Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu istiqamətində ciddi işlər görülüb

18:09 - 8 Yanvar 2018 - KİVDF

Ölkəmizdə sözün əsl mənasında demokratik dəyərlərə əsaslanan hüquq sisteminin formalaşdırılıb

Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu istiqamətində ciddi işlər görülüb. Ölkəmizdə sözün əsl mənasında demokratik dəyərlərə əsaslanan hüquq sisteminin formalaşdırılıb, insanların hüquq və azadlıqlarını müdafiə etməyə, azad, müstəqil ədalət mühakiməsinin bərqərar olmasına yönəlmiş məhkəmə-hüquq islahatlarının həyata keçirilib. Məhkəmə-hüquq islahatlarının reallaşdırılması hər şeydən əvvəl yeni hüquqi dövlət quruculuğu konsepsiyasının işlənib hazırlanmasını şərtləndirib. Müstəqil Azərbaycanın hüquq sisteminin keçdiyi inkişaf yolu üç mərhələdən ibarət olub. 1995-ci ildə Konstitusiyanın qəbul edilməsi ilə məhkəmə-hüquq islahatının birinci mərhələsi başlanıb.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bu barədə bildirib ki, konstitusiyanın hazırlanması və qəbul edilməsi heç şübhəsiz ki, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz tarixi xidmətlərindən biri olub. “O,Konstitusiya layihəsinin hazırlanması ilə məşğul olan Komissiyanın sonuncu iclasında demişdi: “Bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam. Onun bu gün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altına imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bəyan edirəm”.

Fərhad Abdullayevin sözlərinə görə, Azərbaycan Respublikasının Konstitusiyasında müasir sivil cəmiyyətlərin inkişaf istiqamətlərini müəyyənləşdirən, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna imkan verən mütərəqqi ideya və dəyərlər geniş şəkildə öz əksini tapıb, insan hüquqlarının və azadlıqlarının təminatları müəyyən edilib. “Ölkədə siyasi sabitliyin, ictimai sülhün, bəzi hallarda hətta milli barışığın qarantı kimi çıxış edən konstitusiyalar şəxsiyyət, cəmiyyət və dövlət arasındakı münasibətlərin hüquqi çərçivələrini, dövlət quruluşunun əsaslarını, siyasi sistemin təşkili prinsiplərini, hakimiyyət orqanlarının təşkilini, səlahiyyətlərini və fəaliyyət qaydalarını müəyyənləşdirir, şəxsiyyətin statusunu, insan hüquqlarının və azadlıqlarının təminatı ilə bağlı mühüm məsələləri tənzimləyir. Dövlət quruluşunun başlıca prinsiplərini müəyyən etməklə yanaşı, konstitusiyalar həm də cəmiyyət həyatının müxtəlif sahələrinə dövlətin müdaxiləsinin meyarlarını və belə müdaxilənin yol verilə bilən hədlərini dəqiqləşdirir, bu sahədə dövlət siyasətinin ümumi istiqamətlərini müəyyən edir”.

 Milli Məclisin komissiya sədri Siyavuş Novruzov isə bildirib ki,  Konstitusiyanın preambulasında Azərbaycan xalqının Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsini ifadə edən, insan hüquq və azadlıqlarını təmin edən hüquqi, dünyəvi dövlət qurmaq və digər bu kimi  proritet məqsədlər bəyan edilib. “Azərbaycanda konstitusion quruluşun vacib əsası kimi xalq hakimiyyətini (xalqın suverenliyini) bəyan edən və Azərbaycan xalqını hakimiyyətin yeganə mənbəyi elan edən Konstitusiya xalqın öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirməsini nəzərdə tutur. Əsas qanun Azərbaycan dövlətinin hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilən demokratik, hüquqi, dünyəvi, unitar respublika olduğunu təsbit edir, başqa sözlə, dövlətin öz təyinatının tam yerinə yetirməsi üçün bütün zəruri xüsusiyyətləri göstərir. Konstitusiya ölkədə sağlam siyasi mühitin formalaşmasına imkan verən, vətəndaşların cəmiyyətin siyasi həyatında və dövlətin idarə olunmasında iştirakını nəzərdə tutan siyasi müxtəliflik və plüralizm kimi mühüm prinsipləri təsbitləyir. Əsas Qanun konstitusiyalı quruluşun xüsusiyyətlərindən biri kimi iqtisadi fəaliyyət azadlığını, mülkiyyət növlərinin müxtəlifliyini və onların bərabər müdafiəsinə verilən təminatı əks etdirir”.

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərob isə bildirib ki, Konstitusiyanın qəbulu yalnız yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyil, ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi idi. Ziyafət Əsgərov bildirib ki, Konstitusiya mövcud dövlətin bütöv hüquq sisteminin özəyi kimi çıxış edən, ölkə vətəndaşlarının əksəriyyətinin maraq dairəsində olan ictimai həyatı və əsas dövlət qurumlarının fəaliyyətini tənzimləyən normativ-hüquqi aktdır.
 “Bu mərhələ isə ilk növbədə siyasi sistemin mərkəzində insanın və vətəndaşın, onun hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə səciyyələnir”. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Konstitusiyasında müasir sivil cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən və konstitusiyalı quruluşun əsaslarını təşkil edən ideya və dəyərlər geniş şəkildə öz əksini tapmışdır: dövlətin və cəmiyyətin hüquqla sıx bağlılığı; insan şəxsiyyətinə və ləyaqətinə hörmət; dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması vasitəsilə xalqın hakimiyyət funksiyalarının həyata keçirilməsində iştirakı; insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu; siyasi sistemdə plüralizmə təminat verilməsi; sosial ədalətə nail olmaq, ümumbəşəri dəyərlərə sadiqlik, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması və sair”. 

Qeyd edək ki, əsas Qanunda konseptual baxımdan yeni ideyalardan biri ictimai münasibətlər sistemində dövlətin rolu ilə bağlı idi. Belə ki, ölkəmizin uzun illər daxil olduğu sovet siyasi sistemində dövlətin cəmiyyət həyatındakı rolu fövqəladə xarakter daşıyır, dövlət maraqları ilə şəxsiyyətin maraqları arasında yaranan münasibətlərdə üstünlük birmənalı olaraq birinciyə verilirdi. Bu isə, sözsüz ki, liberal demokratiya üçün öncül amillərdən olan şəxsi hüquq və azadlıqların müdafiəsinin arxa plana keçməsi ilə nəticələnirdi. Bu baxımdan Konstitusiyamızda dövlətin ali məqsədinin məhz insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi kimi müəyyənləşdirilməsi müstəsna əhəmiyyət kəsb edir. Konstitusiyamız dövlətin məhz vətəndaşların mənafelərinə xidmət etdiyini ən yüksək səviyyədə bəyan edirdi.
Azərbaycan Respublikası Konstitusiyasının hətta inkişaf etmiş dövlətlərin konstitusiyaları ilə müqayisədə kifayət qədər mütərəqqi hesab edilə biləcək müddəalarından biri də Əsas Qanunda sadalanan insan və vətəndaş hüquqlarının və azadlıqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilməsi ilə bağlı idi. Bu norma özündə insan hüquqlarının beynəlxalq standartlara uyğun tətbiqinə imkan verən mühüm prinsipi əks etdirir. Belə ki, qeyd olunan prinsip ölkəmizdə insan hüquq və azadlıqlarının hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında və insan hüquqlarına dair beynəlxalq müqavilələrdə nəzərdə tutulanlardan daha artıq məhdudlaşdırılmasına imkan vermir. Prinsip, eyni zamanda, insan hüquqlarının tətbiqi ilə bağlı milli qanunvericilik tənzimlənməsindən kənar qalmış hər hansı məsələyə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin birbaşa tətbiqini qanuniləşdirir. 

(ardı var)

Xəbər xətti