Milli dövlətçilik maraqlarının qorunmasında vətəndaş təəssübkeşliyi

18:11 - 4 Yanvar 2018 - KİVDF

Dünyanın qüdrətlı dövlətləri ölkəmizlə etibarlı tərəfdaş kimi hesablaşır

 
SSRİ-nin süqutundan sonra dünyanın siyasi xəritəsində mühüm dəyişikliklər baş verdi, yeni müstəqil dövlətlər yarandı. Müstəqil Azərbaycan dövlətinin qurulması o qədər də asan olmadı. Çünki müstəqilliyin ilk illərində Azərbaycan ərazisinin 20 faizi erməni işğalçıları tərəfindən işğal olunmuş, iqtisadiyyatı tənəzzülə uğramışdı. Bundan başqa, ölkəmiz əleyhinə erməni təbliğatının aparılması Azərbaycan tərəfindən adekvat addımlarla müşayiət olunmurdu, Azərbaycan bu mənfur təbliğatın qarşısında çox aciz siyasət aparırdı. Həmin dövrdə respublikada milli-etnik ixtilaf, bölücülük tendensiyası cücərməkdə idi. Bunlar dövlət müstəqilliyinin taleyini sual altına almışdı. Məhz bütün bunların nəticəsi kimi o illərdə Azərbaycan beynəlxalq aləmdə öz sözünü deyə bilmir, müxtəlif ölkələrdə Azərbaycana qarşı ədalətsiz, qərəzli qərarlar qəbul olunurdu. Bu proses 1993-cü ilin ortalarına kimi davam etdi. Ulu öndərin 1993-cü ilin iyun ayında xalqın təkidi ilə hakimiyyətə qayıdışından, oktyabr ayında isə Prezident seçilməsindən sonra müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi sürətləndirildi, mili dövlətçiliyin ideoloj əsasları fundamental elmi-praktik prinsiplər əsasında müəyyənləşdirildi. Əsas məqsəd qabaqcıl Avropa standartlarına uyğun milli dövlət yaratmaq idi.

Dövlət çevrilişlərinin qarşısı alındı

Heydər Əliyev yaxşı bilirdi ki, Azərbaycan kimi etnik tərkib baxımından zəngin, çoxmillətli bir dövlətdə millətçilik ziyanlı fəsadlara yol aça bilər. Bu səbəbdən ümummilli liderin rəhbərliyi ilə milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının, hisslərinin güclənməsi və onların real siyasi amilə çevrilməsi həyata keçirildi. Azərbaycan xalqının tarixi, mənəvi-əxlaqi, mədəni ənənələri zəminində mürəkkəb geosiyasi dövrdə hakimiyyət boşluğunun aradan qaldırılması, separatçılıq təhlükəsinin və silahlı quldur dəstələrinin ləğv edilməsi, Azərbaycanın milli mənafelərini qorumağa qadir, döyüş qabiliyyətli ordunun yaradılması istiqamətində bütün Azərbaycan cəmiyyəti sıx birləşdirildi. Bu birliyin əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi, həmrəyliyi və bütövlük ideyası dayandı. Bunlar 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında öz əksini tapdı. O insan hüquqlarının, fikir plüralizminin, söz, dini və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yaratdı və ölkənin bütün vətəndaşlarını birləşdirdi. 

Bu birliyin nəticəsidir ki, ölkəni parçalamaq istəyən xarici və daxili qüvvələr zərərsizləşdirildi. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin, düşmən ordusunun hücumlarının və ölkənin parçalanmasının qarşısı alındı.  

İqtisadi inkişaf strategiyası 

Heydər Əliyevin rəhbərliyi ilə mənəvi dəyərlərimizin qorunmasına, cəmiyyətin bütün potensialının milli maraqlar kontekstində səfərbər edilməsinə, ictimai-siyasi sabitlik faktoruna istinad edən yeni iqtisadi inkişaf strategiyası hazırlandı. Azərbaycanın dövlət siyasəti güclü iqtisadiyyata söykənən müstəqil və güclü dövlətçiliyin təmin edilməsinə, geniş sosial zəminə söykənən unitar, demokratik dövlət qurulmasına, onun xarici siyasi aləmdə təcrid olunmuş vəziyyətdən çıxarılmasına, mövqeyinin möhkəmləndirilməsinə yönəldildi. Böyük strateq Heydər Əliyev bu iqtisadi inkişaf modelini irəli sürərkən respublikamızın zəngin təbii resurslarını, Şərqlə Qərbi qovuşduran əlverişli coğrafi-siyasi mövqeyini, geniş tranzit-kommunikasiya imkanlarını, habelə tarixi təsərrüfatçılıq ənənələrini, spesifik xüsusiyyətlərini, sosial-iqtisadi gerçəkliklərini nəzərə aldı. O, qısa müddətdə özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan liberal inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə nail oldu. 1994-cü il sentyabrın 20-də dünyanın tanınmış neft şirkətləri ilə imzalanan «Əsrin müqaviləsi» isə təkcə öz iqtisadi səmərəsinə görə deyil, Azərbaycanın beynəlxalq aləmdə layiqli mövqe qazanması, öz müstəqilliyini qoruyub saxlaması baxımından mühüm əhəmiyyət kəsb etdi. Professor Nizaməddin Şəmsizadə yazır: “Əsrin müqaviləsi” ilə ümummilli lider həm müstəqil Azərbaycanın iqtisadi strategiyasını müəyyənləşdirdi, həm də müstəqil dövlət ideologiyası olaraq azərbaycançılığın iqtisadi təməllərini formalaşdırdı. Bununla da Heydər Əliyev azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, azərbaycançılığa əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı. Məhz onun sayəsində xalqda dövlətə inam hissi gücləndi».

Milli Neft Strategiyası Azərbaycanda sabitliyin yaranmasına, iqtisadiyyatın digər sahələrinin inkişafına, onun geosiyasi mövqeyinin möhkəmlənməsinə, çoxmilyardlı xarici investisiyaların axınına, gəlirlərinin artmasına, dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsinə şərait yaratdı. Ölkənin həyatında çox zəruri olan ictimai-siyasi sabitləşmə isə demokratik prinsiplərin və təsisatların yaradılması və təkmilləşdirilməsinə, dövlət aparatının möhkəmləndirilməsi və iş qabiliyyətli dövlət idarəçilik təsisatlarının formalaşdırılmasına səbəb oldu.
Azərbaycan dövlətinin güclənməsinə xidmət edən xarici siyasət
Ümummilli liderin xarici siyasət sahəsində atdığı addımlar da Azərbaycan dövlətinin güclənməsinə, onun xarici siyasi aləmdə təcrid olunmuş vəziyyətdən çıxarılmasına xidmət edirdi. Bu siyasətinin əsasında ilk növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin ərazi bütövlüyünə hörmət, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan məhdudiyyətlərin aradan qaldırılması prinsipləri dayanırdı. Azərbaycan Respublikası Prezident Aparatının şöbə müdiri Əli Həsənov qeyd edir ki, bu siyasətin nəticəsndə Azərbaycan beynəlxalq aləmin çox dəyərli üzvünə çevrildi, qonşu dövlətlərlə münasibətlər yüksək səviyyədə inkişaf etdi. Bu münasibətlər işgüzar zəmində, qarşılıqlı zəmində quruldu. BMT, Avropa Şurası, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Aİ, NATO və digər mötəbər qurumlarda Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığını dəstəkləyən qətnamələr, bəyannamələr qəbul olundu, mövqe ortaya qoyuldu. Ölkə vətəndaşlarının bu siyasəti həyata keçirən öz dövləti ətrafında sıx birləşməsi Azərbaycanın beynəlxalq aləmdə güclü və öz nüfuzu olan dövlətə çevrilməsində aparıcı rol oynadı. «Ardıcıl, düşünülmüş xarici siyasət kursu Azərbaycan dövlətinə demokratik dəyəri hər şeydən üstün tutan, dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri quran, qonşuları ilə dinc şəraitdə yaşamağa üstünlük verən sülhsevər ölkə imici qazandırdı»,-Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev deyir. 

Mənəvi birlik

Ulu öndər yaxşı bilirdi ki, cəmiyyətin tərəqqisinə, elmin, mədəniyyətin inkişafına təsir göstərən ən qüdrətli vasitələrdən biri də təhsildir. Bəşəriyyətin çoxəsrlik təcrübəsi də göstərir ki, elmə, mədəniyyətə, təhsilə qiymət verməyi bacaran xalqlar və dövlət başçıları öz ölkələrinin sürətli inkişafını təmin etmiş olurlar. Heydər Əliyev dühasının böyüklüyü də məhz ondadır ki, o, bütün fəaliyyəti boyu bu sahələrə diqqət və qayğısını əsirgəmədi, cəmiyyətdə yüksək bilikli, intellektual və elitar təbəqənin formalaşmasına çalışdı. 
Azərbaycanın milli dövlətçiliyi naminə atılan mühüm addımlardan biri də xalqımızın ümummilli mənəvi birliyi konsepsiyasında mühüm yer tutan Azərbaycan dilinin hərtərəfli dəstəklənməsi oldu. Mübaliğəsiz deyə bilərik ki, Azərbaycan dilinin hərtərəfli inkişaf etməsi və zənginləşməsi, onun dövlət dilinə, rəsmi sənədlərin dilinə çevrilməsi, gündəlik həyatda, praktikada bu dildən istifadə edilməsi, beynəlxalq münasibətlər, dünya diplomatiyası sahəsində tətbiqi və onun hörmət qazanması - bütün bunlar Heydər Əliyevin yorulmaz və çoxşaxəli fəaliyyətinin, daimi diqqət və qayğısının nəticəsidir. Məhz Heydər Əliyevin gərgin səyləri və yenilməz iradəsi nəticəsndə Azərbaycan bu gün dünya birliyiıyı tərəfindən tükənməz təbii sərvətləri, iqtisadi imkanları ilə yanaşı, mədəni, elmi , intelektual, yaradıca potensala malik ölkə kimi qəbul olunur.   
Beləliklə, ümummilli lider, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Demokratik prinsiplərin və təsisatların yaradılması, təkmilləşdirilməsi, dövlət aparatının möhkəmləndirilməsi və iş qabiliyyətli dövlət idarəçilik təsisatlarının formalaşdırılması həyata keçirildi. Güclü ordu quruldu. Ümummilli lider qətiyyət və əzmlə dünya azərbaycanlılarını Dağlıq Qarabağ problemi ətrafında birləşdirə bildi. Onlarda Vətən eşqi, milli təəssübkeşlik yaratdı. «Azərbaycanda qüdrətli dövlət, qüdrətli ordu, qüdrətli iqtisadiyyat, sosial təminat, qüdrətli siyasət yaradıldı»,- Nizaməddin Şəmsizadə deyir.

Dövlətçilik təcrübəsində siyasi varislik ənənələrinin davamı

Ulu öndərin dövlətçilik fəlsəfəsinə əsaslanan İlham Əliyevin bu sahədə siyasəti  respublikada sabit iqtisadi və siyasi sistemin yaradılmasına, sosial vəzifələrin həllinə, əhalinin alıcılıq qabiliyyətinin və rifahının yüksəldilməsinə, vətəndaş həmrəyliyinin əldə edilməsinə yönəlib. Hazırkı mərhələdə neft gəlirlərindən əldə olunan külli miqdarda vəsaitin respublikamızda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesinin daha da sürətləndirilməsinə, ümumilikdə, insan amilinin yüksəlişinə yönəldilməsi nüfuzlu ekspertlər tərəfindən müsbət qarşılanır. Xarici siyasətin əsasında ölkənin ərazi bütövlüyünün bərpası, təhlükəsizliyinin təmin olunması, qonşu dövlətlətlə sülh və dinc yanaşı yaşamaq prinsiplərinə əməl edilməsi, beynəlxalq hüququn imkan verdiyi qaydada bərabərhüquqlu siyasi, iqtisadi, mədəni, elmi əməkdaşlığın inkişaf etdirilməsi dayanır. İndi dünyanın qüdrətlı dövlətləri regionla bağlı bir çox məsələlərın həllində ölkəmizin dəstəyinə arxalanır, onunla etibarlı tərəfdaş kimi hesablaşırlar. Bütün bunlar deməyə əsas verir ki, Prezident İlham Əliyevin dövlətçilik təcrübəsində siyasi varislik ənənələrinin davamı, üstəlik, mütərəqqi inkişaf meyillərinin gücləndirilməsi ideyası üstünlük təşkil edir. Bu, çox böyük siyasi əhəmiyyət kəsb etməklə imkanları nümayiş etdirir və bunu təsdiqləyir ki, ölkəmiz müstəqil dövlətdi, yaşayıb yaradır, uğurlar qazanır, planlarını həyata keçirir. Azərbaycan bu illər ərzində həm öz vətəndaşlarına, həm də dünyaya sübut etdi ki, biz müstəqil ölkə, azad xalq kimi yaşayırıq və yaşaya bilərik!

 

 

Xəbər xətti