Azərbaycan nəsrində gürcü mövzusu

14:58 - 4 Yanvar 2018 - Ədəbiyyat

 (İsmayıl Şıxlının «Dəli Kür» qomanı)

- Şair, tərcüməçi, ədəbiyyatşünas  mərhum Leyla Eradze Azərbaycan ədəbiyyatının qızğın təbliğatçılarından biri idi. Onu nəinki, Gürcüstanda, eləcə də Azərbaycanda yaxşı tanıyırdılar.  Leyla xanım Azərbaycanda keçirilən mədəni tədbirlərdə həmişə iştirak etmişdir. İki qonşu, dost xalq arasındakı mədəni və ədəbi əlaqələrin genişləndirilməsinə xüsusi səy göstərmişdir.  Leyla xanım Səməd Vurğun, Süleyman Rüstəm, Nəbi Xəzri, Nəriman Həsənzadə, İsa İsmayılzadə, Cabir Novruzun şeirlər kitabını, Mirzə İbrahimovun «Pərvanə», İsmayıl Şıxlının «Dəli Kür», İlyas Əfəndiyevin «Söyüdlü arx», Həsən Seyidbəylinin «Telefonçu qız» adlı əsərlərini, Cəlil Məmmədquluzadənin, İsa Hüseynovun, Ələviyyə Babayevanın hekayələr kitabını və başqalarının əsərlərini gürcü dilinə tərcümə etmişdir. 

O, gürcü-azərbaycan ədəbi əlaqələrinə dair doktorluq dissertasiyası müdafiə etmişdir. Ömrünün sonuna kimi Azərbaycan ədəbiyyatının qızğın təbliğatçısı olan Leyla xanım Eradze bu gün aramızda yoxdur, 1998-ci il fevralın 5-də dünyasını dəyişmişdir. Ölümünün 20-ci ildönümünü qeyd etmək,  əziz xatirəsini bir daha yad etmək üçün  Leyla Eradzenin tanınmış Azərbaycan yazıçısı İsmayıl Şıxlının «Dəli Kür» romanı haqqında yazdığı məqaləsini  “Üç nöqtə”nin  oxucularına təqdim etməyi məqsədyönlü hesab edirik.

- XIX əsrin  ikinci yarısında  Azərbaycanın sosial-iqtisadi və siyasi həyatında baş verən dəyişikliklər  mədəni sahədə öz əksini tapmışdır. Azərbaycan mədəniyyəti və onun ayrılmaz hissəsi olan ədəbiyyat inkişafın yeni mərhələsinə daxil olur. Onda mütərəqqi  rus mədəniyyətinin təsiri özünü göstərmişdir. Bu dövrdə Rusiya imperiyasına daxil olan  Qafqaz xalqlarının  çoxəsrlik  dostluq əlaqələrinin möhkəmləndirilməsi nəzərə çarpırdı. Çar hakimiyyətinin  və yerli  mürtəce qüvvələrinin  hərtərəfli müqavimətinə baxmayaraq  Rusiyadan  gələn  inqilabi-demokratik  ideyalar  Qafqaza doğru öz yolunu açırdı və Azərbaycanda  əsrlər boyu  möhkələnmiş  İslam mənəviyyatını, lənətə gəlmiş dini ehkamları dağıdır və onun məhv edilməsinə təhlükə yaradırdı. Çar Rusiyası öz ruslaşdırma siyasətini yaymaq üçün  Zaqafqaziyada  məktəblər də açmaqdan çəkinmirdi ki, bu yol ilə də milli zülm və köləlik başçılarını yetişdirmək istəyirdi. 

Bu məktəblərdə  mütləqiyyətin müstəmləkəçilik siyasətinin daşıyıcıları ilə yanaşı demokratik ideyalar ilə silahlanmış xalq maarifçiləri də fəaliyyət göstərirdi ki, bunlar da məktəbli yeniyetmələri  mütərəqqi  ruhda tərbiyə edir və onlara xan və bəylərə, molla və dini şəxslərə qarşı nifrət hisslərini aşılayırdılar. 
 Çağdaş Azərbaycan nasiri İsmayıl Şıxlının «Dəli Kür» romanı ictimaiyyətin  bu kəskin  münaqişəsi üzərində qurulmuşdur. 
İsmayıl Şıxlı  görkəmli Azərbaycan yazıçısıdır. O, Böyük Vətən Müharibəsindən sonra  «Kerç sularında» adlı hekayə ilə ədəbiyyata gəlmişdir. Gənc müəllif müharibənin bütün dəhşətlərini, Kerç  körfəzində gördüyü və içində olduğu döyüş hadisələrini aydın və inandırıcı şəkildə təsvir etmişdir.  Bundan sonra «Dağlar zümzümə edir» geniş hekayəsini, «Ayrılan yollar» romanını  və sair yazır.  Son «Dəli Kür» romanı  bütün on il ərzində(1957-1967-ci illər) görülən gərgin əməyin bəhrəsidir.  Demək lazımdır ki, bu roman haqlı olaraq təkcə müəllifin qələbəsi hesab olunmur,  eləcə də son dövrlər Azərbaycan nəsrinin samballı nailiyyətidir.

Əsərin  ideyası köhnə, məhvi labüd olan ictimaiyyətin tədricən dağılması və onun faciəli şəklidə sona yetməsidir. Yazıçı əsasən bir ailənin faciəsini sinfi  münaqişə fonunda ümumiləşdirmiş və ona geniş ictimai məna vermişdir. 
Ailə həmgamələrinin  əvvəli və sonu ondan ibarətdir ki, varlı və nüfuzlu mülkədar Cahandar ağa  evə ərli qadın olan Mələyi ikinci arvad olaraq gətirir. Onun birinci və qanuni arvadı Zərnigar xanım bu hadisəni ailə faciəsinə çevirir.  Şəriətin dörd arvad almaq ixtiyarını verməsinə və  şəriət ilə  qanuniləşdirilmiş  çoxarvadlılığın hələlik qüvvədə olmasına baxmayaraq Zərnigar bununla barışa bilmir,  ərinin iradəsinə qarşı çıxır və öğlunu da atasına qarşı  qaldırır.  Ərinin xəyanətindən qeyzlənən qadın qan tökməkdən və qurban verməkdən də çəkinmir. 
Ata-oğul  ixtilafı o qədər  kəskinləşir ki, nəhayət, oğul ata evini tərk edir və evsiz-eşiksiz qalmış  qayıqçının qızı ilə evlənir.

Yazıçı Cahandar ağanı  təkcə mülkədar sinfinin varlı-hallı və nüfuzlu nümayəndələrindən biri kimi deyil, eləcə də bədii inandırıcılıqla onun çılğın təbiətini, qorxusundan ayağının altında torpağın da lərzəyə gəldiyi və hər şeyə qadir, qəddar və şəxsiyyət kimi təsvir edir. Lakin Cahandar ağa hər halda duyğusal bir insandır. O, yeni dövrün təlatümünü hiss edir. İstəyi də vardır ki, ona qoşulsun, lakin köhnə mövqelərini  heç bir vəchlə güzəştə getmək istəmir.  Öz arvadı  Zərnigar  xanımın və oğlu Şamxalın müqavimətlərində də aləmin dağılmasını, onun  qayda-qanunlarının sarsımasını və adət-ənələrin dəyişdirilməsini görür. Hə şeydən çox məhz elə bunlar onu həyacanlandırır, özündən çıxardır. Onun istək və arzularına bir kimsənin, elə götürək, onun ikinci  arvadının qanuni əri Allahyar da olsun, qarşı çıxmasını təsəvvürünə belə gətirə bilmir. Cahandar ağa  var-dövləti ilə, qeyrəti ilə tanınmış Allahyarın arvadını qaçırtmağı və birinci arvadının – böyüyüb ərsəyə çatmış oğullarının anasının yanına gətirməsini adi bir hal kimi hesab edir.  

Realist yazıçı   ölkə tarixini  bilavasitə intim əlaqələrdə, ailə məişətində və qarşılıqlı  məhəbbətdə də axtarmaq mümkünlüyü gerçəkliyni bir daha bizə təstiq edir. Yazıçı Cahandar ağanı çılğın  ehtiraslı, daim çoşqun, qəddar mülkədar kimi təsvir edir ki, bu da faciəvi məna kəsb edir. Onun simasında  bütün dövrün fəlakəti göz önündə sərgilənmişdir1. 
 İsmayıl Şıxlı Azərbaycan məişətini, inqilaba qədər  kənd həyatına daxil olmuş yeni dövrün  təlatümünü bəzən özü ilə gətirən yeni ictimai ideyaları əks etdirir. Feodal dövrünün görkəmli nümayəndəsi Cahandar ağanın zamanın dəyişikliklərinin özünəməxsus əks-sədasını tapan  mənəvi aləmini açıb göstərir. Atadan-babadan  bərqərar olmuş aləmin və onun sərt qanunlarının  dəyişdirilməsinin  nəsə təsəvvür olunmadığı bu feodal- patriarx quruluşunun insanında  da yeniliyin qığılcımları baş qaldırır. Böyük oğlunu bilik almaq məqsədi ilə Qori seminariyasına  göndərməyi lazım bilir. O, mövcud dəyişiklikləri- çar hakimiyyətinin tədricən Qafqaza doğru daxil olmasını, atlı kazakların Göytəpədə görünməsinm artıq yad hadisə olmadığını yaxşı görür.  Buna görə də yeni hakimiyyətin qarşısında səsini çıxartması, onun ailəsini bir kimsənin  alçaltmağa ərk edə bilməməsi üçün oğlunun savadlı olmasını istəyir. 
Müəlif  «Aşağı təbəqənin «it sümüyünə» onun oğlunun etdiyi kimi, calamamağı2», yalnız öz sinfinin  mənafelərinin uyğun gəldiyini, yalnız onun sinfinin qanının «təmiz» olduğunu hesab edən Cahandar ağa simasında öz zamanına tam uyğun gələn mülkədarını təsvir edir. Cahandar ağa təkcə öz ətrafında olanlara amansız deyil, eləcə də Molla Sadığın müridləri arasına düşdüyünə və adını batırdığına görə öz sevimli bacısının da ürəyinə güllə sıxır. Bu biabırçılıq  yalnız qan ilə yuyulmalıdır.

İ. Şıxlı daim çoşqun və çılğın Kür çayını zamanın və durumun rəmzi kimi istifadə etmişdir. Bunu, tədqiqatçı Q. Əlibəyovanın qeyd etdiyi kimi, Cahandar ağaya da sirayət etmək olar.  Cahandar ağa yeni yaşayışa uyğunlaşmır, lakin məsələ ondadır ki, zaman köhnə qaydada yaşamaq ixtiyarını vermir. Necə yaşayım?- Öz-özünə bu sualı verir və belə cavablandırır ki, öz həyatını bulanıq və coşqun  Kürə inanır. Ölümə məhkum olan sinfin nümayəndəsinin həyatı faciə ilə sona yetir.
Romanda Cahandar ağanın öz istəyi ilə kiçik oğlu Əşrəfi oxumağa göndərdiyi Qori Müəlimmlər Seminariyasına  böyük yer ayrılmışdır. Köhnə mülkədar bununla çarizm ilə bir növ barışdırıcı körpü salır. 
Təəssüf ki, onu da demək lazımdır ki, bu çatışmazlıqları qismən aradan götürən ayrı-ayrı  xatirələri nəzərə almasaq Qori seminariyası barəsində indiyədək  bir dənə də olsun gürcü dilində  bədii əsər yoxdur. 

Gürcü dilindən tərcümə edən: Mirzə Məmmədoğlu


(ardı var)

Xəbər xətti