belə idi, danışmağa da çətinlik çəkirdi, qırıq-qırıq sözlər deyirdi, amma anası onu başa düşürdü. Növbədəki qadınların hərəkəti isə neçə ildir gözlərimin önündən getmir. Bilirsinizmi niyə? O ana deməyə dilim gəlmədiyi qadınlar həmin ananı fiziki məhdudiyyətli övladını funikulyora gətirdiyini görüb nə etsələr yaxşıdı? Hamısı qulaqlarını çəkib kənara tüpürürdülər, bir yandan da deyinirdilər: “Allah uzaq eləsin”, “Bu günümüzə şükür”, "Əlil uşağı nə gəzdirir bu burda?!". Üç metr kənarda dayanmışam, mənim qulağım bu sözləri kifayət qədər aydın eşidir. Söz yox ki, onların bir addımlığında dayanan ana və övladları da bu deyilənləri eşidir. Ana kədərli gözləri ilə onları süzdü, heç nə demədi. Nə deyə bilərdi? Nə dəyişəcəkdi ki? Deyən bir deyil, iki deyil, çoxluq o cür düşünür. Əgər fiziki məhdudiyyətin varsa, sən evə qapanmalı, küçəyə çıxmamalısan! Bu sənə cəmiyyətin biçdiyi dondur. Sənin düşüncələrin, arzuların, istəklərin onlar üçün əhəmiyyətsizdir. Axı sən fiziki məhdudiyyətlisən, onlar kimi deyilsən. Budur bizim cəmiyyətin düşüncəsi, çox təəssüf ki! O ana istəsə cavab verə bilərdi, amma səviyyəsini və kübarlığını qorudu. Ona baxıb qulağını çəkən, yerə tüpürən qadınlara deyə bilərdi ki, “Allah başınıza gətirsin, siz də mənim nə çəkdiyimi görəsiniz”. Demədi, çünki o ana bu sözlərdən kifayət qədər ucada dayanırdı. O ana neylədi, bilirsinizmi? Polislər uşağa görə o ananı növbədənkənar buraxmaq istədi, amma ana keçmədi, hər normal vətəndaş kimi növbəsini gözlədi. Növbəsi gələndə də yeriməyə çətinlik çəkən balasını qucağına alıb funikulyora mindi. Bu cür düşüncələr fiziki imkanı məhdud olan o insanların qənimidir”.

L.Mehralı əlavə etdi ki, elə analar da var ki, fiziki məhdudiyyəti olan uşağını bayıra çıxarmağa utanır: “Bu əslində o ananın günahı deyil. Ən çox cəmiyyətin - görəndə üzünü çevirən, qulağını çəkən, taxta tıqqıldadan, yerə tüpürən fərdlərin günahıdır. Həyatda kim belə bir şeydən sığortalanıb? Sabah hər birimizin başına gələ bilər, hər birimizin ailəsində bu cür uşaq doğula bilər. Çoxları aparıb uşaq evinə atır. Mən gördüyüm o ana bunu etməyib, canının parasına qıymayıb, əziyyətini özü çəkir. Bu əziyyət də deyil, bu ana üçün şəfqətdir, qayğıdır, nəvazişdir. Əgər mənim övladlarımdan hansısa o cür doğulsa, fiziki imkanı məhdud olsa mən bundan nə utanar, nə sıxılaram. Hər bir vətəndaşın azad şəkildə gəzmək, avtobusa minmək, növbəyə dayanmaq, ictimai yerlərdən istifadə etmək hüququ var. İnsanın bədən üzvləri qaydasında işləməyə bilər, bu onun günahı deyil. Əsas odur ki, düşüncəmiz və beynimiz şikəst olmasın. Düşüncəmizlə o insanları evlərə həbs etməyək”.

Psixoloq Rövşən Hümbətov bildirdi ki, fiziki məhdudiyyətli insanların mövcudluğu onların cəmiyyətə inteqrasiyası məsələsini ortaya çıxardır. Bu özlüyündə çox qarışıq və kompleks tədbirlər görülməsini gərkdirən duyan bir prosesdir : "Hazırda bilinən bir neçə yol və üsul var ki, onları tətbiq etməklə, fiziki məhdudiyyətli uşaqların sayının artmasını əngəlləmək olar. Bunun da əsas yolu qohum evliliklərinin qadağan edilməsi və ya sayının azaldılması, hamiləlik vaxtı ananın qarşılaşdığı fiziki və psixoloji travmaların önlənməsi, xroniki xəstəliklərin hamiləlikdən öncə müalicə edilməsi, uşağa zərər verə biləcək dərmanların istifadəsinin qadağan edilməsi və s. kimi səbəbləri göstərmək olar. Sadalanan bu səbəblərin önünə keçmək hazırki dövrümüzdə o qədər də çətin və problemli məsələ deyildir. Hətta son araşdırmalar bir daha sübut edib ki, qabaqcadan edilən müdaxilələr ilə genetik xəstəliklərin belə qarşısını almaq mümkündür".

Psixoloq deyir ki, bəzən biz şahidi oluruq ki, ailələr fiziki məhdudiyyətli uşaqlarından utandıqlarına və ya özlərini əziyyətə salmaq istəmədiklərinə görə onların təlim - tərbiyəsi və cəmiyyətə inteqrasiyası ilə əlaqədar heç bir addım atmır, uşaqların özbaşına, dörd divar arasında olduqları kimi qalmasına üstünlük verirlər : "Ancaq  bu yanaşma məhdudiyyətli uşaqların vəziyyətini yaxşılaşdırmaq əvəzinə onların digər  insanlardan daha çox uzaqlaşmasına və sosial bacarıqlarından əksik böyüməsinə gətirib çıxarır.  Nəticədə bu cür uşaqlar, böyüyüb yetkinlik yaşına çatdıqlarında artıq, özlərini ifadə etmək imkanından məhrum olaraq kompleksli bir həyat yaşamağa məcbur qalırlar".

R.Hümbətovun sözlərinə görə, ailələr ilk dəfə uşaqlarının hər hansı bir məhdudiyyət ilə doğulduğunu gördükdən sonra fərqli reaksiyalar verərək, emosional şok keçirdirlər : « Bu da özünü bəzən qəzəb, kədər, inkar üzgünlük və "Niyə xüsusən bizim başımıza gəldi?"  kimi fikirlərə qapıla bilirlər. "Hamının sağlam uşağa sahib olduğu vaxtda niyə bizim uşağımız xəstə doğuldu ?" kimi fikirlərlə özlərini uğursuz kimi görür və bütün həyatı boyunca uşağın gələcəyi haqqında narahat olmağa başlayırlar. Bəs çıxış yolu nədir? İlk öncə fiziki məhdudiyyətli uşaqlarla işə başlamazdan əvvəl onların valideynlərinə sosial psixoloji dəstək göstərilməli, valideynlərin uşaqları ilə bağlı narahatlıqlarını, sıxıntılarını və digər komplekslərini aradan qaldırmaq lazımdır. Təsadüfi deyil ki, inkişaf etmiş qərb ölkələrində hökümət və qeyri hökümət təşkilatları birlikdə fəaliyyət göstərərək, sosial məsuliyyətli layihələr həyata keçirərək həm ailəyə,  həm də fiziki məhdudiyyətli uşaqlara yardım göstərirlər". 

Psixoloq qeyd etdi ki, cəmiyyət olaraq fiziki məhdudiyyətli insanların həyatını çətinləşdirən, onları sadəcə dörd divar arasında görən, cəmiyyətlə iç-içə düşünməyən dünya görüşü dəyişdirilməlidir : "Bunun üçün də ictimai nəqliyyat, parklar, təhsil ocaqları fiziki məhdudiyyətli insanların istifadə edə biləcəyi hala gətirilməli, hətta onlara bu məsələdə pozitiv ayrımçılıq belə göstərilməlidir. Sağlam bir cəmiyyət qurmaq və məhdudiyyətləri azaltmağın yolunun bu cür uşaqların təhsil və təliminə verilən önəmin artırılmasından keçdiyini unutmaq olmaz. Qısacası, fiziki məhdudiyyətli uşaqlar çox da böyük diqqət tələb etmirlər - oxumaq üçün məktəb, həyatını davam etdirə bilmələri üçün iş, yəni, hər kəsin sahib olduğu təməl haqlar...


Könül Əhmədova

Xəbər xətti