Ana səhifə
15 Noyabr 2018

Aqrar sahənin problemlərini kooperasiyalar həll edəcək

Eldar İbrahimov: “Bu barədə təkliflə çıxış edəndə bəzi şəxslər elə bilirdilər ki, kolxoz yaradırıq”

 

 

Azərbaycan Respublikası Milli Məclisinin 2014-cü il payız sessiyasının qanunvericilik işləri planına “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsi də daxil edilib. Bir neçə il öncə qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul olunub. Amma sonradan araşdırmalar, təhlillər layihənin daha da təkmilləşdirilməsi zərurətini ortaya çıxardıb.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri  Eldar İbrahimovun sözlərinə görə, hazırda Prezident Administrasiyasının müvafiq şöbəsində bu layihə işlənilir. Yəqin ki, parlamentin payız sessiyası ərzində sənəd bizə təqdim olunacaq. O, bu qanunun ərzaq təhlükəsizliyinin təmin olunmasına daha böyük töhfələr verəcəyini bildirir: “Mən hesab edirəm ki, gələcəkdə iri təsərrüfatların, koperativlərin yaradılması ərzaq təhlükəsizliyinin təmin olunmasına daha böyük töhfələr verəcək. Çünki kiçik pay torpaqlarını əkib becərməklə insanlar yüksək məhsul götürə bilmirlər. Kooperativlər də xüsusi mülkiyyətin bir növüdür. Bu barədə təkliflə çıxış edəndə bəzi şəxslər elə bilirdilər ki, kolxoz yaradırıq. Amma bunlar ayrı-ayrı  şeylərdir. Böyük təsərrüfatlar rentabelli işləyir, qazancları da yüksək olur. Kiçik təsərrüfatlar isə çətinliklərlə üzləşirlər. Bu baxımdan, kooperativlərin yaradılması vacibdir. Bütün dünyada bu praktika tətbiq olunur”. 

Bu məsələyə münasibət bildirən Azərbaycan Fermerlər İttifaqının sədri Sadıq Murtuzayev “Üç nöqtə”yə dedi ki, aqrar bölmənin gələcək inkişafını təmin edən amillərdən biri də kənd təsərrüfatında kooperasiya əlaqələrinin yaradılmasıdır: “Belə ki, kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan kooperativlərin yaradılmasına diqqət artırılmalı, dövlət büdcəsi vəsaiti hesabına fermerlərə güzəştli kreditlər, lizinq yolu ilə texnika, damazlıq heyvan və digər vasitələr verilərkən bu kooperativlərin maraqları nəzərə alınmalıdır. Digər tərəfdən, dövlət büdcəsindən istehsal kooperativlərinə özlərinin istehlak kooperativlərini yaratmaqda kreditlər ayrılması nəzərdə tutulmalıdır. Ayrılıqda fəaliyyət göstərən kənd təsərrüfatı istehsalçılarına xidmət edən (təchizat, aqroservis və digər) və kənd təsərrüfatı məhsullarından istifadə etməklə fəaliyyət göstərən müəssisələr (emal, yeyinti və yüngül sənaye və s.) həmişə yüksək gəlir götürdükləri halda ölkə iqtisadiyyatının və cəmiyyətin inkişafına böyük təsir imkanları olan kənd təsərrüfatı və kənd yerləri gəlir götürmür, ziyanla işləyir və tənəzzülə uğrayır. Ona görə də aqrar sahənin hərtərəfli və səmərəli inkişafını təmin etmək üçün əsas məsələlərdən biri bu iqtisadi sahələrin kooperasiyasının dövlət tərəfindən stimullaşdırılmasıdır. Digər tərəfdən, dövlət dəstəyi əsasında kənd təsərrüfatı istehsal kooperativlərinin özlərinin kredit, xidmət və emal müəssisələri olmalıdır ki, onlar başqalarının təsirinə məruz qalmadan sərbəst fəaliyyət göstərə bilsinlər”.

Müsahibimiz qeyd etdi ki, bir çox ölkələrdə və müxtəlif dövrlərdə əhalini ərzaq çatışmazlığından məhz kənd təsərrüfatı kooperativləri xilas edib. Onun sözlərinə görə, hazırda Avropa ölkələrinin əksəriyyətində fermerlərin təxminən 80 faizi kooperativlərdə birləşib və onlar istehsal edilən bir çox kənd təsərrüfatı məhsullarının 70-90, bəzi ölkələrdə isə 100 faizini istehsal və emal edərək satırlar.

 

 

Əfsun

Tarix
27 Noyabr 2014 [23:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin