“O gün geydiyim təzə paltarın qoxusunu hələ də unutmamışam”

12:17 - 11 Yanvar 2018 - Ədəbiyyat

"Ucnoqta.az" saytı qəzeti tanınmış şair-publisist, Azərbaycanda Atatürk Mərkəzinin baş redaktoru Dəyanət Osmanlının xatirələrinin II hissəsini sizə təqdim edir.

-Keçmişlə bağlı ən maraqlı xatirəniz? 
- Xatirələrdəki obrazlar əziz və unudulmazdır. Mən reallığı sevib dəyərləndirirəm, ona daha yaxınam. Xatirələrə qapılıb qalan deyiləm, ancaq keçmişin bugünkü həyatda əvəzolunmaz yerini bilirəm. Elə gün olmur ki, hansısa bir xatirəylə baş-başa qalmayım. Bir misram var: “Mən özümün dostuyam”. Düzü, tez-tez özümlə dərdləşməyi, nəsə bir qərar vermək ərəfəsində ruhumla məsləhətləşməyi bacarıram.

Maraqlı və xoş xatirələr çoxdu. Onlar mənə həmişə kədər və gövrək ovqat gətirir. Uşaqlıqdan qəlbi yuxa olmuşam. Nəyəsə hirslənərəm, amma anındaca keçər. Evdə uşaqlar da, dostlar da bilir, tez yumşalmaq xasiyyətimdir. Ona görə də xatirələr məni hər şeyə qarşı yumşalda bilir. Bir dosta yazdığım şeirdəndi:

Mən bilirəm
kimin ürəyi ağlar
bir quşun dimdiyi qanayanda.
Kimin həyatı darıxar
son umacaq yerində
bir dostun ağzı daşa dəyib
qəlbi qırılanda.


Son vaxtlar kədərli xatirələr daha çox yada düşür. Uşaqlıqdan hər canlının körpəsinə həmişə mehr göstərmişəm. Bizim oyuncaqlarımız heyvan balaları idi. Hətta ilanlarla da oynamışam. Onların varlığı sanki həyatın məsumluğa ehtiyacının göstəricisidir. Kənddə it, pişik, mal-qoyun saxlamışıq. 4-5 yaşım olanda itlər balalamışdı, hələ gözləri açılmamışdı. Evində it olmayan qonum-qonşular küçüklərdən apardığını aparır, toppuş birini saxlayır, qalanlarını da torpağı qazıb basdırırdılar. Bir-neçə saat inilti gəlir, sonra səs kəsilirdi. Bir dəfə qonşu 2 küçüyü götürüb bizim çəpərin dibində basdırdı. Mən də onu güdürdüm. O gedən kimi, gəldim həmin yerə, ürəyim durmadı. Yeri eşib, küçükləri çıxardım, diriydilər. Bir az oynatdım, sonra köynəyimin altında gizlədib, aparıb yaxınlıqdakı dərəyə buraxdım. Evə qayıdanda qardaşım bunu bilib məni yaxşıca döymüşdü. Onda bütün günü ağladım, hər ağlayıb içimi çəkdikcə də köynəyimdən küçüklərin qoxusunu duyurdum. İndi yada düşəndə yenə də kövrəlirəm...

Xatirələr insanın yaşı artıqca daha da aydınlaşır, açılmayan sirlər kimi bəziləri sonradan müəyyən hadisələrlə ilgili olaraq yada düşür. İnsanın ömrü uzun, ya qısa olmağına baxmayaraq, bir sıra məqamlar üstündə qurulur. Yəni bəzən bir anı yaşamaq ücün, ay, il sərf olunur. O məqamlar nə zamansa artıq ömrün ruhi, irreal məqsədinə çevrilir. Realda isə insan qarşısına müəyyən məqsədlər qoyub ona çatmağa can atır. Bu reallıq insanı ruhi aləmdən məcburi ayıran sosial, inellektual, ictimai və s. yaşamın meydana çıxardığı məqsədlərdir.

- İlk sevginiz, nə vaxt olub, xatırlayırsınızmı o günləri? 
- Erkən insan hissləridir. Çox olub, uşaqlıqda da, gənclikdə də. Sevgi demək olmaz buna, sadəcə yetişkənliyin, yeniyetməliyin xoş xüsusiyyətləridir. Üçüncü sinfdə oxuyanda bir qız vardı. Ondan xoşum gəlirdi. Həmişə onların məhləsindən keçəndə qaçırdım. Utancaq idim. O yaşda uşağın nə fikri, nə sözü olacaqdı. Ötəri duyğulardı, yaşla birgə keçib gedir. Bəzən adam bunları xatırladıqça içdə özünə gülməyi tutur.
Sevgi erkən özünüdərk ərəfəsində fərdi hisslərin təzahürüdür. Özünüdərk prosesi sürətləndikcə ya ötüb keçir, ya da yönünü dəyişib hədəfini yəqinləşdirir. Xeyli müddət izləri qalıcı olur. Adam yeniyetməlikdən başlayaraq, gənclik və sonrakı mərhələlərdə sevginin həqiqi anlamını dərk edir. Və istər-istəməz, bu mərhələdə ruh müxtəlif subyektlərə münasibətini netləşdirir. Sevgi də bu zaman yaranır: insana, doğmalara (və ətrafa), vətənə, torpağa... Əsil sevgidə bir intellektuallıq olmalıdı. Əsil sevgi Vətəni də, torpağı da, insanı da, sənəti də mahiyyətcə dərk edib ağılla sevməkdir. Harda fanatizm varsa, deməli, orda bir çahillik, nadanlıq var. Fanatizm hissləri güc gələn yerdə mütləq gec-tez həyatın dəngəsi pozulacaq. Vətəni də, milləti də, fərdi də sevəndə gərək hisslərlə deyil, ağılla sevəsən.

Universitetdə rus-sovet jurnalistikası fənnindən müəllimiz C. Məmmədlinin sevimli bir misalı vardı “Zəmanəmizin qəhrəmanın”dan. Təkrar-təkrar Peçorinin bu sözlərini misal gətirirdi: “Bütün dünyanı sevməyə hazır idim, dəyərləndirən çıxmadı. Nəticədə nifrət etməyi öyrəndim”. Sözüm onda yox ki, belə olmalıdı. Bunda da bir naqolaylıq, çatışmazlıq, təkəbbürlük var. 

Təəssüf ki, intellekti olmayan, düşüncədən pozuq birisi həmişə romantik və bioloji hisslərinə adekvat reaksiya gözləyir. Bunu görməyəndə pis halda qıcıqlanıb xoşagəlməz hadisə törədir, ya da ən yaxşı halda məyus olub özünə qapanır. Əgər insan hisslərini idarə edib ona düşüncə qata bilmirsə, bu idiotluq, kütlük əlamətidi. 

- Keçmişdə olan nələrdənsə pemansınızmı? Geriyə qayıtmaq şansınız olsaydı, həyatınızda nəyi dəyişmək istərdiniz?
- Həyatda qürur da, peşmanlıq da təbii əlamətlərdir. Hər kəs mütləq bu və ya digər formada özüylə ilgili bəzi neqativ olaylara görə peşmanlıq çəkə bilər. Amma peşmanlıq həmişə həyatın dərsi və həlledici pozitiv təsirə malik olmur. Adamı məyus edən olaylar bəzən uşaq təfəkkürü, sonrakı mərhələdə təsadüflər, təcrübəsizlik və nadanlıq ucbatından baş verir. Bilərəkdən, yaxud qanmazlıqdan törədilən olaylar cəmiyyətdə utancverci reaksiya doğursa da, heç zaman o addımı adan fərddə həqiqi peşmanlıq yaratmır. Adam doğru yerini, kimliyini tanıyanda nadir hallarda səhvlərə yol verir. Təəssüf ki, bu səhvlər də kiçik olmur.
Mənim də peşmanlıq doğuran anlarım olub. Amma bununla bağlı bir-iki məqamı xatırlayıram. Uşaqlıqda, gənclik dövründə olanlar var. Yenə şeirimdən bir parça söyləyim: 

Ürək inlədən qeybin səsi
hər addımda pıçıldayır:
daha gecdi sevinmək,
daha gecdi heyfslənmək...


Məktəbə gedənə kimi anamdan heç ayrılmamışam. Sovxozda işləyirdi. Çox vaxtlar aradan çıxıb onunla tarlaya gedirdim. Onda görürdü ki, yük maşınında yanındayam. Daha nəsə demirdi. Bir balaca heybəm də vardı. Məhsul yığımında o heybə mütləq evə dolu gəlməliydi. Təsərrüfat rəhbərləri bunu bilir və adi hal kimi qəbul edirdilər. Anamın isə xoşu gəlmirdi. 5 yaşındaydım, yay günüydü, məni evdə qoyaraq darvazanı kilidləyib getdi. Əl çəkmədiyimə görə bir-iki sillə də vurmuşdu. Divardan aşıb ardıyca düşdüm. Evdən xeyli aralıda gördü ki, gəlirəm. Yuxarı məhlədə bir zəhmli müəllim qohumumuz vardı. Onu səslədi ki, ay Yahya, ədə, gəl bunu qaytar. Müəllimdən yaman qorxurdum. Geri çəkilib arxın qırağından balaca bir kəsək götürüb atdım. Bilmədim, sən demə, anamın dirsəyinə dəyib göynədibmiş... Mən yaşa dolanda, hərdən ailə bir yerə yığışanda anam bu hadisəni bir xatirə kimi danışır, gülüşürdülər. Və hər dəfə, elə indi də yadıma düşəndə o xatirədən böyük peşimanlıq keçirirəm. İstər-istəməz gözlərim yaşarır, bütün həyatım onun dirsəyi kimi göynəyir. Deyirəm, nə ola, bircə anlığa o günlər qayıda...
Sualın ikinci hissəsinə gəlim. Yenidən həyata qayıtmaq şansını kim istəməz... Bir şeirimdən bu misraları xatırladım.

Tanrının qoca vaxtında
insanlıq üzərinə,
tale-qismətin qanına yerikləyib,
alın yazısını
dəyişmək eşqinə düşənlər var... 


Bəllidir, hər kəs həyatda missiyasını başa vurub getməlidi. Hələ ki, realda kiməsə həyatı tərk edəndən sonra qayıtmaq imkanı verilməyib. Qayıtmaq şansı bir mistik düşüncə məhsuludur. Bu düşüncə ilə sanki insan özünə həm də bir təsəlli verir. Ümidlə fikirləşir ki, hansı formadasa qayıdış ola bilər. Və təkrar həyata dönüşündə necə yaşayacağını özlüyündə götür-qoy edir, səhvlərini dəqiqləşdirir. Mən heç bu şans üzərində düşünməyi vacib saymamışam. Təkrarı sevmirəm. Əgər həqiqətən bu şans verilsəydi, tamam başqa bir insan tək, doğma bir məkanda, buna bənzəri olmayan bir ömür sürmək istərdim. Azadlığı, qüruru, səhvləri ilə birgə fərqli bir ömür... 

- İlk işiniz harada olub? 
İşləməyə erkən, orta məktəbdə oxuyarkən başlamışam. Yay tətilində kartof yığımına gedirdik. Kisələri maşınlara yükləyib qonşu İmirhəsən kəndindəki qatar stansiyasında Rusiyaya gedən soyuducu vaqonlara yükləyirdik. İki aylıq mövsümdə 200-300 rubl qazanırdıq. Buna da məktəb paltarı, kitab-dəftər, ayaqqabı-filan alırdıq. 7-ci sinifdə oxuyarkən maaşıma anamla Marneuli univermağından 17 rubla bir gümüş saat almışdım. O vaxtdan ömür boyu tələsmişəm ki, hər işi zamanında bitirə bilim. O zaman saatdan xoşum gəlirdi. Mən Bakıya gələndən sonra atam ölənədək o saatı qoluna taxdı. İndi saatla elə də aram yoxdu. 

- İlk maaşınız nə qədər olub, və nəyə xərcləmisiz? 
- İlk rəsmi işim yerim 1982-cildə Sumqayıt Xovllu iplik fabriki olub. Sexdə toxuyucu maşınlar tez-tez yanırdı. Mən də yanğından dərhal sonra çarxlarını yağlayırdım. Fikirləşirdim ki, deyəcəklər, maşınlar yağsızlıqdan yanıb. Bir dəfə usta Məmməd kişi dedi, oğlum, sən narahat olma, bu maşınlar həm köhnə, həm də düzgün istifadə olunmadığına görə yanır. Ançaq yenə də adətimdən qalmırdım. 130 rubl maaş alırdım. İlkindən anama bir çit yaylıq, atama isə papaq almışdım. Universitetdə oxuyanda axşamlar mühafizədə işləyirdim. 75 rubl burdan, 75-100 rubl da tələbə təqaüdü alırdım. Əlbəttə, tələbə üçün yaxşı gəlir idi. Evdən pul istəmirdim, əksinə kəndə gedəndə yağdan, qənddən və atama çoxlu siqaret alıb aparırdım. II kursda oxuyanda “Ulduz” jurnalında 4 şeirim çıxmışdı. İlk böyük 150 rubl qonorarı isə onda aldım. Bunlar hər biri ayrılıqda unudulmaz özgə cür ləzət, məmnunluq hissi idi. 

- Bu sənəti sevərəkmi gəlmisiz? 
- Atam iki müharibədə iştirak eləyib. Böyük Vətən və Sovet -Yaponiya müharibələrində. Ömür boyu traktorçu-mexanizator işləyib. Bolnisi rayonunun demək olar ki, hər iri kəndində işləmişdi deyə, yaxşı tanıyırdılar. Uzun zaman Rayon partya Komitəsinin büro üzvü olmuşdu. Pensiyaya çıxandan sonra heç yerdə işləmədi, tamamilə fərdi təsərrüfata bağlı həyat sürdü. Bədii kitablar oxuyurdu, kinoya gedirdi, tay-tuşu ilə domino oynayırdı, mal-qara saxlayırdı. Yer şumlayır, əkib-becərirdi. Həyətimizə meyvə-tərəvəz maşınla gəlirdi. Atamın yaşlı ögey anası vardı. Atam ona çox doğma və xüsusi bir hörmətlə yanaşırdı. Biz də ana deyə çağırırdıq. Hər dəfə gələndə həyətin ortasıyla ləmhələm olan buğda, qarığdalı topasının qırağını ayağı itələyib deyirdi: bu andırı o yana yığsanız, a. Varlı deyildik. Amma heç nədən kasad deyildik. Bu gəlir yaxşı işləyən kənd əhalisinin bir yığım mövsümündə əldə etdiyi qazanc idi. 
Atamın dostları qışın gündüz çağlarında bizə yığışardılar. Atam oxuduğu romanları böyük həvəslə onlara nağıl edərdi. Daha çox da Mayn Ridin “Başsız atlı”sını... Çox gözəl təhkiyəsi vardı. Müharibə xatirələrini elə danışardı ki, qulaq asdığca əllərim bir-birinə sürtünməkdən tərləyirdi. Ədəbiyyata təbii həvəs məndə elə o vaxtlardan yaranmışdı. 3-cü sinifdə oxuyurdum. Bir gün atamın müharibə xatirələrinin təsiri ilə “Düşmən” adlı 3 bəndlik şeir yazmışdım. Məndən böyük qohumum, əlaçı şagird olan Əliyə vermişdim. Necə bir maraqla oxuduğuna təəccüblənirdim. Şeir demək olmazdı. Amma bir obraz vardı o mətndə, onu yarada bilmişdim. Elə o zamandan başladım yazmağa... 
Jurnalistika isə mənimçün sosial-ictimai statusu olan bir peşədi. 1991-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirmişəm. Elə həmin ildən də sırf professional jurnalistika ilə məşğul olmuşam. 14 il gündəlik rəsmi qəzetdə çalışmışam. Hər gün sərasər məqalə və xəbərlər yazmışam. 12 ildir ki, Atatürk Mərkəzində baş redaktor işləyirəm. 

-Sevərək gəldiyiniz bu sənət gözləntilərinizi doğruldubmu?
- Sənətdən gözləntim yaxşı və səmimiyyətlə yazmaq olub. Çox çətinliklə çap olunmuşam. 90-cı illərdə ədəbi mücadiləyə illərim gedib. Müstəqillik dövründə ilk Ədəbi Birliyi mən yaratmışam. Yazıçılar Birliyində tədbirlər keçirirdik. Binaya buraxmaq istəmirdilər. Çünki orda ədəbiyyatdan, YB-nin fəaliyyətsizliyindən danışırdıq. Bir dəfə sədrin kabinetində şəhid şairlərlə bağlı tədbir keçirirdik. İclasda ilk təklifim bu oldu ki, Ülvi Bünyazədənin, Nizami Aydının və Alı Mustafayevin xatirə lövhəsi yaradılsın. Buna nail olduq da. Tədbirdə Anar Rzayev Fikrət Qocadan soruşdu ki, o inqilabçı şair deyilən budurmu? Sonra cavab gözləmədən qəlyanı sümürüb yuxarı üfürdü... 
Təəssüf ki, YB-nin rəhbirliyi məndən özünə qarşı inqilabçı obrazı düzəltmişdi. Ona görə də bəzilərini çağırıb vədlər verir, sıramızdan ayırırdılar. Onlar da söz aparıb gətirirdilər, ədəbiyyatı qeybətə çevirir, donosbazlıq edirdilər. Ona görə bu məsələlərdən uzaqlaşdım. İstedadlı gəncləri çəkinmədən müdafiə etdiyimçün tənqid də olunmuşam, paxıllıq da, qısqanclıq da, həsəd də görmüşəm. Doğru saydığım yoldan dönməmişəm. Adım siyahılardan, təltif və mükafatlatdan kənarda qalıb. 1997-ci ildən 2014-cü ilədək AYB-nin İdarə heyətinin üzvü olmuşam. Amma İH-nin bir iclasına belə dəvət etməyiblər. Bunun səbəbləri məlum idi. İstəmirdilər ki, o iclaslarda obyektiv tənqid səslənsin. 1997-ci ildə “Ağ kitab” adlı ilk şeirlər kitabımın gərgin müzakirəsi keçmişdi. Sabahı gün öyrədilmiş gənclərdən biri qəzetdə yazmışdı ki, guya bu şeirlərdə Avropa üçün darıxan türk atlarının ayaq səsləri duyulur. Hətta məni pantürkist adlandıran gənc həmkarlar da vardı... 

1997-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev gənc yazarlarla görüş keçirdi. Dövlət başçısı yüksək demokratizm göstərərək hamını diqqətlə dinləyir, ürək sözünü deməsinə imkan yaradırdı. Görüş qarşılıqlı dialoq şəklində davam edirdi. Orda mən də çıxış edərək YB-nin fəaliyyətini tənqid etdim. Gənc istedadlı yazarlara Birliyin strukturunda, ədəbi orqanlarda yer verilməsi, təqaüd ayrılması barədə təkliflər verdim. Bəzi məsul yazıçıların sifətlərində özümə qarşı yaranan ikrah və qəzəb qızartlarını açıqca görürdüm. Sonralar heç ortada əməlli bir əsəri olmayan gənclər də işə cəlb edildi, təqaüd də ayrıldı. O tədbirə müəyyən vasitələrlə məqsədli şəkildə qatılanlar vardı. Onlar da vaxtında da bunun bəhrəsini yaxşıca gördülər. Amma təklifləri irəli sürən mən - işdən də, 2008-ci ilədək təqaüddən də kənarda qaldım. Soruşanda da deyirdilər: gənclər hamısı özünü istedadlı sayır, hər kəsi necə təmin edək?! Sözsüz, bu cür yanaşmalar psxoloji təsir vasitəsi idi. Və bu gün də bu yeknəsəkliyi davam etdirirlər. 
Ədəbiyyat idarəçiliyi bir təsərrüfat səciyyəsi daşıyır. Fərdi münasibətlər, regionçuluq timsalında qruplaşmalar hökm sürdüyü halda ədəbiyyatın inkişafından söhbət gedə bilməz. Köklü dəyişiklik olmasa, hər kəs doğru yerində olmasa, ədalət-haqq gözlənilməsə, həqiqi istedad qiymətləndirilməsə, ədəbiyyat aləmində hərc- mərclik davam edəcək. Ədəbiyyat fərdlərin cılız hissləri, mənafeləri çərçivəsindən çıxıb millətin ümumi ruhu, əxlaqı səviyyəsinə qalxmalıdır.


Xəbər xətti