“Tam məbləği öz cibimdən verdim, heç turistin xəbəri də olmadı”

15:02 - 4 Yanvar 2018 - Müsahibə

“Qrupun içərisində olan bir “yan” soyadına görə həmin qrupu qəbul etmədim”

Son illər ölkəmizə gələn turistlərin sayı artır. Onlıar Bakı ilə yanaşı turizm potensialı olan digər bölgələrimizə də üz tuturlar. Turistlərin cəlb olunmasında turizm agentliklərinin də rolu çox böyükdür. Bu və digər məsələlərə aydınlıq gətirmək üçün "LunaTravel"in rəhbəri,  Turizm üzrə  ekspert Rəhman Quliyevi redaksiyamıza dəvət etdik. Həmin söhbətdən alınan müsahibəni sizlərə təqdim edirik:

- Yeni il bayramı arxada qaldı. İstər Azərbaycan vətəndaşları, istərsə də xarici ölkə vətəndaşları müxtəlif turizm mərkəzlərində dincəldilər. Amma yenə də qiymətlər maraqlıdır...
- Turizm sektorunda bir prinsip mövcuddur. Otellərdə müxtəlif kateqoriyalı otaqlar olur ki, hərəsinin öz qiyməti var. Əgər bu gün otellərimizdə standart otaqların qiyməti 50 manatdan başlayırsa, həmin oteldə digər üst kateqoriyalı otaqlarin qiymətləri getdikcə qalxır. Əgər normal beşulduzlu oteldə 20 standart otaq varsa, yerdə qalan digər otaqlar müxtəlif kateqoriyalı olur. Burada əsas məsələ ondan ibarətdir ki, otellərdə sifariş zamanı hamı istəyir ki, standart ekonom otaq alsın. Belə olan zaman standart otaqlar dolur və artıq üst kateqoriyalara keçir. Nəticədə qiymət artımı yaranır. Bu hal özünü uçuşlarda da göstərir. Belə ki, ucuz və bahalı klasslar var ki, bunlardan ilk öncə ucuz klasslar alınır, qurtarır. Və yekuna doğru bahalı klasslar qalır. Bu zaman da qiymətlərin bahalaşması qaçılmaz olur. Bu tək Azərbaycanda yox, bütün dünyada belədir. Braziliyada ildə bir dəfə dünya səviyyəsində karnaval olur. Hətta, ora məşhur dünya ulduzları da gedir. Həmin ərəfədə oteldə bir gecəsi 110 dollara olan otağı, həmin rəqəmin arxasına bir sıfır artıraraq 1100 dollara satırlar. Mən özüm bunun şahidi olmuşam. Həmin otelin də qazancı budur. Bütün il boyu müxtəlif üsullarla oteli yola verərək vəziyyətdən çıxmağa çalışır, ildə bir dəfə əlamətdar gündə düşən fürsəti dəyərləndirir və bütün xərci çıxarırlar.

- Əhali daha çox yerli, yoxsa xarici turizmə üstünlük verir?
- Biz turizm şirkətləri olaraq əhalini yerli turizmə yönəltməyə çalışırıq. Bu həm büdcə baxımından yaxşıdır, həm də yerli turizmin inkişafına şərait yaradır, pul dövriyyəsi ölkəmizdən kənara getmir. Bununla yanaşı öz otellərimizə əlimiz çatır, lazım olanda sözümüzü deyə bilirik. Amma yenə də xaricə getmək istəyən gedəcək, bunun özü də yaxşı bir haldır. Çünki turizm özü mədəniyyət, böyük bir sahədir, tanıtım deməkdir. Bu gün Azərbaycandan xarici ölkəyə gedən bir insan özünü turist kimi aparmamalıdır. Bir vətəndaş kimi azərbaycançılığı nümayiş etdirməli, ölkəmizin güzgüsü olmalıdır. Mən həmişə balaca bir çantamın içərisində ölkəmizin bayrağını və xəritəsini saxlayıram, hara getsəm özümlə aparıram. Xarici bir vətəndaşla söhbət edən kimi tez xəritəmizi açıb göstərirəm. Ərazi bütövlüyümüzü, işğal altında olan torpaqlarımızla tanış edirəm. Bəlkə də onlar üçün maraqlı deyil, amma mən bunu edəndə vicdanım rahatlayır. Xarici ölkələrdə dəfələrlə tədris müəssisələrində olmuşam, onlara ölkəmizdə yüksək səviyyədə əmin-amanlıq olduğunu tanıtmışam. Amsterdamda olarkən ölkəmiz haqqında geniş məlumatlar verdim. Onlar dedi ki, sizin ölkənizin çox eqzotik yerləri var. Biz sizin ölkəni belə təsəvvür etmirdik. Bu yaxınlarda Rusiyadan gələn qonaqlarımız qayıdanda bizdən üzr istədilər: “Səmimi etiraf edək ki, gələndə həvəssiz gəlirdik. Düşünürdük ki, əşi hər yeri gəzmişik, gedək görək, köhnə Bakı dedikləri yer necədir? Biz sizin bu cür dövlət prinsiplərinizin, mədəniyyətinizin olduğunu bilmirdik. Ən yaxşı Avropa ölkələri ilə müqayisə eləmək olar ”.  Biz turistləri elə gözəl səviyyədə qarşılayırıq ki, hər biri razı qalır.

- İnsanlar deyirdi ki, xaricdə istirahət etmək, ölkəmizdəkindən ucuz başa gəlir. Bu tendensiya hələ də qalırmı? 
- Bəzi nöqsanlar ola bilər, amma bu da zaman-zaman aradan götürüləcək. Mədəniyyət və Turizm Nazirliyi bu sahədə çox ciddi tədbirlər görür, ciddi addımlar atılır. Cənab nazir keçən iclasda çox böyük tapşırıqlar və tövsiyyələr verdi ki, ilk növbədə otellərlə turizm şirkətləri qarşılıqlı əməkdaşlığı gücləndirsin. Burada türklərin təcrübəsindən istifadə etmək olar. Hər hansı bir müştəri otelə gedəndə “price” olur, ona otağın bir gecəsini 100 avroya verirlər. Amma turizm şirkətindən gələn müştəriyə 60-80 avroya verir. Çünki turizm şirkəti otellərə daimi müştəri verir, kənardan gələn isə bir-iki gecə qalıb gedir. Turizm şirkəti də 70 avroya alıb, 75  avroya müştəriyə satır. Həm turizm şirkətinə, həm də müştəriyə ucuz olur. Türkiyənin Antalya, Bodrum, Quşadası və s. otellər ildə cəmi üç ay işləyir. Amma otaqları yanvar ayından erkən rezarvasiya ilə satışa çıxarır və yayın bütün otellərini satır. Biz sadəcə bunu həyata keçirə bilmirik. Bizdə həmin rəqabəti yaratmaq üçün o sayda otellər yoxdur. Qiymətlər həmişə rəqabətə görə tənzimlənir. Ona görə otellərin sayı artmalıdır, artdıqca da turist gələcək, qiymətlər aşağı düşəcək. Tayland bu ilin ən çox turist qəbul edən ölkəsi seçildi. İl ərzində həmin ölkəyə 45 milyon turist gedib. Bu o deməkdir ki, Avropanın yarısı ora gedib qayıdıb. Taylandda otellərin qiymətinə fikir verəndə isə insan dəhşətə gəlir ki, bu qədər turist gedir, amma qiymətləri çox ucuzdur. Çünki otel sayı çoxdur.

- Turizm şirkətlərinin sayı xeyli artıb. Bəs xidmətlər necə? Bu say artımı xidmətə təsir göstərirmi? 
- Turist sayının çoxalması yaxşı haldır. Əgər biz bu gün turistləri yerləşdirməyə yer tapa bilmiriksə, bunun özü daha sevindirici bir haldır. Artıq Turizm Assosasiyası bütün turizm şirkətlərinə nəzarət edir, araşdırmalar aparır. Yeni portal yaradıldı və orada sırf turizm fəaliyyəti ilə məşğul olacaq firmalarının adlarını görəcəksiniz. Bu, Azərbaycan hava yollarının saytında da var. Assosasiya araşdırmalara başlayıb ki, hansı turizm şirkəti harada oturur və nə kimi fəaliyyət göstərir? Bəzən bizə gələn müştərilər deyir ki, filan travel bizə atdı getdi, gedib aeroportda qaldıq və s. kimi hallar çoxdur. Ona görə də, mən əhaliyə tövsiyyə və xahiş edirəm ki, tanımadıqları və sosial şəbəkələrdə tərif olunmuş qiymətlərə uyub həmin şirkətlərin arxasınca getməsinlər. İldə ən çoxu 2-3 dəfə gəzməyə gedirlər. O qədər vaxt tapıb gedirlərsə, zəhmət çəkib yarım saat vaxt ayırıb normal bir ofisə, turizm şirkətinə yaxınlaşsınlar, orda şirkətin özü ilə, onun sertfikatları ilə tanış olsunlar, ödənilmiş pulun ödəniş çeklərini tələb eləsinlər. Bunların hamısı şərtdir. Misal üçün, əvvəllər ölkəmizə saxta mallar gətirirdilər. Düzdür, o bazar işləyirdi, məhsulu alırdılar. Amma aparıb bir dəfə istifadə edəndən sonra atırdılar. Artıq ikinci dəfə ondan mal alan olmurdu, çünki istifadəyə yararlı deyildi. Saxta mal satanlar məcbur olub ya keyfiyyətli mal gətirdilər, ya da məcbur aradan çıxdılar. Turizm sektoru da belədir. Bizdə bu sahə yeni-yeni inkişaf etməyə başlayıb. Bir neçə il ərzində hər şey öz qaydasına düşəcək. Biz sosial şəbəkələrdə reklam aparmırıq. Sadəcə ad olsun deyə açmışıq, turistlər bunlar sosial şəbəkələrdə yoxdur deməsin. Bizim əsas reklamımız işimizin keyfiyyətidir. Daimi müştərilərimiz var ki, 10 ildir bizimlə işləyirlər. Bir dəfə mən fors major halı yarandığı üçün tam məbləği öz cibimdən verdim, heç turistin xəbəri də olmadı. Türkiyədə bir şirkət var idi, bizim ödənişlərimiz ora getdi və sonra şirkət bankrot oldu. Şirkət ödənişləri geri vermədi, mübahisəli vəziyyət yarandı. Turisti 1 dəqiqə olsa belə çöldə qoymaq olmaz. Mən dərhal bir günün içində onu həll etdim və turistləri otelə yerləşdirdim. Çünki bu turistlərin günahları deyil. Bizim etibarlılıq markamız var , hər zaman onu qoruyub saxlamalıyıq. Belə çətinliklərin qarşısında dayanmaq lazımdır.

-Azərbaycana gələn turistlərdən söhbət gedirsə, ilk növbədə ərəblər, iranlılar və ruslar diqqəti çəkir. Bəs, daha hansı ölkələrdən turistlərin cəlb olunmasına ehtiyac var? 
- Düzdür, Ərəb və Körfəz ölkələri Azərbaycan üçün böyük bazardır. Onlar bir az ekonom büdcəli yerlər axtarsalar da, əsas odur ki, ölkəmizə gəlsin, tanısın və pul xərcləsinlər. Bu vacib bir faktordur. Bizim üçün ikinci bazar olaraq Rusiya, üçüncü isə Avropa ölkələri daha önəmlidir. Ermənistan istisna olmaqla dünyanın hər bir yerindən gələn qonaqların gözümüz üstündə yeri var. Bu yaxınlarda bizə Moskvadan Bakıya bilet sifariş edirdilər. Qrupun içərisində olan bir “yan” soyadına görə həmin qrupu qəbul etmədim. Dedilər ki, bu rus passportu və vətəndaşıdır, sadəcə Azərbaycana gəlib qayıdacaq, sizin işiniz yoxdur. Sizin sərhəd xidməti, hüquq-mühafizə orqanları var. Problem yaratsa onlar yaradar, siz niyə problem  yaradırsınız ki? Amma sırf orada olan “yan” soyadlı insana görə biz o qrupu geri qaytardiq, onu yazmadıq. Çünki mənim vicdanım buna yol vermədi. Halbuki bizim orada nə qədər xeyrimiz ola bilərdi. Mən heç vaxt mənəviyyatı pula dəyişmərəm. Mən özüm Zəngilan rayonundan mecburi köçkünəm, itirəcəyimizi kifayət qədər itirib gəlmişik. 

- İqtisadiyyatın güclənməsində turizmin rolu necədir?
- Bu gün qonşu ölkələrə nəzər yetirmək, onların praktikasından istifadə etmək lazımdır. Turizm sahəsində yaxşı təcrübəsi olan ölkələr var, Türkiyə, İspaniya, Fransa və s. Türklərin hazırda əsas gəlir yeri demək olar ki, turizmdir. Tekstildən də əvvəl turizmdir. Türkiyənin bir başından digər başına qədər bütün bölgələri - "Antalya", "Bodrum", “Ayvalıq”, “Balıkesir”, “Uludağ”, “Kapadokya”, “Uzungöl”, və s. hər yer turistlərlə əhatə olunub. Təsəvvür edin ki, Azərbaycana nə qədər ərəb turist gəlirsə, onun iki qatı qədəri Türkiyənin tək bir bölgəsi - Trabzonda “Uzungöl”də olur. Həmin bölgə turistlərin hesabına dolanır. Hazırda ölkəmizə gələn turistlər  vətəndaşlarımıza ən azından az məbləğ də olsa xeyir verir, otellərdən, restoranlardan istifadə edir. Həmin restoranlara da kənd əhalisi toyuq, yumurta, kənd məhsullarını gətirib satır, pul qazanır. Avtobusla gedəndə o qədər olub ki, avtobus saxlayır, hamı düşüb alış-veriş edir. Biri mürəbbə, lavaş, digəri pendir, turşu və s. alır. Baxırsan ki, satıcı qadınlar məhsulları normaldan baha qiymətlərə deyir və pul qazanır. Qoy etsinlər, çünki qadınlar əziyyət çəkib onları hazırlayırlar. Bu onların halalıdır. İqtisadiyyatın inkişafı həmin 1, 10 qəpiklərdən başlayır. Ona görə də turistlərin ölkəmizə gəlməsi vacibdir.


Könül Əhmədova


Xəbər xətti